“YAŞIL STRATEGİYA”
Beynəlxalq donorlarla tərəfdaşlıq Azərbaycanda yaşıl enerjiyə keçidi sürətləndirəcək
Müəllif: Nurlanə QULİYEVA
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda uğurla başa çatması heç də o demək deyil ki, Azərbaycan “yaşıl layihələr”in həyata keçirilməsində tempi azaldır. Əksinə, ölkədə bu istiqamətdə yeni təşəbbüslər alqışlanır. Məsələn, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) icraçı direktoru Ülvi Mansurov bildirib ki, AİŞ “yaşıl enerji”ni və “yaşıl layihələr”i investisiya qoyuluşunun prioritet istiqamətləri kimi müəyyən edib. Öz növbəsində beynəlxalq maliyyə institutları artıq Azərbaycanda bu seqmentin inkişafına maliyyə dəstəyi vermək niyyətində olduqlarını elan ediblər.
Məqsədlər və çağırışlar
Dünya Bankının (DB) analitiklərinin qeyd etdiyi kimi, Ukrayna münaqişəsi fonunda qaz və elektrik enerjisi qiymətlərinin artması enerji təchizatının şaxələndirilməsi, neft və qaz idxalından asılılığın azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı zərurətini şərtləndirib. Bu, xüsusilə də bir enerji təchizatçısına bağlı olan regionlara aiddir.
Lakin emissiyaların azaldılması üçün qabaqcıl texnologiyaların tətbiqi və nəqliyyat, sənaye və istilik kimi sektorların dekarbonizasiyası tələb olunur. Bunun üçün isə, təbii ki, böyük maliyyə resursları lazımdır. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, enerji keçidinə qlobal investisiyalar 2030-cu ilə qədər ildə 4 trilyon dollar təşkil etməlidir (2023-cü il üzrə dünya ÜDM-nin təxminən 4%-i). Karbon neytrallığına nail olmaq üçün əlavə investisiyalar hər il ÜDM-in daha 2%-ni tələb edə bilər.
Əlbəttə ki, bu, xüsusilə də inflyasiya təzyiqlərinin gücləndiyi, xarici şokların olduğu dövrlərdə iqtisadiyyata yükdür. Lakin DB-nin ekspertləri hesab edirlər ki, bu istiqamətdə addımların atılmaması daha baha başa gələcək. “Azərbaycan, Qazaxıstan və Rumıniyada iqlim dəyişikliklərindən dəyən zərər artıq ildə ÜDM-in 1-2%-nə, Özbəkistanda isə 10%-dən çoxuna çatır”, - analitiklər hesab edir və xəbərdarlıq etməyi də unutmurlar ki, istənilən texnoloji keçiddə olduğu kimi, yüksək ilkin xərclər istehlakçıların, biznesin və dövlətin üzərinə düşəcək. Buna görə də ən ağıllı çıxış yolu əlavə xarici investisiyaların və donor yardımının cəlb edilməsidir.
Bəli, bərpaolunan enerji mənbələrinin fəal şəkildə inkişafına baxmayaraq, Azərbaycan iqtisadiyyatı karbohidrogenlərdən asılı olaraq qalır. Lakin artıq qeyd edildiyi kimi, ölkə “yaşıl keçid” proqramını fəal şəkildə dəstəkləyir. Ölkədə qısa müddət ərzində böyük həcmdə işlər görülüb.
Bu kontekstdə Azərbaycan enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması üzrə öz iddialı məqsədlərinin həyata keçirilməsi üçün beynəlxalq və xarici donorlarla qarşılıqlı əlaqənin vacibliyini heç vaxt inkar etməyib. Şübhəsiz ki, belə tərəfdaşlıq “yaşıl enerji” layihələrinin həyata keçirilməsini və enerji sisteminin uzunmüddətli dayanıqlılığının təmin edilməsini sürətləndirəcək.
Dünya Bankının dəstəyi ilə
Belə əməkdaşlığın parlaq nümunələrindən biri Dünya Bankı tərəfindən təsdiqlənmiş Azərbaycanın Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsidir (AZURE) və bu layihə ilə ölkənin elektrik ötürücü şəbəkəsi gücləndirilməlidir.
Məlumata görə, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD Dünya Bankının qrupuna daxildir) Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsi üçün 173,5 milyon dollar məbləğində kredit ayıracaq.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister qeyd edib ki, bu layihə Azərbaycanda insanların və müəssisələrin etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisindən istifadə imkanlarını artıracaq.
Xatırladaq ki, AZURE layihəsi ilə əsas elektrik ötürücü xətlərinin və yarımstansiyaların modernləşdirilməsi və genişləndirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində 240 meqavat gücündə Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının ötürücü şəbəkəyə qoşulması, özəl sektorun hasil edəcəyi 1 GVt-a qədər bərpaolunan enerjinin təhlükəsiz və etibarlı şəkildə ötürülməsi üçün 330/500 kV-luq yüksək gərginlikli şəbəkənin gücləndirilməsi və özəl investisiyalar hesabına 1,8 GVt bərpaolunan enerjinin sistemə daha yaxşı inteqrasiyası üçün elektrik şəbəkəsinin sabitliyinin artırılması planlaşdırılır.
Nəticədə, bu, bərpa olunan enerji sektoruna, xüsusilə də quru külək enerjisinə özəl investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradacaq. Layihə Azərbaycanın elektrik enerjisi ixracını artırmaq imkanlarını nəzərdən keçirdiyi dövrdə həyata keçirilir. İlkin mərhələdə 384 milyon dollar həcmində özəl investisiyalar cəlb ediləcək və bu da bərpa olunan enerji mənbələrinin inkişafına gələcək investisiyalar üçün yol açacaq.
Eyni zamanda daha əvvəl verilmiş açıqlamalara əsasən, DB bu layihə ilə kifayətlənmək niyyətində deyil. DB Qrupu Azərbaycanın “yaşıl enerji” ixracatçısına çevrilməsinə və qonşu dövlətlərlə “yaşıl enerji dəhlizi” formalaşdırılması çərçivəsində regional sistemə inteqrasiya olunmasına kömək etmək üçün dövlət və özəl sektorun səylərini birləşdirməyi nəzərdə tutur. Bundan əlavə, bank bəyan edib ki, Azərbaycan hökuməti belə layihələrə maraq göstərərsə, xüsusilə qaz məşəllərinin yandırılmasına qarşı mübarizə sahəsində metan emissiyalarının azaldılması təşəbbüslərini dəstəkləməyə hazırdır.
“Enerji proqramı ölkənin enerji balansında BOEM-in payının artırılmasını və bərpaolunan enerjini inteqrasiya etmək üçün elektrik ötürücü xətlərinin imkanlarının genişləndirilməsini nəzərdə tutacaq. Bu səyləri əlaqələndirmək üçün IBRD, IFC və MIGA təşəbbüslərin həyata keçirilməsinin ayrı-ayrı mərhələlərində müxtəlif alətlərin və dəstək mexanizmlərinin istifadə üsullarını müəyyən edən işçi biznes plan hazırlayıb”, - bankdan bildirilib.
Dünya Bankı mərhələli şəkildə fəaliyyət göstərərək elektrik enerjisinin ötürülməsi, infrastrukturun inkişafı və bərpa olunan enerji mənbələrinə investisiya qoyuluşu sahəsində islahatlara xüsusi diqqət yetirəcək.
IBRD tarif metodologiyasının optimallaşdırılması, elektromobillər üçün enerji doldurma stansiyalarının enerji sisteminə inteqrasiyası siyasətinin işlənib hazırlanmasında texniki dəstəyi davam etdirəcək. IFC özəl sektorun maraqlarını nəzərə alaraq, strategiyalar və tənzimləyici islahatlarla bağlı müzakirələrdə iştirak edəcək. Dünya Bankı Qrupu prioritet investisiyaların qiymətləndirilməsi, geotermal enerji, hidrogen və paylanmış bərpaolunan enerji potensialının tədqiqi, eləcə də enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin hazırlanması da daxil olmaqla analitik işlər aparacaq.
Əhəmiyyətli potensial
DB ilə yanaşı, Azərbaycanın “yaşıl sektoru”na real dəstək, həmçinin Asiya İnkişaf Bankı (ADB) tərəfindən göstərilir. Bank “Asiya-Sakit okean regionunda şəhərlər üçün daha ekoloji, davamlı və inklüziv yanaşmaların tətbiqi” layihəsinin həyata keçirilməsi üçün 2,1 milyon dollar məbləğində texniki yardımı təsdiqləyib və bu layihə bizim ölkəmizdə də həyata keçiriləcək. Layihə Banqladeş, Kamboca, Monqolustan, Nepal, Filippin, Marşall adaları, Solomon adaları, Özbəkistan və Ermənistan kimi ölkələri əhatə edir. Onun maliyyələşdirilməsi Şəhər Dayanıqlılığı üzrə Hədəf Fondu (1 milyon ABŞ dolları), Su İnnovasiyaları üzrə Hədəf Fondu (500 min ABŞ dolları) və Yüksək Texnologiyalar Fondu (600 min ABŞ dolları) vasitəsilə həyata keçiriləcək.
Bu layihə ilə ekoloji cəhətdən dayanıqlı, iqlim dəyişikliyinə davamlı və inklüziv inkişaf üçün əsas investisiya təşəbbüslərinin hazırlanması və qiymətləndirilməsində inkişaf etməkdə olan ölkələrə dəstək nəzərdə tutulur. ADB əmindir ki, bu istiqamətdə kompleks yanaşma müxtəlif donorlardan maliyyələşdirilən əlavə sublayihələri cəlb etməyə imkan verəcək və bu da bütün təşəbbüsləri sistemləşdirməyə və xaos və pərakəndəlikdən yan keçməyə kömək edəcək.
Azərbaycanın “yaşıl enerji” sahəsində əhəmiyyətli potensialı, həmçinin BMT-nin Avropa İqtisadi Komissiyasının diqqət mərkəzindədir. Təşkilat Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafında strateji baxışını yüksək qiymətləndirib və ölkəni enerji keçidi prosesində dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. Söhbət, xüsusilə normativ-hüquqi islahatların keçirilməsi, potensialın artırılması və enerji siyasətinin hazırlanmasında dəstəkdən gedir.
Bir sözlə, bütün bu təşəbbüslər və başlanğıclar qlobal iqlim məqsədlərinə və Azərbaycanın 2050-ci ilə qədər karbon dioksid emissiyalarını 40% azaltmaq hədəfinə çatmaq üçün vacib addımdır. Bu istiqamətdə ardıcıllıq və hazırkı tempin qorunub saxlanılması son məqsədə çatmağın mümkün olduğunu söyləməyə imkan verir.
MƏSLƏHƏT GÖR:

105

