NƏTİCƏ NƏ OLACAQ?
ABŞ-nin Tehrana təzyiqləri artırması fonunda İranda daxili siyasi mübarizə kəskinləşir
Müəllif: Natiq NAZİMOĞLU
İranda son həftələrdə yaşananlar bu ölkənin siyasi elitasının şərti olaraq «mühafizəkarlar» və «islahatçılar» adlandırılan iki qanadı arasında mübarizənin kəskinləşdiyini göstərir. Üstəlik, bu proses İran ətrafında xarici siyasi konyunkturun getdikcə daha da pisləşməsi fonunda baş verir. İndi Tehran əbədi düşməni olan ABŞ-nin yeni administrasiyası tərəfindən daha sərt təzyiqlərə məruz qalmaqdadır.
İstefalar, qətllər, etirazlar
İranın islahatçı əhvallı prezidenti Məsud Pezeşkianın ətrafındakı önəmli fiqurların istefaya getmələri hakimiyyət daxilindəki qeyri-sabitliyin aşkar göstəricisi sayıla bilər. Söhbət vitse-prezident Məhəmməd Cavad Zərif və iqtisadiyyat naziri Abdolnaser Hemmatidən gedir.
Zərif istefa qərarını İranın məhkəmə hakimiyyətinin başçısı Qolam-Hüseyn Mohseni Eceyi ilə görüşdən sonra açıqlayıb. Artıq keçmiş vitse-prezident deyir ki, Eceyi ona «ölkənin vəziyyətini nəzərə almasını, administrasiyanın əlavə təzyiqlərlə üzləşməməsi üçün yenidən universitetdə müəllimliklə məşğul olmasını» «məsləhət görüb». Zərifin sonrakı fikirləri də maraqlıdır. O, ümid edir ki, vəzifəsini tərk etməsindən sonra «xalqın iradəsinin və administrasiyanın uğurlarının reallaşdırılmasına» mane olanların bəhanəsi qalmayacaq.
Bu, ənənəvi olaraq İranın dini lideri ətrafında birləşən klerikal və hərbi elitadan (İslam İnqilabı Keşikçiləri Korpusu da daxil olmaqla) ibarət mühafizəkar dairələrin «mühafizəkar» İbrahim Rəisinin ölümündən sonra prezident seçilmiş Pezeşkianın ölkədəki siyasi diktatı yumşaltmaq, Qərb, ilk növbədə isə ABŞ ilə dialoq qourmaq cəhdlərindən narazılığına açıq eyhamdır. Bu dialoqun qurulması işində İranın ən məşhur diplomatlarından olan Zərif bilavasitə iştirak edirdi.
Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri olub. 2015-ci ildə İranla «beynəlxalq altılıq» (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında Tehranın nüvə proqramına dair əldə olunmuş Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) razılaşması məhz onun xidmətlərindəndir. Söhbət Tehranın nüvə proqramı ilə bağlı problemin həllini, İrana qarşı tətbiq olunmuş sanksiyaların ləğvi qarşılığında bu proqramın şəffaflığının təminini nəzərdə tutan sənəddən gedir.
Pezeşkianın 2024-cü ildə prezidentliyə başlaması ilə Zərif ölkənin ali rəhbərliyinə qayıtmışdı. O, strateji məsələlər üzrə vitse-prezident kürsüsünü tuturdu ki, bu da xarici siyasətdə məhz Zərifin hansı rolu oynadığından xəbər verirdi. Lakin sabiq nazir yeni vəzifəsində dərhal «mühafizəkarlar»ın hədəfinə çevrilmişdi. Həmin qüvvələr Zərifin nəinki Qərblə keçmiş əməkdaşlığını, vitse-prezident kimi ABŞ ilə yenidən razılığa gəlmək niyyətini də qəbul etmirdi. Ona ünvanlanmış sərt tənqidin formal səbəbi övladlarının birinin ABŞ vətəndaşı olması idi. İran qanunvericiliyinə əsasən, ailə üzvləri xarici ölkə vətəndaşı olan şəxslər hökumətdə təmsil oluna bilməzlər. Pezeşkian administrasiyası bu hüquqi maneəni aşmaq üçün bu qaydanın övladları hər hansı ölkənin vətəndaşlığını öz istəklərinə əsasən qəbul etməmiş şəxslərə şamil edilməməsi ilə bağlı qanun layihəsi ilə çıxış etmişdi. Burada o nəzərdə tutulurdu ki, Zərifin övladları onun ABŞ-də tələbə olduğu, daha sonra isə İranın BMT yanındakı nümayəndəliyində (Nyu-York) çalışdığı illərində orada doğulublar.
Lakin Pezeşkianın Zərifə dəstək cəhdləri nəticə verməyib. Eyni sözləri onun iqtisadiyyat naziri Hemmatiyə dəstəyi haqda da demək olar. «İslahatçılar»ın nümayəndəsi sayılan Hemmati 2018-2021-ci illərdə İran Mərkəzi Bankının sədri, daha sonra 2021-ci ildə Rəisinin qələbəsilə bitmiş prezident seçkisində dövlət başçısı postuna namizəd olub. Qarşı tərəf onu ölkənin iqtisadi problemlərini həll edə bilməməkdə günahlandırırdı. Nəticədə, 2025-ci il martın 2-də İran parlamenti Hemmatiyə impiçment elan edib.
Nəhayət, İrandakı daxili çəkişmələrin qızışdığını göstərən daha bir hadisə Tehran Ali Məhkəməsinin iki yüksək rütbəli hakiminin qətlə yetirilməsidir. Siyasi məhbuslarla bağlı sərt qərarları ilə tanınan Əli Razi və Məhəmməd Mogiseh məhkəmənin əməkdaşı tərəfindən güllələniblər.
Beləliklə, hər şey İranda daxili böhranın dərinləşdiyini, bunun isə artıq siyasi ziddiyyətlərə, sosial-iqtisadi problemlərə yol açdığını göstərir. Belə bir vəziyyətdə qadınların hicab məcburiyyəti və müxtəlif milli qrupların hüquqları məsələsi də ciddi qıcıqlandırıcı amilə çevrilib. Prezident Pezeşkian özü etnik azərbaycanlıdır və hakimiyyətə onların hüquqlarının müdafiəsi şüarları ilə gəlib. Lakin onun bu istiqamətdə atmaq istədiyi addımlar ən azı hələlik nəticəsiz qalır. Məsələn, «mühafizəkarlar»ın nəzarətində olan parlament hökumətin məktəblərdə qeyri-fars ədəbiyyatının tədris olunmasına dair layihəsini rədd edib. Pezeşkianın mütəmadi olaraq Azərbaycan dilində çıxışlar etməsi, həmçinin klerikal rəhbərliyin sərt nəzarətinin qismən də olsa yumşaldılması cəhdləri də ölkədə belə dəyişikliyi arzulamayan qüvvələr tərəfindən narazılıqla qarşılanır. Bütün bunlar isə böyük bir hissəsi sosial sahədə, iqtisadiyyatda və ölkənin siyasi həyatında islahatlar istəyən İran ictimaiyyəti arasında gərginliyi azaldır. Bunu fevralda islam inqilabının 46-cı ildönümünün qeyd edildiyi günlərdə Tehranda və ölkənin digər şəhərlərində keçirilmiş etiraz aksiyaları da təsdiqləyib. Hakimiyyət son illərdə hər zaman olduğu kimi, bu dəfə də aksiya iştirakçılarına güc tətbiq edib.
Bununla yanaşı, İranda daxili siyasi mübarizə Qərb, ilk növbədə isə ABŞ-nin Tehrana təzyiqləri artırması fonunda qızışır.
Hədələyən Tramp, rədd edən Xamenei
Ağ Ev rəhbəri Donald Tramp 2016-2020-ci illərdəki prezidentliyi dönəmində İranın nüvə proqramı mövzusunda kəskin mövqeyi ilə yadda qalıb. 2018-ci ildə o, ölkəsinin Tehranla əldə olunmuş BHFP-ni tərk etdiyini açıqlamış, bu sənədin İranın nüvə silahı əldə etmək imkanını tam məhdudlaşdırmadığını bildirmişdi. İndi isə Tramp Tehranla yeni nüvə razılaşması bağlamaq istəyir. Prezident «Fox Business» telekanalına müsahibəsində İranın ali dini lideri Əli Xameneiyə məktub yazdığını, onu bu mövzuda yeni danışıqlara çağırdığını bildirib. Ağ Ev sahibi təklifini belə izah edib ki, «İranla iki yolla danışmaq olar: ya hərbi yol, ya da razılaşma. Mən razılaşmaya üstünlük verərdim. Mənimlə hər kəsin razı olduğunu düşünmürəm, amma biz elə razılaşma əldə edə bilərik ki, hərbi qələbə qədər effektiv olar. Amma vaxt azalır. Hər hansı şəkildə, tezliklə nəsə baş verəcək». Tramp fikrini belə davam etdirib: «Biz hərbi yola əl atmaq məcburiyyətində qalacağıqsa, bu, onlar üçün dəhşət olacaq. Nəsə etməliyik. Çünki onların nüvə silahına yiyələnməsinə imkan vermək olmaz».
Tehranın cavabı özünü çox gözlətməyib. Bu cavab isə İranın BMT yanındakı nümayəndəliyinin Xameneinin Trampdan məktub almasını inkar etməsilə bitmir. Məlum olub ki, İran lideri Tehranın güzəşt təəssüratını yaradacaq heç bir danışıqlara getməyəcək. Hər halda, artıq buna İranı təcrid vəziyyətdən çıxarmaq, ABŞ və Qərblə münasibətlər qurmaq niyyətini dəfələrlə dilə gətirmiş Prezident Pezeşkian da əmin olub. Yeri gəlmişkən, o, hətta Trampın «göndərdiyi», amma İran tərəfinin «almadığı» məktub söhbətindən əvvəl belə, islahatçı imicinə rəğmən, ayətulla Xameneiyə tam loyal münasibətdə olduğunu demiş, ali liderin ABŞ ilə danışıqlara qarşı olduğunu söyləmişdi. Halbuki dövlət başçısının özü bu danışıqlara tərəfdar idi. «Biz Amerika ilə danışıqlar, müzakirələr aparmaq istəyirdik. Amma lider bunu lazım bilmədi və biz danışıqlara getmədik», - deyə İran Prezidenti açıq şəkildə etiraf edib.
Xameneinin Trampın İranla bağlı son bəyanatına cavabı belə olub ki, İslam Resublikası öz maraqları üçün ona nələrisə qəbul etdirməyə çalışanlarla danışmaq niyyətində deyil. «Bəzi güclü dövlətlərin danışıqlar israrı problemlərin həllinə deyil, hökmranlıq etməyə, öz gözləntilərini qəbul etdirmək istəyinə hesablanıb. İran İslam Respublikası onların gözləntilərini doğrultmayacaq», - deyə Xamenei qeyd edib.
Beləliklə, İranın ali rəhbərliyi ABŞ ilə Trampın irəli sürdüyü şərtlərlə danışıqlardan imtina edib. Onlar hesab edirlər ki, Amerika lideri Tehranı nəinki istənilən formalı nüvə potensialından, həm də raket proqramının inkişafı da daxil olmaqla, ümumiyyətlə hərbi gücdən məhrum etmək istəyir ki, bu da nəinki Birləşmiş Ştatların, həm də İranın daha bir qatı düşməni olan İsrailin maraqlarına uyğundur.
Tramp isə baş verənlər fonunda açıq dənizlərdəki əsas marşrutlar üzərində İrana məxsus neft tankerlərinin saxlanılması və yoxlanılmasının vacibliyini bildirib. Bu, əlbəttə ki, Tehrana təzyiqlərin artırılması, onun neft ixracını da minimuma endirməklə, İranın iqtisadi təcridinin gücləndirilməsi cəhdidir.
Ağ Ev Tehranın danışıqlardan imtina etməsinə də münasibət bildirib. Milli Təhlükəsizlik Şurasının rəsmisi Brayan Hyuz Trampın İranla iki yolla danışmağın mümkünlüyünə dair fikrini təkrarlayıb. O, «İran rejiminin öz insanlarını və maraqlarını terrordan üstün tutacağına» ümidini ifadə edib.
Yeri gəlmişkən, ABŞ tərəfinin İranın regional və qlobal rolundan danışarkən «terror» ifadəsini işlətməsi Tramp administrasiyasının Tehrana münasibətdə nə qədər sərt mövqe tutduğunun daha bir təsdiqidir. Xatırladaq ki, ABŞ və İsrail «Hizbullah» da daxil, iranpərəst qrupların əhəmiyyətli dərəcədə zəiflədilməsinə artıq nail olublar. İranın Yaxın Şərqdə, həmçinin Livanda və əlbəttə ki, Suriyada mövqelərinin zəifləməsi, münaqişələrdən çəkilməsi Tehran üçün ciddi geosiyasi məğlubiyyətdir.
Ümumilikdə İranda və onun ətrafında baş verənlər sürətlə məntiqi nəticəyə doğru gedir. Sual yalnız bunun konkret nə vaxt baş verəcəyindədir. Bu sualın cavabından nəinki İranın, bütünlükdə Yaxın Şərqin taleyi asılıdır. «İran məsələsi»nin yalnız ona təzyiq göstərən ABŞ-nin deyil, Tehranın Rusiya və Çin kimi yaxın tərəfdaşlarının da maraqlarına toxunduğunu nəzərə alsaq, söhbət ümumiyyətlə, qlobal təhlükəsizlik məsələsindən gedir.
MƏSLƏHƏT GÖR:




150

