ƏSAS KOMPONENT
Azərbaycan ilə Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilişinə başlayıb
Müəllif: Ağasəf NƏCƏFOV
Xəzər dənizinin qərb və şərq sahillərini optik internet kabeli ilə birləşdirmək ideyası hələ 25 il əvvəl irəli sürülmüşdü və hazırda bu ideya reallığa çevrilir. Azərbaycan və Qazaxıstanın baş nazirləri Əli Əsədov və Oljas Bektenov Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin (TransCaspian Fiber Optic, TCFO) tikinti işlərinə başlanılması haqqında müqavilə imzalayıblar. Bu təşəbbüsün Avropa və Asiya arasında rəqəmsal dəhlizin yaradılması üzrə “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin əsas komponenti olacağı planlaşdırılır. Sualtı xətt ölkəmiz üçün “Azərbaycanın rəqəmsal inkişaf Konsepsiyası” çərçivəsində şəbəkə infrastrukturunun gücləndirilməsi üçün də son dərəcə vacibdir.
Tarixi 25 il uzanan ideya
Xəzər dənizinin qərb və şərq sahillərini internet kabeli ilə birləşdirmək variantı ölkəmiz tərəfindən tərəfdaşlarla birlikdə hələ keçən əsrin sonlarında nəzərdən keçirilirdi. Xüsusilə, 1999-cu ildə Avropa İttifaqının təşəbbüsü ilə başlayan “Trans-Asiya-Avropa” (TAE) layihəsində əvvəlcə bu seçim nəzərdə tutulmuşdu. Lakin subyektiv səbəblərə görə sualtı komponent olmadan həyata keçirildi - fiber-optik rabitə xətti Cənubi Qafqazı İran üzərindən quru yolu ilə Mərkəzi Asiya ilə birləşdirdi. On il sonra fiber-optik rabitə xəttinin dəniz seqmentinin çəkilişinə 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə irəli sürülən, BMT səviyyəsində və bir sıra Aİ ölkələri tərəfindən dəstəklənən Trans-Avrasiya yüksəksürətli informasiya magistralı (TASIM) layihəsi ilə əlaqədar başlamaq nəzərdə tutulurdu. Sonradan TASIM-in qismən həyata keçirilməsi Azərbaycanı Qərb ölkələri ilə birləşdirən magistral internet kabellərini (bək-bonlar) genişləndirməyə imkan verdi. Lakin Trans-Xəzər optik xətti ilə komponenti həyata keçirmək mümkün olmadı.
Daha sonra Bakı və Astana arasında dəniz optik seqmentinin çəkilişi ilə bağlı danışıqlar davam etdirilib. İki ölkənin telekommunikasiya şirkətləri – “AzerTelecom” və “Kazakhtelecom” konsorsium və birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər. İkitərəfli hökumətlərarası müqavilə ratifikasiya edilib və 2019-cu ilin noyabrında layihənin həyata keçirilməsinə başlanılması barədə elan edilən təntənəli mərasim keçirilib. Lakin pandemiya nəticəsində meydana gələn böhran, qlobal səviyyədə iqtisadi problemlər və postsovet regionunda geosiyasi dəyişikliklər TCFO üzrə təşkilati və maliyyə işlərini ləngidib. Doğrudur, həmin çətin dövrdə gələcək tərəfdaşların sayını artırmaq mümkün olub. 2021-ci ildə Qırğızıstanı və Özbəkistanı təmsil edən müvafiq olaraq “ElKat” MMC və “Telegraph 42 Management Gmbh” MMC telekommunikasiya operatorları ilə əməkdaşlıq haqqında müvafiq memorandumlar imzalanıb. Həmin ilin dekabrında layihəyə daha bir tərəfdaş qoşulub. Belə ki, “Türk Telekom International” şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Son iki ildə layihəyə yeni impuls verilib: “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri TCFO üzrə əməkdaşlıq şərtləri haqqında saziş imzalayıblar. İki ölkənin rabitə operatorları paritet əsasında 50 milyon dollardan çox investisiya qoymaq barədə razılığa gəliblər. Bu vaxta qədər layihənin yüksək səviyyəli dizaynı - HLD (high-level design) qəbul edilmiş, qarşıdakı işlərin son tədqiqatları tamamlanmış, “yol xəritəsi” təsdiqlənmişdi. Həmçinin iştirakçıların bərabər paylara sahib olduğu “Caspinet B.V.” birgə müəssisəsi qeydiyyata alınıb.
Yekun sənəd
Martın 3-də Qazaxıstanın Baş naziri Oljas Bektenovun Bakıya rəsmi səfəri zamanı əldə edilmiş razılaşmalar bu layihə ilə bağlı addımların məntiqi davamı olub. Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilişinə başlanması haqqında müqaviləni təsdiqləyən yekun sənəd imzalanıb.
Bütün Xəzər regionu üçün strateji əhəmiyyət daşıyan TCFO layihəsi ilə Azərbaycanın Sumqayıt və Qazaxıstanın Aktau şəhərlərini birləşdirən 380 kilometr uzunluğunda sualtı optik xəttinin çəkilməsi nəzərdə tutulur. Bu xətt təxminən 400 terabit/s səviyyəsində yüksək sürətli internet bağlantısı təmin edəcək. İşlər bir neçə mərhələdə həyata keçiriləcək və sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, layihələndirmə, yüksək keyfiyyətli və xarici təsirlərə davamlı kabelin tədarükü, həmçinin onun daşınması və çəkilişini əhatə edəcək. “AzerTelecom” və “Kazakhtelecom” bu istiqamətdə işləri 2026-cı ilin sonuna qədər tamamlamağı planlaşdırır.
Beləliklə, Azərbaycan, Gürcüstan, Türkiyə, həmçinin Qazaxıstan və Türkmənistan ərazilərindən keçən optik xətt, bütün regionun rəqəmsal şəbəkə infrastrukturunu birləşdirərək, yüksək sürətli məlumat ötürülməsi və minimal gecikmə ilə ən səmərəli və qısa marşrutu təmin edəcək, regional əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək. Bundan başqa, fiber-optik rabitə xətti Çin və digər Asiya ölkələrindən Avropa İttifaqı dövlətlərindəki internet habları istiqamətində rəqəmsal trafikin dayanıqlı tranzitini təmin edəcək.
Bu layihənin aşkar benefisiarları Azərbaycan və Qazaxıstandır. Şəbəkə potensialının artırılması və transsərhəd məlumat axınlarının genişləndirilməsi bu ölkələrə IP dəhlizi boyunca məlumatların saxlanması və emalı üçün rəqəmsal infrastrukturun inkişafı prosesini sürətləndirməyə imkan verəcək. Üstəlik, ölkə daxilində yeni telekommunikasiya şəbəkələrinin çəkilməsi prosesi sürətləndiriləcək, beynəlxalq sifarişlərə xidmət göstərmək üçün yeni güclü DATA mərkəzlərinin tikintisi planlaşdırılır, kibertəhlükəsizliyin dünya standartları tətbiq ediləcək. Nəhayət, layihə genişlənmiş rəqəmsal məkanın xidmət proseslərinə cəlb olunan yerli IT mütəxəssislərinin səriştələrinin artırılmasına səbəb olacaq.
Azərbaycan böyük Avrasiya regionunun qonşu dövlətlərinə - Mərkəzi Asiya, Gürcüstan, İran, İraq, Əfqanıstan və gələcəkdə Yaxın Şərqə məzmunun saxlanması və çatdırılması üçün ölkəmizin DATA mərkəzlərində tutumlu keş serverləri yerləşdirmək daxil olmaqla, region üçün rəqəmsal mərkəz olmaq niyyətini gizlətmir.
Bu baxımdan son dərəcə vacibdir ki, təxminən dörd il əvvəl “Digital Silk Way” optik magistralının qərb vektorunun inkişafı üzrə işlərlə başlanılıb. Təşəbbüskar - beynəlxalq “NEQSOL Holding” şirkətlər qrupu Gürcüstanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan “Caucasus Online”ı alıb. Bu şirkətə Qara dənizin dibi ilə çəkilmiş və Avropadan Cənubi Qafqaza internet trafikinin tranzitini təmin edən fiber-optik kabel xətti məxsusdur. Gözlənilir ki, 2026-cı ildə Trans-Xəzər fiber-optik rabitə xətti istifadəyə verildikdən sonra onun Qara dəniz optik xəttinin kabel infrastrukturu ilə birləşdirilməsi baş tutacaq.
Şübhəsiz ki, tranzit IP trafikinin xidmətində iştirak və beynəlxalq səviyyədə məlumat bazasının saxlanılması sahəsində xidmətlərin göstərilməsi aşkar texnoloji üstünlüklərdən əlavə, yaxşı maliyyə gəlirləri vəd edir. Bu mənada, bu miqyasda hər hansı regional layihələr uzunmüddətliliyi və sabitliyi ilə dəyərlidir.
“Digital Silk Way”in bütün sadalanan komponentlərinin həyata keçirilməsi, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin yanvarında təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda nəzərdə tutulmuş təşəbbüslər üçün də vacibdir. Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması prosesini sürətləndirmək və rəqəmsal cəmiyyətə keçidi stimullaşdırmaq məqsədi daşıyan sənəddə “Smart City”, əşyaların interneti (IoT), süni intellekt (Sİ) kimi texnologiyaların ölkədə tətbiqinin genişləndirilməsi üçün addımlar nəzərdə tutulub. Konsepsiyada, həmçinin IV sənaye inqilabı elementlərinin mənimsənilməsinin nəzərdə tutulduğu iqtisadiyyatın rəqəmsal transformasiyası proseslərinin sürətləndirilməsi nəzərə alınır.
Ümumiyyətlə, müasir IT texnologiyalarının tətbiqi müvafiq rabitə vasitələrinin və kommunikasiya xətlərinin hazır və əlçatan olmasını tələb edir. İstifadə olunan xidmətlərdən asılı olaraq, müxtəlif proqram paketləri təyinatlarına uyğun olaraq çoxməqsədli rabitə və kommunikasiya növləri (5G, LoRa, yüksək sürətli fiber-optik xətlər və s.) tələb edə bilər. Buna görə də ölkənin rəqəmsal inkişaf konsepsiyasında ən vacib istiqaməti kimi internet infrastrukturunun genişləndirilməsi və Azərbaycanda sürət xüsusiyyətlərinin və şəbəkə dayanıqlığının artırılması müəyyən edilib. Bu, Bakı, Gəncə, Sumqayıt, həmçinin “ağıllı şəhər və kəndlər” üçün rəqəmsal idarəetmə sistemlərinin tətbiq olunduğu, istehsal və kommunal sektorların rəqəmsallaşdırılmasına başlanılan dirçələn Qarabağ regionunda “Smart City” proqramı çərçivəsində layihələrin həyata keçirilməsi üçün zəruridir. Beləliklə, fiber-optik rabitə xəttinin dəniz seqmentinin çəkilişindən və “Digital Silk Way” ilə bağlı işlərin həyata keçirilməsindən sonra Azərbaycanın şəbəkə imkanları ölkənin rəqəmsal təməlinin möhkəmləndirilməsinə kömək edəcək.
MƏSLƏHƏT GÖR:



115

