5 Dekabr 2025

Cümə, 12:12

MALİYYƏ YELLƏNCƏKLƏRİ

Azərbaycanın tədiyə balansına təsir edən əsas amillər neft və qaz qiymətlərinin dinamikası və qeyri-neft ixracının artımı olacaq

Müəllif:

01.04.2025

Qlobal iqtisadiyyat geosiyasi qeyri-sabitlik, inflyasiya riskləri və aparıcı mərkəzi bankların monetar siyasətinin sərtləşdirilməsi şəraitində “sağ qalmağa” davam edir. Xarici şoklar, təbii ki, Azərbaycandan da yan keçmir və bu, ölkənin ötən il üçün tədiyə balansında da öz əksini tapıb.

Belə ki, ötən il “Azeri Light” markalı neftin orta ixrac qiyməti təxminən 84 dollar təşkil edib ki, bu da ölkənin ticarət balansına dəstək olub. Lakin ortamüddətli dövr üçün proqnozlar karbohidrogen ixracından gəlirlərin tədricən azalacağını göstərir. Bu da gələcək çağırışlara qarşı durmaq üçün qeyri-neft sektorunun gücləndirilməsinin zəruriliyindən xəbər verir. Bununla yanaşı, xarici risklərə baxmayaraq, Azərbaycan cari əməliyyatlar hesabında müsbət saldonu saxlamağa davam edir.

 

Defisit və profisit

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına görə, 2024-cü ilin yekunlarına əsasən ölkənin tədiyə balansı 438 milyon ABŞ dolları kəsirlə bağlanıb. Halbuki bir il əvvəl 5,36 milyard dollarlıq profisit qeydə alınmışdı. Ölkənin strateji valyuta aktivlərinin bu qədər azalması bir sıra strateji əhəmiyyətli layihələrin və tədbirlərin həyata keçirilməsi, həmçinin iri maliyyə öhdəliklərinin ödənilməsi ilə bağlı xarici valyutada dövlət xərclərinin artması ilə izah olunur.

Beləliklə, AMB-nin vurğuladığı kimi, 2024-cü ildə tədiyə balansının formalaşmasına xarici mühitdə müxtəlif istiqamətli tendensiyalar təsir göstərib. Əsas amillər, xüsusilə, cari əməliyyatlar hesabının profisitinin 4,67 milyard dollara qədər azalması (2023-cü illə müqayisədə -43,9%), maliyyə hesabının mənfi saldosunun 16,5% artaraq 5 milyard dollara çatması (əsasən maliyyə öhdəliklərinin azalması səbəbindən), xarici ticarət balansının profisitinin 31,1% azalaraq 8,82 milyard dollara düşməsi, həmçinin qeyri-neft sektorunun kəsirinin 18,5% artaraq 10,4 milyard dollara çatması olub.

Bununla yanaşı, nəqliyyat və turizm xidmətlərinin profisiti, həmçinin xarici investisiyaların axınının artması müsbət təsir göstərib, halbuki 2023-cü ildə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft və qaz qiymətlərinin artması, həmçinin qeyri-neft-qaz sektorunun ixracının artması təsiri altında formalaşıb.

Cari əməliyyatlar hesabında 8,3 milyard dollarlıq profisit, kapital və maliyyə hərəkəti hesabında isə 4,3 milyard dollarlıq kəsir yaranıb. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri  5,4 milyard dollar artıb. Bu dövrdə neftin orta qiyməti 86 dollar təşkil edib, qeyri-neft-qaz sektorunun ixracı isə 11,1% artaraq 3,3 milyard dollara çatıb.

Həmçinin Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi haqqında məlumatlar da maraqlıdır. Belə ki, 2024-cü ildə onlar 7 milyard dollar təşkil edib, investisiyaların repatriasiyası isə 7,3 milyard dollara çatıb.

Azərbaycana ən böyük investorların siyahısına ənənəvi olaraq Böyük Britaniya (1,8 milyard dollar) və Türkiyə (1,2 milyard dollar) başçılıq edir, ilk beşliyi isə Macarıstan (1 milyard dollar), Kipr (746 milyon dollar) və BƏƏ (490 milyon dollar) tamamlayır. Azərbaycan isə xaricə 1,8 milyard dollar investisiya yatırıb. Azərbaycam ən çox BƏƏ (458 milyon dollar), Türkiyə (249 milyon dollar), Gürcüstan (165 milyon dollar), Böyük Britaniya (111 milyon dollar) və Özbəkistana (93 milyon dollar) sərmayə qoyub.

Diqqəti cəlb edən digər fakt odur ki, ötən il Azərbaycanın xalis maliyyə öhdəlikləri 2,29 milyard dollar azalıb ki, bu da bir il əvvəlkindən 2,2 dəfə çoxdur. Bu, cəlb edilmiş birbaşa investisiyaların həcminin 5,8% artaraq 7,1 milyard dollara çatması, cəlb edilmiş investisiyaların repatriasiyasının 7,3 milyard dollara qədər azalması (+5,8%), neft bonusunun 457,8 milyon dollar artması (-2,8%), portfel investisiyalarının 960,9 milyon dollar azalması (+38,4%) və digər investisiyaların həcminin 1,564 milyard dollar azalması (+2,7 dəfə) hesabına təmin edilib.

Bununla yanaşı, tədiyə balansı ilə bağlı məlumatlara görə, ötən il portfel investisiyalarının kəsiri təxminən 1,7 milyard dollar təşkil edib.

Yaranmış vəziyyəti Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov belə izah edib: “Ötən il Azərbaycan rezidentləri xarici qiymətli kağızlara 700 milyon dollar investisiya yatırıblar”. Onun sözlərinə görə, bundan əlavə, Azərbaycan öz qiymətli kağızlarını (avrobondlar) 960,9 milyon dollar məbləğində vaxtından əvvəl geri alıb: “Xarici qiymətli kağızlara investisiya qoyuluşunu ölkə iqtisadiyyatı üçün müsbət amil kimi qəbul edirik. Belə ki, ölkədəki idarə, müəssissə və təşkilatların əllərindəki likvid vəsaitləri xaricdəki borc qiymətli kağızlarına yönəltməsi növbəti dövrdə ilkin gəlirlər balansında faiz gəlirlərimizin artması ilə nəticələnəcək”.

Bununla yanaşı, qeyd edildiyi kimi, 2024-cü ildə nəqliyyat və turizm xidmətlərinin saldosu profisitli olub, yəni bu iki sektor ölkənin tədiyə balansına müsbət təsir göstərib. Belə ki, nəqliyyat xidmətləri balansında 1,3 milyard dollar profisit qeydə alınıb ki, bu da tranzit əməliyyatlar daxil olmaqla yükdaşımalarının artması ilə bağlıdır. Turizm xidmətləri balansında isə profisit 451 milyon dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 32% çoxdur.

 

Pul köçürmələri

Pul köçürmələri mövzusu da hər zaman analitiklərin şərhlərinin mövzusu olur. 2024-cü ildə Azərbaycana 1 milyard dollardan bir qədər çox pul köçürməsi daxil olub, 527 milyon dollar isə ölkədən xaricə göndərilib.

Pul köçürmələrinin əsas donor ölkələri Rusiya - 497 milyon dollar, Türkiyə - 176 milyon dollar, ABŞ - 65 milyon dollar, Gürcüstan - 35 milyon dollar və Böyük Britaniya - 34 milyon dollar olub. Bu ölkələr Azərbaycandan pul köçürmələrinin göndərildiyi top-5 ölkələr sırasında da yer alır, lakin bir qədər fərqli ardıcıllıqla: Türkiyə - 150 milyon dollar, ABŞ - 60 milyon dollar, Rusiya - 58 milyon dollar, Gürcüstan - 45 milyon dollar, Böyük Britaniya - 28 milyon dollar.

Beləliklə, maliyyə hesabının mənfi saldosu (kapital axını) 5 milyard dollar təşkil edib və bu da 2023-cü ilin səviyyəsindən 16% çoxdur.

Bu arada, S.Nəsirov qeyd edib ki, 2020-ci ildə pandemiya səbəbindən, həmçinin 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Azərbaycana böyük məbləğdə pul köçürmələri daxil olub. Hazırkı dövrdə bu həcmlərin azalması iqtisadi normallaşma prosesinin bir hissəsidir. Belə ki, 2019-2020-ci illər üzrə göstəriciləri müqayisə etdikdə, pul köçürmələrinin həcmi, demək olar ki, eyni səviyyədə qalır, bəzi hallarda isə hətta kiçik artım müşahidə olunur.

AMB nümayəndəsinin sözlərinə görə, 2020-ci il pandemiyası və 2022-ci il münaqişəsi dövründə pul köçürmələrinin ümumi həcmi təxminən 3,6 milyard dollar təşkil edib. Bu münaqişə təkcə Azərbaycana deyil, ümumilikdə MDB üzrə pul köçürmələri göstəricilərinə təsir göstərib. “Biz hazırkı azalmanı tənəzzül kimi deyil, normallaşma kimi qiymətləndiririk. Bu, düzgün iqtisadi yanaşmadır, çünki həmin dövrün xüsusiyyətləri dəyişib və biz bunu təbii qəbul etməliyik”, - S.Nəsirov vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, bu prosesin nəticəsində ölkəyə pul köçürmələrinin dinamikasında sabitlik müşahidə olunur və bu da iqtisadiyyat üçün normal haldır.AMB hesab edir ki, bu proseslər uzunmüddətli iqtisadi inkişafa müsbət təsir göstərəcək.

Azərbaycanın dövlət borcunun sabit ödənilməsi də müsbət haldır. Ötən il dövlət sektorunun əvvəllər dövlət zəmanəti ilə alınmış kreditləri üzrə ödənişlərə 423 milyon dollar xərclənib. Üstəlik, Azərbaycan əvvəllər idxal etdiyi mal və xidmətlərə görə də 956 milyon dollar ödəyib. S.Nəsirovun sözlərinə görə, bütün bunlar makroiqtisadi sabitliyin qorunması üçün mühüm amildir.

 

Proqnozlar və çağırışlar

İqtisadi dayanıqlılıq üçün müsbət amil olan cari əməliyyatlar hesabının profisitinə baxmayaraq, kapital hesabı və maliyyə hesabı kəsirinin məcmu təsiri ölkənin ehtiyat aktivlərinin 438 milyon dollar azalmasına səbəb olub. S.Nəsirovun sözlərinə görə, bu rəqəm məzənnə fərqi və aktivlərin yenidən qiymətləndirilməsi nəzərə alınmaqla hesablanıb.

Bu cür proseslər gəlirlərinin əhəmiyyətli hissəsi xammal resurslarının ixracından əldə edilən iqtisadiyyatlar üçün xarakterikdir. Cari hesabın profisiti müsbət xarici ticarət balansı hesabına formalaşsa da, xarici borcların ödənilməsi, idxal ödənişləri və maliyyə əməliyyatları şəklində kapital axını onun ölkənin ümumi ödəniş balansına təsirini qismən neytrallaşdıra bilər.

Azərbaycan üçün xarici borcun azaldılması fiskal dayanıqlılığın gücləndirilməsi, valyuta risklərinin azaldılması və beynəlxalq kreditorlar və investorlar tərəfindən etimadın artırılması istiqamətində mühüm addımdır.

Azərbaycan cari əməliyyatlar hesabı üzrə profisiti saxlamaqda davam edir, amma neft-qaz gəlirlərinin azalması səbəbindən onun səviyyəsi tədricən azalır. Eyni zamanda qeyri-neft sektorunun kəsiri artır və bu da iqtisadiyyatın alternativ sahələrinin aktiv inkişafını tələb edir.

Bununla yanaşı, Dünya Bankı proqnozlaşdırır ki, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 11,6%-ni təşkil edəcək, lakin sonrakı illərdə azalacaq. Bankın gözləntilərinə görə, 2026-cı ildə bu göstərici 5,4%, 2027-ci ildə - 3,8%, 2028-ci ildə - 3,6%, 2029-cu ildə isə ÜDM-in 3,4%-ni təşkil edəcək.

Profisitin azalmasının əsas səbəbi - neft-qaz gəlirlərinin tədricən azalması və mal və xidmətlərin idxalının artmasıdır.

Bankın ekspertləri hesab edirlər ki, Azərbaycanın dövlət büdcəsinin və cari əməliyyatlar hesabının profisiti neft və qazdan əldə olunan yüksək gəlirlər sayəsində qorunub saxlanılır. 2019-2023-cü illərdə cari əməliyyatlar hesabının profisiti orta hesabla ÜDM-in 14,9%-ni, büdcə profisiti isə təxminən ÜDM-in 4,1%-ni təşkil edib.

“Ölkənin fiskal siyasəti qabarıq prosiklik xarakter daşıyıb, dövlət xərcləri tez-tez artım istiqamətində yenidən nəzərdən keçirilib, xüsusilə enerji resurslarının yüksək qiymətləri fonunda. Eyni zamanda  qeyri-karbon sektorlarından vergi daxilolmalarının artması fiskal qaydaya uyğun olaraq qeyri-neft-qaz ilkin kəsirini azaltmağa imkan verib”, - bankın hesabatında deyilir.

Azərbaycan hökuməti 2025-ci il üçün cari əməliyyatlar hesabının profisitini ÜDM-in 5,6%-i səviyyəsində qiymətləndirir və 2025-2028-ci illərdə, neft və qaz hasilatı üzrə proqnozları nəzərə alaraq, onun ildə ÜDM-in 3%-i səviyyəsində sabitləşəcəyini gözləyir.

Mərkəzi Bank 2025-ci ildə cari əməliyyatlar hesabının profisitini 5,5 milyard dollar proqnozlaşdırır və bu da 2024-cü ilin göstəricisindən (4,7 milyard dollar) yüksəkdir.

“Ümumilikdə biz əlverişli fon görürük. Bu fon makroiqtisadi sabitlik üçün dəstəkləyici amildir. Ortamüddətli dövrdə cari əməliyyatlar hesabı üzrə profisitə dair proqnozumuz 5 milyard ABŞ dolları ətrafında, hətta ondan çox çoxdur”, - Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov AMB-də keçirilən brifinq zamanı nikbinliklə vurğulayıb.

Qısamüddətli perspektivdə Azərbaycanın tədiyə balansına təsir edən əsas amillər neft və qaz qiymətlərinin dinamikası, tranzit yükdaşımalarının həcmi, qeyri-neft ixracının artımı, investisiya fəallığı və kapital hərəkəti olacaq.

Beləliklə, balanslaşdırılmış fiskal siyasət və qeyri-neft sektorunun inkişafı dəyişən qlobal konyunktur şəraitində ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsində həlledici rol oynayacaq.


MƏSLƏHƏT GÖR:

142