ƏBƏDİ DƏYƏRLƏR AXTARIŞINDA
Anar MƏMMƏDOV: «Bu gün Kukla Teatrının bir problemi var: peşəkar aktyorların hazırlanması»
Müəllif: Valentina REZNİKOVA
Yəqin ki, «teatr sevgisi nədir?» sualı çoxdan ritorik suala çevrilib. Niyə? Çünki bu suala cəmi iki cavab var. Birincisi, peşənin nəsildən irsi olaraq gəlməsi, ikincisi, sözün əsl mənasında incəsənət adlandırdığımız teatr sənətinin təsiri ilə formalaşması. Abdulla Şaiq adına Dövlət Kukla Teatrının baş rejissoru Anar Ramiz oğlu Məmmədovda bu iki amil bir araya gələrək, onun taleyinə çevrilib. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirən A.Məmmədov Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə yollanıb. Xidmətini başa vuraraq doğma Bakıya qayıdan Anar quruluşçu rejissor kimi, Abdulla Şaiq adına Dövlət Kukla Teatrında işə başlayıb.
Gənc teatr təmsilçiləri ilə bu peşə haqqında, müasir teatr sənətinin problemləri haqqında söhbətləşmək son dərəcə əyləncəli və maraqlı prosesdir. Onlar tamaşaçılar, doğma teatr və özləri qarşısında məsuliyyətin dərəcəsini necə başa düşürlər? Açıq desək, əksər baş rejissorlar mənasız pyeslər buraxaraq, vulqarlıq və Avropa dəyərlərinin pis imitasiyası ilə tamaşaçıların diqqətini cəlb edəcəklərini düşünürlər! Bəs bu, teatra nə verir? Heç nə! Boş zallar və xoşagəlməz imic. Bu, həm ölkədə teatr işinin yenidən qurulması dövrünün strukturu üçün, həm də öz yolunu tapa bilməyib milli teatr sənətini təqlid etməklə, şəxsiyyətsizləşdirməklə, orta səviyyəyə endirməklə məşğul olan rejissorlar üçün ayıbdır. Yaxşı ki, teatr işinin inkişafı prosesinə növbəti dəfə gənclər qədəm qoyub. Onların sayı heç də az deyil. Onlar özlərini sənətdə deyil, sənəti özlərində qiymətləndirərək, yaratmaq istəyirlər. Anar MƏMMƏDOV da məhz belələrindəndir.
- Fikrinizcə, XXI əsrin teatrı nədir?
- Düşünürəm ki, italiyalı teatr rejissoru və aktyoru Corco Strellerin dediyi kimi, teatr böyük incəsənət növü kimi, bütün dövrlərdə olmalı və qalmalı, «insanların və insanlar üçün» olmalıdır.
- Bəs bu gün onun funksiyaları və vəzifələri nədir?
- XXI əsrin insanı qədim Yunanıstanın insanlarından nə ilə fərqlənir ki? Belə cavab verim: heç nə ilə. Sadəcə, bu gün II əsrdə olmayan texnologiyalar var, vəssalam. İnsanın mahiyyəti, daxili aləmi isə eynidir.
- Niyə məhz II əsrin Yunanıstanı?
- Çünki teatr sənətinin bütün növləri və janrları məhz qədim Yunanıstanda yaranıb.
- Aydındır. Yunanıstanla bağlı vəziyyəti bildik. Bəs Azərbaycanın teatr sənəti?
- Hər teatrın öz «siması», öz tamaşaçısı var. Hər rejissorun isə öz səhnə proqramı, üslubu, hətta deyərdim ki, səhnə imzası var. Bu, onun xidmət etdiyi sənət növündən asılıdır və peşəkar fəaliyyətin qaydalarının tamaşaçı ilə «ünsiyyət»inin diktəsi ilə formalaşır.
- Yəni?
- Dram teatrı, musiqili teatr, pantomim, marionet kukla və kukla teatrı. Bunlar teatr sənətinin müxtəlif növləridir. Onlar quruluşçu rejissor tərəfindən fərqli yanaşmalar tələb edir. Fərqli yanaşma, fərqli biliklər, fərqli praktik və peşəkar bacarıqlar.
- Necə düşünürsünüz, sadaladığınız teatr növlərində istər aktyor, istər rejissor üçün ən çətini hansıdır?..
- …əlbəttə, kukla teatrı.
- Çünki…
- Yox-yox! Ona görə yox ki, mən bu teatra xidmət edirəm!
- Kimə, yaxud nəyə xidmət edirsiniz?
- Tək mən xidmət etmirəm. Peşə taleyi bu və ya digər dərəcədə teatrımızla bağlı olan hər kəs 8 saatlıq iş rejimi xətrinə işləmir, məhz xidmət edir: inamla, seçdiyi peşəyə olan sevgisinə sadiqliklə.
- Vəssalam?
- Bəli! Girişdəki qarovuldan tutmuş, direktoradək. Biz hamımız bir əlin bayraqlarıyıq. Bizim yaradıcı və peşəkar gücümüz bundadır.
- Bəs bu birliyi kim yaradır?
- Qəribə sualdır! Əlbəttə ki, direktor.
- Doğrudan? Kukla Teatrının repertuar siyasətini də o müəyyənləşdirir?
- Yalnız teatrın bədii şurasının sədri kimi.
- Kukla Teatrında, həqiqətən də, işlək bədii şura var?
- Əlbəttə! Hər zaman işlək. Başda şuranın rəhbəri – direktor Rəşad Əhmədzadə olmaqla, onun bütün üzvləri pyesin tamaşaya qəbulundan əvvəl əsəri oxuyur. Sonda hər kəs öz fikrini deyir. Əgər əsər əksəriyyət tərəfindən dəstəklənirsə, tamaşalar planına daxil edilir. Hər həftənin çərşənbə axşamı isə bədii şuranın bütün üzvləri mütləq bir araya gəlir, həftə ərzində oynanmış tamaşaları detallı müzakirə və təhlil edirlər.
- Bütün tamaşaları, yoxsa yalnız premyeraları?
- Repertuarda olan hər şeyi. Ötən həftə ərzində oynanılmış bütün tamaşaları. Bu, səhnə işinin keyfiyyətinin düşməməsi üçündür. Çünki bizim üzərimizdə çox böyük məsuliyyət var. Bu, yalnız uşaqlar və onların valideynləri qarşısında deyil, həm də yaşı 18-dən artıq olan tamaşaçılar üçün oynayan həmkarlarımız qarşısında olan məsuliyyətimizdir. Kukla Teatrı ən balaca tamaşaçılar üçündür. Bizdə repertuar yaşı 3 və daha artıq olan uşaqlar üçün nəzərdə tutulur. Biz «teatr» adlı sənəti uşaqlara sevdirə bilməsək, onlar çətin ki, böyüyəndə teatra getsinlər.
- Repertuarınız ancaq körpələrə hesablanıb?
- Xeyr. Biz yaşı 12+, 18+, hətta 30+ olan auditoriyanın da maraqlarını nəzərə alırıq. Tamaşaçı ilə yaradıcı dialoqumuzu genişləndiririk və bu, bizim üçün çox maraqlıdır: istər yaradıcılıq, istərsə də peşəkarlıq baxımından.
- Nəticə necədir?
- Hələlik bu haqda danışmaq tezdir. Biz bu yolun başlanğıcındayıq. Gəlin bundan bir il sonra danışaq.
- Yaxşı. Xidmət etdiyiniz teatr çox müvəffəqiyyətli, uğurlu təəssürat yaradır. Kollektivin, həqiqətənmi, heç bir problemi yoxdur?
- Var. Problem Kukla Teatrı üçün peşəkar aktyorların hazınlanmasıdır. Biz bununla bağlı dəfələrlə Mədəniyyət Nazirliyinə, Mədəniyyət və İncəsənət Universitetinə müraciət etmiş, kukla teatrı aktyorları fakültəsinin açılmasını istəmişik. Təəssüf ki, bizi eşidən yoxdur.
- Amma teatrınızın aktyorları var axı!
- Bəli, var. Amma onların hamısı dram teatrı və kino fakültəsinin məzunlarıdır. Bu isə tam fərqli işdir. Onlar işləmək üçün bizə gəlirlər, lakin aktyora kuklalarla işləməyin öyrədilməsinə səkkiz ay, bəzən daha çox vaxt gedir. Biz onları öyrədirik, lakin buna sərf etdiyimiz vaxta yeni tamaşalar səhnələşdirə bilərdik.
- Bəlkə Təhsil Nazirliyinə müraciət olunmalıdır?
- Oraya da məktub yazmışıq. Cavab gözləyirik. İnanırıq ki, uğurlarımızı görəcəklər, qəbul edəcəklər, teatrımıza isə layiq olduğu «akademik» statusu veriləcək.
- Bu gün baş rejissor kimi, hansı səhnə ideyasına köklənmisiniz?
- İstər dünən, istər bu gün hədəf birdir: elə səviyyəli tamaşalar qoyulmalıdır ki, mövzu və problematika tamaşaçının həm qəlbinə, həm beyninə toxunsun.
- Yəni teatr bir incəsənət növü kimi, əvvəlkitək tərbiyə, təhsil və maarifləndirmə funksiyalarını qoruyub saxlamalıdır.
- Tək bu deyil. Bu gün teatr XXI əsr insanının müasir həyatına aid həqiqətlər axtarışını davam etdirməlidir. Ən əsası isə teatr tamaşaçısı ilə münasibətlərini müasir dialoq səviyyəsində qoruyub saxlamalı, möhkəmləndirməli, inkişaf etdirməlidir. Burada hər şey vacibdir: həm ədəbi dil, həm əxlaq qaydaları, həm də bu əsrin insanını insan edən dəyərlərin axtarışını…
- Bu axtarışlarınızda sizə uğurlar arzulayırıq!
- Çox sağ olun!
MƏSLƏHƏT GÖR:






106

