
BİRİNCİ DÜNYA TİCARƏT MÜHARİBƏSİ
Trampın bəyanatı beynəlxalq birliyi qlobal müharibənin astanasına çatdıra bilər
Müəllif: Samir VƏLİYEV
ABŞ-nin Kanada, Meksika, Avropa İttifaqı və Çindən tədarükə ticarət rüsumlarının tətbiq oluna biləcəyinə dair hədəsi dünyanı qlobal ticarət müharibəsinə aparır. Onun mümkün ticarət savaşlarından Birləşmiş Ştatların asanlıqla qalib çıxaracağına dair bəyanatı isə beynəlxalq ictimai rəyi daha da qarışdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli məşğulluq strategiyası ilə bağlı iclasda bununla əlaqədar olaraq bildirib ki, müasir beynəlxalq sistem çətin mərhələdən keçir. Geosiyasi rəqabət yeni səviyyəyə qalxıb, aparıcı oyunçular arasında ticarət müharibələri isə getdikcə güclənəcək.
Tarif dəyənəyi
Vaşinqtonun hazırkı siyasətinə gəlincə, Amerika lideri hesab edir ki, tarif silahından istifadə ABŞ-ın şimal və cənub sərhədləri vasitəsilə həyata keçirilən fentanil qaçaqmalçılığının və qeryi-leqal miqrant axınının qarşısının alınmasına kömək edəcək. O, Amerika iqtisadiyyatının dinamik inkişafda olmasına rəğmən, bu məqsədlə görünməmiş proteksionist tədbirlər görmək niyyətindədir.
Tramp qarşıya ölkəsinin dünya ilə ticarət balansındakı 1 trilyon dollara çatan nəhəng defisitin qapadılması hədəfini də qoyub. Onun komandası iddia edir ki, tarif sədlərinin tətbiqi şirkətləri investisiyaları və iş yerlərini ABŞ-yə qaytarmağa vadar edəcək. Məsələ ondadır ki, ötən illər ərzində ABŞ biznesi işçi qüvvəsinin, elektrik enerjisinin ucuz olması və digər səbəblərdən öz müəssisələrini Çinə, Tayvana və digər ölkələrə daşıyıb.
Bununla yanaşı, tənqidçilər Trampın başlatdığı ticarət müharibəsinin istər Birləşmiş Ştatlarda, istərsə də dünyada qiymət artımına, inkişaf tempinin azalmasına, iş yerlərinin itirilməsinə, tədarük zəncirinin pozulmasına yol açacağını düşünür. Onlar eyni zamanda onu da deyirlər ki, tariflər Amerikanın hədsiz borclanma və istehlak vərdişi üzündən yaranan ticarət defisitinin aradan qaldırılması üçün vacib amildir.
Hər bir halda, Trampın komandası əmindir ki, ticarət tariflərinin tətbiqi amerikalıları zənginləşdirəcək. Prezident tariflərin tətbiqindən əldə olunacaq bütün daxil olmaların toplanacağı Xarici Gəlirlər Xidmətinin yaradılacağını da vəd edir. Ağ Ev sahibinin sözlərinə görə, o, xarici şirkətləri Amerika bazarında işləyə bilmək üçün xüsusi vergilər ödəməyə məcbur etmək niyyətindədir. Trampın fikrincə, bunun amerikalı istehlakçılara heç bir ziyanı olmayacaq.
Lakin hər şey heç də ilk baxışda göründüyü qədər sadə deyil. Tariflər idxalçının sərhəddə ödədiyi vergidir. O artırsa, idxalçı seçim qarşısında qalır – artımı istehlakçının üzərinə qoymaq, yaxud gəlirinin azalması ilə barışmaq. Əksər iqtisadçılar hesab edir ki, tariflərin tətbiqi ilə bağlı qiymət artımı dərhal istehlak inflyasiyasına təsirini göstərir. Prezident bunu başqa sahələrdə vergiləri azaltmaqla kompensasiya edəcəklərini desə də, bunun yaxın gələcəkdə baş verəcəyini göstərən əlamətlər hələ ki, görünmür.
Tariflərin tətbiqindən əldə olunacaq potensial qazanca gəlincə, Tramp XIX əsrin sonlarına aid təcrübəyə istinad etməyi sevir – o vaxt ABŞ-nin federal daxil olmalarının yarısından çoxunu məhz bu gəlir təşkil edib. Amma bu, gəlir vergisinin tətbiqindən əvvəl idi. Bu gün büdcə gəlirlərinin əsas mənbələrindən birini məhz gəlir vergisi təşkil edir.
Kanada deyirik, Çin düşünürük
Trampın ilk belə qərarı polad idxalına 25, alümin idxalına isə 10%-lik rüsumun tətbiqi ilə bağlı olub. Əvəzində Avropa İttifaqı «Harley Davidson» motosikletləri, «Levi's» cinsləri və burbon idxalına rüsum tətbəq edib. Bundan hiddətlənən ABŞ Prezidenti Avropadan avtomobil idxalı ilə bağlı da analoji addımı ata biləcəklərini deyib. Amma bu, baş verməyib və sonda, hər iki tərəf tariflərin tətbiqini dondurub. Amma bu «barışığ»ın vaxtı martın sonunda başa çatadacq. Yəni Tramp bu gün Avropaya münasibətdə tarif tətbiq etmirsə, bu, Aİ-nin sabah Vaşinqtonla ticarət mübahisəsi yaşamayacağı anlamına gəlmir.
Vaşinqtonun müasir tarixdə atdığı birtərəfli sərt addıma ən parlaq nümunə «Nikson şoku» adı ilə yadda qalıb. Söhbət ABŞ Prezidenti Riçard Nikosonun 1971-ci ildə həyata keçirdiyi silsilə iqtisadi islahatlardan gedir. O zaman dövlət başçısı əməkhaqlarının və qiymətlərin 90 gün müddətinə «dondurulma»sı qərarını qəbul etmiş, idxala 10%-lik vergi tətbiqinə başlamışdı. Niksonun ən əhəmiyyətli qərarı isə Birləşmiş Ştatların dolların məzənnəsinin qızıl ilə bağlılığını birtərəfli qaydada aradan qaldırması idi. Bu addım Amerikanın ticarət tərəfdaşlarını öz valyutalarını yenidən qiymətləndirmək məcburiyyəti ilə üz-üzə qoymuşdu.
Niksonun addımları bir tərəfdən siyasi uğur, digər yandan isə iqtisadi iflas sayılır. O zaman idxala tətbiq olunmuş vergi bir neçə ay sonra ləğv edilmiş, nəticədə ABŞ iqtisadiyyatı illərlə staqflyasiya ilə mübarizə aparmalı olmuşdu. Bu vəziyyət yalnız 1980-ci illərdə Federal Ehtiyat Sisiteminin rəhbəri Pol Volkerin sərt pul-kredit siyasəti ilə aşılmışdı.
Məlum olduğu kimi, Vaşinqtonun tarif məhdudiyyətlərinən əsas hədəflərindən biri və bəlkə də birincisi Çindir. ABŞ-nin əsas geosiyasi rəqibi sayılan bu ölkənin getdikcə artan iqtisadi qüdrəti Vaşinqton üçün az qala, ekzistensional təhlükədir. Tramp Çini yalnız 10%-lik rüsumla vura biləcəyilə hədələsə də, hesab olunur ki, Kanada və Meksikaya tətbiq olunmuş tarif məhdudiyyətləri dolayısı ilə Pekinə yönəlib.
Hamı hamıya qarşı
USMCA ticarət razılaşmasına əsasən Çin şirkətləri, məsələn, avtomobil istehsalçıları istehçalı Şimali Amerikada həyata keçirdikləri təqdirdə ABŞ bazarına rüsumsuz daxil ola bilirlər. Lakin son illərdə Vaşinqtonda nəhəng sənaye gücü yığmış və dünya bazarlarını öz malları ilə doldurmuş Çin və onun iqtisadi modeli ilə mübarizənin vacibliyinə dair ikipartiyalı konsensusl əldə edilib. Tramp isə hakimiyyətə gəldikdən sonra bu mövqeyi bir qədər yumşaldaraq, sadəcə Çinlə «ədalətli» ticarət münasibətləri istədiyini bildirib.
İndi çoxları Trampın müttəfiqlərinə münasibətdə də mövqeyini yumşaldıb-yumşaltmayacağını gözləyir. Söhbət ilk növbədə Avropa İttifaqından gedir. Bəs onlar ABŞ-yə qoşularaq qlobal iqtisadi münasibətlər sistemində Çinin hökmranlığı ilə mübarizə aparacaqlarmı? Brüssel üçün bu, özünəməxsus «xilas üçün samap çöpü» rolunu oynaya bilər. Bəlkə də o, bu «çöp»dən yapışaraq, Vaşinqtonla arasındakı ziddiyyətləri həll etməyi düşünəcək. Amma nəzərə alsaq ki, ABŞ Prezidenti avropalı tərəfdaşları ilə bağlı ritorikasını sərtləşdirir, ticarət defisiti məsələsində «Aİ-nin bütün sərhədləri aşdığını» söyləyir, bu, çox zəif təskinlikdir. Hər halda, Brüssel Amerika administrasiyası ilə dialoqa çalışır, ondan daha çox mayeləşdirilmiş qaz və ya silah almağa hazır olduğunu bildirir. Bu dialoqun müsbət nəticələnəcəyinə ümid isə azdır.
Son dəfə Brüssel Trampın polad və alümün idxalına tətbiq etdiyi tariflərə qarşı qarşı ABŞ motosikletləri, cinsləri və burbonuna qarşı eyni addımı atmışdı. O, bu gün də ən azı eyni qərarı verə bəlir. Lakin ekspertlər hesab edirlər ki, bu, işləməyə də bilər. Bununla yanaşı, qərarların razılaşdırılması, konsensusun əldə edilməsi çox uzana bilər, çünki Aİ-də Vaşinqtona münasibətdə sərt siyasəti heç də hamı dəstəkləmir. Məsələn, Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkələr vasitəsilə bəyan edib ki, Aİ-ni çətin aylır gözləyir və Brüsseldəki bürokratlar bu vəziyyəti asanlıqla aşa bilməyəcəklər. «Biz Birləşmiş Ştatlarla iqtisadi münasibətlərimizi qoruyub saxlamaq üçün razılaşmalar əldə etməli, müqavilələr imzalamalıyıq», - deyə o, vurğulayıb.
Qeyd edək ki, 1977-ci ilin «Fövqəladə beynəlxalq iqtisadi səlahiyyətlər haqqında» qanununun (IEEPA) verdiyi hüquqlardan ilk dəfə istifadə edir. İndiyədək ona yalnız Co Bayden Rusiyaya sanksiyaların tətbiqi üçün əl atmışdı.
Hələlik tariflərin əsaslandırılması üçün IEEPA-ə müraciət olunmur. Onun tətbiqi nəticəsində ciddi zərərlə üzləşəcək nəhəng maliyyə-sənaye qruplarının qərardan məhkəməyə şikayət edəcəkləri isə istisna deyil. Amma bu halda belə, məhkəmə tariflərin tətbiqini dərhal qadağan edəcəkmi? Bu ehtimal çox deyil. İstənilən belə məhkəmə uzun-uzadı bir prosesə çevrilir.
Müharibə qaçılmazdır?
Trampın başlatdığı ticarət müharibəsini ABŞ Konqresi də dayandıra bilər. Fentanil qaçaqmalçılığı və qeyri-leqal miqrasiyanın ölkə iqtisadiyyatında çətin vəziyyət yaratdığına dair şübhəli izahı təsdiqləməklə yanaşı, qanunverici orqan prezidentə ticarət siyasətinin aparılması ilə bağlı geniş səlahiyyətlər də verib. Bu səlahiyyətləri ilk dəfə 1934-cü ildə Franklin D.Ruzvelt əldə edib. Konqress lazım bildiyi təqdirdə dövlət başçısını bu səlahiyyətdən məhrum edə bilər. Lakin nəzərə alsaq ki, Senat və nümayəndələr palatası respublikaçıların nəzarətindədir, qanunverici qurumun bu addımı atması üçün son dərəcə ciddi əsaslar yaranmalıdır.
Bir də 30 il əvvəl ticarət mübahisələrində hakim rolu oynamaq üçün yaradılmış qlobal qurum – Ümumdünya Ticarət Təşkilatı var. Çin artıq Vaşinqtonun əməllərilə bağlı ÜTT-yə müraciət edib. Lakin hazırda bu qurum da öz rolunu effektiv icra edə bilmir, çünki Tramp, ondan əvvəl isə Bayden onun apellyasiya orqanına hakimlərin təyinatını «bloklayıb».
Təşkilat əvvəlkitək, vəziyyətlə bağlı hesabatları hazırlayacaq komissyalar yarada bilər. Amma hazırlanacaq hesabatlar hüquqi baxımdan icrası məcbur qərarların qəbulu üçün apellyasiya orqanına göndərilə bilməyəcək.
Üstəlik, Tramp üçün heç bir qayda yoxdur. Odur ki, baş verənlərə Birləşmiş Ştatların özündə güclü siyasi və ya məhkəmə reaksiyası olmazsa, Ağ Ev rəhbəri ticarət savaşı siyasətini çətin ki, dayandırsın.
MƏSLƏHƏT GÖR: