
ŞƏRQ VƏ QƏRBİ QARŞILAYANDA
Bosniya və Herseqovina niyə Balkan regionunun qəlbi hesab edilir?
Müəllif: Elçin HÜSEYNOV, Bakı-Sarayevo-Mostar-Bakı
Bosniya və Herseqovina səyahət etmək üçün ilk ağıla gələn ölkələrdən deyil. Təcrübəsiz turist burada yalnız müharibə, dağılmış şəhərlər və keçmişin ağrı-acısını görməyi gözləyir. Lakin bir çox hadisələrlə üzləşmiş Balkan regionunun bu guşəsi qeyri-adi marşrutlar və təkrarolunmaz ab-hava axtaran səyahətçilər üçün çox cəlbedicidir.
Bosniya və Herseqovina təkcə zəngin tarixi və mədəni irsi olan dövlət deyil, həm də təbiətin, ənənələrin və müasir tendensiyaların qarışaraq ayrıca bir kolorit yaratdığı yerdir. Bu da xüsusilə Avropanın turistik olmayan guşələrini sevənləri cəlb edir. Bu Balkan ölkəsində qədim şəhərlərdən tutmuş füsunkar dağ mənzərələrinə, qədim tarixi abidələrdən tutmuş eklektik mətbəxə qədər hər şeyi görmək mümkündür.
Görməli yerlərin paytaxtı
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo öz-özlüyündə canlı muzeydir. Onun küçələrində gəzərkən tarixin müasirlik ilə necə kəsişdiyini hiss etmək olar. Sarayevo tez-tez dünyanın üç əsas dininin - islam, xristianlıq və yəhudiliyin burada birləşməsinə görə “Slavyan Yerusəlimi” adlandırılır.
Şəhərin əsas simvollarından biri Osmanlı imperiyasının ab-havasını qoruyub saxlayan Başçarşıdır (türkcə “baş çarşı” - əsas bazar). Başçarşı qədim şəhərin qəlbidir. Daş döşənmiş dar küçələr, qədim məscidlər, türk evləri, həmçinin şərq xalçaları, gümüş bəzəklər, çay və ədviyyatlar satan çoxsaylı dükanlar və bazarlar - bunların hamısı Başçarşıya xas olan xüsusiyyətlərdir. Məhz burada qədim Sarayevonun atmosferini hiss etmək və şərq bazarının canlı mənzərəsini görmək olar. Və buranın mərkəzi elementi, əlbəttə ki, Sebildir. Bura şəhərin ən tanınan simvollarından biridir. Ümumiyyətlə, Sebil şəhər ekskursiyalarının, adətən, başladığı və ya bitdiyi meydanda yerləşən içməli su fəvvarəsidir. Hər turist burada foto çəkdirməyi özünə borc bilir. Bu meydanda və onun ətrafında yerli, ənənəvi türk və Balkan regionunun mətbəxləri, həmçinin şirniyyatlar təklif edən çoxsaylı kafe və restoranlar cəmləşib.
Buranın yaxınlıqda Sarayevonun memarlıq və dini abidəsi olan Qazi Hüsrev bəy məscidi yerləşir. O, 1531-ci ildə inşa edilib və bu günə qədər ölkənin ən əhəmiyyətli dini tikililərindən biri olaraq qalır. Məscidin yaradıcısı Qazi Hüsrev bəy Bosniyanın Osmanlı tarixində mühüm şəxsiyyət olub. Onun adı bir çox mədəni və memarlıq layihələri ilə bağlıdır.
Şəhərin ən gözəl binalarından biri - Sarayevo ratuşası (Sarajevo City Hall) da yaxınlıqda yerləşir. Mavritaniya memarlığının bu möhtəşəm nümunəsi 1896-cı ildə inşa edilib, 1992-ci ildə müharibə zamanı dağıdılıb, lakin 2014-cü ildə bərpa edildikdən sonra yenidən ziyarətçilər üçün açılıb. Bu gün burada Bosniya və Herseqovinanın Dövlət Arxivi yerləşir. Onun əzəmətli fasadı, mürəkkəb tağları və vitrajları binanı Sarayevonun ən gözəl memarlıq incilərindən birinə çevirir.
Başçarşının yaxınlığında əsas ticarət küçəsi olan Ferhadiyada ölkənin ən böyük katolik kilsəsi - İsa Müqəddəs Qəlbi Kafedral Kilsəsi yerləşir. Deyilənə görə, məbədin memarı Yosip Vançaş Parisdəki Notr-Dam kilsəsinin layihəçilərindən biri olub. “Sarayevo kilsəsi” də eyni üslubda layihələndirilib. O, roman memarlığı elementləri ilə neoqotik üslubda tikilib. Məbədin fasadının təsviri Sarayevo möhüründə və bayrağında istifadə olunur. Kilsənin roman qüllələri və frontonları şəhərin gerbində təsvir edilib. Beləliklə, “Sarayevo kilsəsi”ni Bosniya və Herseqovinanın əlamətdar görməli yerlərindən biri adlandırmaq olar.
İsti mövsümdə turistlərin ən sevdiyi əyləncələrdən biri Trebeviç dağına qalxan kanat yoludur. Şam və küknar ağacları təmiz dağ havası ilə birlikdə əla müalicəvi effekt verir. Burada həmçinin 1984-cü il Olimpiadasına hazırlanmış bobsley trekinə və “Çolina Kapa” rəsədxanasına qədər gəzmək olar. Əgər siz təbiət görməli yerlərinin həvəskarısınızsa, bələdçilər Vrba dəmir yolu körpüsünü və şəhərə və ətraf dağlara heyrətamiz mənzərə açılan Vidikovats baxış meydançasını ziyarət etməyi məsləhət görürlər.
Sarayevonun füsunkar təbiətindən zövq almaq üçün Vrelo-Bosne turist kəndini ziyarət edin. Burada gözəl mənzərələrə tamaşa etmək, mənzərəli cığırlarla gəzmək, piknik təşkil etmək, həmçinin Bosniya və Herseqovinanın ənənəvi kənd həyatı və mədəniyyəti haqqında daha çox məlumat əldə etmək olar.
Sarayevonun mərkəzində həm qısamüddətli, həm də uzunmüddətli səfərlər üçün çoxsaylı turist səyahətləri əldə etmək olar. Beləliklə, əsas görməli yerlər üzrə gündəlik piyada turlar (15 avro), kanat turu üçün bilet (25 avro), Mostar və Herseqovinanın digər dörd şəhərinə birgünlük tur (75 avro) seçmək olar. Həmçinin orta əsr qalaları və qəsrləri, nəhəng şəlalələr, ənənəvi su dəyirmanları və bir çox başqa şeylərin yerləşdiyi Travnik, Yaytse və Pliva göllərinə birgünlük səyahət (75 avro) seçmək olar.
Latın körpüsü tarixin katalizatoru kimi
Bosniya və Herseqovinada 100-dən çox körpü var, o cümlədən qədim Osmanlıdan qalan, müasir və yeni tikilənlər. Onların arasında dünya tarixində böyük rol oynamış Latın körpüsü unikal yer tutur.
Milyatska çayı üzərindəki bu körpü 1557-ci ildə Osmanlı dövründə inşa edilib. O, strateji və mədəni əhəmiyyətə malik idi, həmçinin şəhərin tarixinin əsas hissəsinə çevrilib. Latın körpüsü dünyada 1914-cü il iyunun 28-də baş verən hadisələrə görə tanınıb. Məhz burada serb millətçisi Qavrilo Prinsip Avstriya-Macarıstan taxtının varisi olan Ertshersoq Frans Ferdinanda sui-qəsd təşkil edib. Məlum olduğu kimi, bu da Birinci Dünya müharibəsinin başlamasının katalizatoru olub.
Bu, tipik Osmanlı körpü memarlığının nümunəsidir. Daş tağlar və ciddi üslub ona əzəmətli görünüş verir. Latın körpüsü uzun müddət çayın iki sahilini birləşdirən əsas nəqliyyat arteriyası və şəhər infrastrukturunun bir hissəsi olub. Hazırda o, təkcə turistik baxımdan görməli yer deyil, həm də tarixin gedişatını dəyişdirən hadisələrin simvoludur.
Turistlər üçün isə Latın körpüsünün yanında yerləşən Sarayevo siyasi sui-qəsd muzeyini ziyarət etmək maraqlı olacaq. Kiçik muzey 1914-cü il iyunun 28-də baş vermiş hadisələrə və Frans Ferdinanda qarşı sui-qəsdə həsr olunub. Muzey həmin gün sui-qəsddən əvvəl Prinsipin olduğu kafe olan binada yerləşir. Muzeydə (2,5 avro) bu tarixi hadisə ilə bağlı müxtəlif eksponatları, o cümlədən fotoşəkillər, sənədlər, silahlar və o dövrün atmosferinə qərq olmağa kömək edən digər artefaktları görmək olar.
Müharibənin izi ilə
Bosniya və Herseqovinanın paytaxtında bir çox maraqlı muzeylər var. Bu, zəngin arxeoloji, etnoqrafik və təbiət elmləri kolleksiyalarına malik ölkənin əsas muzeyi olan Zemalski muzeyidir. Həmçinin şəhərin mərkəzində yerləşən beş ayrı kiçik filialdan (Brusa Bezistan, Svrzo Evi, Despits Evi, Yəhudi Muzeyi və Sarayevo Muzeyi 1878-1918) ibarət olan “Sarayevo Muzeyi”də var. Turistlər üçün Qazi Hüsrev bəy Kitabxanası Muzeyi, Kurşumliya mədrəsəsindəki onun öz muzeyi, həmçinin Olimpiya muzeyi və digərləri açıqdır.
Bosniya və Herseqovinadakı müharibə (1992-1995) ölkənin tarixində və mədəniyyətində, xüsusilə də təxminən 4 illik mühasirə yaşamış Sarayevoda dərin iz buraxıb. İllər ərzində bir çox dağıdılmış binaların bərpa və yenidən qurulmasına baxmayaraq, mərkəz də daxil olmaqla hələ də çox sayda güllə izləri olan evlər var. Məhz buna görə də Sarayevoda və bütün Bosniya və Herseqovinada bir çox muzeylər və memorial komplekslər müharibə və onun qurbanlarının xatirəsinə, həmçinin bu faciəvi dövrün nəticələrinin dərk edilməsinə həsr olunub. Onların arasında “Xilas tuneli” Muzeyi xüsusi yer tutur - bu, 1990-cı illərdə Sarayevonun mühasirəsi ilə bağlı tarixi yerdir. Tunel Sarayevo Bosniyaya düşmən qüvvələr tərəfindən mühasirəyə alındığı zaman şəhəri ölkənin qalan hissəsi ilə əlaqələndirmək üçün tikilmişdi. Sarayevo Mühasirəsi Muzeyində dinc sakinlərin əzabları haqqında danışılır, müharibə zamanı real həyatı sənədləşdirir: aclıq, bombardmanlar, dağıntılar və kütləvi qətllər. Bosniya və Herseqovinadakı Müharibə Muzeyi - müharibə zamanı törədilmiş soyqırımı və cinayətlər, həmçinin qurbanların taleyi haqqındadır. Xüsusi diqqət 1995-ci ildə 8 mindən çox Bosniya müsəlmanının kütləvi qətlinin törədildiyi Srebrenitsa faciəsinə ayrılır. 1500-dən çox insanın dəfn olunduğu Koşevo memorial mərkəzi və qəbiristanlığı isə həlak olanların və 1990-cı illərdə şəhərin başına gələnlərin xatirə məkanı kimi xidmət edir.
Yeri gəlmişkən, şəhərin əsas tarixi görməli yerlərindən biri olan və mühasirə zamanı ciddi şəkildə ziyan görmüş Sarayevo Ratuşası Sarayevo faciəsinin simvoludur. 1992-ci ildə bina yanğınla məhv edilib, lakin sonradan yenidən qurulub və dağıdılmış ölkənin simvolu kimi xatirə məkanına çevrilib.
Dövrlərin kəsişməsi - Mostar
Mostar təqdimata ehtiyacı olmayan bir şəhərdir. Onun qədim körpüsü (“Starı most”) məşhur memar Sinan tərəfindən layihələndirilib və Balkan regionunun ən məşhur görməli yerlərindən biridir. XVI əsrdə tikilmiş bu körpü Neretva çayının iki sahilini birləşdirir və şəhərin simvoluna çevrilib. Körpü üzərindən keçərkən “tarixin nəfəsi”ni hiss etmək olar - o, 1990-cı illərdəki müharibə zamanı dağıdılıb və yalnız 2004-cü ildə UNESCO-nun səyləri sayəsində bərpa edilib. O cümlədən Mostarın bir çox digər tikililəri kimi.
Sarayevodan Mostara qatarla, avtobusla və ya avtomobillə getmək olar. Ən sürətli (və bahalı) yol avtomobillə getməkdir - 2 saat ərzində. Büdcəli turistlər ya qatar (2 saat) - 17-18 avro, ya da avtobusları (2 saat 40 dəqiqə) seçirlər və bu da təxminən 23 avroya başa gəlir. Mostarı ziyarət etmək üçün ən yaxşı vaxt may-sentyabr aylarıdır. Bu zaman təbiətdə hər şey çiçəklənir və Neretva çayına tullananlara baxa, həmçinin özünüz də üzə bilərsiniz. İsti vaxtlarda, turistlər çox olduqda, hotel və kafelərdə qiymətlər də müvafiq olur. Lakin əgər siz izdihamın olmamasını və şəhərin qədim hissəsində sakit gəzintiləri üstün tutursunuzsa, bunun üçün ən yaxşı vaxt ilin sərin aylarıdır. Bonus olaraq, Mostarda hava Sarayevo və ölkənin digər bölgələrinə nisbətən daha istidir.
XV-XVI əsrlərdə Osmanlı imperiyasının sərhəd məntəqəsi kimi inkişaf edən Mostar XIX-XX əsrlərdə Avstriya-Macarıstan hakimiyyəti altında əsas mərkəzlərdən birinə çevrilib. Şəhər qədim türk yaşayış binaları və şəhərə adını verən məşhur Köhnə körpüsü ilə tanınır. Körpüdən əlavə, Mostar tarixi və memarlıq abidələri ilə zəngindir: xüsusilə dar küçələri, məscidləri və türk evləri ilə tarixi hissəsində. Bu küçələrdə gəzmək sizi Şərq atmosferinə qərq edir, burada hər daş tarixlə zəngindir.
Həmçinin müsəlman və katolik dini abidələrini - Koski-Mehmet-Paşa məscidini və Müqəddəs Pyotr və Pavel katolik kilsəsini ziyarət etməyə dəyər. Yerli mətbəx isə qrildə bişirilmiş yeməkləri, şərq çörəkləri və ətirli qəhvəsi ilə unudulmaz təəssüratlar yaradacaq. Əlbəttə, bu daha baha başa gələcək, amma hər halda Köhnə körpüyə gözəl mənzərəsi olan restoranlardan birinə baş çəkin.
Mostar faktiki olaraq iki hissəyə bölünüb - məşhur körpüyə qədər mərkəzi turizm zonasında yaşayan müsəlman icması və əsasən xorvatların yaşadığı körpüdən sonrakı zona. İcmalar eyni şəhərdə yaşasalar da, şərti sərhədləri istəmədən keçirlər. Üstəlik, Mostarın iki zonasında memarlıq və həyat tərzindəki fərq hətta adi gözlə də görünür. Müsəlman hissəsində evlər açıq-aşkar şərq üslubunda, Osmanlı memarlıq elementləri ilə tikilmişdirsə, xorvat hissəsində siz dərhal bütün nəticələri ilə birlikdə xoş, köhnə Avropaya düşürsünüz. Xorvat hissəsi daha varlı və daha inkişaf etmiş və müasir təəssürat yaradır, müsəlman hissəsində isə sanki keçmişə düşürsünüz. Görünür, məhz buna görə turistlər şəhərin köhnə rayonunu ziyarət etməyi üstün tuturlar.
Münasib qiymətlərlə Avropa
Bir çoxları Bosniya və Herseqovinanı Avropada turistlər üçün ən əlçatan ölkələrdən biri hesab edir. Və onlar haqlıdırlar. Bu ölkə, xüsusilə Avropanın qərbindəki populyar istiqamətlərlə müqayisədə, əla qiymət və keyfiyyət təklif edə bilər.
Bosniya və Herseqovinada yaşayış, qida və nəqliyyat qiymətləri adətən Xorvatiya və ya Monteneqro kimi qonşu ölkələrdən daha aşağıdır. Sarayevoda, məsələn, kifayət qədər ucuz restoranlar, kafelər və hotellər tapmaq olar. İctimai nəqliyyatda gediş haqqı (1,3 marka - 0,68 avro) da nisbətən aşağıdır. Hotel və mənzillərin qiymətləri mövsümdən, yerləşmədən və xidmət səviyyəsindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Ümumiyyətlə, Sarayevo Qərbi Avropa şəhərləri ilə müqayisədə nisbətən ucuz istiqamət olaraq qalır. Beləliklə, qış aylarında şəhər daxilində iki nəfər üçün gecəsi 30-50 avroya büdcəli, lakin kifayət qədər rahat hotellər və ya mənzillər tapmaq olar. Orta sinif hotellərdə otaqlar adətən gecəsi 50-90 avro arasında dəyişir. Bu kateqoriyaya rahatlıqları olan və şəhərin mərkəzində yerləşən hotellər daxildir. 5 ulduzlu hotellər isə 120-250 avro arasında başa gələcək.
Kafe və restoranlarda qiymətlər də qonşu Avropa ölkələrindəki kimi yüksək deyil. Bosniya qəhvəsini (su stəkanı ilə) 3-4 Bosniya markasına (orta hesabla 2 avro) dadmaq olar, şirniyyatlar 3-4 avroya, mərkəzdə nahar və ya şam yeməyi 8-15 avroya başa gələcək. Mətbəxə gəlincə, o, Osmanlı, Aralıq dənizi və slavyan ənənələrinin parlaq birləşməsidir. Bosniya yeməkləri tez-tez kömür üzərində hazırlanır və çevablar (kiçik ət kotletləri), borek (ət və ya pendir ilə piroq) və şişdə bişirilmiş müxtəlif ət yeməkləri kimi delikatesləri əhatə edir.
Bosniya və Herseqovina xüsusilə Trebine bölgəsinin şərabları ilə də məşhurdur. Burada unikal şərab növləri istehsal edən şərab zavodları tapmaq olar - Zilavka (ağ - 5-10 avro) və Blatina (qırmızı - 5-12 avro).
Dünya mediasının məlumatlarında qeyd edilir ki, Bosniya və Herseqovina toxunulmamış təbiəti, maraqlı şəhərləri, dostcasına atmosferi, həmçinin turizm xidmətlərinin nisbətən aşağı qiymətləri sayəsində getdikcə daha çox turizm hitinə çevrilir.
Bununla yanaşı, bəzi yerlərdə turizm infrastrukturunun hələ də inkişaf etdiyini və xidmət səviyyəsinin Avropanın populyar istiqamətlərindəki qədər yüksək olmaya biləcəyini unutmamaq lazımdır.
Bosniya və Herseqovina qədim ənənələrin və müasir reallıqların birləşdiyi kontrastlar ölkəsidir. Burada təkcə tarixə qərq olmaq deyil, həm də təbii gözəlliklərdən zövq almaq, dadlı yeməklər dadmaq və Balkan regionunun atmosferini həqiqətən hiss etmək olar. Bu ölkə, tarix, mədəniyyət və təbiətin unikal harmoniyada birləşdiyi Avropanın kəşf edilməmiş guşələrini açmaq istəyənlər üçün əla seçim ola bilər.
MƏSLƏHƏT GÖR: