4 Mart 2025

Çərşənbə axşamı, 17:00

SUAL DOLU SAZİŞ

Ermənistan və ABŞ-nin xarici işlər nazirlərinin imzaladıqları nədir?

Müəllif:

01.02.2025

Məlumatlı şəxslər iddia edirlər ki, ABŞ-də yazılmamış qaydalar siyasi həyata qanunlardan və konstitusiyadan daha çox təsir göstərir. Həmin qaydalara görə isə ölkənin yeni prezidentinin seçildiyi, lakin hələ səlahiyyətlərinin icrasına başlamadığı dövrdə hakimiyyətdən getməyə hazırlaşan administrasiya ciddi qərarların qəbulundan çəkinir, özünü son dərəcə təmkinli və ehtiyalı aparır. Lakin Co Bayden administrasiyası bu yazılmamış qaydaya riayət etmək istəməyib. Birləşmiş Ştatların yeni prezidenti Donald Trampın inauqurasiya mərasiminə bir həftədən də az vaxt qalmış ölkənin dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında srateji tərəfdaşlığa dair xartiyaya imza atıblar. Bu, guya İrəvan-Vaşinqton münasibətlərinin yeni səviyyəsinin rəmzinə çevrilməli, Ermənistanda ABŞ-nin mövqeyinin gücləndiyini və s. göstərməli idi. Reallıqda isə vəziyyət heç də belə deyil.

 

İmzalayanda - şadlandılar, oxuyanda - kövrəldilər

«Strateji tərəfdaşlığa dair xartiya» - yaxşı səslənir. İlk baxışdan, orada İrəvan siyasilərinin ruhunu və qulaqlarını oxşayacaq çox şey yazılıb. Onlar bu sənədi xüsusilə indi – Rusiya ilə münasibətləri pozduqları vaxtda böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Orada söhbət istər birgə təlimlərdən, istər birgə humanitar proqramlardan və sairdən gedir. Bundan başqa, Entoni Blinken sərhəd mühafizəsinin təşkilində İrəvana kömək etmələri üçün Ermənistana Amerika mütəxəssislərinin göndəriləcəyini də vəd edib.

Ekspertlər isə bildirir ki, Ermənistanın «şampan partlatması» üçün tezdir. Hər şeydən öncə, diplomatlar bildirirlər ki, beynəlxalq sənədlərin heç də hamısının konkret öhdəlik demək deyil. «Niyyət bəyannamələri» isə diplomatik dairələrdə o qədər də hörmətli sənəd sayılmır. Blinkenlə Mirzoyan isə məhz «niyyət xartiyası» imzalayıblar. Orada tərəflərin konkret öhdəlikləri, hərbi yardım və iqtisadi kömək zəmanəti yer almır. İrəvanın əsas gözləntisi isə məhz onlar idi. Bundan başqa, sənədi dövlət başçıları deyil, xarici işlər nazirləri imzalayıb və bu da onun siyasi çəkisini azaldır. Doğrudur, Co Baydenin hakimiyyəti illərində dövlət başçısının səlahiyyətlərinə aid bir çox qərarı məhz dövlət katibinin verdiyinə dair çox danışılıb. Amma bu, bir sadə faktı dəyişmir: dövlət başçısı ilə xarici işlər nazirinin imzaları çəkisinə görə çox fərqlidir. Bu mənada, kimin kimə tapşırıq verdiyi, kimin kimi yönləndirdiyi önəmli deyil.

Ekspertlərin diqqət çəkdikləri daha bir məqam Vaşinqtonda imzalanmış sənədin ABŞ Konqresi və Ermənistan parlamentində ratifikasiyasının nəzərdə tutulmamasıdır. İlk baxışdan, bu daha az əngəl və başağrısı deməkdir. Reallıqda isə belə sənəd İrəvanın arzuladığından daha az çəkiyə malikdir. Bir sözlə, hamı «nə olursa-olsun, təki imzalayaq» oyununu xatırladır.

 

İmzaladıq və unutduq?

Müşahidəçilər xatırladır ki, bu sənəd Co Baydenin səlahiyyətlərini Donald Trampa ötürməsinə bir həftədən də az qalmış imzalanıb. Belə «öhdəliksiz razılaşma» üçün bu, kifayət qədər riskli mərhələdir. Bu cür sənədlər bir qayda olaraq, dərhal rəsmən ləğv olmasa da, kənara atılma və unudulma təhlükəsi ilə üzləşir. Konkret bu məsələdə isə Ermənistan üçün son dərəcə narahatlıqverici konkretlik amili də var. Hər şeydən öncə, Bayden administrasiyası əbəs yerə «ABŞ tarixinin ən ermənipərəst administrasiyası» adlandırılmırdı. Ağ Evdə indiyədək çox komanda erməni lobbisi və Ermənistan rəhbərliyi ilə oyun oynayıb. Lakin bütün ağla gələn və gəlməyən «qırmızı xət»ləri məhz Bayden keçib. İndi Donald Trampın İrəvana münasibətdə eyni siyasəti davam etdirib-etdirməyəcəyi böyük sualdır. Hər halda, onun ilk prezidentlik dövrü İrəvana Vaşinqtonun ciddi dəstəyinə o qədər də ciddi ümid etmək imkanı vermir.

Tramp mövqeyini hələ seçki kampaniyası dövründə ortaya qoyub: ABŞ xüsusilə qeyri-müəyyən məqsədlər üçün xaricə yardımları azaltmalıdır. O, artıq dövlət başçısı kimi fəaliyyətə başladığı ilk saatlarda yüzlərlə fərman və sərəncamı ləğv edib, xarici yardımlarla bağlı bir çox proqramın icrasını 90 gün müddətinə dondurub. Vaşinqton bu proqramları yenidən nəzərdən keçirəcək və bu zaman Amerikadan yardım alan ölkələrdə korrupsiyanın səviyyəsi kimi amillər də nəzərə alınacaq. Belə bir vəziyyətdə ekspertlərin əksəriyyəti diqqəti Ukraynaya yardım proqramlarına çəkir. Amma Ermənistana yardım proqramının da zərbə altına düşəcəyi istisna deyil. Burada Amerika yardımları ilə əlaqələri korrupsiya qalmaqallarının yaşandığını unutmaq olmaz.

Ən ciddi problemi isə yəqin ki, geosiyasət yarada bilər.

 

Qəti qərar, yoxsa siyasi “flört”?

Müşahidəçilər bildirirlər ki, Ermənistanın geosiyasi dönüşü ekspertlər arasında əsas müzakirə mövzularından biri olaraq qalır – onun nə qədər ciddi və uzunmüddətli olduğu sual doğurur. İrəvan bir yandan xarici siyasətində Qərb xəttini möhkəmləndirməyə çalışır. Burada Avropa İttfaqına üzvlüklə bağlı qanun qəbul edilir, Avropaya inteqrasiya məsələsinin referenduma çıxarılmasından danışılır, ABŞ ilə birgə hərbi təlimlər keçirilir, KTMT-yə üzvlüyün «dondurulması»ndan bəhs olunur, digər tərəfdən isə KTMT və Aİİ-dən çıxmaq haqda kəlmə belə, kəsilmir. Rusiya ilə hərbi yardım, sərhədlərin mühafizəsi haqda ikitərəfli müqavilələrdə hələ qüvvədədir. Xatırladaq ki, sonuncu müqaviləyə əsasən Ermənistanın İran və Türkiyə ilə sərhədlərinə məhz Rusiya nəzarət edir.

İrəvanın «Zvartnots» aeroportundan Rusiya sərhədçiləri təmtəraqla çıxarılsa da, İranla sərhəddəki nəzarət-buraxılış məntəqələrindən birinin tamamilə Ermənistanın nəzarətinə keçəcəyi vəd olunsa da, bunlar qəti qərarlardan çox, görüntüyə bənzəyir. Hər halda, Ermənistan ərazisində Rusiya hərbi bazası qalmaqdadır. Birgə quru və hava hücumundan müdafiə qoşunu hissələri də buraxılmayıb. İranla sərhəddəki nəzarət buraxılış məntəqəsindən fərqli olaraq, onların ləğvi müzakirə belə edilmir. İstər yerli «qərbçilər», istərsə Moskva tərəfdarları özlərini elə aparırlar ki, sanki belə qoşun hissələri, ümumiyyətlə, mövcud deyil.

Amma ən əsası iqtisadi asılılıqdır. Ermənistan Aİİ üzvlüyü və Moskva ilə ikitərəfli razılaşmalar nəticəsində Rusiyadan neft, qaz və emal olunmamış almazı daxili qiymətlərlə alır. Bu isə onun büdcəsinə milyardlarla dollar qazandırır. Eyni zamanda Rusiyanın Qərbin sanksiyalarından yayınmasında əsas «hab» rolunu oynayan ölkələr arasında Ermənistan da var. İrəvan, əlbəttə ki, bu cür bonuslardan məhrum olmağa hazır deyil. Amma onları Qərbə istiqamət alaraq saxlamaq da mümkün deyil.

Ermənistanın həyati əhəmiyyətli infrastrukturu – qaz kəmərləri şəbəkəsi, dəmir yolları, hətta «Metsamor» AES belə, tamamilə Rusiyanın nəzarətindədir. Yəni Moskvanın Ermənistanı «bayırdan söndürməsinə» heç nə mane olmur. Belə vəziyyətdə Qərb onu xilas edə biləcəkmi və ya etmək istəyəcəkmi? Hər halda, ABŞ və Avropa ölkələri lazımi anda lazımi dəstəyi nə Gürcüstana, nə Ukraynaya göstəriblər. İkili standartlar hər zaman aktualdır. Bəs onlara ciddi «stavka» etməyə dəyərmi?

Ümumiyyətlə, Ermənistanın Rusiya ilə müttəfiq olaraq qaldığı şəraidə «İrəvan-ABŞ strateji tərəfdaşlığı» necə inkişaf elə bilər? Bu mənada, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri və rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü düşündürücüdür. Onların birgə bəyanatı «biz müttəfiqik», «qardaş ölkələrik» və s. kimi fikirlərlə zəngin olub. Halbuki bundan əvvəl Moskva İrəvanın qərbpərəst addımlarına kifayət qədər sərt reaksiya vermiş, baş verənlərdən narazılığını bildirmiş, bunun nəticələrinin ola biləcəyini bəyan etmişdi.

Bir çox əlamətlər göstərir ki, İrəvan artıq Qərbin ona vaxtilə Rusiyadan aldığı dəstəyi verməyəcəyini anlamağa başlayıb. Söhbət Ukrayna müharibəsinədək olan dövrdən gedir. Ermənistanı Moskva ilə münasibətləri tam korlamaqdan bu amil də çəkindirəcək. Demək, Qərb də istər-istəməz, ehtiyatlı tərpənməli olacaq.

 

Olmayan «zəmanət»

Mövzunu burada bitirmək, Blinkenlə Mirzoyanın Vaşinqtonda imzaladıqları kağıza ciddi əhəmiyyət verməmək olardı. Amma daha bir məqam var. Hər şey Ermənistanda revanşist əhvalın artması fonunda baş verir.

Belə bir vəziyyətdə İrəvan siyasi sinfinin xülya qurmaq sevgisi də özünü göstərir. Hətta təhlükəsizlik zəmanəti kimi incə məsələdə. Ermənilər bir sıra hallarda beynəlxalq sənədlərdə real olaraq yazılanı deyil, özlərinin arzuladıqlarını «görməyə» vərdişlidirlər. Bunu vaxtilə ermənilərin nəzərinə amerikalı tarixçi, diplomat və siyasi xadim Jirayr Libaridyan da çatdırmışdı: «Bu, bizim siyasi düşüncəmizin əsas problemidir və bu problemin ən azı 200 yaşı var. O, yeni deyil. Biz bunu xoşlayırıq – xülya qurmağı, ədalətli, ideal qərarın mümkün qərar olduğunu düşünməyi sevirik. Arzulamaq bizim həyat strategiyamızdır. Amma arzulamaq strategiya deyil».

Revanş arzuları fonunda ABŞ-də imzalanmış sənədlə bağlı xülyaların qurulması son dərəcə təhlükəli ola bilər. İrəvanda ekspertlər strateji tərəfdaşlığa dair xartiyanı nəinki yeni təxribatlar üçün kart-blanş, hətta lazımi anda iztirablı Ermənistana ABŞ-nin təhlükəsizlik zəmanəti kimi qəbul edə bilərlər. Halbuki Vaşinqtonda yanvarın 15-də imzalanmış sənəddə də zəmanətdən söhbət belə, getmir. Əvəzində o, Cənubi Qafqazda hərbi eskalasiya riskini xeyli artırır. Buna görə məsvuliyyəti isə Co Bayden komandası daşıyacaq.



MƏSLƏHƏT GÖR:

43