
QONŞULUQ MÜMKÜNDÜR
Azərbaycanla İran ikitərəfli münasibətlərdə gərginliyi aşmaq üçün addımlar atır
Müəllif: Natiq NAZİMOĞLU
Azərbaycan və İran ikitərəfli münasibətlərdə mövcud olan problemləri aşmaq, ümumiyyətlə, münasibətləri uğurla inkişaf etdirmək üçün yeni şans qazanıblar. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İran İslam Respublikasına bu yaxınlarda etdiyi səfərin nəticələri bunu təsdiqləyir.
Görüşlər və bəyanatlar
Azərbaycan Prezidentinin köməkçisinin İran siyasətinin aparıcı fiqurları ilə görüşlərində Bakı ilə Tehran arasında dialoqun genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub. Hikmət Hacıyev İranın dövlət başçısı Məsud Pezeşkian ilə görüşündə Azərbaycanın ikitərəfli əlaqələri dərinləşdirmək əzmini dilə gətirib. O, Azərbaycan Prezidentinin iranlı həmkarını Bakıya dəvətini də qarşı tərəfə çatdırıb. Dəvətə görə minnətdarlığını bildirən Pezeşkian həmkarı İlham Əliyevə səmimi salamlarını göndərib.
Hikmət Hacıyev Bakının Tehranla «siyasi, iqtisadi və mədəni əlaqələri mehriban qonşuluq prinsipi əsasında inkişaf etdirməkdə maraqlı olduğunu» İran Prezidentinin siyasi müşaviri Mehdi Sənayi ilə görüşündə də səsləndirib. Yeri gəlmişkən, H.Hacıyevin İrana səfəri məhz Sənayinin dəvəti ilə baş tutmuşdu. Prezidentin köməkçisi deyib ki, «ikitərəfli münasibətlərin əsas elementi inamın möhkəmlənməsi, mümkün anlaşılmazlıqların aradan qaldırılmasıdır». Hacıyev Azərbaycanın İrana heç bir təhdid yaratmadığını da bildirib.
M.Sənayi isə deyib ki, Azərbaycan İran üçün sadəcə vacib və qiymətli qonşu yox, həm də dərin tarixi köklərlə, qohumluq və dostluq əlaqələri ilə bağlı olduğu ölkədir. «İkitərəfli münasibətlərin mövcud vəziyyəti tərəflərin potensialına və maraqlarına cavab vermir», - deyə o, qeyd edib: «Odur ki, qarşılıqlı əlaqələr sırf diplomatik formatdan çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır».
Azərbaycan-İran əməkdaşlığının perspektivləri kontekstində vacib bəyanatlar Hikmət Hacıyevin İranın xarici işlər naziri Abbas Araqçı, Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianla görüşlərində də səsləndirilib. A.Araqçı bildirib ki, «İran Prezidenti Məsud Pezeşkianın administrasiyası Azərbaycan Respublikası ilə qarşılıqlı hörmətə və inama əsaslanan əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir». O, Tehranın «regional dövlətlərin problemləri danışıqlar yolu ilə çözmək, bu işdə regional imkanlardan istifadə etmək, qeyri-region ölkələrinin destruktiv müdaxiləsindən qaçmaq iradəsini» dəstəklədiyini söyləyib. Əhmədian isə deyib ki, «İran və Azərbaycanın düşmənləri onların arasındakı dostluq münasibətlərini korlamaq istəyir, odur ki, bizim borcumuz dostluğu, qardaşlığı qoruyub inkişaf etdirməkdir».
Hikmət Hacıyev Azərbaycanın iki ölkə arasında bütün sahələrdə qarşılıqlı hörmət və inama əsaslanan əlaqələri genişləndirmək əzmini dilə gətirib. O, bu zaman xüsusi vurğulayıb ki, «bu münasibətləri heç bir xarici dövlət poza bilməz».
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisinin Tehrana səfəri ikitərəfli əlaqələrlə bağlı bir sıra əlamətdar hadisə və qərarlardan sonra baş tutub. Belə ki, yanvarın 22-23-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib (təxminən 3 illik fasilədən sonra). Toplantıda preferensial ticarət, avtomobil və dəmir yolu daşımaları, ölkələr arasında aviareyslərin artırılması kimi sahələrdə razılaşmalar əldə olunub. Eyni zamanda «Şimal-Cənub» dəhlizinin tikintisinin tezliklə başa çatdırılması haqda razılaşma da böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə iki ölkənin dəmir yolu idarələri arasında Astarada terminal tikintisinin tezliklə başa çatdırılmasına dair razılaşma da qeyd olunmalıdır.
İclasın gedişində İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiqinin səsləndirdiyi fikirlər də maraqlıdır. O, Rusiya ilə İran arasında yerləşən Azərbaycanın üç ölkə arasındakı yük daşımalarında strateji mövqedə yerləşdiyini, Rəşt (İran)-Astara (Azərbaycan) yolundan isə «Şimal-Cənub» dəhlizində əsas bənd olduğunu bildirib. Bununla, nəqliyyat-kommunikasiya dəhlizlərinin formalaşdırılmasında Azərbaycanın aparıcı rolu bir daha təsdiqlənib. Söhbət yalnız «Şərq-Qərb» yox, həm də «Şimal-Cənub» dəhlizindən gedir. Bu, öz əksini Rusiya ilə İran arasında yanvarın 17-də imzalanmış hərtərəfli strateji tərəfdaşlıq müqaviləsində də tapıb. Sənədə əsasən «Şimal-Cənub» dəhlizi üzrə dəmir yolunun əsas hissəsi məhz Azərbaycandan keçəcək.
Ümumilikdə Azərbaycan-İran münasibətlərində son dönəmdə əldə edilmiş müsbət nəticələrin, həmçinin Hikmət Hacıyevin Tehrana səfərinin ikitərəfli münasibətlərin yaxşılaşmasına imkan verəcəyini düşünmək üçün bütün əsaslar var. Mövcud vəziyyətə hər iki tərəfin verdiyi qiymət də bunu göstərir. Məsələn, H.Hacıyev bildirib ki, Bakı ilə Ankara arasında qarşılıqlı inamın möhkəmləndirilməsi üçün tədbirlərin davam etdirilməsinə dair razılıq əldə edilib. İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmail Beqai isə belə səfərlərin «iki ölkə arasında ümumi problemlərin ortaya qoyulması, münasibətlərin yaxşılaşdırılması kontekstində qarşılıqlı anlaşma üçün yaxşı başlanğıc olacağını» söyləyib.
Aydındır ki, ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün ilk növbədə, qarşılıqlı inamın güclənməsi vacibdir. Buna istər Bakı, istərsə də Tehranda əmindirlər. Eyni zamanda yaranmış inamsızlığın səbəbkarı Hikmət Hacıyevin də dediyi kimi, hər zaman İranla mehriban qonşuluq münasibətlərinə sadiqlik nümayiş etdirmiş Azərbaycan deyil. Azərbaycan üçüncü dövlətlərin onun ərazisindən İrana qarşı istifadəsinə imkan verilməyəcəyini belə, dəfələrlə açıq şəkildə bəyan edib. Başqa sözlə, qarşı tərəfin Azərbaycan-İsrail əməkdaşlığına istinadla dəfələrlə gündəmə gətirdiyi narahatlığın heç bir əsası yoxdur.
Bundan başqa, Bakı Tehranla münasibətlərə hər zaman ümumregional inteqrasiya və təhlükəsizliyin vacib elementi kimi baxıb və bu, onun «3+3» formatında əməkdaşlığın inkişafı təşəbbüsündə də əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərkən bildirib ki, «ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır».
Bununla yanaşı, Bakı üçün İranın Ermənistanla əlaqələrini inkişaf etdirərkən Azərbaycanın maraqlarını çox zaman, bəlkə də heç zaman nəzərə almaması qəbuledilməzdir. Bu, 30 illik işğal dövründə də belə olub, indi, Azərbaycanın Qarabağ savaşındakı qələbəsindən, ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən sonra yaranmış yeni regional reallıqda da belədir.
İnamsızlığın səbəbləri aradan qaldırılmalıdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib ki, İranla münasibətlərin pisləşməsi «bizim günahımız ucbatından baş verməyib». O, 2020-ci ildə 44 günlük müharibənin başa çatmasından sonra Tehranın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə aşkar hörmətsizlik etdiyini xatırladıb. Bu, həmin dövrdə özünü İrana məxsus yük maşınları ilə Azərbaycanın Qarabağ regionuna Ermənistandan benzin daşınmasında da göstərib. Bundan başqa, İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirərək, sanki Bakıya hədə-qorxu gəlməyə çalışıb. Bunun ardınca isə 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror aktı nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərov dünyasını dəyişib. İlham Əliyevin də dediyi kimi, bu, «təşkil olunmuş terror aktı idi». Azərbaycan üçün terror aktını törətmiş şəxs haqqında çıxarılmış edam hökmünün hələ də icra olunmamış qalması da qəbuledilməzdir (məhkəmə işi əlavə istintaq üçün geri qaytarıb).
Bütün bunlar azmış kimi, Azərbaycan-İran münasibətlərindəki bu çətinliklər Tehranın Ermənistana artan dəstəyi ilə müşayiət olunur. Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasını sakit şəkildə qəbul etmiş İran indi guya Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaranmasından narahatlığını bildirir. Bu azmış kimi, İran rəsmiləri «dünya birliyi tərəfindən tanınan sərhədlərin istənilən formada dəyişməsinin yolverilməzliyini» bəyan edir, Zəngəzur dəhlizinin açılmasının Tehran üçün qəbuledilməz olduğunu deyirlər. Halbuki Ermənistan 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyannamədə bununla bağlı öhdəlik götürüb. Yeri gəlmişkən, bu haqda növbəti bəyanatı İranın Ermənistandakı səfiri Mehdi Sobhani səsləndirib. O, fevralın 6-da keçirdiyi mətbuat konfransında İrəvan qarşısında lovğalanaraq bildirib ki, İran regionda Zəngəzur dəhlizinin açılmasını dəstəkləməyən yeganə dövlətdir.
İran Ermənistana dəstək məsələsində o qədər irəli gedir ki, ona Qərblə yaxınlaşmasını belə, «bağışlayır». Ermənilərin Vaşinqtonda İranın qatı düşməni olan ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalaması da Tehranda «anlayış»la qarşılanır. Elə həmin Sobhani məmnunluqla bildirib ki, «Ermənistan hökuməti bu sənədin İrəvan-Tehran münasibətlərinə qarşı olmadığını deyir». Bu zaman diplomat çox əhəmiyyətli bir sirri də açıb: sən demə, İranla Ermənistan «geniş, hərtərəfli strateji sənəd üzərində işləyir və o, iki ölkənin liderləri tərəfindən imzalanacaq».
Əlbəttə ki, İranın Ermənistanla hansı səviyyədə əməkdaşlığa çalışması Azərbaycanın vecinə deyil. Bakı üçün vacib olanı bu əməkdaşlığın onun qanuni maraqlarına toxunmamasıdır. Bu, Ermənistanın üzərinə öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat yolunun açılmasına dair götürdüyü öhdəliyə də aiddir.
Azərbaycan-İran münasibətlərindəki gərginliyə qarşı tərəfin siyasətçilərinin və ruhanilərinin Azərbaycan və onun rəhbərliyinə qarşı təhqiramiz ifadələri də təkan verir. Hikmət Hacıyevin Tehrana səfəri ərəfəsində İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Marian Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunmuş, İran mediasında, hökumətə yaxın dairələrində açıq anti-Azərbaycan kampaniyasının aparılması ilə bağlı ona etiraz bildirilmişdi. Bundan başqa, bildirilmişdi ki, İran Ərdəbil şəhərinin imamı Seyid Həsən Amelinin Azərbaycanın ünvanına səsləndirdiyi təhqirlərə görə üzr istəməkdənsə, imama dəstək kampaniyası aparır.
Bir sözlə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri belə çətin fonda baş tutub. Odur ki, onun keçirdiyi görüşlərdə Azərbaycan-İran münasibətlərinin hər iki ölkənin strateji maraqlarına cavab verən keyfiyyətcə yeni səviyyəyə qaldırılmasının vacibliyinə dair əhəmiyyətli bəyanatlar səsləndirilib.
Səfər çərçivəsində baş vermiş əhəmiyyətli hadisələrdən biri də H.Hacıyevin Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binasını ziyarəti olub. Bütün bunlar iki ölkə münasibətlərindəki gərginliyin aşılacağına, qarşılıqlı inama nail olunacağına, ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın genişləndiriləcəyinə ümid yaradır.
MƏSLƏHƏT GÖR: