2 Aprel 2025

Çərşənbə, 05:00

QƏTƏRİN QƏLBİNDƏ

Doha azərbaycanlılar üçün populyar turizm istiqamətlərindən birinə necə çevrilib?

Müəllif:

15.02.2025

Bilirsinizmi ki, Qətərin paytaxtı Doha son bir il ərzində Azərbaycan vətəndaşları üçün ən çox ziyarət edilən xarici istiqamətlərdən birinə çevrilib? Əlbəttə ki, yaxın keçmişdə heç nə ilə diqqət çəkməyən şəhərin bu gün Azərbaycan turistləri üçün top istiqamətlərdən birinə necə çevrildiyini bilmək istərdiniz.

 

Ucuz, yoxsa bahalı tur?

Doha - hər kəsin özü üçün nəsə tapa biləcəyi şəhərdir. Qətərin paytaxtı istər mədəniyyət, qastronomiya, istərsə də şopinq, istirahət və ya idman olsun öz müxtəlifliyi ilə sizi heyrətləndirəcək. Burada ərəb ənənələri və Avropa innovasiyaları bir-birinə qarışaraq heç bir turisti biganə qoymayacaq unikal ab-hava yaradır. O, sürətlə inkişaf edən, lakin eyni zamanda öz mədəni kimliyini qoruyan şəhərdir. Fars körfəzinin qumları ilə əhatə olunmuş bu kiçik vahədə hər guşə diqqət çəkir və tarixdən danışır.

Son vaxtlar bu oazisə Bakıdan getmək çox asandır: bu məsələyə Dohaya həftədə bir neçə birbaşa reys, həmçinin ucuz tur-paketlər töhfə verib. Bakı turizm agentlikləri 3-4 günlük Doha turlarını “isti pirojki” kimi satırlar. Birbaşa uçuş (baqaj və yeməklə), səhər yeməyi, transfer, sığorta ilə  keyfiyyətli üç və ya dördulduzlu hotellər üçün orta qiymət 280-350 dollardır. Bu gün bir çox ölkələrə turist səfərlərinin bahalı olduğunu nəzərə alsaq, orta büdcəli turist üçün daha nə lazımdır? Doha hava limanında sizi Azərbaycan, türk və rus dillərində danışan yerli tur operatorunun kifayət qədər təcrübəli işçiləri qarşılayacaq, hotellərdə yerləşdirəcək və maraqlı turistlərin çoxsaylı suallarına cavab verəcəklər.

Bir pis cəhət var: onların təklif etdiyi turlar, məsələn, Dubayda olan adi qiymətlərlə müqayisədə kifayət qədər yuxarıdır. Əgər Dubayda şəhərin bütün əsas görməli yerlərinə gündəlik (həm də çox maraqlı) ekskursiya turlarını 25 dollara götürə bilərsinizsə, Dohada bununla bağlı qiymət ən yaxşı halda 60 dollardır. Üstəlik, sizə bütün əsas turistik məkanları göstərməyəcəklər. Səhraya safari daha bahalıdır - dörd nəfərlik cip üçün sizdən 250 dollar istəyəcəklər. Əgər tək və ya iki nəfər getmək istəsəniz, çatışmayan yol yoldaşlarını özünüzün tapmağınızı və ya bütün “cip” üçün qiyməti ödəməyiniz təklif olunacaq. Bundan başqa, safari turuna axşam şam yeməyi və animasiya (şou) daxil deyil. Dubayda isə bütün bunlar adambaşı cəmi 25-30 dollara başa gəlir. Dohadakı, demək olar ki, bütün mövcud turlarda belə qeyri-təbii yüksək qiymətlər var. Burada, həmçinin 4-5 saat üçün 350-450 dollara 4 və ya 6 nəfərlik qrup ekskursiya turları təklif etməyə üstünlük verirlər. Bu, tam inkişaf etməmiş turizm infrastrukturunun təsiridir. Burada Dubay və Türkiyədən fərqli olaraq küçə turizm agentlikləri çox azdır. Rəqabətin olmaması isə təbii ki, bahalığa səbəb olur.

Soruşacaqsınız ki, bəs buraya səfər edən turist nə etməlidir? Cavab çox sadədir: ictimai nəqliyyatdan istifadə edərək görməli yerləri araşdırmaq lazımdır. Ən cəlbedici variant isə metrodur. Dohadakı metro ultra müasirdir. Metro 2022-ci ildə Qətərdə keçirilmiş futbol üzrə Dünya çempionatına hazırlıq çərçivəsində inşa edilib. Burada hələlik 3 xətt (37 stansiya) var və qatarlar saatda 100 kilometr sürətlə hər 2-4 dəqiqədən bir hərəkət edir. Üstəlik, hava limanında da metrostansiyası var və bunun sayəsində cəmi yarım saata şəhər mərkəzinə çata bilərsiniz.

Yeri gəlmişkən, metro tam avtomatlaşdırılıb. Burada canlı kassalar yoxdur, bileti yalnız avtomatdan almaq olar. Canlı insanlar burada köməkçi kimi işləyirlər. Onlardan nəsə soruşmaq olar, vəssalam. Relslərin üzərinə düşmək də mümkün deyil, çünki platformalarda gələn qatarların qapıları ilə eyni vaxtda açılan qapılar quraşdırılıb. Qırmızı metro xətti turistlər üçün ən faydalısıdır. Məhz bu xətt hava limanından gəlir və bütün Dohanın mərkəzindən keçir: paytaxtın görməli yerlərinin 80 faizi qırmızı xətt boyunca yerləşir.

Köşklərdə biletləri həm kartla, həm də nağd pulla almaq olar. Turist üçün bütün günlük bilet (“Day Pass”) almaq daha rahat və ucuzdur. Cəmi 6 Qətər rialı (təxminən 3 manat) ödəyin və gün ərzində istədiyiniz qədər metroda hərəkət edin. Bir istiqamətə bilet almaq istəsəniz, onun qiyməti 2 rialdır (1 manat).

 

Ən böyük layihələr və görməli yerlər

2022-ci ildə keçirilmiş futbol üzrə Dünya çempionatı Qətərin tarixində ən ambisiyalı və əhəmiyyətli layihələrdən biri oldu. Təsəvvür edin ki, mundiala hazırlıq üçün 12 il ərzində Qətər 220 milyard dollardan çox maliyyə vəsaiti xərcləyib. Belə ki, çempionat ərəfəsində 8 müasir stadion inşa edilib. Bunların arasında tamaşaçı tutumu 80 min olan “Lusail” stadionu xüsusilə seçilir. Burada ticarət mərkəzi, məktəb, xəstəxana, kafe və restoranlar da yerləşir. İkincisi, “Stadion 974” dünyanın ilk tam sökülə bilən qapalı futbol arenası olub. Bu obyektlər təkcə idman üçün deyil, həm də ölkənin memarlığı üçün əlamətdar idi. Buna görə də əksər turistlər onları məmnuniyyətlə ziyarət edirlər. Bundan əlavə, Doha metrosu və avtomobil yollarının modernləşdirilməsi və genişləndirilməsi layihələri həyata keçirilib, milyonlarla tamaşaçını qəbul etmək üçün yeni hotellər və turizm obyektləri yaradılıb. Hazırda bu obyektlər ölkədə turizm və idmanın inkişafında mühüm rol oynamağa davam edir.

Dohada turistləri cəlb edən ən ambisiyalı (15 milyard dollar) obyekt “The Pearl-Qatar” süni adasıdır. 4 kvadrat kilometr ərazidə kiçik körfəzlər, özəl çimərliklər, villalar, mağazalar və restoranlar, uşaq mərkəzləri, yaxta limanları və su idmanı mərkəzləri yerləşir.

“The Pearl-Qatar” və ya “Qətər incisi” süni adada yerləşən müasir rayondur. Bu, Şeyx Abdullah bin Xəlifə Al Tani tərəfindən başladılan ən böyük tikinti layihəsidir. Maraqlıdır ki, kompleks ərazisində daşınmaz əmlaka təkcə yerli sakinlər deyil, xaricilər də sahib ola bilərlər. Ən orijinal zonalardan biri olan “Qanat Quartier” Venesiya üslubunda dizayn edilib: kanallar, parlaq evlər və hətta Rialto körpüsünün surəti ilə. Layihənin hazırlanması zamanı regionun təbii xüsusiyyətləri nəzərə alınıb və ekosistem qorunmağa çalışılıb. Bu, faunaya çox zərər vermədən təmiz çimərliklər və yumşaq ağ qumluq ərazilər yaratmağa imkan verib. Kompleks incidən olan asma bəzəyi xatırladır, hər bir inci isə laqun təmsil edir. Kompleksin adı da buradan gəlir.

Qətər Milli Muzeyi ölkənin ən möhtəşəm mədəni layihələrindən biridir və 2019-cu ildə açılıb. Səhra qızılgülünü xatırladan və məşhur memar Jan Nuvel tərəfindən layihələndirilən muzey təkcə Qətərin mədəni əhəmiyyətinin simvolu deyil, həm də turizm infrastrukturunun mühüm hissəsinə çevrilib. Muzeydə Qətərin tarixi və müasir incəsənətə həsr olunmuş unikal ekspozisiyalar var. Muzeyə giriş bileti 100 Qətər rialıdır (27 avro).

Dohanın məşhur yerləri arasında İslam İncəsənəti Muzeyi də var. Bu, təkcə məşhur memar İo Min Pey tərəfindən layihələndirilmiş memarlıq şahəsəri deyil, həm də əsl xəzinədir. Muzeydə VII-XIX əsrlərə aid incəsənət kolleksiyaları var və Hindistandan İspaniyaya qədər müxtəlif mədəniyyətləri, islam incəsənəti və sənətkarlığını təqdim edir. Muzey süni adada yerləşir və buradan Fars körfəzi və şəhər mənzərəsinə möhtəşəm mənzərə açılır.

Doha Fars körfəzi boyunca bir neçə kilometr uzanan Korniş sahil xətti ilə dərin təəssürat yaradır. Burada şəhər və körfəzin gözəl mənzərələrindən, ənənəvi ərəb qayıqları “dau”ların (və hətta onlarda gəzinti) panoramından, “West Bay” göydələnindən, Qətər Milli Muzeyindən və İslam İncəsənəti Muzeyindən həzz almaq olar. Burada dəniz küləyindən zövq alaraq kölgədə vaxt keçirmək üçün rahat yerləşdirilmiş kafe və restoranlar var. Bu məkan yerli sakinlər arasında axşam gəzintiləri, həmçinin qaçış və velosiped sürmək kimi idman növləri üçün məşhurdur.

Burada “Katara” etnoqrafik kəndi də yerləşir. Etnoqrafik kənddə qədim binaların analoqları arasında gəzmək, qətərli rəssamların əsərlərini görmək mümkündür. Kənddə amfiteatr, kinoteatr, dram teatrı, qalereyalar, bağlar, bazar və milli yeməklərin təqdim edildiyi restoranlar var. “Katara beach” isə Dohada 1,5 km uzunluğunda yeganə ictimai çimərlikdir. Bu, dünyanın ən gözəl çimərliyi olmasa da, burada çimərlik istirahəti üçün hər şey var.

Əgər Qətərin dini həyatı ilə maraqlanırsınızsa, mütləq ölkənin ən böyük məscidi olan Böyük İmam Məhəmməd ibn Əbdül-Vahhab məscidini ziyarət etməlisiniz. Onun memarlığı və 30 min nəfərə qədər tutumu olan geniş daxili zalları unudulmaz təəssürat yaradır. Bu, təkcə ibadət yeri deyil, həm də Qətərdəki islamın ab-havasını hiss etmək imkanıdır.

Bu məqamda qeyd edək ki, bu ölkə “Qatar National Tourism Sector Strategy 2030” milli strategiyasına uyğun olaraq turizm sektorunu fəal şəkildə inkişaf etdirir. O, daha çox turist cəlb etməyi, yeni turizm obyektləri yaratmağı və infrastrukturu genişləndirməyi planlaşdırır. Bu strategiya çərçivəsində əsas Həməd hava limanı dünyanın ən böyük və müasir nəqliyyat qovşaqlarından birinə çevrilib.

 

Yağ-bal içində yaşamaq

Qətər vətəndaşlarına yüksək həyat səviyyəsini qorumaq və rifah halını yaxşılaşdırmaq məqsədilə çoxsaylı sosial güzəştlər və imtiyazlar təqdim edən zəngin və dinamik inkişaf edən dövlətdir. Qətər hakimiyyətinin vətəndaşlarına necə xüsusi diqqət yetirməsi bir çoxları üçün maraqlı olacaq. Bu barədə sizə ekskursiyalar zamanı bələdçilər və mediadakı çoxsaylı mənbələr məlumat verəcək.

Birincisi, burada həyat səviyyəsi dünyada ən yüksək göstəricilərdən birinə malikdir. Bu isə adambaşına düşən yüksək gəlir, neft və qaz hasilatından əldə edilən əhəmiyyətli ölkə sərvəti, həmçinin infrastruktur, təhsil və səhiyyəyə böyük dövlət investisiyaları ilə bağlıdır. Qətər xüsusilə yerli əhali üçün yüksək (minimum 4-5 min dollar) əməkhaqqı ilə məşhurdur. Ölkə vətəndaşlarını məşğulluq baxımından fəal şəkildə dəstəkləyir və qətərlilər üçün, xüsusilə dövlət strukturlarında iş yerlərinin əldə edilməsində imtiyazlar mövcuddur. Yerlilərin maaşları çox vaxt əcnəbilərdən yüksək olur ki, bu da ölkədəki həyat dəyərini kompensasiya edir. Maaşdan əlavə işçilər illik mükafatlar, tibbi sığorta, mənzil və nəqliyyat kompensasiyaları kimi əlavə güzəştlər alırlar. Bu güzəştlər qətərlilərin ümumi gəlirini əsas əməkhaqqından xeyli yüksək edir.

Pulsuz təhsil ən əhəmiyyətli üstünlüklərdən biridir. İbtidai və orta məktəblər, həmçinin universitetlər daxil olmaqla dövlət təhsil müəssisələri öz vətəndaşlarına pulsuz təhsil təqdim edir. Bundan əlavə, Qətər ali təhsil sistemini fəal şəkildə inkişaf etdirir. Yerli əhali həm Qətərdə, həm də xaricdə nüfuzlu universitetlərdə pulsuz təhsil ala, dünyanın istənilən aparıcı universitetlərində təhsil almaq üçün dövlət təqaüdü ala bilərlər.

Evlilik zamanı gənc ailələrə 120 min dollar məbləğində subsidiya və torpaq sahəsi verilir. Əgər ailə öz evini tikmək iqtidarında deyilsə, dövlət onu pulsuz tikməyə hazırdır.

Qətər vətəndaşları üçün populyar sosial güzəştlərdən biri ilk uşağın doğulması zamanı orta hesabla 60 min dollar məbləğində müavinətdir. Üstəlik, onun məbləği doğum zamanı ölkədə həyata keçirilən siyasətdən və digər amillərdən asılı olaraq dəyişə bilər, lakin ümumilikdə o, uşağın həyatının ilk illərində saxlanma xərclərini, demək olar ki, tam şəkildə əhatə edir. Gənc ailələr yaşayış şəraitinin yaxşılaşdırılması üçün bankdan faizsiz kredit götürə bilərlər ki, bu da üçüncü uşağın doğulması zamanı dövlət tərəfindən ödənilə bilər.

Pulsuz tibbi xidmət ən vacib sosial güzəştlərdən biridir. Dövlət xəstəxanaları və poliklinikalar mütəxəssis məsləhətləri, cərrahi əməliyyatlar və müalicə daxil olmaqla geniş spektrli tibbi xidmətləri tamamilə pulsuz təqdim edir. Qətərdə özəl tibb müəssisələri də fəal şəkildə inkişaf edir. Xaricdə müalicə kimi yüksək səviyyəli tibbi xidmətlər üçün dövlət proqramları xərcləri tam və ya qismən ödəyə bilər.

Qətərdə kommunal xidmətlərə - su, elektrik enerjisi, qaz üçün güzəştlər də nəzərdə tutulub. Onlar dövlət tərəfindən tam subsidiyalaşdırılır və əhali kommunal xidmətlərə yüksək xərclər barədə narahat olmaya bilər.

Ölkə vətəndaşları qocalan zaman sabit həyatı təmin edən pensiya proqramlarına çıxışa malikdir. Pensiyanın məbləği əməkhaqqı və iş stajı əsasında hesablanır. Bu, adətən, son əməkhaqqının təxminən 60 faizini təşkil edir. Pensiyaya kişilər 60, qadınlar isə 55 yaşında çıxa bilərlər. Bundan əlavə, xəstəlik, zədələnmə və digər gözlənilməz vəziyyətlərlə bağlı riskləri əhatə edən sosial sığorta sistemi mövcuddur. Dövlət tənha təqaüdçünü pulsuz dayə ilə təmin edə bilər və ölüm halında dəfn xərclərini tam ödəyir.

Ən maraqlısı odur ki, Qətərdə vergiləri yalnız şirkətlər ödəyir. Əhali gəlir vergisi ödəməyə borclu deyil. Bu, Qətəri yerli sakinlər və xarici mütəxəssislər üçün cəlbedici edən vergi sisteminin xüsusiyyətlərindən biridir. Bu, vergilər çıxılmadan xalis maaş almağa imkan verir. Burada yalnız gəlirli şirkətlərə tətbiq olunan korporativ vergi tutulur. Bu, biznesdən əldə edilən mənfəətin 10 faizini təşkil edir.

 

Bahalı və dəbdəbəli şopinq

Doha təkcə Qətərin mədəni və işgüzar mərkəzi deyil, həm də şopinq həvəskarları üçün əsl cənnətdir. Düzdür, daha çox bahalı alış-veriş həvəskarları üçün. Bəli, əlbəttə, burada orta təbəqə üçün bir çox dünya brendləri var, lakin qiymətlərin Türkiyədəki kimi əlçatan olduğunu söyləmək olmaz. Hətta heç də kasıb olmayan yerli əhali brend butiklərdən alış-veriş etməyə üstünlük verir. Görünür, buna görə də ticarət mərkəzlərində daha çox bahalı geyim brendləri təqdim olunur.

Dohanı 10-dan çox böyük ticarət mərkəzi bəzəyir. Burada dünya brendlərindən ənənəvi ərəb məhsullarına qədər hər zövqə uyğun mallar təklif edilir. Burada təkcə alış-veriş etmək deyil, həm də unikal ab-havadan zövq almaq, kafelərdə dincəlmək və gözəl mənzərələri seyr etmək mümkündür. Ən maraqlı ticarət mərkəzləri arasında “Villaggio Mall” xüsusilə seçilir. Onun memarlığı məşhur Venesiya kanallarını xatırladır. Qonaqlara qədim İtaliya küçələri kimi tərtib edilmiş ticarət qalereyalarında gəzərək unikal alış-veriş təcrübəsi təklif olunur. Ticarət mərkəzinin daxilində qondollarla gəzinti edə biləcəyiniz kanallar da var. Burada “Louis Vuitton”, “Gucci”, “Chanel” və digər dünya brendlərinin lüks butikləri yerləşir.

Bəlkə də, orta qiymət seqmentinə malik ən məşhur paytaxt ticarət mərkəzi “City Center Doha”dır. Burada dünya brendlərinin mağazaları, həmçinin elektron mağazalar və ərzaq supermarketləri var. Kinoteatr, həmçinin uşaq və yeniyetmələr üçün videooyunlar oynaya və attraksionlarda əylənə biləcəkləri əyləncə zonaları mövcuddur. Ticarət mərkəzi şəhərin mərkəzində, işgüzar rayonlar və hotellərin, həmçinin metronun yaxınlığında yerləşir.

Böyük ticarət mərkəzləri arasında “Place Vendôme Mall”, “Mall of Qatar”, “Doha Festival City” və “Lagoona Mall”u da qeyd etmək olar. Daha bir lüks ticarət mərkəzi – “The Pearl-Qatar” süni adada yerləşir. Burada dəbli butiklər, bahalı restoranlar və lüks mağazalar cəmləşib. Bundan əlavə, adada premium-klass mağazalar və beynəlxalq mətbəxə malik restoranlar var.

Əgər yerli koloriti görmək istəyirsinizsə, mütləq eyni adlı metrostansiyasının yaxınlığındakı Suk Vakifə (“Souq Waqif”) baş çəkin. Bu, ərəb mədəniyyəti ilə bağlı hər şeyi tapa biləcəyiniz yerdir: ədviyyatlardan və parçalardan tutmuş bəzək əşyaları və suvenirlərə qədər. Bu, evə unikal və ənənəvi bir şey aparmaq istəyənlər üçün ideal yerdir. Yerli sakinlər də, səyahətçilər də buraya ətirli qəhvə, ədviyyat, xurma, parça və ətirli maddələr almağa gəlirlər. Burada, həmçinin Qətər Milli Muzeyinin binasının formasında tikilmiş “səhra qızılgülü”nü (və ya “qum qızılgülü”nü) də əldə etmək olar.

Səyahətçilər buradan müxtəlif yerli sənətkarlıq məhsulları - tunc fiqurlar, taxta qutular, xına, müxtəlif ərəb lampaları, qəlyanlar və xalçalar, təsbeh və ərəb naxışlı rulonlar, “Quran”, qızıl zinət əşyaları, xəncərlər, “dalla” adlı ənənəvi qəhvə qabları aparırlar.

Yeri gəlmişkən, Qətərə həm dollar, həm də avro ilə yollana bilərsiniz. Müxtəlif mübadilə məntəqələrində məzənnələr arasında əhəmiyyətli fərq yoxdur, ona görə də Qətər rialını mübadilə məntəqələrindən almaq olar. Lakin demək olar ki, hər yerdə kartlar qəbul edildiyindən, alış-verişi nağdsız hesablaşma ilə etmək mümkündür. Bir çox ticarət nöqtələrində dollar da qəbul edilir.

 

Dohanın simvolları

Qətərin paytaxtı çoxsaylı müasir memarlıq tikililəri və heykəlləri ilə məşhurdur. Bunlar ölkənin mədəni irsinin və milli kimliyinin mühüm hissəsini təşkil edir və şəhərin vizit kartları hesab olunur.

Məsələn, Həməd Beynəlxalq Hava Limanının rüsumsuz ticarət zonasında təxminən 10 ildir ki, lampa altında oturan 7 metrlik yumşaq ayı heykəli var. Urs Fişerin “Ayı-lampa” əsəri demək olar ki, bütün hava səyahətçilərində, eyni zamanda gülüş və mərhəmət hissi oyadır. Qətərin əsas hava qovşağında, həmçinin KAWS-dan “Kiçik yalan” - nəhəng taxta fiqur (Pinokioya bənzəyir) yerləşdirilib ki, rəssam özü onu “Yoldaş” adlandırır.

Sezar Baldaççini tərəfindən yaradılmış “Böyük barmaq” heykəli Dohada Suk-Vakif meydanında yerləşdirilib. Parıltıya qədər cilalanmış tuncda işıq şüaları oynayır və tamamilə ənənəvi şərq bazarının həyat qaynayan atmosferinə əlavə ruh qatır. “Təbiətin gücü II” kompozisiyası sahildə yerləşən Qətər amfiteatrında quraşdırılıb. London, Nyu-York və Şanxayda quraşdırılmış “bacıları” olan böyük tunc heykəl Lorenzo Kuinn tərəfindən yaradılıb. O, planeti fırladan qadın obrazında ana təbiəti təcəssüm etdirir.

“Mirvari” abidəsi - neft emalından əvvəl əsas sənaye sahəsi olan mirvari hasilatı tarixinə hörmət əlaməti olaraq yaradılmış fəvvarədir. 1939-cu ildə neft yataqlarının kəşfinə qədər Qətərin əsas gəlir mənbələrindən biri mirvari hasilatı idi. Abidə Korniş sahilində, Dou limanının girişinin qarşısında quraşdırılıb. Gecə işıqlanan fəvvarəli heykəl böyük mirvarinin olduğu nəhəng açıq sədəfi təsvir edir.

Demyen Hörstün “Möcüzəvi səyahət” instalyasiyası Sidra Tibb Mərkəzinin ərazisində yerləşir. Burada hündürlüyü 5 m-dən 14 m-ə qədər olan 14 tunc heykəl mayalanmadan doğuşa qədər embrionun inkişaf prosesini nümayiş etdirir. 20 milyon dollar dəyərində olan bu instalyasiya mühafizəkar qətərlilərin tənqidindən sonra sökülsə də, sonradan bərpa edilib.

Nəsli kəsilmək təhlükəsi altında olan digər dəniz növü haqqında məlumatlılığı artırmaq məqsədi daşıyan Marko Baliçin 30 metrlik alüminium “Al Nehem” instalyasiyası nəhəng köpək balığına həsr edilib. O, Dohadan bir qədər aralıda yerləşən futuristik Lusail şəhərciyində yerləşir. Qətər sahillərindəki sular bu iri köpək balıqlarının dünyadakı son koloniyalarından birinin evidir. Heykəl “Lusail Towers”in dörd göydələni arasındakı meydanın 20 metr yüksəkliyində asılıb.

Dohada Riçard Serranın “Şərq-Qərb / Qərb-Şərq” monolitləri, Luiza Burjuanın “Maman”, Subodh Quptanın “Qandinin üç meymunu”, Riçard Serranın 24 metrlik polad “7” heykəli kimi qeyri-adi heykəllər çoxdur. Onlarla tanış olmaq üçün vaxt ayırın və buna peşman olmayacaqsınız.

Dohaya səyahət - ənənələr və müasirliyin qovuşması atmosferinə dalmaq, memarlıq şedevrlərinin əzəməti və incəsənətdən zövq almaq, həmçinin Qətərin mədəniyyəti və tarixi haqqında daha çox öyrənmək imkanıdır. Şəhər incəsənət, memarlıq və təbiət həvəskarları, eləcə də yeni kəşflərə can atanlar üçün möhtəşəm təəssüratlar təklif edir.



MƏSLƏHƏT GÖR:

37