“QARA QIZIL”dan REAL QIZILA
Azərbaycan Dövlət Neft Fondu qiymətlərin artması fonunda qiymətli metallara sərmayə qoymağı davam etdirmək niyyətindədir
Müəllif: Nurlanə QULİYEVA
Qızıl investisiya dünyasında hər zaman xüsusi yer tutub. Bu qiymətli metal inflyasiya və iqtisadi sarsıntılardan müdafiəni həmişə təmin edib və təhlükəsiz sığınacaq rolunu oynayıb. Məsələn, son maliyyə böhranı zamanı qızılın qiymətləri kəskin şəkildə artıb. Son bir neçə ildə də dünyada geosiyasi vəziyyət gərginləşməyə başlayan kimi qızılın dəyəri yenidən yuxarıya istiqamətlənib. Və o, yenidən institusional investorların diqqət mərkəzinə qayıdıb.
Məlum olduğu kimi, Azərbaycanın strateji ehtiyatlarına valyuta səbətindən əlavə “qızıl” komponenti də daxildir. Üstəlik, makroiqtisadi fors-major hallarda ondan istifadə etməyin bazarda lazımi miqdarda valyuta satmaqdan daha problemli olduğuna görə ölkənin Mərkəzi Bankı bu aktivə investisiyalarda maraqlı olmasa da, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əksinə, qızıl alışını artırmaq niyyətindədir. Axı, onun üçün ən vacib məsələ öz yığımlarını qorumaq və artırmaqdır, “sarı metal” isə 2024-cü ilin təcrübəsinin göstərdiyi kimi, bu siyasətə mükəmməl şəkildə uyğun gəlir: ən azı hazırkı məqamda.
Aktual aktiv
Qızıl strateji və uzunmüddətli investisiya kimi əsas rol oynayır. Lakin investorlar onun həqiqi dəyərini yalnız iqtisadi qeyri-sabitlik dövründə ona sığındıqdan sonra qiymətləndirə biliblər.
Qeyd edilən məsələlər ARDNF-ə də aiddir - 1999-cu ildə yaradılmış Fond qızıl almağa yalnız 2012-ci ilin fevralında başlayıb. O zaman investisiya portfelinin şaxələndirilməsi və gəlirliliyin artırılması məqsədilə ilk dəfə həftəlik olaraq 25 qızıl külçəsinin (10 min troya unsiya) alınması həyata keçirilib. Daha sonra qiymət dəyişkənliyi riskini minimuma endirmək üçün 2018-2020-ci illərdə onun investisiya portfelinə 2 il müddətinə 30,18 ton (970 146 troya unsiya) qızıl daxil edilib və alışlar bərabər həcmlərlə mərhələli şəkildə (həftəlik) həyata keçirilib.
Qızıl alışları 2018-ci ilin ikinci rübündən 2020-ci ilin ikinci rübünə qədər davam edib və nəticədə, ARDNF-in investisiya portfelində qızılın həcmi 101,8 tona (3 272 975 troya unsiya) çatdı.
Sonradan alışlar dayandırılıb və yalnız 2024-cü ilin əvvəlində yenidən başlanılıb. Belə ki, həmin vaxt “qızıl aktivi” geosiyasi sarsıntılar, müharibələr, qlobal inflyasiya və s. fonunda yenidən aktuallıq qazanmağa başlayıb. Bunu onun qiymətlərinin əhəmiyyətli artımı da sübut edir: 2024-cü ildə qızılın qiyməti 27,2% artaraq 1 troya unsiya üçün 2063 dollardan 2624,5 dollara qədər yüksəlib. 2024-cü ilin əvvəlindən 2025-ci ilin martına qədər isə qızıl 40% bahalaşıb.
ARDNF-in İnvestisiya Departamentinin direktoru Fərhad Zeynalov 2024-cü ilin investisiya yekunlarına və 2025-ci il üçün perspektivlərə həsr olunmuş brifinqdə bildirib ki, Fondun aktivlərində qızılın həcminin bu ilin aprel-may aylarında 170 tona çatacağı gözlənilir: “ARDNF investisiya portfelində qızılın payını 25%-ə çatdırmağı planlaşdırır. 2024-cü ildə fond tərəfindən 44,8 ton qızıl alınıb ki, bunun da 41 tonu artıq ölkəyə gətirilib. Beləliklə, 2024-cü il dekabrın 31-nə fondun aktivlərində qızılın ümumi həcmi 146,6 ton (investisiya portfelinin 20,6%-i), dəyəri isə 12,4 milyard ABŞ dolları təşkil edib”.
Ötən ilin birinci rübünün sonuna ARDNF aktivlərində qızılın həcmini 104,6 tona, ikinci rübün sonuna isə 114,9 tona çatdırıb. Qiymətlərin pik həddə çatdığı ikinci rübdə Fond 10 tondan çox qızıl alıb. Nəticədə, birinci yarımilliyin yekunlarına görə qızıla sərmayələr onun investisiya portfelinin 8,6 milyard dollarını (14,8%) təşkil edib.
2024-cü ilin üçüncü rübünün sonuna ARDNF dünyada qızıl alışları üzrə ilk 5-liyə daxil olub və 12,1 ton həcmində “sarı metal” alıb. Ümumiyyətlə, bu dövrdə qızıla olan qlobal tələbat təxminən 5% artaraq rekord həddə çatıb və ilk dəfə istehlakı 100 milyard dollardan çox qaldırıb. Dünya Qızıl Şurasının məlumatına görə, il ərzində ən çox “sarı metal” alan ölkələr Polşa (60 tondan çox), Türkiyə (təxminən 60 ton), Hindistan (50 tondan çox), Çin (30 tondan çox) və ARDNF (təxminən 30 ton) olub.
Fond qızılı kimdən alıb?
Neft Fondu tərəfindən əvvəlki illərdə alınan qızılın kiçik bir hissəsi, sırf yerli mənşəli idi və “AzerGold” QSC-dən alınmışdı. Konkret desək, əvvəllər ARDNF-in ondan bazar qiymətləri ilə 81 milyon dollar dəyərində 1,77 ton “sarı metal” aldığı barədə məlumat verilmişdi.
Bu təcrübənin davam edib-etməməsinə gəlincə, ARDNF-nin məlumatına görə, qaydalara əsasən, qızılın alınması London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının market-meyker üzvü olan banklardan bu qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olaraq mümkündür. 1987-ci ildən fəaliyyət göstərən assosiasiya London qızıl və gümüş külçələri bazarında beynəlxalq bankları, istehsalçıları, daşıma və emal şirkətlərini əhatə edir.
“AzerGold”dan qızıl alışı sonuncu dəfə 2020-ci ildə baş tutub, sonra, məlum olduğu kimi, biz ümumiyyətlə bu aktivə investisiyaları müvəqqəti olaraq dayandırdıq. İstənilən halda biz London Assosiasiyasının standartlarına uyğun qızıl alırıq və bu mənada metalın mənşə ölkəsi bizi o qədər də maraqlandırmır. Bundan əlavə, “AzerGold” istənilən halda qızılın birbaşa satıcısı deyil, onlar da məhsulu dünya bazarına çıxırlar və əgər onların məhsulu birjada görünsə, biz onu almağa hazırıq”, - ARDNF-in məlumatında qeyd edilib.
Həmçinin vurğulanıb ki, fond qızılı sövdələşmə anında bazar qiymətləri ilə alır: “Çalışırıq ki, sövdələşmə birjanın açıq olduğu saatlarda baş tutsun ki, gün ərzində qiymət dəyişkənliyindən yan keçə bilək. Həftədə təxminən iki dəfə ticarətdə iştirak edirik”.
Gəlirliliyin artırılması üçün
Xatırladaq ki, 2025-ci ildən ARDNF-in investisiya portfelinin strukturu dəyişdirilib. Fondun Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəli̇rli̇li̇yi̇ şöbəsi̇nin müdiri Toğrul Rəhimbəyli bildirib ki, istiqrazlara investisiyaların payı 10 faiz bəndi azaldılaraq 40%-ə, səhmlərə isə 3 faiz bəndi artırılaraq 25%-ə, daşınmaz əmlaka 3 faiz bəndi artırılaraq 10%-ə, qızılın payı isə 25%-ə (+4 faiz bəndi) çatdırılıb.
O qeyd edib ki, 2025-ci ildən Fondun investisiya portfelinin valyuta strukturunda ABŞ dolları, qızıl, avro və Britaniya funtunun payı azı 85% təşkil edəcək, digər valyutaların payı isə 15% olacaq.
Beləliklə, Fond hazırda illik əsasda neft satışından əldə edilən gəlirlərə bərabər səviyyəyə çatan investisiya gəlirliliyini daha da artırmaq niyyətindədir. ARDNF-in neft satışından gəlirlərinin artması ilə portfeldə daha gəlirli və eyni zamanda daha riskli aktivlərin payını artırmaq mümkün olub.
“Bu baxımdan son illərdə bizim investisiya gəlirlərimiz həm büdcə öhdəliklərimizi yerinə yetirməyə, həm də daha yüksək gəlirə gətirib çıxaran portfelə malik olmağa imkan verib. Son 25 il ərzində fondun investisiya gəliri 14,9 milyard dollar təşkil edib”, - T.Rəhimbəyli vurğulayıb. O əlavə edib ki, son 7 il ərzində ARDNF-in investisiya portfelinin orta illik gəlirliliyi 3% təşkil edib.
Bir sözlə, Fondun məqsədi - Azərbaycan neft və qazının satışından əldə edilən yığımları qorumaq və artırmaq - bu günə qədər uğurla həyata keçirilir, çevik investisiya siyasəti isə qlobal fors-majorlara tez reaksiya verməyə imkan verir.
MƏSLƏHƏT GÖR:

148

