2 Aprel 2025

Çərşənbə, 04:01

İNQİLABİ QƏRAR

Azərbaycan futbolun inkişaf strategiyasını dəyişir

Müəllif:

15.02.2025

AFFA İcraiyyə Komitəsinin 2025-ci ildə ilk iclası önəmli qərarlarla yadda qalıb. AFFA-nın yeni baş katibi təyin olunub, Cahangir Fərəcullayev onun yeni baş katibi olub. AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub və bu strategiyada yeniliklər yer alıb.

 

Nə qədər çox, bir o qədər yaxşı

Birincisi, İcraiyyə Komitəsi Premyer Liqada klub sayının 12-yə qaldırılmasına qərar verib, 15 illik fasilədən sonra Premyer Liqada 2025/2026-cı illər mövsümündən legioner limiti ləğv olunub. Yeni mövsümdən oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçunun adının yazılması mümkün olacaq. Meydanda isə eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə veriləcək. Heyətə 12-dən çox əcnəbi futbolçu gətirən klub 100 000 manat rüsum verməli olacaq.

İdeya ondan ibarətdir ki, legioner limitinin ləğvi sayəsində ölkədə futbolçular arasında rəqabət yaranacaq. Yerlilər ya əcnəbilərlə rəqabətə davam gətirməli, ya da xaricə üz tutub legioner həyatı yaşamalıdır. Bunun yerli futboldakı acınacaqlı vəziyyəti düzəltməyə nə dərəcədə kömək edəcəyi sual altında qalır. Uzun illər azərbaycanlı futbolçular xaricə getmək istəmir, Vətəndə böyük pullar qazanmağı seçir. Bununla yanaşı, yerli futbolçular inkişaf etmir, hətta geriləyir.

Hazırda ölkədə uşaq futbolundakı vəziyyət hamıya aydındır. Azərbaycanın aşağı yaş qrup yığmalarının beynəlxalq yarışlarda böyük hesablı məğlubiyyətləri sıralaması futbolumuzun gələcəyinin heç də ürəkaçan olmamasına işarədir.

Limitin ləğv olunduğu toplantıda digər qəbul olunan qərar Azərbaycan futbolunun strategiyası ilə bağlıdır. Belçika şirkətinin yazdığı strategiya sayəsində futbolumuzun qarşıdakı illərdə irəliləyəcəyi proqnozlaşdırılır.

 

Sübut və problemlər

Elə AFFA rəhbərliyinin yeni siyasətə üz tutmasının əsas qayəsi futbol sahəsindəki çatışmazlıqlarla əlaqədardır. Bu zaman sual yaranır: əgər ölkədə kifayət qədər futbolçu yoxdursa legionerin limitinə nə ehtiyac var idi? Əcnəbilərlə hansı futbolçular rəqabət aparacaq?

Bir çox ölkələrdə legioner limitinin ləğvindən sonra yığma və klub səviyyəsində uğurların artmasını və futbolçuların əcnəbi klublarda möhkəmlənməsini nümunə göstərilir. Fərq ondadır ki, həmin ölkələrdə futbolun təməli sağlam atılıb və yerli futbolçuların potensialı onlara legionerlərlə mübarizə aparmaq imkanı verir. Təəssüflə qeyd etmək olar ki, ölkəmizdə belə hallar çox nadir tapılır.

Digər problem klubların ustalıq səviyyəsi aşağı olan, bəzən hətta yarımhəvəskar legionerlərə üz tutmasıdır. Etiraf edək ki, arxada qalan illərdə onlarla, yüzlərlə əcnəbi futbolçular ölkəmizdə gün keçirməklə böyük pullar qazanıblar. Bəzi klublar sponsor qarşısında öhdəliyi yerinə yetirmək üçün limitin ləğvindən istifadə edərək milyonları əcnəbilərə xərcləməyi düşünür. Tarixə nəzər yetirsək, “Bakı”, “Xəzər-Lənkəran”, “İnter”, “Karvan”, “Neftçi” və s. kimi klubların bu uğursuz tendensiyanın qurbanı olduğunun şahidi olarıq. Elə yanvar ayında “Sumqayıt”, “Şamaxı” kimi klubların ötən ilin yayında həyata keçirdikləri transferlərdən 3-4 ay sonra imtinası özündə bir çox məsələni əks etdirir. Diqqət edin: klub böyük pullar xərcləyərək dəvət etdiyi əcnəbi futbolçu ilə 6 ay sonra vidalaşır. Demək, seçim səhv edilib və böyük pullar havaya xərclənib. 

Limitin ləğvi zamanı İcraiyyə Komitəsinin üzvləri mümkün problemlərin qarşısını almaq üçün bəzi məqamları nəzərə alıblar. Say artıqca, əcnəbilərə görə ödəniləcək rüsumun məbləği artacaq və bu, klublara daha səviyyəli legionerlərə üz tutmağa məcbur edəcək. Digər məsələ heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən verilməsi də müsbət addım kimi qəbul olunmalıdır.

2008-ci ildə AFFA-ya yeni rəhbərlik gələndə, az sonra Peşəkar Futbol Liqası təsis olunanda ilk dəfə legioner limiti ləğv olundu. Yəni Azərbaycanda legioner limitinin 2-ci dəfə ləğvi barədə qərar qəbul olunub. Legioner limitinin ləğvi dünyanın istənilən yerində olduğu kimi Azərbaycanda da daha imkanlı klubların işinə yarayıb.

Millinin tarixinə nəzər salsaq, ən yaxşı yığmanın ən yaxşı illəri məhz limitsizlik dövründə yetişən futbolçuların vaxtına təsadüf edib. Buraya FİFA reytinqindəki ən yüksək pillələrdəki ən yüksək yerlər, seçmə mərhələdəki ən yaxşı nəticələr daxildir. Əlbəttə, bunlar final mərhələsi yaşamış Gürcüstan, Albaniya və ya Avropaya oyunçu verən Özbəkistan və digərləri ilə müqayisəyə gəlmir. Amma dünənimizə, bu günümüzə baxanda, ən yaxşı illər Berti Foqtsla Robert Prosineçkinin baş məşqçiliyi illəri sayılır. Bu, təkcə bu iki mütəxəssis ilə deyil, həmin dövrdəki futbolçu nəsli ilə bağlıdır.

İndiki limitin ən ədalətsiz tərəfi futbolçuların vətəndaşlığının dəyişdirilməsinin təsiridir. Əksər komandalar elə cari mövsümdə də meydana Azərbaycan futboluna bağlılığı olmayan 11 oyunçu buraxa bilər. Hazırda hər komanda meydana 7 legioner buraxa bilir. 4 oyunçu isə yerli olmalıdır. Amma əksər klublarda milliləşən və ya vətəndaşlığını dəyişən, bir sözlə futbolumuza dəxli olmayan 4 və ya daha çox oyunçu var. Futbolçu yetişdirmək əvəzinə başqa ölkələrdəki hazır azərbaycanlıları gətirməyə meylli olan klublar ad-soyadı bizə bənzər cənubi rusiyalıları da yığmaqla limitdən yan qaça bilirlər.

 

Keyfiyyətin yaxşılaşmasına səbəb ola bilər

I Liqada çıxış edən “Qəbələ” klubunun idman direktoru, uzun illər ölkə futbolunda çalışan Səbuhi Səfiyarlı AFFA-nın qərarını belə şərh edib: “Limit olduğu dönəmdə bəzi futbolçular layiq olmadıqları klublarda layiq olmadıqları pulu alırdılar. İndi isə öz mövqeyindəki legioneri üstələmək istəyəcək ki, daim oynasın. Bu hardasa yerli oyunçuların keyfiyyətinin artmasına səbəb ola bilər. Hamısına aid olacağını demirəm. Çünki futbolçuların potensiallarını, nəyə qadir olduqlarını bilirik. Artıq azərbaycanlı oyunçular daha çox çalışmağa məcbur qalacaqlar. Çox yanlış fikirdir ki, legioner limitinin ləğvi yerlilərin qarşısını alacaq. Yaxşı oyunçu yenə də oynayacaq, özünə yer tapacaq. Limitin ləğvi yerli futbolçuların qazancına da təsir edəcək. Beləliklə, özlərinə qarşı daha tələbkar olmağa başlayacaqlar. Premyer Liqa klubları limit olduğu üçün yerli futbolçuları icarəyə vermirdilər. Hər zaman azərbaycanlı futbolçu lazım ola bilirdi. Birini oynadırdılar, digərini isə ehtiyatda saxlayırdılar. Artıq belə problem olmayacaq və digər klublara icarəyə veriləcəklər. Komanda sayının 12-yə qaldırılması yerli futbolçuların komanda seçimlərinin artması deməkdir. Premyer Liqaya layiq olmayan isə I Liqada çıxış edəcək. Bu da aşağı dəstənin səviyyəsinin artmasına gətirib çıxaracaq”.

Bir sözlə, yeni qərarların nəticəsi yaxın illərdə özünü göstərəcək. Uzun illər limit dövründə yaşayan Azərbaycan futbolunda nəinki inkişaf olmayıb, hətta geriləmə özünü göstərib. Limitsiz dövrdə qərarlar düzgün icra olunarsa, bəlkə ölkə futbolunu uçurumdan xilas etmək mümkün olar.



MƏSLƏHƏT GÖR:

41