2 Aprel 2025

Çərşənbə, 03:59

UĞURSUZ AVROKUBOKLAR

Qurban Qurbanovun komandası son 16 ildə hələ belə zəif nəticələr göstərməmişdi

Müəllif:

15.02.2025

Azərbaycan futbolunun Avropada yeganə təmsilçisi “Qarabağ” cari mövsüm özünə bənzəməyib. Ağdam klubu 2024/2025-ci illər qitə mövsümünü Qurban Qurbanov dönəmində ən aşağı göstəricilərlə başa vurub.

 

Antirekordun səbəbləri

Komandanın 1990-cı illərdə erkən və ancaq məğlubiyyətlərlə başa vurduğu mövsümlər də olub. Ancaq Qurban Qurbanovun rəhbərliyi dönəmində, yəni son 16 ilin Avrokuboklar mövsümlərində Ağdam klubunun bu qədər zəif göstəricisi olmayıb. Bəli, əvvəlki mövsümlərdə komanda bu qədər güclü rəqiblə qarşılaşmamışdı. Ancaq ölkə çempionu həm statistika, həm də oyun baxımından antirekordu qırıb: “Qarabağ” tarixində ilk dəfə bir avrokubok mövsümündə 10 məğlubiyyətlə üzləşib.

Avropa Liqasının formal xarakter daşıyan son oyununda hansı hesabla uduzmağın prinsipial əhəmiyyəti yoxdur. Yunanlara 0-3 hesabı ilə uduzan “Qarabağ” Avropa Liqasının əsas mərhələsində sonuncu, yəni 36-cı yeri tutub. Yunanlar 2022-ci ilin oktyabrında evdə 0:3 uduzduqları rəqibdən qisas almağı bacardılar. “Köhlən atlar” 6 qol vurub, qapısında 20 top görüb. Qapıçı Mateuş Koxalski 8 matçın 6-da iştirak edib, qalan iki görüşdə isə Fabian Buntiç oynayıb.

Bu arada, cari mövsüm Qurban Qurbanovun komandasında geriləmənin bir neçə səbəbini söyləmək olar. İlk növbədə, UEFA tərəfindən təqdim olunan yeni reqlamenti qeyd etməliyik. Bu ildən etibarən Avropa Liqası qruplar deyil, Liqa mərhələsi ilə davam edir. Əvvəlki illərdə hər komanda 3 rəqiblə 6 oyun keçirdiyi halda, indi 7 fərqli rəqiblə 8 matç oynanılır. Komandalar hər oyuna eyni səviyyədə hazırlaşmaqda çətinlik çəkir. Belə ağır təqvimdə ilk dəfə mübarizə aparan “Qarabağ”ın ehtiyat oyunçularının sayının çox olmadığını unutmayaq. Qurban Qurbanovun komandası, demək olar, bütün matçlarda eyni heyətə etibar etməli olub. Həftədə Azərbaycan çempionatı daxil olmaqla 3 oyunda meydana çıxan futbolçu istər-istəməz fiziki hazırlıq baxımından problem yaşayır.

Onu da qeyd edək ki, Ağdam klubu son matçlarda qapısında qolları standart vəziyyətdən sonra buraxıb. Həm müdafiə, həm qapıçının səhvləri Ağdam klubuna baha başa gəlib.

Hazırkı vəziyyətin digər səbəbi isə rəqiblərin “Qarabağ”a ciddi yanaşması, xüsusi təhlil edərək hazırlaşması ilə bağlıdır. Əvvəlki illərdə qitə yarışlarında tanınmayan Ağdam klubuna sıradan kollektiv kimi baxılırdı. Ötən mövsüm “Braqa” və “Bayer Leverkuzen”lə matçlardan sonra bütün rəqiblər həm “Qarabağ”a, həm də Qurban Qurbanova qarşı ciddi yanaşırlar.

Daha səbəb isə psixoloji yorğunluqdur. Çempiolar Liqasında təsnifatı adladıqdan sonra “Qarabağ” pley-offda Zaqreb “Dinamo”suna uduzdu. Hər iki oyunda xorvatlara qarşı mübarizə apara bilməyən Ağdam klubunun Çempionlar Liqası ilə vidalaşması ən çox legioner oyunçulara zərbə oldu. Sirr deyil ki, əksər xarici futbolçular məhz Çempionlar Liqasında oynamaq üçün “Qarabağ”da çıxış edir.

Bu, təbii ki, uğursuz mövsümdən sonra “Qarabağ”ın uğurlu çıxış edə bilməyəcəyi anlamına gəlmir. Avropa Liqası ilə vidalaşandan sonra Qurban Qurbanov heyəti yenidən formalaşdırmağa başlayıb. Julio Romao “Ferentsvaroş” klubuna icarəyə verilib, əvəzində azarkeşlərə yaxşı tanış olan Kadi Borges heyətə qayıdıb. Yaxın günlərdə daha bir neçə transferin olacağı gözlənilir. Yəni “Qarabağ” artıq bu gündən yayda yeni mövsümün hazırlığına başlayıb.

 

Qurbanov: “Çatışmazlıqlarımızı görürük”

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov cari mövsümü qiymətləndirkən belə danışıb: “Futbol elə bir oyundur ki, elə bir qaydası yoxdur hər il uğurlu olasan. Bəli, çox qol buraxdıq. Müdafiədə zəif çıxış etdiyimizi qəbul etməliyik. Digər tərəfdən çox yaxşı komandalara qarşı oynadıq. Ümumiyyətlə, Avropa təcrübəsinə baxsaq, görərik ki, nadir hallarda az top fərqli hesablar olur. Əlbəttə, ötən il daha yaxşı nəticə qazanmışdıq. Bəzən düşündüyünü meydanda edə bilmirsən, rəqib səndən daha üstün olur. Çatışmazlıqlarımızı görürük, aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Digər tərəfdən komandanı ilboyu eyni səviyyədə saxlamaq heç də asan deyil. Çünki futbol kollektiv oyundur. Oyun üslubunu qoruyub saxlamaq üçün futbolçuların da səviyyəsinin yüksək səviyyədə qalması çox vacibdir. Ola bilər ki, bu baxımdan da müəyyən problemlərimiz oldu. Qarşıda vaxtımız olacaq ki, oyunlarımızı daha yaxşı analiz edib səhvlərimizi tapaq.

Komanda keyfiyyətli oynayır, sadəcə uğursuz il oldu. Komandanı formalaşdırmaq haqqında biz aylardır ki, düşünürük. Əfsuslar olsun ki, bu istiqamətdə müəyyən çətinliklərimiz var. Ancaq nələrisə dəyişmək üçün əlimizdən gələni edəcəyik. Görək, qarşıda vaxtımız olacaq. İnanıram ki, problemin əlli faizini həll edə biləcəyik”.

Yeri gəlmişkən, Azərbaycan UEFA reytinqində 28-ci pillədə qərarlaşıb. Avrokuboklarda son oyunlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb. Səfərdə “Olimpiakos”a uduzan “Qarabağ” Azərbaycanın (19,625) əmsalına fayda verə bilməyib. Bolqarıstan (19,874) 27-ci, Sloveniya (18,343) 29-cu yerdədir. 55 ölkənin yer aldığı siyahıya İngiltərə (106,624) başçılıq edir.



MƏSLƏHƏT GÖR:

36