5 Dekabr 2025

Cümə, 11:32

QARŞILIQLI FAYDALI QONŞULUQ

Gürcüstan baş nazirinin Azərbaycana səfəri zamanı Bakı ilə Tbilisinin işgüzar gündəliyinin əsas konturları müəyyənləşdirilib

Müəllif:

01.02.2025

Son iyirmi ildən bir qədər artıq dövrdə Cənubi Qafqaz regionunda postsovet məkanının ən effektiv biznes meydançalarından biri yaranıb. O, özündə Azərbaycanla Gürcüstanın enerji, nəqliyyat-logistika və aqrar-sənaye potensialını birləşdirir. İndi bu dost ölkələr investisiya komponenti və ticarət dövriyyəsini daha da genişləndirmək niyyətindədirlər. Üstəlik, yeni geosiyasi reallıqda əsas diqqət nəqliyyat sektorunda səylərin birləşdirilməsinə yönəldilib ki, burada da məqsəd Türkiyə və Avropa İttifaqı ölkələri istiqamətində qeyri-neft məhsullarının və elektrik enerjisinin tranzit tədarükünün artırılmasıdır.

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri çərçivəsində aparılmış danışıqlarda da əsas diqqət bu məsələlərə yönəldilmişdi.

 

Tranzit, ticarət, investisiya

Bakı ilə Tbilisini uzun illərdir ki, birgə nəqliyyat və enerji layihələri birləşdirir: iki ölkənin ərazisi ilə neft və qaz tranzit boru xətləri şəbəkəsi keçir, Gürcüstan limanlarında neft, yanacaq və neft-kimya məhsullarının boşaldılıb yüklənməsi üçün terminallar tikilib, Xəzər regionunun xammalı Qara və Aralıq dənizləri dövlətlərinə məhz onlar vasitəsilə ixrac edilir və bununla da, Avropanın enerji təhlükəsizliyi uğurla təmin olunur. Son illərdə Bakı ilə Tbilisi Türkiyə vasitəsilə Cənubi Avropanın bir sıra ölkələrinə elektrik enerjisinin ixracı layihələrini də dinamik şəkildə həyata keçirirlər. Nəqliyyat-logistika sahəsindəki birgə təşəbbüslər də az əhəmiyyət daşımır: təxminən yeddi ildir ki, tərəfdaşlar ötən il müasirləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin imkanlarından yararlanaraq, Avropa ilə Türkiyəni Mərkəzi Asiya və Çinlə birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük tranzitini həyata keçirirlər.

Uzun illərdir ki, Azərbaycan ənənəvi olaraq, Gürcüstanın əsas beş ticarət tərəfdaşından biridir: 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi həcminin qismən azalmasına baxmayaraq, Azərbaycan bu mənada, postsovet məkanında aparıcı mövqelərdən birini tutur (1,308 milyard dollar).

Bundan başqa, Azərbaycan uzun illərdir ki, Gürcüstanın əsas investorlarından biri olmaqla, qonşu ölkə iqtisadiyyatının kapitallaşdırılma səviyyəsini yüksəldən ölkələr sırasında yer alır. Hazırda Gürcüstanda Azərbaycan kapitalı ilə düz 650 şirkət fəaliyyət göstərir. Ümumilikdə isə 1995-ci ildən başlayaraq, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollardan çox investisiya yatırıb. Burada ən ciddi pay sahibi Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan «SOCAR Energy Georgia»dır. O, Gürcüstanda müxtəlif təşəbbüslərin reallaşdırılmasına 1,1 milyard dollardan artıq vəsait yatırıb: Kulevi limanında neft terminalının inşası, neft bazaları və yanacaqdoldurma stansiyalarının tikintisi, qazpaylayıcı xətlərin çəkilişi. Bu istiqamətdə səylər davam etdirilir. Ötən ilin dekabrında Gürcüstan hökuməti respublikanın qərb rayonlarının qaz boruları şəbəkəsinin «SOCAR Gas Georgia» şirkətinə satılması qərarını da təsdiqləyib.

 

Neft-qaz layihələri

İnvestisiya fəallığı baxımından pik nöqtə artıq geridə qalsa da, son iki ildə iki ölkənin hökumətləri işgüzar əlaqələri fəal şəkildə şaxələndirir, kapitallaşma üçün potensial sahələri getdikcə genişləndirir. «Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir», - deyə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata bəyanatında bildirib: «Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmış və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür».

Qaz tədarükü məsələsində əməkdaşlıq «SOCAR Energy Georgia» şirkətinin fəaliyyətində əsas istiqamətlərdən biridir. «Forbes» jurnalının məlumatına görə, hazırda «SOCAR Energy Georgia» Gürcüstanın ən nəhəng şirkətlərindən biridir və orada 5,1 min insan çalışır. Xatırladaq ki, 2007-2009-cu illərdə şirkətin struktur bölməsi olan «SOCAR Georgia Gas» Gürcüstanın qazlaşdırılması layihəsinin ilk mərhələsində 880 kilometrlik magistral və paylayıcı qaz kəmərini müasirləşdirib və ya sıfırdan çəkib, bununla da, 90 min abunəçini «mavi yanacaq»la təmin edib. O vaxtdan Gürcüstanın qazpaylayıcı sisteminin müasirləşdirilməsi prosesi davamlı olaraq genişləndirilib. 2008-ci ilin sonlarında Gürcüstanda qazlaşmanın səviyyəsi 46%, qazpaylayıcı sistem abunəçilərinin sayı isə 71 min nəfər idisə, 2024-cü ilin sonuna onların sayı 870 min nəfərə çatıb, qazlaşma səviyyəsi isə 90%-ə yaxınlaşıb.

Lakin karbohidrogen xammalının tranziti və Gürcüstanın qazlaşmasına töhfə Bakı ilə Tbilisinin bir-birlərini tamamladıqları yeganə istiqamət deyil. «Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub», - deyə İlham Əliyev bildirib: «Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar».

 

Tranzit potensialı

İki ölkə arasında işgüzar əməkdaşlığın vacib istiqamətlərindən danışan Azərbaycan Prezidenti və Gürcüstanın baş naziri «yaşıl» enerji sahəsində birgə layihələri də vurğulayıb, həmçinin «Orta dəhliz» layihəsi çərçivəsində nəqliyyat kommunikasiyalarının inkişafından söz açıblar. «Siz bağlantı layihələrini qeyd etdiniz. Bu, mühüm bir sahədir və bizim ikitərəfli əlaqələrimizin inkişafı baxımından da bu mövzu vacib əhəmiyyət kəsb edir. Bu coğrafi genişlənmədə ölkələrimiz əhəmiyyətli rol oynaya bilər. Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik», - deyə İ.Kobaxidze qeyd edib.

Xatırladaq ki, Azərbaycanla Gürcüstanın nəqliyyat sektorunda əməkdaşlığının aspektləri, o cümlədən TBNM-in optimallaşdırılması məsələsi iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının yanvarın 17-də baş nazirlərin sədrliyi ilə Bakıda keçirilmiş 10-cu iclasında da müzakirə edilib. İclasda Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsi üçün birgə səylərin vacibliyi vurğulanıb. Azərbaycanın əlavə investisiyaları və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun illik daşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

826 kilometr uzunluğu olan Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Lakin bu müddətdə onun potensialından tam istifadə edilməyib. Buna bəzi texniki çatışmazlıqlar da mane olub. Dəmir yolunun istismarda olduğu 6 ildə onun vasitəsilə ildə orta hesabla yarım milyon tondan da az yük daşınmışdı. Bu, əlbəttə ki, kifayət sayıla bilməzdi. Üstəlik, bu magistralla Bakıda Qarsa yüklər orta hesabla 70 saata, qış fəslində isə daha gec çatdırılırdı. Məhz bu məqamların aradan qaldırılması üçün 2023-cü ildən 2024-cü ilin mayınadək Azərbaycan Bakı-Tbilisi-Qars dəhlizinin çox çətin relyefli Marabda-Qartsaxi hissəsində yol infrastrukturunun yaxşılaşdırılması işlərinə maliyyəni təmin edib. Qeyd edək ki, bu hissədə dəmir yolu dağlıq və meşəlik ərazilərdən keçir. Magistralın bəzi hissələrində rabitə xətti şəbəkəsi qurulub, siqnalizasiya cihazları, mərkəzləşdirmə və bloklama sistemləri yaradılıb. Bununla yanaşı, bir sıra dəmir yolu vağzallarında müasirləşdirmə işləri görülüb, sərnişin platformaları qurulub, dəmir yolunun qardan qorunması üçün hasarlar inşa olunub, tunellər qazılıb, dartı yarımstansiyaları inşa edilib. Magistralın Axalkalaki-Kartsaxi hissəsində dəmir yolları və tunellər, Tsalka-Axalkalaki hissəsində dəmir yolu xətləri müasirləşdirilib və s. Nəticədə, Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma gücü beş dəfə artıb, Gürcüstan ərazisində qatarların maksimal sürət həddi yüksəlib (o cümlədən qış fəslində).

Azərbaycanın baş naziri Əli Əsədov toplantıda nəqliyyat məsələlərinin müzakirəsi zamanı onu da deyib ki, hazırda «Orta dəhliz»in ən vacib bəndi olan Bakı Beynəlxalq Dəniz Limanının illik daşıma gücünün 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində də fəal iş aparılır. Bu, Çinlə Mərkəzi Asiya ölkələri və Türkiyə arasında Azərbaycan-Gürcüstan birgə tranzitinin artırılması üçün son dərəcə vacibdir.

 

Türkiyəyədək uzanan enerji körpüsü

Son illər Azərbaycanla Gürcüstan Türkiyə və Avropa bazarlarına elektrik enerjisi tranzitində də birgə səyləri artırır. «Azərenerji» ASC qərb istiqamətində ötürücü infrastrukturu – elektrikötürücü xətləri və yarımstansiyaları – hələ 2015-ci ildə müasirləşdirib. Nəticədə, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü elektrik enerjisi nəqlinin ən azı 700 MVt səviyyəsində saxlanılmasına imkan verib. Sonrakı illərdə bu göstərici davamlı olaraq artırılıb. 2022-ci il dekabrın 17-də isə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə 1195 kilometrlik, 1QVt gücündə «Black Sea Energy» elektrik kabelinin çəkilməsi üzrə strateji tərəfdaşlığa dair razılaşma imzalanıb. İlkin qiymətləndirmələrə görə, bu, ildə 4 GVt «yaşıl» enerjinin tədarükünə imkan verəcək. Kabelin Gürcüstan və Rumıniya ərazisindən keçəcək hissəsilə bağlı müvafiq araşdırmaların aparılmasına İtaliyanın CESI konsaltinq şirkəti də cəlb olunub. Ötən ilin sentyabrında dörd ölkənin enerji operatorları tərəfindən birgə müəssisə də yaradılıb və tərəfdaşlar layihənin Avropa Komissiyası tərəfindən maliyyələşdirilməsi imkanlarını araşdırmağa başlayıblar. Qurum layihənin icrasına 2,3 milyard avro ayırmağı planlaşdırır. İlkin qiymətləndirməyə görə, «Black Sea Energy» layihəsinin reallaşdırılması 3-4 il çəkəcək. Bərpa olunan enerji seqmentini fəal şəkildə inkişaf etdirməkdə olan Azərbaycanda bir neçə il sonra ciddi profisitin (bir neçə giqavat) yaranacağı da gözlənilir. Beləliklə, perspektivdə bu istiqamətdə «yaşıl» enerjinin təxminən 80%-nin xüsusilə Avropanın enerji çatışmazlığı yaşayan ölkələrinə ixracı nəzərdə tutulur. «Yaşıl» enerji potensialına malik Gürcüstan da analoji yolla gedir. «Son iki ildə Gürcüstan əhəmiyyətli xalis elektrik enerjisi ixracatçısına çevrilib. Üstəlik, bu elektrik enerjisinin 90%-i su elektrik stansiyalarında əldə olunur və müvafiq olaraq, «yaşıl» enerjiyə daxildir. Bu, «Black Sea Energy» enerji dəhlizinin yaradılmasına ciddi töhfədir», - deyə Gürcüstanın Rusiyadakı sabiq səfiri Valeri Çeçelaşvili bildirib.

Beləliklə, mehriban qonşuluq münasibətləri iki ölkənin əlverişli coğrafi mövqeyindən regional və beynəlxalq əhəmiyyətli iri layihələrin reallaşdırılmasında effektiv istifadə imkanı yaradır. Bu isə istər bu gün, istərsə də gələcək iqtisadi inkişafa yol açır.



MƏSLƏHƏT GÖR:

148