TƏSİRLİ NƏTİCƏ
Azərbaycan qadın güləşçilərinin uğurları və yunan-Roma yığmasının problemləri
Müəllif: Nadir XOSROVOĞLU
2025-ci il Azərbaycan güləşçiləri üçün uğurlu başlayıb. İlin ilk böyük yarışında 23 yaşadək güləşçilərdən ibarət Azərbaycan milli komandaları tarixinin rekordunu təkrarlayıb. Pəhləvanlar martın 12-18-də Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 16 medal qazanıblar.
Bu, 10-cu dəfə keçirilən yarışda güləşçilərimizin ən yüksək nəticəsi kimi tarixə düşüb. Hərçənd 2022-ci və 2024-cü illərin çempionatında da təmsilçilərimiz eyni sayda mükafata yiyələnib. Hər iki halda medalların əyarı daha yüksək olub. Amma sərbəst və qadın güləşinin nəticəsi bu dəfə daha yaxşı olub.
Yaxşı və o qədər də yaxşı olmayan xəbərlər
Kişilər arasında sərbəst güləşdə Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) bürünc. Qadın güləşində Elnurə Məmmədova (53 kq) və Günay Hümbətova (59 kq) qızıl, Əsmər Cankurtaran (50 kq) bürünc, yunan-Roma güləşində Ruslan Nurullayev (72 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyevlə (55 kq) Xasay Həsənli (77 kq) bürünc medala yiyələniblər.
Rusiya və Belarus güləşçiləri neytral statusda yarışdığından Azərbaycan komandası yekun sıralamada birinci yeri tutub.
Ən çox medalı sərbəst güləşçilər əldə ediblər. 10 çəkidən doqquzunda onlar medala sahib çıxıblar. Lakin güləşçilər vəsiqə qazandıqları beş finaldan dördündə məğlub olmaqla çoxlu sayda suallar yaranıb. Psixoloji və taktiki cəhətdən idmançılar həlledici döyüşlərə kifayət qədər hazır deyildilər.
Komandada yeganə qızıl medalı osetinli legioner Arseniy Djioyev (86 kq) qazanıb. Güləşçi əvvəlcə ermənistanlı Razmik Yepremyanı vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Təmsilçimiz moldovalı Yevgeni Mihalçana 6:4 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Arseniy final yolunda bolqarıstanlı Radomir Stoyanovla dueldə də qələbə əldə edib. Djioyev finalda fransalı Raxim Maqamadovla qızıl medal uğrunda mübarizə aparıb. O, fransalı Raxim Maqamadova 9:2 qalib gələrək Avropa çempionu olub.
Gümüş medalçılar sırasında Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzovu (74 kq) qeyd etmək istərdik. Hər iki pəhləvan finalda rus güləşçiyə uduzmaqla psixoloji tərəfdən tam hazırlıqlı olmadığını göstərib. Yeniyetmələr arasında dünya və Avropa çempionu olan Kənan Heybətovun finalda aşkar zəif çıxışı məşqçilərə düşünməyə əsas verəcək. Sərbəst güləşdə bürünc medal qazanan Rəhman İmanov, Murad Haqverdiyev, Sadiq Mustafazadə və Yusif Dursunov ilk dəfə bu səviyyədə yarışda mükafata layiq görülüb. Onların gələcək yarışlarda nəticələri perspektivləri barədə daha dəqiq fikir söyləməyə imkan verəcək.
Qadın güləşinin uğurları və “klassiklər”in problemləri
Olimpiya çempionu Toğrul Əsgərovun rəhbərliyi altında qadın güləşçilərin çıxışı ən xoş sözlərə layiqdir. Qadın güləşçilər ilk dəfə U23 Avropa çempionatında iki qızıl medal qazanmaqla yeni rekord müəyyənləşdiriblər. 59 kq-da çıxış edən Günay Qurbanovanın Zaqrebdəki turnirdə olduğu kimi Tiranada da qızıl medal qazanması xüsusi qeyd olunmalıdır. Yaşının az olmasına baxmayaraq, qitə çempionatında kifayət qədər güclü rəqibləri üstələyən G.Qurbanova xoş sürprizə səbəb olub. Albaniyadakı nəticədən sonra əksər mütəxəssislər Günay Qurbanovanın uğurlarını əsas millidə də davam etdirəcəyini düşünür. Əvvəlki qitə çempionatında iki dəfə finalda uduzan Elnurə Məmmədova 53 kq-da nəhayət qızıl medala sevinib. 23 yaşlı E.Məmmədovanın Tiranada əzmkar mübarizə apardığını vurğulamq lazımdır. Milliləşdirilmiş güləşçi Əsmər Cankurtaran ilk dəfə bürünc medal qazanmaqla Avropa çempionatında mükafat sahibi olub.
Bəs yunan-Roma güləşi üzrə Azərbaycan yığması haqda nə demək olar? Albaniyada 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmasına baxmayaraq, Aleksandr Tarakanovun nəticəsini uğurlu saymaq olmaz. Ötən il komanda hesabında Avropa çempionu olan klassiklər bu dəfə 4-cü yeri tutub. Heyətdə yalnız Ruslan Nurullayev (72 kq) qızıl medal qazanmaqla alqışa layiq çıxış edib. Ötən ilin qızıl medalçısı Ziya Babaşov final görüşündə məğlub olub. U23 Avropa çempionatının ikiqat qalibi Xasay Həsənli Tiranada bürünc medalla kifayətlənməli olub.
Qələbəyə inam
Qızıl medalın sahibi Elnurə Məmmədova jurnalistlərə açıqlamasında ən çətin görüşü barədə danışıb: “Ən həyəcanlı görüşüm final qarşılaşması oldu, çünki çempionluğa cəmi bir addım qalmışdı. Rəqib son saniyələrdə hücum etdi və mən fənd işlədərək qalib gəldim. Həmin an mənim üçün ən yaddaqalan məqam oldu. Çempion olduğuma görə çox sevinirəm. Bundan sonra da uğurlu çıxışlarımı davam etdirməyə çalışacağam. Qələbəmi isə ailəmə, başlıca olaraq da atama həsr edirəm”.
Güləşçi Günay Qurbanova (59 kq) qələbəsində məşqçi heyətinin böyük rolunun olduğunu deyib: “Albaniyaya çempionluq üçün yollanmışdım. Əlimdən gələn hər şeyi edirdim ki, hazırlığım yüksək səviyyədə olsun. Qələbəyə inanırdım. Çünki məşqçim Toğrul Əsgərov bu inamı mənə ötürməyi bacarıb. İlk günlərdə uğur qazanacağıma çox adam inanmırdı. Lakin mənə inanaraq dəstək olan məşqçi Toğrul Əsgərova təşəkkür edirəm. Onun inamı olmasaydı, mən çempion ola bilməzdim”.
MƏSLƏHƏT GÖR:





118

