DİQQƏT! AYRI-SEÇKİLİK!
Teleaparıcının atasız böyümüş qızlar haqqında ehtiyatsız ifadə işlətməsinin təhlükəsi nədədir?
Müəllif: Sabirə ƏLƏKBƏR
«Kanal S» televiziya kanalında yayımlanan «Sözün bitdiyi an» verilişinin yayımı dayandırılıb. Qərar verilişin aparıcısı Nigar Fərhadın oğlunun atasız böyümüş qızla evlənməsini məsləhət bilməyəcəyinə dair fikirlərindən sonra kanal rəhbərliyi tərəfindən qəbul edilib. Bundan başqa, o, deyib ki, nə vaxtsa oğlu belə fikrə düşərdisə, bunun qarşısını almaq üçün əlindən gələni edərmiş – atasız böyümüş qız kişinin ailədəki vacib rolunu anlaya bilməzmiş.
Bunu etik fikir adlandırmaq olarmı? Hər halda, aparıcının sözlərinin ictimaiyyət tərəfindən sərt qınanması və ciddi rezonans doğurması təəccüblü deyil. Audiovizual Şura isə aparıcının etik olmayan fikirləri üzündən telekanalın yayımının 24 saat müddətinə dayandırılması haqda qərar qəbul edib. Nigar Fərhada “şiddətli töhmət” də elan olunub.
Ayrı-seçkilik yolverilməzdir
Bəs televiziya tamaşaçılarına, bununla da, faktiki olaraq bütün ölkə auditoriyasına xitab edən belə məsuliyyətsiz fikirlərin təhlükəsi nədədir? Bu, sadəcə, teleaparıcının şəxsi fikri deyil. Bu, bütöv bir nəslə zərər verə biləcək, dərin köklərə malik stereotipdir. Milyonlarla qadının övladlarını təkbaşına böyütdüyü dünyada, o cümlədən Azərbaycanda belə fikirlərin işlədilməsi nəinki ədalətsizlikdir, həm də təhlükəlidir. Onlar qabaqcadan yanlış qənaət formalaşdırır, «doğru ailə»lər haqda yanlış təsəvvür yaradır, sevginin, qayğının, tərbiyənin ailədəki valideynlərin sayı ilə bağlı olmadığını sübut etmək üçün əlindən gələni edən insanların zəhmətinin üzərindən xətt çəkir.
Şübhəsiz ki, aparıcının bu mövqeyinin bir neçə səbəbi ola bilər. Bəlkə şəxsi təcrübə – ola bilsin ki, o, mənfi nümunə ilə qarşılaşdığı üçün belə ümumi nəticəyə gəlib. Bəlkə ənənəvi baxışlar – insan belə bir mühafizəkar düşüncəyə sahib ola bilər ki, ailənin bütövlüyü doğru tərbiyənin qarantıdır. Bəlkə hələ dünyada olmayan oğul övladının gələcəyinin qayğısına qalmaq – aparıcı düşünə bilər ki, belə qızlarda sağlam ailə münasibətləri haqda təsəvvür olmaya bilər. Amma bu, ədalətli mövqe deyil. Çünki insanlar yalnız ailənin təsiri ilə formalaşmır. Onların formalaşmasına yaşadıqları təcrübələr, ətrafındakı insanlar, təhsil və s. də təsir göstərir. Atasız böyümüş qız, təbii ki, çox gözəl dəyərlərə sahib, ailəsini sevən, onun məsuliyyətini hiss edən insan ola bilər.
Bəs belə fikir niyə şablondur və nədən ayrı-seçkiliyə aparır? Çünki o, avtomatik olaraq atasız böyümüş qızları pis vəziyyətdə qoyur, sanki onlar ailəyə layiq deyillər. Bu, hər bir insanın ayrıca fərd olduğunu nəzərə almayan ədalətsiz və bəsit mövqedir.
Bundan başqa, cəmiyyətdə doğru olmayan fikir də formalaşır. İnsanlar, xüsusilə hələ psixikası tam oturuşmamış gənclər belə mesajları əsas götürə bilərlər ki, bu da daha dərin bölünməyə, stiqmatizmə, real dəyərlərə etinasızlığa aparıb çıxara bilər. Ailənin tam olması yaxşı tərbiyənin, yüksək mənəvi keyfiyyətlərin qarantı olmadığı kimi, atasızlıq da uşağın pis tərbiyə alacağı və ya aldığı anlamına gəlmir. Üstəlik, belə fikirlər tənha anaların əziyyətini heç saymaqdır. Bu, onların övladlarında lazımsız komplekslər yarada bilər.
Bu mesajın yeri idimi?
Məqsəd gələcək ailənin qayğısına qalmaqdırsa, ümumi dəyərlərin, tərbiyənin, nikahda qarşılıqlı hörmətin müzakirəsi daha vacibdir. Bu zaman ailənin keçmişdə malik olduğu statusa istina edilməsi nəinki ədalətsizlik, həm də cəmiyyət üçün zərərlidir. Bu mənada, ölkədə media və çoxsaylı blogerlər, əlbəttə ki, belə fikirlərə görə etik məsuliyyət daşıyırlar. İlk növbədə, belə bəyanatların cəmiyyətə, bu fikirləri eşidərək böyüyən gənclərə necə təsir göstərdiyi düşünülməlidir.
Ölkə reallıqlarına etinasızlıq
Azərbaycan kontekstində belə bəyanatlar xüsusilə ağrılı təsir bağışlayır. Bizim ölkəmizdə Birinci və İkinci Qarabağ müharibələrində atalarını itirmiş çox sayda qız uşağı belə böyüyüb və böyüyür. Bu atalar Vətənin müdafiəsi üçün canlarından keçib, onların qızları anaları ilə tək qalıb. Həmin analar isə bu övladlarını inanılmaz mətanətlə, fədakarlıqla böyüdüblər. Belə çıxır ki, teleaparıcı bəlkə də heç özü də dərk etmədən, faktiki olaraq bu qızların gələcək həyat yoldaşı, ana kimi ləyaqətini, dəyərini sual altına qoyub. Əsas təhlükə də məhz buradadır: çoxsaylı tamaşaçının şüuruna təsir etmək imkanına malik ictimai şəxs bu ailələrin gücünü, xidmətini qiymətləndirməkdənsə, atasız böyümüş qız uşaqlarının guya daha hörmətsiz olduğu fikrini yayır. Bu, nəinki ədalətsizlikdir, həm də övladlarının mərd böyüməsi üçün əllərindən gələni etmiş və edən tənha analara təhqirdir.
Məsuliyyət
Televiziya və sosial şəbəkələrin sadəcə əyləncə yeri olmadığını anlamağın vaxtı çoxdan çatıb. Onlar ictimai rəy formalaşdırır, mənəvi dəyərlərə, mədəniyyətə öz təsirlərni göstərirlər. Televiziya proqramının aparıcısı və qonaqları belə fikirlər işlədərkən anlamalıdırlar ki, bunun fəsadları ola bilər. Milli televiziya kanalları xüsusilə belə həssas mövzularda cəmiyyətin hansısa təbəqəsinin sıxışdırıldığı məkana çevrilməməlidir. Redaksiya standartlarının dəqiq çərçivəsi olmalıdır: bir qrup insanı alçaldacaq, yaralayacaq fikirlərin yayılması yolverilməzdir. Telekanallar nəinki yayımlanan fikirlərə nəzarət etməyə, onların nədən yanlış olduğunu ictimaiyyətə çatdırmağa borcludurlar.
Bəs sonra?
Bəs gələcəkdə belə hallardan qaçmaq üçün nə lazımdır? Media təhsili və jurnalistikada etika qaydalarına əməl etmək. Bütün ictimai şəxslər, xüsusilə media təmsilçiləri ictimai rəyin formalaşmasındakı məsuliyyətlərini dərk etməlidirlər. Telekanallar ictimaiyyətin reaksiyasını nəzərə almalıdırlar və bu, son hadisə zamanı bir daha sübuta yetib. Tamaşaçılar fikirlərini açıq deməli, belə fikirlərə düzəliş olunmasını, izah verilməsini tələb etməlidirlər. Əslində, ictimai nəzarət elə budur. Ən vacibi isə, telekanallar hazırladıqları verilişlərlə müharibədən əziyyət çəkən ailələri dəstəkləməlidir. Bu mənada, ayrı-seçkilik yaradan fikirlərin pislənməsi ilə yanaşı, övladlarını təkbaşına böyüdən qadınlara dəstəyin artırılması da vacibdir.
Bəs media məkanında belə fikirlərə necə nəzarət olunmalıdır? Telekanalların redaksiya siyasəti ilə – ayrı-seçkilik sayılan fikirlərin səsləndirilməsini qadağan edən etik kodeksin tətbiqi zəruridir. Əlbəttə ki, kontentin süzgəcdən keçirilməsi də lazımdır – redaktorlar və aparıcılar qonaqların ritorikasına nəzarət etməlidirlər. Kontentə görə məsuliyyət qonaqlara əvvəlcədən xəbərdarlıqların edilməsi ilə də həyata keçirilə bilər. Maraqlıdır ki, bəzi ölkələrdə ayrı-seçkilik yaradan kontentə nəzarət edən, buna görə kanalları cərimələyən, məhdudiyyətlər tətbiq edən xüsusi orqanlar var.
İdeal telekanal etik standartlara sadiq qalan, ayrı-seçkilik etməyən kanaldır. İdealda «Kanal S» efirdə belə fikirlərin hansı səbəbə səsləndirildiyinə izah verməli, üstəlik, bu cür düşüncənin nədən yanlış olduğunu obyektiv şəkildə izah etməlidir.
Gələcəyin qorunması
Bəs uşaqları mediadakı zərərli kontentdən necə qorumalı? Tənqidi düşüncənin inkişaf etdirilməsi ilə. Uşaqlara izah olunmalıdır ki, mediada yer alan bütün fikirlər həqiqət deyil. Onlara informasiyanın təhlil edilməsi, yanlışlıqla obyektivliyi bir-birindən ayırmaq bacarıqları aşılanmalıdır. Valideynlərin internet və TV-lərə nəzarət süzgəci tətbiq etməsi də vacibdir. Bu, uşaqların arzuolunmaz kontentə çıxışının qarşısını ala bilər. Ümumiyyətlə, valideynlər övladlarının nələri izlədiyinə və oxuduğuna nəzarət etməlidir. Ailədə mübahisəli mövzuların onlarla müzakirə olunması da vacibdir.
Sosial şəbəkələrin məsuliyyətinə gəlincə, onların özündə moderasiya alqoritmi ayrı-seçkilik aşılayan bəyanatlarla mübarizə aparmalıdır. Gənclər arasında populyar olan cəmiyyətlər isə belə hallara qarşı maarifləndirici kampaniyalar apara bilər.
Teleaparıcı N.Fərhadın sözləri sadəcə şəxsi fikir deyil. O, ictimaiyyətin mübarizə aparmalı olduğu dərin köklərə malik stereotipdir. Ailədə hörmət, sadiqlik, sevgi insanın hansı ailədə böyüməsindən asılı deyil. Vacib olan odur ki, media və sosial şəbəkələr belə fikirlər yaymaqdansa, əksinə ailə vəziyyətindən asılı olmayaraq, bütün insanlara qarşı ədalətli, hörmətli münasibəti təbliğ etsinlər.
P.S. Bütün baş verənlərdən sonra N.Fərhad silsilə «stories» paylaşaraq bildirib ki, onun məqsədi atasız böyümüş qızları incitmək və ya təhqir etmək olmayıb. O, atasının dünyasını dəyişdiyini vurğulayaraq, bunun onun özü üçün də çox ağrılı mövzu olduğunu deyib: «Sözlərimi təhqir kimi qəbul etmisinizsə, hamınızdan üzr istəyirəm. Mənim istəyim bu deyildi. Mən özüm artıq heç zaman xoşbəxt olmayacağam, çünki atam yoxdur. Efirdə mən anaları tərəfindən atalarından məhrum edilmiş, bunu düzgün sayaraq qızlarına «sərbəst həyat yaşayın» deyilən qızları nəzərdə tutmuşam. Mən belə qadının qızını oğluma almazdım».
Nigar Fərhad atasız böyümüş 30 qız uşağına əl tutmağa, onların işə düzəlməsinə kömək etməyə hazır olduğunu bildirib, özünün həmin qızlardan biri olduğunu deyib.
MƏSLƏHƏT GÖR:

173

