TƏRƏFDAŞLIQDA YENİ DÖVR
İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi muxtar respublikanın “mavi yanacağa” olan tələbatını tam ödəməyə imkan verəcək
Müəllif: Nigar ABBASOVA
Türkiyənin şərqində yerləşən İğdır şəhəri və eyniadlı əyalət qədim tarixin, strateji mövqenin və kənd təsərrüfatı potensialının unikal birləşməsini təqdim edir. Region üç ölkə - Ermənistan, Azərbaycan (Naxçıvanla) və İranla həmsərhəddir və bu da onun əhəmiyyətini artırır. Üstəlik, İğdır qədim zamanlardan Böyük İpək Yolunda əsas rol oynayıb və bunu çoxsaylı tarixi abidələr xatırladır.
Hazırda İğdır Türkiyəni Qafqaz və İranla birləşdirən nəqliyyat qovşağı olaraq mühüm strateji mövqeyini özündə saxlayır. İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi isə regionun iqtisadi və enerji əhəmiyyətinin gücləndirilməsində daha bir addım olub, onu təbii resursların nəqlinin əsas elementinə çevirib. Naxçıvan Muxtar Respublikasına (NMR) Türkiyə vasitəsilə sabit qaz təchizatını təmin edən bu boru kəməri regionun enerji təhlükəsizliyinin təminatında mühüm amil olub və bununla Bakı ilə Ankara arasındakı əməkdaşlıqda yeni səhifə açılıb.
Boru kəməri və ya qardaşlıq rəmzi
Martın 5-də Azərbaycan və Türkiyə prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əsas məqsədi NMR-ə qaz təchizatının şaxələndirilməsi olan İğdır-Naxçıvan boru kəmərinin istifadəyə verilməsi mərasimində videobağlantı formatında iştirak ediblər.
Son dövrlərə qədər Naxçıvan üçün yeganə qaz mənbəyi İran idi. Bu ölkə muxtar respublikaya “mavi yanacaq” tədarükünü müqavilə (2004) əsasında svop əməliyyatları şərtləri ilə təchiz edirdi. Bu, illik 300-400 milyon kubmetr qaz demək idi: İran NMR-ə gündəlik 1,2-1,3 milyon kubmetr qaz ötürür, sonra isə Azərbaycana 1 milyon kubmetr “mavi yanacaq” qaytarırdı.
Bu prosesin sabit olmasına baxmayaraq, NMR-in qaz təchizatının şaxələndirilməsi məsələsi öz aktuallığını saxlayırdı. Hər halda iki təchizatçı hər zaman bir təchizatçıdan yaxşıdır. Xüsusilə fors-major halları da nəzərə almaq lazımdır. İğdır-Naxçıvan boru kəmərinin istifadəyə verilməsi ilə bu məsələni bağlanmış hesab etmək olar.
İğdırda başlayan və Azərbaycanın Sədərək rayonunda bitən marşrut 500 min əhalisi və ildə 500 milyon kubmetr qaz tələbatı olan Naxçıvan MR-in ehtiyaclarını təmin edəcək və bununla da İrandan olan idxaldan asılılığı azaldacaq.
Qeyd etmək lazımdır ki, bu, Azərbaycan və Türkiyənin birgə səyləri ilə həyata keçirilən dördüncü boru kəməri layihəsidir və NMR vasitəsilə iki ölkəni birləşdirən ilk layihədir.
“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir”, - Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirib.
O, həmçinin bir ildən bir qədər çox çəkən tikinti işlərinin operativ yerinə yetirilməsini də qeyd edib. Yeni boru kəməri Naxçıvanı qazla təmin edəcək, onu Azərbaycandan Türkiyə vasitəsilə svop tədarükü formasında (yəni İrandan NMR-ə nəqletmə analoqu üzrə) çatdıracaq.
“Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək”, - Azərbaycan dövlət başçısı vurğulayıb.
Azərbaycan lideri həmçinin R.T.Ərdoğanın türk dünyasının birləşməsində mühüm rolunu qeyd edib: “Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi”.
Qardaşlığın daha bir rəmzi
16 düymlük boru kəmərinin Türkiyənin İğdır şəhərindən Naxçıvan MR-in Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir: Azərbaycan hissəsi - 17,5 kilometr, Türkiyə hissəsi - 80 kilometr. Layihəni “SOCAR Midstream Operations” (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkəti) və Türkiyənin BOTAŞ şirkəti həyata keçirib.
“İnanıram ki, bugünkü mərasim Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirəcək... Bu layihənin bütün regiona fayda gətirməsini arzulayıram”, - Rəcəb Tayyib Ərdoğan bildirib və əlavə edib ki, qaz kəməri iki ölkənin enerji sahəsində əvvəlki strateji təşəbbüslərini tamamlayacaq və Türkiyə ilə Naxçıvanın ortaq taleyinin rəmzinə çevriləcək.
“BOTAŞ şirkəti tərəfindən inşa edilmiş 80 kilometrlik qaz kəməri gündəlik 2 milyon kubmetrə qədər qaz tədarükü üçün nəzərdə tutulub. Beləliklə, uzun illər ərzində Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək layihə ölkələrimizə fayda gətirəcək”, - Türkiyə Prezidenti vurğulayıb.
O, həmçinin qeyd edib ki, Türkiyə və Azərbaycan regionda sabitlik, əməkdaşlıq və rifah tərəfdarıdır: “Ölkələrimiz yalnız sülh, əməkdaşlıq və birlikdə inkişaf istəyir. Bunun üçün bu günə qədər sülh və regional inkişaf istiqamətində çoxsaylı addımlar atılıb. Biz səmimiliyimizi əməldə nümayiş etdirdik və sülh və rifaha yönəlmiş birgə layihələri davam etdirməkdə qətiyyətliyik... Biz bu prosesi Naxçıvanla elektrik enerjisi sahəsində əlaqələri gücləndirərək davam etdirəcəyik”.
Gələcək birgə planların elan edilməsi estafetini Azərbaycan və Türkiyənin energetika nazirləri Pərviz Şahbazov və Alparslan Bayraktar davam etdiriblər.
Azərbaycan naziri maksimum ötürmə qabiliyyəti ildə 730 milyon kubmetr olan yeni boru kəməri haqqında danışarkən, gələcəkdə onun genişləndirilməsi imkanını qeyd edib (güman ki, muxtar respublikanın sənayesinin və əhalisinin artımını nəzərə alaraq). Əslində, qaz kəmərinin istifadəyə verilməsindən əvvəl “SOCAR Midstream Operations” nümayəndələri bildirmişdilər ki, kiçik modernizasiya hesabına onun gücünü gündəlik 5 milyon kubmetrə (ildə 1,8 milyard kubmetr) qədər artırmaq mümkündür.
Lakin P.Şahbazovun qaz kəmərinin əks istiqamətdə də işləyə biləcəyi barədə məlumatı ən əhəmiyyətli xəbər olub. Bu, perspektivdə onun statusunun ixrac kəmərinə qədər yüksələ biləcəyini, Azərbaycan və ya Xəzər regionundan digər qaz resurslarının Türkiyəyə və daha sonra Avropaya nəql edilməsinə imkan verəcəyini düşünməyə əsas verir. Əks istiqamətdə tədarük imkanı layihəni təkcə Naxçıvanın enerji təhlükəsizliyinin vacib elementi deyil, həm də regionda qaz tranzitinin potensial əsas marşrutuna çevirir.
Hətta əks istiqamət imkanları nəzərə alınmasa belə, layihə regionun enerji infrastrukturunun şaxələndirilməsində, sabitliyin və qonşu ölkələr arasında əlaqənin gücləndirilməsində böyük rol oynaya bilər. Bu, həm Naxçıvan, həm də bütün Cənubi Qafqaz üçün faydalı olan daha inteqrasiya olunmuş enerji bazarının formalaşmasına gətirib çıxara bilər.
Naxçıvan-Türkiyə enerji körpüsü
Enerji və təbii sərvətlər naziri A.Bayraktar “İğdır-Naxçıvan” layihəsini Türkiyə və Azərbaycan qardaşlığının daha bir simvolu adlandıraraq, iki ölkənin enerji sahəsində növbəti birgə layihəsinin Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında elektrik ötürücü xəttinin yaradılması olacağını bildirdi.
O, təfərrüatlara toxunmasa da, söhbətin Naxçıvan Muxtar Respublikası (Azərbaycan)-Türkiyə-Avropa enerji dəhlizindən getdiyi aydın idi. Naxçıvandan Türkiyəyə və daha sonra Avropaya 1000 MVt-dan çox enerjinin ixracına yönəlmiş bu layihə artıq Azərbaycan hökumətinin əsas prioritetlərindən biri kimi elan edilib. Hazırda texniki-iqtisadi əsaslandırma aparılır, bundan sonra gələcək işlərin miqyasını və tələb olunan maliyyələşdirmə həcmini qiymətləndirmək mümkün olacaq.
Məlumdur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanda “yaşıl enerji” zonası elan edilib. Muxtar respublikada “təmiz enerji” istehsalı obyektlərinin yaradılması üçün Azərbaycan Energetika Nazirliyi xarici şirkətləri cəlb edir: Naxçıvanda günəş elektrik stansiyaları layihələrini Fransanın “TotalEnergies” və ABŞ-nin “Nobel Energy” (650 MVt), “Masdar” (BƏƏ, 150 MVt) və Almaniyanın “Notus” (70 MVt) şirkətləri elan ediblər. Bununla yanaşı, digər təşəbbüslər də araşdırılır.
Hökumətin planlarına əsasən, Naxçıvandan Türkiyəyə, daha sonra isə Avropaya - əsasən yeni günəş stansiyalarından elektrik enerjisinin ixracının təşkil edilməsi nəzərdə tutulur.
Bundan əlavə, bu dəhliz Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə “təmiz elektrik enerjisi”nin tranziti üçün daha bir istiqamət ola bilər. Hazırda Qazaxıstan və Özbəkistandan Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizi vasitəsilə sualtı güc kabeli ilə Avropa bazarına tədarükün təşkili üzərində işlər aparılır.
Bu enerjinin son nəticədə Avropaya çata biləcəyini nəzərə alan, öz enerji təchizatını şaxələndirməyə çalışan Türkmənistan da layihəyə maraq göstərməyə başlayıb.
“Türkmənistan elektrik enerjisinin ixracına hazırdır. Hazırda ölkəmizə məxsus Xəzər dənizi sahilində 1574 MVt gücündə elektrik stansiyasının inşası aparılır. Əminəm ki, elektrik ötürücü xətlərinin keçəcəyi dövlətlərin birgə səyi ilə bu layihə yaxın zamanda və qarşılıqlı fayda əsasında həyata keçiriləcək”, - Türkmənistanın Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov hesab edir.
Beləliklə, Azərbaycan-Türkiyə-Avropa “Yaşıl dəhlizi”nin işə salınması təkcə Mərkəzi Asiya ölkələrinin ixrac imkanlarını şaxləndirməyə imkan verməyəcək, həm də türk dövlətləri arasında enerji tərəfdaşlığının dərinləşməsinə töhfə verəcək.
Azərbaycan və Türkiyənin, xüsusilə enerji və nəqliyyat sahələrində həyata keçirdiyi layihələr, ümumi qonşuları olan Ermənistana aydın siqnallar göndərir: əməkdaşlıq etmək və qarşılıqlı faydalı münasibətlər qurmaq, sülhü ləngitməkdən, inkişaf imkanlarını əldən verməkdən və təcrid olunmuş vəziyyətdə qalmaqdan daha sərfəlidir.
MƏSLƏHƏT GÖR:



111

