5 Dekabr 2025

Cümə, 12:12

EHTİYAT KREDİT “TƏKƏR”İ

Azərbaycanda bank olmayan kredit təşkilatları islahatların yeni dalğasını yaşayır

Müəllif:

01.04.2025

Maliyyə resurslarının əlçatanlığı real iqtisadiyyatın inkişafı üçün vacib şərtdir. Bununla belə, bütün ölkələrdə bank kreditləşməsi üçün həm tənzimləyici, həm də maliyyə institutlarının özləri tərəfindən tətbiq edilən aydın çərçivələr və şərtlər mövcuddur.

Eyni zamanda beynəlxalq beyin mərkəzlərinin araşdırması göstərib ki, banklar monetar normaların sərtləşdirilməsinə cavab olaraq kreditləşdirmə həcmlərini azaltdıqları halda, bank olmayan kredit təşkilatları (BOKT) əksinə, onu artırırlar. Araşdırma müəllifləri hesab edirlər ki, məhz onların dəstəyi özəl sektor və istehlakçılar üçün hərəkəti davam etdirməyə imkan verən özünəməxsus “ehtiyat təkər” rolunu oynayır.  

Azərbaycanda BOKT sahəsi hələ də dalğavari şəkildə inkişaf edir: bəzən dövriyyəni və bazar iştirakçılarının sayını artırır, bəzən isə onları əhəmiyyətli dərəcədə azaldır. Lakin ötən ildən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) bu sektorda da ciddi islahatlara başlayıb.

 

Beynəlxalq təcrübə

Beynəlxalq analitiklərin qeyd etdiyi kimi, monetar sərtləşdirmə dövrlərində qeyri-bank kreditləşməsinin artması banklar tərəfindən kreditlərin azalmasının təsirini qismən yumşaldır. Amma bu əvəz etmə tam xarakter daşımır: bütün iqtisadiyyat səviyyəsində kreditləşmə azalır. Buna baxmayaraq, qeyri-bank kreditləşməsi bazarı, adətən, daha kiçik və bank borcalanlarına nisbətən daha çox borcu olan korporativ borcalanlara uzunmüddətli maliyyələşdirmə təmin edərək əhəmiyyətli iqtisadi faydalar yaradır. Lakin bu, belə şirkətləri faiz dərəcələrinin artması və resessiyalar qarşısında xüsusilə həssas edir və bu mənada qeyri-bank təşkilatlarının kreditləri daha riskli olur.

Qeyri-bank vasitəçilərindən fərqli olaraq, bankların fəaliyyəti qısamüddətli maliyyələşdirmə mənbələrinə, o cümlədən depozitlərə əsaslanır. Qeyri-bank vasitəçilərinin fəaliyyəti isə əksinə, monetar sərtləşdirmə dövrlərində artırdıqları uzunmüddətli borc və uzunmüddətli maliyyələşdirməyə əsaslanır.

Uçot dərəcələrinin artırılması ümumiyyətlə kredit təşkilatlarının mənfəətliliyinin artması ilə əlaqələndirilir, lakin qeyri-bank vasitəçiləri banklara nisbətən daha mənfəətlidir. Monetar siyasətin sərtləşdirilməsi bu fərqi daha da gücləndirir: həm bankların, həm də qeyri-bankların mənfəəti artır, lakin sonuncuların artımı daha əhəmiyyətli olur - və bu təsir faiz dərəcələrinin artırılmasından sonra bir neçə il ərzində qalır. Buna görə də analitiklərin fikrincə, qeyri-bank vasitəçiləri rəqabətli uzunmüddətli borc bazarında daha yüksək keyfiyyətli borcalanlar kimi qəbul edilə bilərlər.

 

Azərbaycanda islahatlar

Azərbaycanda qeyri-bank kreditləşməsi bazarı kifayət qədər zəif inkişaf edib. Belə ki, ümumi kredit portfelində qeyri-bank kreditlərinin xüsusi çəkisi hətta 2%-ə belə çatmır. Halbuki onların sayı fəaliyyət göstərən bankların sayından iki dəfədən çoxdur. Ötən ilin sonuna olan məlumata görə, ölkədə 57 BOKT (22 bank) fəaliyyət göstərirdi. Xoş olmayan bu statistikaya baxmayaraq, BOKT-ların ölkənin maliyyə sektorunda rolu regionlarda maliyyəyə çıxışın təmin edilməsi baxımından çox vacibdir: xüsusilə də bankların filial şəbəkəsinin zəif inkişaf etdiyi ərazilərdə. Bu mənada BOKT-lar uğur qazanıblar və bu gün onların regionlarda 300-dən çox filialı var. Bundan başqa, bu yaxınlara qədər bu təşkilatlar borcalanın kredit tarixçəsinin öyrənilməsi ilə xüsusilə yüklənmirdilər ki, bu da kredit alma prosesini xeyli asanlaşdırırdı. Üstəlik, kifayət qədər yüksək faiz dərəcələrinə baxmayaraq, bu kreditləri almaq istəyənlər az deyildi.

Bu arada, Mərkəzi Bank keçən ildən bu sektor üçün bir sıra yeniliklər tətbiq edib və bunlar həm bazar iştirakçılarının sayına, həm də kreditləşmə şərtlərinə ciddi təsir göstərə bilər. Belə ki, 2024-cü ilin noyabrında “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” təsdiq edilib və bu qaydalara əsasən BOKT-lar üçün nizamnamə kapitalına tələblər 3 dəfədən çox artırılıb. Kommersiya hüquqi şəxsləri təmsil edən BOKT-lar üçün kapitala minimum tələblər 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsləri formasında yaradılmış BOKT-lar üçün isə (hazırda Azərbaycanda belə təşkilatlar yoxdur) 30 mindən 100 min manata qaldırılıb. Bazar iştirakçılarına kapitala yeni tələbi yerinə yetirmək üçün cəmi 3 ay vaxt verilib - yəni bu ilin martına qədər.  Prinsip etibarilə, artıq onlar bu tələbləri yerinə yetirməli idilər.

Bütün bu dəyişikliklərin nəticəsində BOKT-lar müştərilərə kredit vermək üçün hesabların açılması və kredit kartlarının buraxılması kimi hüquqlar əldə ediblər.

 

Yeni nəfəs

Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev bu yenilikləri kifayət qədər müsbət qiymətləndirir. Onun fikrincə, bunlar Azərbaycanda yeni maliyyə məhsullarının hazırlanması üçün şərait yaradacaq. Belə ki, BOKT-ların aktivləri 2024-cü ilin sonuna 1 milyard manata çatıb və bu da 2020-ci ilin göstəricisindən üç dəfə, ötən illə müqayisədə isə 24% çoxdur. 2025-ci ildə yeni qaydalar sayəsində daha böyük artım gözlənilir.

O, həmçinin qeyd edib ki, BOKT-ların nizamnamə kapitalı 2020-ci ildəki 141,4 milyon manatdan 2024-cü ilin sonuna 456,4 milyon manata qədər artıb. Sektorun xalis mənfəəti 231 milyon manat, verilmiş kreditlərin ümumi həcmi isə 800 milyon manatı keçib.

Kart emissiya etmək imkanına gəlincə, C.Əliyev qeyd edib ki, BOKT-lar əvvəllər banklarla razılaşmalar əsasında buraxılan, adı olmayan kobrend kartlardan istifadə edirdilər. Hələlik öz kartlarını buraxmaq üçün təqdim edilmiş yeni imkanlar üçün mexanizm hazırlanma mərhələsindədir, lakin bazar iştirakçılarının bu mövzuya marağı kifayət qədər yüksəkdir.

“BOKT-ların tənzimlənməsində dəyişikliklər maliyyə xidmətlərinin əlçatanlığının genişləndirilməsində mühüm rol oynayacaq, əlavə xidmətlərin göstərilməsi və innovativ kredit məhsullarının hazırlanması üçün yeni imkanlar açacaq”, - C.Əliyev vurğulayıb.

Qeyd edək ki, yeniliklər arasında AMB tərəfindən BOKT-lar üçün tətbiq edilən prudensial tənzimləmə və kredit risklərinin idarə edilməsi qaydaları da var ki, bunlar təşkilatların dayanıqlılığını artırmağa, korporativ idarəetməni təkmilləşdirməyə və kreditləşmənin keyfiyyətini yaxşılaşdırmağa yönəlib.

Bundan əlavə, AMB BOKT-lar üçün xarici audit və korporativ idarəetmə standartlarının tətbiqi üzrə tələblər müəyyən etmək niyyətindədir.

Bir sözlə, bu il BOKT bazarını ciddi dəyişikliklər gözləyir. Azərbaycanın maliyyə sektorunda onun payının daha da artması BOKT-ların bu dəyişikliklərə nə qədər tez və uğurla uyğunlaşmasından asılı olacaq.


MƏSLƏHƏT GÖR:

141