
HAVADA BAŞ VERMİŞ SİYASİ QƏZA
Kremlin susqunluğu fonunda Bakı ilə Moskva arasında müttəfiqlik münasibətlərini qoruyub saxlamaq mümkün olmayacaq
Müəllif: T.QASIMOVA
Fevralın ilk günlərində Azərbaycanda Bakı-Qroznı reysi ilə uçan AZAL təyyarəsinin qəzaya uğramasının 40-cü günü anılıb. Xatırladaq ki, qəza nəticəsində heyət üzvləri də daxil olmaqla, 38 nəfər dünyasnı dəyişib. Qəzadan sağ çıxmış şəxslər Azərbaycan xəstəxanalarında müalicələrini davam etdirirlər. Bakı ilə Moskva arasında ciddi siyasi böhran yaratmış aviaqəza ilə bağlı araşdırmalar da davam edir.
İlkin hesabat – yekun nəticə
Qazaxıstan Nəqliyyat Nazirliyi Bakıdan Qroznıya uçarkən qəzaya uğramış J2-8243 reysi ilə bağlı istintaqın ilkin nəticələrini elan edib. Aviasiyanın öz qaydaları var və bu, aviaqəzaların araşdırılmasına da aiddir. Çoxları tonlarla çəkiyə malik dəmir qurğunun necə uçduğunu hələ də təsəvvür edə bilməsə də, bu işlə məşğul olanlar əmindirlər ki, məhz bu qaydalar nəticəsində aviasiya hələ də ən təhlükəsiz nəqliyyat vasitəsi olaraq qalır. Qazaxıstan Nəqliyyat Nazirliyi məhz aviasiya araşdırmasının ilkin nəticələrini açıqlayıb. Bu araşdırmanın məqsədi günahkarları taparaq aşkara çıxarmaq deyil. Bu zaman tamamilə başqa sualların cavabları axtarılır: təyyarənin texniki durumu necə olub, sistem nə qədər düzgün və etibarlı işləyib, heyət üzvləri özlərini nə qədər doğru aparıblar…
Araşdırmanın nəticələrini eyni zamanda həm gözlənilən, həm də sensasion saymaq olar. Ekspertlər təyyarənin istismara tam yararlı, heyət üzvlərinin isə tam hazırlıqlı olduqlarını müəyyənləşdiriblər. Bəli, qəzaya səbəb təyyarəyə kənar müdaxilə olub. Yəni «Embraer» vurulub. Kim tərəfindən? Bu artıq aviasiya araşdırmasının deyil, cinayət istintaqının cavab verəcəyi sualdır. Amma Qazaxıstanın yaydığı məlumat belə, ciddi siyasi rezonans üçün kifayət edib.
İlkin hesabat göstərir ki, Rusiya rəsmi strukturlarının qəzanın ilk saatlarında və günlərində fəal şəkildə tirajladıqları versiyanı təsdiqləyən heç nə yoxdur. Xatırladaq ki, o zaman «Rosaviasiya» tələsik açıqlama verərək təyyarənin guya «quş dəstəsi ilə toqquşduğunu» bildirmiş, Rostovun Hava Hərəkətinin İdarə Olunması Mərkəzi «göyərtədə qaz balonunun partladığı» haqda danışmağa başlamış, «İnterfaks» agentliyi isə ortaya hansısa «texniki problemlər»i atmışdı. Üstəlik, Rusiya tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin absurd adlandırdığı bu versiyaları onların həqiqətə uyğun olmadığının aşkarlanmasından sonra belə, tirajlamağa davam edib. Halbuki təyyarənin göyərtəsində xarakterik dəliklərin olduğunu göstərən fotolar qəzadan cəmi bir neçə saat sonra yayılmağa başlamışdı və bu dəliklərin quş dəstəsi ilə toqquşmadan yarana bilməyəcəyini mütəxəssis olmayan şəxslər belə, anlamışdı. Bu, «qaz balonu partlayışı» və ya «texniki qüsur»a da bənzəmirdi. Təyyarənin göyərtəsində belə zədələr yalnız zenit raketlərinin zərbəsindən yaranır. Laynerin guya Ukrayna dronu ilə toqquşması versiyası da aradan qalxıb, çünki belə olsaydı, göyərtədə tam fərqli izlər qalardı.
Hesabatda konkret günahkarlar göstərilməsə də, orada qeyd olunan məlumatlar hər şeyi ortaya qoyur.
İttihamın şahidləri
Mütəxəssislər diqqəti hadisənin xronologiyasına çəkir. Reysin Bakıdan havaya qalxmasından Qroznıya çatmasınadək olan müddətdə nə təyyarə, nə heyət üzvləri problem yaşayıb. Ekipaj yalnız 04:55:54-də hər iki GPS naviqatorunun itdiyini elan edib. Artıq indi məlumdur ki, Azərbaycana məxsus «Embraer» təyyarəsi Qroznı aeroportuna yaxınlaşan zaman orada «Ukrayna dronlarının hücumları dəf edilirmiş». Amma sonradan ortaya Çeçenistan səmasında Azərbaycan təyyarəsi ilə eyni vaxtda Ukrayna dronlarının peyda olduğunu göstərən fakt da çıxmayıb. Necə deyərlər, yalançı həyəcan siqnalı. Prinsipcə, radioelektron mübarizə sisteminin işə salınması və GPS siqnalının kəsilməsi «dronlarla mübarizə strategiyası»nın standart elementləridir. Çünki pilotsuz uçuş aparatları da GPS siqnalı ilə idarə olunur. Amma bu halda dispetçerlər dronla mübarizənin aparıldığı hava məkanını bağlamağa, havada olan təyyarələrə dərhal bu haqda məlumat verməyə borcludurlar. Bəs Azərbaycan təyyarəsinin ekipajına GPS sisteminin söndürüldüyü haqda xəbərdarlıq edən olubmu? Xeyr! Pilotların bunu bilməsi üçün başqa yol isə yoxdur.
Amma bu da son deyil. GPS siqnalından məhrum olmuş pilotlar Qronznıya enmək cəhdlərini davam etdirib, eniş etmək üçün vektor istəyiblər və s. Havanın dumanlı olması vəziyyəti daha da çətinləşdirib və təyyarə Qroznıya enə bilməyib.
Nəhayət, prosesin kulminasiya nöqtəsi. Təhlillər və «qara qutu»nun qeydləri göstərir ki, kapitan Qroznıya eniş edə bilmədiyi üçün Bakıya qayıtmaq qərarı verib. Bundan sonra təxminən 05:13-də səs yazısında «kənar səs», yəni göyərtəyə zərbə səsi eşidilir. 24 saniyə sonra daha bir belə səs. Bu, zenit raketlərinin standart iş sxemidir. Təyyarəyə tərəf adətən iki raket buraxılır və onlar laynerə çırpılaraq deyil, göyərtəyə təxminən 10 metr qalmış partlayır. Aparılmış qeydlərdən məlum olur ki, ilk zərbədən sonra təyyarənin üçüncü hidrovlika sistemi sıradan çıxıb, 6 saniyə sonra birinci, daha 21 saniyə sonra isə ikinci sistem eyni aqibəti yaşayıb. Hidravlikanın sıradan çıxması ilə təyyarə praktik olaraq, idarəedilməz vəziyyətə gəlib. Belə bir vəziyyətdə pilotların təyyarəni Aktauya çatdıraraq 29 nəfərin həyatını xilas etməsi, həqiqətən də, əsl möcüzədir. Təəssüf ki, onlar özləri qəzada həlak olublar. Amma möcüzə yaradaraq…
«Kovyor» planının tətbiq edildiyi haqda məlumat yalnız 05:21-də elan olunur! O an GPS sisteminin söndürülməsindən, sərnişinlərin taleyin ümidinə buraxılmasının üzərindən düz 25 dəqiqə, zenit raketinin atılmasından isə 8 dəqiqə keçirdi! Bütün bu müddətdə pilotlar yerdə nələrin baş verdiyini bilmirdilər. Onları məlumatlandırmağı heç bir xidmət lazım bilmirmiş!
Məşhur bir fikir var: hər bir HHM qurğusunun öz qəbiristanlığı var. İnsan faktorunu heç kim inkar etmir, Siserona görə isə səhv insana xasdır. Amma səhvdən səhvə fərq var. Qrafik üzrə sərnişin aeroportuna enməkdə olan təyyarənin vurulması çox nadir rast gəlinən hadisədir. Rusiya HHM sisteminin bu bağışlanmaz səhvini Tehran aeroportunda yaşanmış faciə ilə müqayisə etmək olar: o zaman İranın rəşadətli hava hücumundan müdafiəçiləri paytaxt aeroportundan havaya qalxmış Ukrayna təyyarəsini vurmuşdular. Yerüstü xidmətlərin cinayətkar yekəbaşlığı, lazımi koordinasiyanı təmin edə bilməməsi görün nələrə aparıb çıxarır…
«Məhkəmədə görüşərik»
Faciədən sonrakı ilk günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın ünvanına silsilə sərt bəyanatlarla çıxış edib. Bakı konkret tələblərini də o zaman ortaya qoyub: üzr istənilməli, məsuliyyət etiraf olunmalı, açıq istintaq aparılmalı, kompensasiya ödənilməlidir. Lakin hadisədən ayyarım vaxt keçsə də, nə üzr istəyən var, nə məsuliyyətini etiraf edən. Günahkarları axtarmağa, cəzalandırmağa da heç kim həvəs göstərmir.
Bakı, təbii ki, bu vəziyyətlə barışmaq fikrində deyil. Azərbaycanda «Rus evi»nin qapadılması, «Rossotrudniçestvo»nun fəaliyyətinin dayandırılması formal olaraq Aktau üzərində baş vermiş qəza ilə əlaqələndirilməsə də, burada Rusiyanın öz davranışı ilə yaratdığı hiddətin də rol oynadığına şübhə yoxdur. Hiddət yaradan isə istər rusiyalı deputatların, politoloq və təbliğatçıların ədəbsiz bəyanatları, istərsə də rəsmi strukturların qəzaya görə məsuliyyəti etiraf edərək üzr istəməməsidir.
Bakı baş verənlərə sərt siyasi qiymət verməyə çalışmır. Lakin mediaya sızmış xəbərlərdə Azərbaycanın məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşdığı deyilir. Qazaxıstan Nəqliyyat Nazirliyi və ICAO-nun araşdırmaları havada insanların təhlükəsizliyi ilə bağlı idisə, beynəlxalq məhkəmə konkret məsuliyyəti müəyyənləşdirməlidir – istər ayrı-ayrı insanların, istərsə də dövlətin məsuliyyətini.
Əslində, beynəlxalq məhkəməyə müraciət üçün əsas qəzadan dərhal sonra var idi. Lakin Azərbaycan belə sərt ssenari ilə getmək istəməyərək, vəziyyəti qiymətləndirməsi, ona ciddi itkilər olmayan aydınlıq gətirməsi üçün zaman tanımağa çalışırdı. Ekspertlər hesab edirlər ki, Moskva özündə HHM sisteminin səhvini etiraf etmək gücü tapardısa, üzr istəyər və hərtərəfli istintaqa başlayardısa, iki ölkə arasında bu gün yaşanmaqda olan siyasi böhrandan qaçıla bilərdi. Amma görünür, Rusiya «hansısa cənub respublikası»ndan üzr istəməyi özünə sığışdırmayıb.
Bakı hadisənin Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılmasından imtina edənədək bir neçə günü də əbəs yerə gözləyib. Rusiyaya inam sarsılıb. Hətta çox ciddi şəkildə. İndi vəziyyət daha da pisdir. Moskvanın məsuliyyətini etiraf etməsi, üzr istəməsi və araşdırmalara başlaması üçün 40 gündən artıq vaxtı var idi. Üstəlik, Azərbaycanın mülki təyyarəsinin Rusiyaya məxsus zenit raketi ilə vurulduğunu, əlbəttə ki, Moskvada Bakıdan, Astanadan, yaxud Braziliyadan daha əvvəl bilirdilər. Belə bir vəziyyətdə onların artıq cinayət istintaqı başlatmaq, sərnişin təyyarəsi ilə dronu səhv salan, mülki təyyarəyə raket atəşi açan rəşadətli HHM zabitini müəyyənləşdirmək üçün kifayət qədər zaman var idi. Bu, həm də qlobal nəticələrdən qaçmaq şansı idi. Amma…
Bakı artıq qeyri-rəsmi səviyyədə bir çox faktı yada salır: Qarabağ xanının ailəsi ilə birlikdə qətlə yetirilməsini də, İrandan və Osmanlı imperiyasından ermənilərin Azərbaycan torpaqlarına köçürülməsini də, Qərbi Zəngəzurun Ermənistana hədiyyə edilməsini də, Qarabağ müharibəsi zamanı Rusiyanın «İsgəndər» operativ-taktiki raket kompleksi daxil olmaqla, hədiyyə etdiyi silahları da və s. Belə vəziyyətdə əvvəlki müttəfiq münasibətlərini qoruyub saxlamaq çox çətin olacaq. Münasibət – hərəkətin ikitərəfli olduğu yol kimidir…
MƏSLƏHƏT GÖR: