22 Aprel 2025

Çərşənbə axşamı, 14:33

PAŞİNYANIN «MƏHKƏMƏ QORXUSU»

Bakıda davam edən «Azərbaycan Nürnberqi»nin sensasiyaları

Müəllif:

15.03.2025

Məhkəmə prosesi o qədər də əyləncəli tədbir deyil. Orada prosedurdan irəli gələn incəliklər, hətta demək olar bürokratiya çoxdur. Amma məhkəmədə sensasiya baş verirsə, onun ətrafında ciddi siyasi sunami yaranır. Bu fikri Bakıda davam edən «Azərbaycan Nürnberqi»nə də aid etmək olar. Söhbət devrilmiş xunta rəhbərliyi üzərində davam edən məhkəmə prosesindən gedir. Bu proses İrəvanda kifayət qədər güclü «siyasi zəlzələ»yə səbəb ola bilər. Bu mənada, Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda səsləndirdiyi bəyanatlar da düşünmək üçün əsasdır.

 

«Psixotrop qarabasmalar»

Hələ yanvarın sonlarında, məhkəmə prosesi yeni start götürən zaman Ermənistan hökumətinin başçısı yerli İctimai Televiziyaya müsahibəsində demişdir ki, «baş verənlər (Bakıda – red.) nəinki ciddi narahatlıq yaradır, həm də onlardan regionda yeni eskalasiyaya başlanılması üçün istifadə olunur. Bundan başqa, bizdə olan kəşfiyyat məlumatlarına görə, bu insanlara qarşı qadağan olunmuş psixotrop maddələrdən istifadə edilir və burada məqsəd onlardan bu eskalasiyaya yol açacaq ifadələrin alınmasıdır». Paşinyan daha sonra bildirib ki, onun fikrincə, «bu məhkəmədən Ermənistana qarşı istifadə olunacaq. Onlardan elə ifadələr alına bilər ki, həmin fikirlər əsasında Ermənistana hədələr ünvanlanması mümkün olsun. Biz bütün vasitələrlə bu məsələnin həllinə çalışırıq».

Əlbəttə ki, reallıqda heç bir «qadağan olunmuş psixotrop maddə»dən söhbət getmir. Müttəhimlər vəkillərlə təmin ediliblər, Ruben Vardanyanın isə hətta beynəlxalq vəkilləri belə var. Onlara tez-tez Qırmızı Xaç əməkdaşları da baş çəkir. İnsan psixotrop maddənin təsiri altındadırsa, bunu ekspertizasız – onun mimikasından, danışığından və s. hiss etmək mümkündür. Lakin məhkəmələrdə buna bənzər hər hansı əlamət müşahidə olunmur. Üstəlik, Azərbaycanın bu oyunlara getməsinə ehtiyac da yoxdur. İttiham kifayət qədər ciddi, sübutlar isə bir o qədər çoxdur.

Paşinyanın bu «səs-küylü bəyanat»ının heç bir rezonans yaratmaması təəccüblü deyil. Onun qaldırmaq istədiyi səs-küy qalxmadan da yatıb. Bunun ardından Paşinyan qəflətən Bakını dəhşətli günahlarda ittiham etmək qərarına gəlib. Guya Azərbaycan «onlarla erməni hərbi girovu» azad etmir. O, daha sonra deyib: «Azərbaycan girov ermənilərə qarşı qadağan olunmuş vasitələrdən istifadə edir, onlara işgəncələr verir». Amma baş nazir ortaya bu iddialarını sübut edəcək bir dəlil belə qoymayıb. Maraqlısı isə odur ki, müttəhimlərin özləri Paşinyanın bu bəyanatlarından əvvəl də, sonra da bildiriblər ki, Bakıda saxlanma şəraitlərindən razıdırlar və bu müddətdə hər hansı təzyiqlə qarşılaşmayıblar.

Bakı lap əvvəldən bəyan edib ki, məhkəmə prosesinin gedişində Ermənistanın dövlət olaraq təcavüzkar müharibəyə, işğala və hərbi cinayətlərə görə məsuliyyət məsələsi qoyulacaq. İrəvan əvvəlcə buna reaksiya verməməyə çalışsa da, prosesin sürətlənməsi, müttəhimlərin «sərbəst ifadə»lərinin alınması ilə marşal Baqramyan 26 ünvanında əyləşənlər gərginlik keçirməyə başlayıblar. Müttəhimlərin ifadələrinin Paşinyanı əsəbləşdirməsi isə qətiyyən təəccüblü deyil. Onlar özlərini «məhkəmə stereotipləri»nə tam uyğun aparırlar – istintaqla əməkdaşlıq edir, məsələləri detallarınadək açıqlayır, bir-birini «məmnuniyyətlə» batırırlar… əlbəttə ki, onlar Ermənistanın baş naziri Nikol Paşinyanı da satırlar.

 

Araik Arutunyanın etirafları

44 günlük müharibə dövründə «Dağlıq Qarabağ prezidenti» olmuş Araik Arutunyanın ifadələri xüsusilə diqqət çəkir. Onun vaxtilə sosial şəbəkələrdə Gəncəyə raket zərbələrinin endirilməsinin məsuliyyətini üzərinə götürməsi, özünü Qarabağın «əsas hərbi rəhbəri» kimi təqdim etməsi kimi ifadələrindən boyun qaçıracağını gözlənilən idi. Müharibə uduzulub, xunta özünü buraxıb və indi Azərbaycan məhkəməsinin mərhəmətinə ümid etmək, günahları boynundan atmaq, yaxanı kənara çəkmək vaxtıdır.

Bununla yanaşı, Arutunyan məhkəmədə əslində məlum olan bir məsələni də etiraf edib: Qarabağda hərbi əməliyyatlara Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan başçılıq edib. Arutunyan deyir ki, o, cəbhədə nələrin baş verdiyini o qədər də dəqiq bilmirmiş. Hətta oktyabrın 2-də cəbhəyə baş çəkmək qərarına gəlsə də, hərbi əməliyyatların aparıldığı zonaya gedib çıxa bilməyib və əsgərlərlə təmas xəttindən uzaq, təhlükəsiz yerdə görüşübmüş.

Arutunyan məhkəmədə daha bir açıqlama ilə yadda qalıb: o, hələ müharibə ərəfəsində Paşinyanın rəhbərliyi ilə keçirilən iclasa qatılıb və həmin toplantıdan sonra bu qənaətə gəlibmiş ki, Ermənistan Azərbaycanla müharibə aparmaq üçün lazımi resurslara malik deyil.

«Qələbənin atası çox olur, məğlubiyyət isə həmişə yetimdir» ifadəsi yada düşür. Erməni tərəfində hərbi əməliyyatlara rəhbərlik prosesində bilavasitə iştirak etmiş bir çox insan bu gün özünü «gələcəyi görə bilən» şəxs kimi təqdim etməyə çalışır. Məsələn, Onik Qasparyan deyir ki, o, Cəbrayılın azad olunmasından sonra müharibəni uduzduqlarını, Ermənistan ordusunun «belinin qırıldığını» anlayıb və hesab edib ki, artıq hərbi əməliyyatları dayandırmağın yolları axtarılmalıdır.

Araik Arutunyan məhkəmədə daha da irəli gedərək bildirib ki, o, Ermənistanın mümkün savaşda məğlub olacağını müharibə başlamazdan əvvəl bilirmiş. O zaman ortaya sual çıxır: müharibə niyə başladı? Belə bir vəziyyətdə Yerevan niyə danışıqlar prosesini canlandırmağa, real güzəştlərə getməyə tələsmirdi? Nəhayət, bu savaş niyə 2020-cu il noyabrın 9-dək davam etdi? Bütün bu qərarla görə məsuliyyəti kim daşıyır?

Bu yerdə Araik Arutunyanın daha bir sensasion açıqlaması diqqət çəkir. O, iddia edir ki, guya artıq oktyabrın əvvəlində müharibəni dayandırmağın lazımlığını düşünərək, bura Bako Saakyan və Arkadi Qukasyanla müzakirə edibmiş. Hazırkı müttəhimlər Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq, müharibənin dayandırılması təklifi ilə çıxış etməyi də planlaşdırırlarmış. Oktyabrın 18-də isə Arutunyan Qukasyan və Saakyanla birlikdə bu məsələni Nikol Paşinyanla müzakirə ediblərmiş. Araikin dediyinə görə, bundan sonra baş nazir ideyanı «lazımi şəxslər»lə müzakirə edib, ardınca Arutunyana zəng vuraraq, müharibənin davam etdirilməsi qərarının verildiyini bildirib. Bu zaman onun hansı motivlərə əsaslandığı, hələ də müharibənin gedişini dəyişməyin mümkün olduğunu düşündüyü, yoxsa hansısa kənar sifarişləri yerinə yetirdiyi ayrı söhbətin mövzusudur.

 

«Sülhməramlılar»ın alt-üst olmuş imici

Araik Arutunyanın «sülh təşəbbüsləri»nə şübhə etməyə kifayət qədər əsas var. Xatırladaq ki, oktyabrın ortalarında Ermənistanın cəbhədə ard-arda aldığı məğlubiyyətlər fonunda erməni generalitetinin bir hissəsinin Azərbaycanla danışıqlara hazır olduğuna dair söhbətlər yayılmışdı. Bəlkə də onların sırasına Arutunyanın da yer aldığını ehtimal etmək olardı. Amma o zaman daşnakların, Serj Sarqsyanın «Respublika partiyası»nın və s. timsalında Ermənistan müxalifəti hakimiyyətdən «hərbi-siyasi məsələlərin idarə olunması qərargahı»nın yaradılmasını, oraya keçmiş və hazırkı «Qarabağ prezidentləri»nin, Ermənistan prezidentlərinin, XİN başçıları və müdafiə nazirlərinin cəlb olunmasını tələb edirdi. Bu, əslində, bütün bu işlərin Qarabağ klanına həvalə olunması tələbi idi. Belə bir vəziyyətdə Arutunyan sülhməramlı kimi çıxış edə bilərdimi? Çətin.

Bundan başqa, müharibənin ilk günlərində Azərbaycan ən yüksək səviyyədə bəyan etmişdi ki, Ermənistan öz qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması qrafikini təqdim edərsə, hərbi əməliyyatlar dərhal dayandırılacaq. Prezident İlham Əliyev bunu sonrakı günlərdə də dəfələrlə dilə gətirmişdi – istər xalqa müraciətlərində, istərsə də xarici media qruplarına çoxsaylı müsahibələrində. Lakin Arutunyan öz məktubunda qoşunların işğal altındakı ərazilərdən çıxarılması mövzusuna yaxın belə, getmirdi. Demək, onun «sülh təşəbbüsü» həqiqətən olubsa belə, heç bir məna kəsb etməyib. Araikin özünə qazandırmaq istədiyi «sülhməramlı» imici elə başdaca alt-üst olub.

Amma əsas imic itkisi ilə Paşinyan üzləşib. Arutunyana inansaq, oktyabrın 18-19-da müharibənin davam etdirilməsi haqda qərarı məhz baş nazir elan edib.

 

«Sülh göyərçini», yoxsa təcavüzkar?

Oktyabrın 18-də cəbhədə vəziyyət Ermənistan üçün faciəvi həddə çatmışdı. 4 oktyabrda Cəbrayıl, həmin ayın 9-da Qarabağın dağlıq hissəsinin strateji əhəmiyyətli bəndi sayılan Hadrut işğaldan azad edilmiş, 17-də Azərbaycan bayrağı Füzuli üzərində qaldırılmış, 18-də isə Azərbaycan ordusu Xudafərin körpüsünü azad etmişdi. Aydın idi ki, Azərbaycan ordusunun silahlanma səviyyəsi müharibə apardığı düşmənlə müqayisədə qat-qat üstündür. Belə vəziyyətdə müharibəni davam etdirmək ağılsızlıqdan başqa bir şey deyildi. Bu, bir liderin öz xalqına qarşı cinayəti sayıla bilər.

Paşinyan «Qarabağ Ermənistandır və nöqtə!» kimi şüarlarla Qarabağ məsələsində sərt xəttin tərəfdarı imicini yalnız 2020-ci ilin sentyabrınadək «sata bilmişdi». Elə o vaxt da bu şüarın sırf daxili auditoriyaya hesablandığı bəlli idi. Dünya birliyinə isə «sülh tərəfdarı» imici ilə görünmək tələb olunurdu ki, Paşinyan hakimiyyətə gəldiyi andan bu işin öhdəsindən uğurla gələ bilirdi. O zaman Paşinyan «sülh partiyası nümayəndəsi», «konstruktiv siyasətçi» imicini praktik olaraq, avans kimi qazanmışdı. Paşinyan üçün bu imic bu gün də vacibdir. Çünki Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması prosesi həlledici mərhələyə qədəm qoyur. Amma görünən odur ki, darmadağın olunmuş Ermənistan hələ də sülhə deyil, revanşa hazırlaşır.

Belə bir vəziyyətdə Ermənistan baş nazirinin «Azərbaycan Nürnberqi»ndə verilən müttəhim ifadələrindən niyə bu qədər narahatlıq keçirdiyi aydın olur. Paşinyan və ətrafı anlayır ki, bu ifadələri təkzib edə bilməyəcəklər. Belə olduqda, əlac məhkəmənin nüfuzdan salmağa, «psixotrop maddələr» və s. haqda yalanlar uydurmağına qalır. Bundan sonra ortaya ekstrasenslər, hipnozçular, Vudu cadugərləri haqda söhbətlərin çıxması da tamamilə mümkündür.



MƏSLƏHƏT GÖR:

53