2 Aprel 2025

Çərşənbə, 04:00

SOCAR-IN ARALIQ DƏNİZİNƏ ÇIXIŞI

Azərbaycan Dövlət Neft Şirkətinin daxil olduğu “Tamar” layihəsi Yaxın Şərq və Avropanı birləşdirən enerji zəncirinin mühüm elementi ola bilər

Müəllif:

15.02.2025

Fevral yeni başlasa da, artıq Avropaya həm hava, həm də qaz qiymətlərində sürprizlər bəxş edib. Bu günlərdə qiymətlər 2023-cü ilin oktyabrından bəri ilk dəfə 1000 kubmetr üçün 620 dollar həddini keçib.

Avropa anbarlarında qaz ehtiyatları ilə bağlı vəziyyət də ürəkaçan deyil: gözlənilən soyuqlar fonunda ehtiyatlar həmişəkindən daha sürətlə tükənir. Hesab edilir ki, yaxın vaxtlarda Avropada havalar daha da soyuyacaq, bu isə o deməkdir ki, qazdan daha intensiv şəkildə istifadə olunacaq.

Qiymətlərin artmasına təsir edən digər amil isə gələcək tədarüklə bağlı qeyri-müəyyənlikdir.

 

Enerji təhlükəsizliyində rolu

Rusiyanın Ukrayna ərazisindən qaz tranziti həll olunmamış problem olaraq qalır. Doğrudur, Slovakiya Rusiya “mavi yanacağı”nın alışını bərpa edib. Hazırda bu ölkəyə qaz tədarükü Macarıstan vasitəsilə həyata keçirilir. Macarıstan isə təbii qazı “Türk axını” vasitəsilə əldə edir. Slovakiyanın Baş naziri Robert Fitso hesab edir ki, bu, Moskva və Ankaranın səyləri nəticəsində mümkün olub. Eyni zamanda o, Rusiya “mavi yanacağı”nın Ukrayna ərazisindən tranzitinin bərpası üçün həll yolları axtarır. Bu kontekstdə hər şey sabitdir: bir tərəfdən Slovakiyanın Baş naziri cavab tədbirləri həyata keçirəcəyi ilə hədələyir. Buraya Avropa İttifaqından (Aİ) Ukraynaya qaz tədarükünün dayandırılması daxildir. Eyni zamanda o, Azərbaycan qazının uzunmüddətli əsasda alınması imkanının öyrənilməsindən danışır. R.Fitso bu barədə şəxsən məlumat verməyi qərara alıb və Brüsseldə Aİ-nin qeyri-rəsmi sammitindən sonra “Facebook” sosial şəbəkəsindəki hesabında videomüraciət yayımlayıb.

Bununla paralel olaraq Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan qazının ölkə ərazisindən Avropaya nəqli imkanı üzərində işlərin davam etdiyini bildirib. “Söhbət hər hansı başqa qazın Azərbaycan qazı adı altında nəqlindən getmir. Söhbət məhz Azərbaycan qazından və onun nəqlində Ukraynanın rolundan gedir. Bu istiqamətdə işlər aparılır”, - Ukrayna XİN-in sözçüsü Qeorqi Tixi dəqiqləşdirib.

Paralel olaraq SOCAR rəhbərliyi Bakıda qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edildiyi Sloveniyanın “Geoplin d.o.o.” və “Petrol d.d.” şirkətlərinin direktorlarını qəbul edib. Bütün bunlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu təsdiqləməklə yanaşı, Avropa alıcıları ilə Azərbaycan qazının alınmasına dair yeni sazişlərin bağlanması ehtimalının yüksək olduğunu göstərir.

 

Aralıq dənizi aktivi

Yeni ilin yanvar ayının son günündə SOCAR şirkəti “Union Energy” ilə Aralıq dənizinin ən böyük ofşor qaz yataqlarından biri olan “Tamar” layihəsində 10% payın alınmasına dair saziş imzalayıb.

İsrail sahillərində yerləşən “Tamar” sadəcə qaz yatağı deyil, bütöv bir regionu enerji ilə təmin edən sözün əsl mənasında strateji aktivdir.

“Bu alış SOCAR-ın Aralıq dənizində kəşfiyyat və hasilat layihələrinə ilk böyük investisiyasını təşkil edir”, - şirkətdən bildiriblər və əlavə ediblər ki, onlar əldə edilənlərlə kifayətlənməyəcəklər. Yəni bütün dünyada strateji aktivlərin axtarışı davam etdirilir. İsrail layihəsinin operatoru layihədə 25% pay sahibi olan ABŞ-nin “Chevron” şirkətidir.

Xatırladaq ki, bu yataq 2009-cu ilin yanvarında kəşf edilib. Burada hər birinin məhsuldarlığı sutkada 250 milyon standart kubfut olan 6 sualtı quyu var. İlk qaz 2013-cü ilin aprelində əldə edilib və həmin ilin iyulun sonuna qədər artıq tam gücü ilə hasilat aparılıb.

İrlandiya Standartlaşdırma Milli Agentliyi tərəfindən aparılmış resursların müstəqil qiymətləndirilməsinə əsasən, burada qaz ehtiyatları 389 milyard kubmetr həcmində qiymətləndirilir.

Hələ 2023-cü ilin oktyabrında SOCAR, BP və “NewMed Energy” şirkətlər konsorsiumu İsrailin müstəsna iqtisadi zonasında (Aralıq dənizində) təbii qaz kəşfiyyatının aparılması üçün İsrailin Energetika və İnfrastruktur Nazirliyindən lisenziya alıb. Bu zaman SOCAR layihənin operatoru olub. Doğrudur, sonradan İsrail və HƏMAS arasında münaqişənin kəskinləşməsi səbəbindən bu layihə çərçivəsində işlər dondurulub.

Beləliklə, “Tamar” Dövlət Neft Şirkətinin Yaxın Şərq qaz bazarına çıxmaq üçün yeni cəhdidir və bu dəfə onun uğur qazanacağı ilə bağlı şansları xeyli yüksək görünür. SOCAR-ın investisiya təşəbbüslərinə, xüsusilə xaricdə, praqmatik yanaşmasını nəzərə alaraq, buna şübhə etmək olmaz. Aydındır ki, şirkətin regionda uzunmüddətli planları var. Aralıq dənizində, xüsusilə İsraildə “upstream” seqmentində fəaliyyətə başlaması onun inkişafında yeni mərhələni təşkil edir.

Son vaxtlara qədər SOCAR-ın xarici fəaliyyəti əsasən neftin emalı, neft məhsulları və mayeləşdirilmiş qazla ticarət üzərində cəmləşmişdi. İndi isə şirkət hasilat istiqamətində addım atır və bu da onun qarşısında Yaxın Şərq bazarında yeni perspektivlər açır.

Şirkət yeni səviyyəyə çıxır, yəni o, Azərbaycandan kənarda karbohidrogen yataqlarının kəşfiyyatı və mənimsənilməsinin fəal iştirakçısına çevrilir. Bunun başlanğıcı 2024-cü ilin avqustunda qoyulub, o zaman SOCAR ADNOC-dan BƏƏ-də SARB və “Umm Lulu” ofşor neft-qaz layihəsində 3% əldə edib. Yeni sövdələşmə isə onun qlobal enerji sənayesindəki mövqelərini daha da möhkəmləndirəcək.

SOCAR-ın “Tamar” layihəsinə daxil olması barədə elanı əlamətdar hadisədir. İlk növbədə bu, Bakı və Təl-Əviv arasında enerji tərəfdaşlığının möhkəmliyini və dinamikliyini təsdiqləyir. Məlum olduğu kimi, Azərbaycan İsrailin əsas neft tədarükçüsüdür. İndi isə iki ölkə arasında enerji əməkdaşlığı neft ticarəti çərçivəsindən kənara çıxır, artıq qaz sektorunu da əhatə edir.

Digər əsas aspekt - Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın Avropaya nəqli üçün ixrac infrastrukturuna malik olmasıdır və bu da Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və digər ölkələrin bazarları ilə birləşdirir. “Tamar” layihəsinə daxil olmaqla SOCAR-ın qarşısında yeni imkanlar açılır, çünki “Tamar” və “Leviafan” daxil olmaqla İsrailin qaz resursları bu tədarük sisteminin bir hissəsinə çevrilə bilər.

Bu, Avropa üçün isə Aİ-nin təchizatın şaxələndirilməsi və Rusiyadan asılılığın azaldılması səyləri fonunda qeyri-Rusiya mənşəli yeni qaz mənbəyinin meydana gəlməsi deməkdir. Şərqi Aralıq dənizindən Avropaya mövcud marşrutlar hələ də məhduddur və sualtı boru kəmərlərinin tikintisi layihələri texniki və geosiyasi çətinliklərlə üzləşir.

Bu kontekstdə xatırlatmaq lazımdır ki, İsrail Yunanıstan və Kiprlə əməkdaşlıq edərək 2020-ci ilin yanvarında Afinada Şərqi Aralıq Dənizi Qaz Kəmərinin (“EastMed”) inşasının başlanılması haqqında saziş imzalayıb. Onun bəyan edilmiş uzunluğu 1900 kilometrdir və bu da onu dünyanın ən uzun sualtı qaz kəməri edir. Kəmərin 2025-2026-cı illərdə istismara verilməsi gözlənilirdi. Layihə müəllifləri İsrail qazının Avropaya məhz bu marşrutla çatdırılacağını düşünürdülər. Eyni zamanda ildə 10 milyard kubmetr gücü olan “EastMed” İtaliya və digər Cənubi Avropa ölkələrinin qazla təmin edilməsində ən mühüm rol oynamalı idi. Lakin layihə nə ABŞ-də, nə də ən əsası Avropada lazımi dəstək almadı və praktiki reallaşdırma mərhələsinə çatmadı.

Bir sözlə, İsrail qazının Avropaya tədarükü məsələsində həm İsrail, həm də Türkiyə ilə sabit münasibətlər saxlayan etibarlı tərəfdaş kimi Azərbaycanın iştirakı xüsusi əhəmiyyət kəsb edir. Enerji daşıyıcılarına artan tələbat fonunda bu, təkcə ölkəmizin qlobal bazardakı mövqeyini möhkəmləndirməyəcək, həm də regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək. Ankara öz növbəsində tranzit imkanlarını aktivləşdirəcək və əsas qaz habı kimi mövqeyini gücləndirəcək.

İsrail qazının CQD üzrə mövcud qaz təchizatı sisteminə daxil edilməsi ciddi iqtisadi və siyasi qərarlar, deməli, çox vaxt tələb edəcək. Bununla yanaşı, SOCAR-ın Şərqi Aralıq dənizində “upstream” sektoruna çıxışı həm şirkət, həm də Azərbaycan üçün Avropanın enerji xəritəsinin formalaşmasında yeni perspektivlər açır.

 

Bütün yollar haba aparır

Doğrudur, Azərbaycanın yaxın zamanlarda Türkmənistanın timsalında ciddi rəqibi yarana bilər. Belə ki, bu ölkə uzun illər davam etmiş tərəddüdlərdən sonra qazını Türkiyəyə ixrac etməyə qərar verib.

Bununla bağlı müqavilə fevralın 10-da Türkmənistan və Türkiyənin dövlət şirkətləri – “Türkmənqaz” və BOTAŞ arasında imzalanıb. Sənədə əsasən, qaz tədarükü bu il martın 1-dən başlayacaq. Amma İran üzərindən həcmlər və tranzit şərtləri ilə bağlı konkret məlumatlar açıqlanmır.

Türkiyə ildə 50 milyard kubmetrdən çox qaz istehlak edir və yerli istehsalla yanaşı, Rusiya, Azərbaycan, İrandan boru kəməri qazı, həmçinin müxtəlif təchizatçılardan LNG idxal edir.

Ankara Aşqabadla sövdələşmə hesabına iqtisadi və geosiyasi gücünü artıracaq, Aİ isə təchizatın şaxələndirilməsini təmin edərək və enerji təhlükəsizliyini gücləndirərək yeni enerji mənbəyi əldə edəcək.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar yeni müqaviləni şərh edən zaman onu tarixi addım adlandırıb.

Onun sözlərinə görə, sənədin imzalanması iki ölkə arasında qaz sahəsində əməkdaşlığın inkişafı üzrə Anlaşma Memorandumunun konkret nəticəsi olub.

“Uzun illər üzərində işlədiyimiz bu müqavilə ölkəmizin və bütün regionun təbii qaz təchizatının təhlükəsizliyini gücləndirəcək, həmçinin Türkiyə ilə Türkmənistan arasında strateji əməkdaşlığı irəli aparacaq”, - A.Bayraktar vurğulayıb.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov sənədin detallarını açıqlayarkən qeyd edib ki, Türkmənistan qazının Türkiyəyə tədarükü İran üzərindən svop sxemi vasitəsilə həyata keçiriləcək.

Daha əvvəl A.Bayraktar bəyan etmişdi ki, Türkiyə Türkmənistandan ildə iki milyard kubmetrədək qaz ala bilər. Amma bu istiqamətdə real rəqəmlərin necə olacağı lap tezliklə məlum olacaq.

Türkmənistanla Türkiyə arasında İran üzərindən tranzit imkanı ilə tərəfdaşlıq regionda enerji əlaqələrinin dinamik inkişafını nümayiş etdirir və gələcəkdə dünya enerji resursları bazarına əhəmiyyətli təsir göstərə bilər. Bəs Azərbaycan bu müqavilə ilə bağlı narahat olmalıdırmı? Çox güman ki, yox, çünki qaza qlobal tələbat artır və hər istehsalçı üçün öz istehlakçısı tapılacaq. Avropaya sabit və inkişaf edən təchizat marşrutlarına malik olan Azərbaycan bu bazarda mühüm oyunçu olaraq qalır, İsrail və Türkiyə ilə əməkdaşlıq isə onun strateji əhəmiyyətini daha da gücləndirəcək.



MƏSLƏHƏT GÖR:

44