YAXIN ŞƏRQƏ EKSPANSİYA
SOCAR və BP-nin İsrail layihəsində iştirakı Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu gücləndirə bilər
Müəllif: Nigar ABBASOVA
Martın 5-də Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığı daha da gücləndirən İğdır-Naxçıvan qaz kəmərinin təntənəli açılışından sonra ötən ay Azərbaycan-İsrail münasibətlərinin inkişafında mühüm mərhələyə çevriləcək daha bir əlamətdar hadisə ilə yadda qalıb.
Söhbət martın 17-də İsrailin Energetika Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Böyük Britaniyanın “BP Plc” və İsrailin “NewMed Energy” şirkətlərindən ibarət konsorsiuma verilən Aralıq dənizində İsrailin Ekslüziv İqtisadi Zonasında (EİZ) qaz kəşfiyyatı üçün lisenziyadan gedir. Belə ki, SOCAR BP və “NewMed Energy” ilə birlikdə Aralıq dənizinin İsrail şelfində - İsrailin Livan və Kipr ilə dəniz sərhədlərində yerləşən, qaz ehtiyatları ilə zəngin “Leviafan” yatağının yaxınlığında yerləşən strateji əhəmiyyətli zonada təbii qaz axtarışı hüququ əldə edib.
Bu layihənin bir neçə unikal aspekti var. Birincisi, bu, SOCAR və BP üçün İsrailin qaz sektorunda işləmək təcrübəsinin ilk nümunəsidir. İkincisi, uğurlu kəşfiyyat işləri artıq mövcud infrastruktur vasitəsilə Avropa bazarına çıxış imkanı aça bilər. Avropanın Rusiya qazından asılılığını minimuma endirməyə çalışdığı şəraitdə digər qaz hasilatçısı ölkələr kimi İsrail də qitəni ixrac üçün perspektivli istiqamət kimi nəzərdən keçirir. Cənub Qaz Dəhlizinin iki səhmdarının layihəyə cəlb edilməsi İsrail hakimiyyətinə Avropa bazarına çıxışda kömək edə bilər, çünki aşkar edilmiş ehtiyatlar bu ixrac marşrutu vasitəsilə Avropaya çatdırıla bilər.
Bu, SOCAR üçün həmçinin Azərbaycandan kənarda həyata keçirilən ilk kəşfiyyat qazma layihəsidir. Uğurla həyata keçirildiyi təqdirdə şirkət təkcə Yaxın Şərqdə mövqelərini möhkəmləndirməyəcək, həm də beynəlxalq enerji bazarında iştirakını genişləndirəcək və karbohidrogen kəşfiyyatı, hasilatı sahəsində əsas oyunçulardan biri statusunu təsdiqləyəcək.
Hər şey necə başladı?
Layihəni daha əvvəl həyata keçirmək planlaşdırılırdı, çünki İsrail sularında təbii qaz kəşfiyyatı üzrə dördüncü hərrac raundu hələ 2023-cü ilin oktyabrında yekunlaşmışdı. O zaman SOCAR, “NewMed Energy” və BP şirkətlərindən ibarət konsorsium İsrail Enerji Nazirliyi tərəfindən “Zona I”də kəşfiyyat işlərinin aparılması üçün lisenziya almaq üçün elan edilmiş tenderin qalibi olmuşdu. SOCAR öz növbəsində bu layihənin operatoru seçilmişdi, lakin İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında münaqişənin kəskin şəkildə gərginləşməsi səbəbindən layihənin həyata keçirilməsi təxirə salınmışdı.
Bu il martın 17-də İsrailin enerji və infrastruktur naziri Eli Koen və nazirliyin neft məsələləri üzrə komissarı Hen Bar-Yosef konsorsiuma 6 kəşfiyyat bloku üçün lisenziyalar təqdim etdilər.
“Biz bu gün dördüncü müsabiqə prosesinin nəticələrinə əsasən ilk lisenziyaları təqdim etməkdən məmnunuq. Bu, İsrail Dövlətində təbii qaz kəşfiyyatı sahəsində irəliləyişdir. Daha sonra veriləcək digərləri ilə yanaşı, bu lisenziyalar şirkətlərin ilk mərhələdə on milyonlarla dollar, daha irəli mərhələlərdə isə bəlkə də daha çox investisiya qoymaq öhdəliyini ifadə edir”, - H.Bar-Yosef qeyd edib.
SOCAR və BP üçün bu layihə İsrail qaz sektoruna çıxış olacaq. “Zona I” özü təxminən 1,7 min kvadrat kilometr sahəni əhatə edir və İsrailin Ekslüziv İqtisadi Zonasının şimal hissəsində yerləşir. Konsorsiumda SOCAR-ın payı 33,34%, BPvə “NewMed Energy”nin hər biri 33,33% təşkil edəcək.
Gözlənilir ki, keçmişdə təbii ehtiyatlar baxımından, demək olar ki, tədqiq edilməmiş bu ərazidə fəaliyyət ilk mərhələdə seysmik və digər tədqiqatların aparılmasına yönələcək. Ən perspektivli ərazilərdə kəşfiyyat qazmasının davam etdirilməsi barədə qərar bu işlərin nəticələri əsasında qəbul olunacaq.
Ümumiyyətlə, tenderin şərtlərinə görə, kəşfiyyat lisenziyaları ilkin üç illik müddətə verilir. Bu müddət ərzində lisenziya sahibləri ayrılmış ərazidə təbii qaz kəşfiyyatı potensialını qiymətləndirmək üçün icbari iş proqramını yerinə yetirməlidirlər.
Bu müddət başa çatdıqdan sonra lisenziya sahibləri yenilənmiş iş proqramının təsdiqi və lisenziya bloklarından azı birində qazma öhdəlikləri şərtilə lisenziyanın daha iki il uzadılmasını tələb edə bilərlər. Bütün öhdəliklər yerinə yetirildikdə lisenziyaların müddəti yeddi ilə qədər uzadıla bilər.
“SOCAR və BP-nin bu layihədə iştirakı İsrail Dövləti üçün əla xəbərdir. Təbii qaz bizim iqtisadi və siyasi mövqelərimizi ümumiyyətlə dünyada və xüsusilə Yaxın Şərqdə gücləndirən strateji aktivdir. Buna görə də biz xüsusilə bu zamanlarda həm daxili bazar, həm də ixrac üçün təbii qaz hasilatını genişləndirmək üzərində işləyirik”, - E.Koen lisenziya verilməsi mərasimində bildirib.
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov isə qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin iştirak etdiyi konsorsiuma verilən lisenziyalar SOCAR-ın beynəlxalq mövqelərinin gücləndirilməsi və innovativ təcrübələrin istifadəsi baxımından strateji əhəmiyyət daşıyır.
“NewMed Energy” şirkətinin baş meneceri Yossi Abu bu hadisəni şərh edərkən vurğulayıb ki, müsəlman ölkəsindən olan milli neft şirkəti - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilk dəfə olaraq İsrailin enerji sektorunda fəaliyyətə başlayıb: “BP və “NewMed Energy” ilə birlikdə bu tərəfdaşlıq böyük iqtisadi, siyasi və strateji dəyərə malikdir. Ölkələr arasında möhkəm münasibətlər çox vaxt strateji, qarşılıqlı faydalı tərəfdaşlıq üzərində qurulur. Davamlı olan münasibətlər hər iki tərəf üçün dəyər yaradan münasibətlərdir. Biz bunu son illərdə müşahidə edirik və təbii qaz sahəsində artan tərəfdaşlıq məsələsinə gəlincə, biz onu təşviq etməyə və gücləndirməyə davam edirik”.
İxrac perspektivləri
“Tamar” və “Leviafan” kimi artıq istismarda olan böyük qaz yataqları sayəsində İsrail Şərqi Aralıq dənizində mühüm qaz təchizatçısı kimi özünü təsdiqləyib.
Bu ölkə ildə 25 milyard kubmetr qaz hasil edir və bunun təxminən 55%-i daxili bazara, 45%-i isə ixraca gedir.
Ölkənin enerji nazirliyinin məlumatına görə, 2024-cü ildə İsrailin qaz hasilatı sənayesi yeni gəlirlilik rekordu müəyyən edib. Təbii qaz və faydalı qazıntıların satışından əldə edilən ümumi mənfəət təxminən 2,7 milyard dollar təşkil edib və bu da 2023-cü illə müqayisədə 8,2% artım deməkdir. 2024-cü ildə Misir və İordaniyaya təbii qaz ixracının həcmi təxminən 13,4% artıb. Əvvəlki illə müqayisədə təbii qaz hasilatının ümumi həcminin artımı təxminən 8,3% təşkil edib.
Eli Koenin sözlərinə görə, Misir və İordaniyaya ixracın artması göstərir ki, qaz sənayesi İsrail üçün regional sabitliyin, təhlükəsizliyin və ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsinə töhfə verən strateji əhəmiyyətli aktivdir.
“Mənim siyasətim aydındır: İsrailin qaz yataqlarından maksimum istifadə. Biz növbəti ildə daha çox şirkət, daha çox rəqabət, daxili bazar üçün daha çox ehtiyat və təbii qazın ixracı üçün daha çox imkan görmək istəyirik”, - o vurğulayıb.
Yeri gəlmişkən, ixracın şaxələndirilməsi məsələsi də bu ölkə üçün vacib məsələdir. İsrail Avropaya tədarük üçün müxtəlif marşrutları nəzərdən keçirir. Hələ 2022-ci ildə İsrail rəsmiləri ölkələrinin Avropada Rusiya qazının əvəzlənməsi səylərinə qoşulmaq niyyətində olduğunu bildirmişdilər. Həmin ilin iyununda İsrail və Misir Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə Qahirədə Avropaya mayeləşdirilmiş təbii qaz tədarükü haqqında saziş imzaladılar. Nəzərdə tutulur ki, İsrail qazı qonşu Misirə nəql edəcək, orada xammal mayeləşdirilmiş vəziyyətə keçiriləcək, bundan sonra tankerlərlə Avropaya çatdırılacaq.
Eyni zamanda İsrail Cənub Qaz Dəhlizinə qoşulmaq imkanını da nəzərdən keçirir. Beləliklə, SOCAR və BP-nin yeni yataqların kəşfiyyatında iştirakı ixrac imkanlarının genişləndirilməsində və bu regionda enerji əməkdaşlığının gücləndirilməsində mühüm rol oynaya bilər.
Qaz ixracının genişləndirilməsinin zəruriliyi barədə “NewMed Energy”nin rəhbəri də danışır və “İsrail bazarının dolduğunu” qeyd edir. “Artıq 1trilyon kubmetr həcmində qaz ehtiyatları kəşf edilib - bu, 50 ildən çox müddətə kifayət edər. Əgər biz onu ixrac etməsək, o basdırılmış vəziyyətdə qalacaq və heç bir fayda gətirməyəcək. Enerji təhlükəsizliyinin qorunması ilə yanaşı, ixrac siyasəti xarici investorları cəlb edir və yataqların işlənməsinə imkan verir”, - Y.Abu hesab edir.
O, həmçinin təsdiqləyib ki, İsrail Cənub Qaz Dəhlizini qaz ixracı üçün mümkün marşrut kimi nəzərdən keçirir: “Azərbaycandan başlayan boru kəməri Türkiyədən keçərək İtaliyaya çatır. Bu, potensial uzunmüddətli strateji bazarın nümunəsidir. Hazırda biz qazı İordaniya və Misirə ixrac edirik və irəliyə baxdıqda, ixrac üçün daha çox perspektivlər görürük. Variantlardan biri İsraildən Türkiyə vasitəsilə və daha sonra Avropaya, məsələn, İtaliyaya, SOCAR-ın mövcud infrastrukturundan istifadə edərək boru kəmərinin qoşulmasıdır”.
Yeri gəlmişkən, qaz təchizatı baxımından “Zona I”də qaz axtarışı layihəsi həm son istehlakçı kimi Avropa üçün, həm də Cənub Qaz Dəhlizi üçün yaxşı perspektivlər açır. SOCAR və BP-nin İsrail şelfinin kəşfiyyatında iştirakı yeni təchizat marşrutları yarada və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas həlqə kimi rolunu gücləndirə bilər.
Strateji addım
SOCAR-a gəlincə, şirkət İsrailin ofşor layihələrində iştirakını regionda mövqelərini möhkəmləndirmək üçün strateji addım kimi nəzərdən keçirir. İlk belə addım 2025-ci il yanvarın 31-də atılıb. Belə ki, o vaxt Dövlət Neft Şirkəti İsrailin “Union Energy” şirkəti ilə müqavilə imzalayaraq, Aralıq dənizində ən böyük ofşor qaz yataqlarından biri olan “Tamar” layihəsində 10% iştirak payını əldə edib.
“Bu addımla SOCAR Aralıq dənizi regionunda kəşfiyyat və hasilat layihələrinə investisiyaların həyata keçirilməsinə başlayıb”, - Azərbaycan dövlət şirkətinin məlumatında qeyd edilib.
İsrail sahillərində yerləşən “Tamar” yatağı regiona təbii qazın əsas təchizatçısıdır və enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır.
Bundan başqa, “Zona I”də qaz kəşfiyyatı üçün lisenziyadan başqa, 2025-ci il martın 17-də SOCAR “Union Energy” ilə İsrailin Ekslüziv İqtisadi Zonasında birgə qaz kəşfiyyatı üzrə Anlaşma Memorandumu imzalayıb. “Bu sazişin həyata keçirilməsi tərəflərin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə kömək edəcək və yeni enerji resurslarına çıxışı təmin edəcək”, - M.Cabbarov qeyd edib.
Sənədin təfərrüatları açıqlanmır, lakin artıq indi aydındır ki, SOCAR Yaxın Şərq regionunda öz mövcudluğunu genişləndirməyə fəal şəkildə yönəlib.
Bu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Əbu-Dabi neft şirkətindən (ADNOC) SARB, “Umm Lulu”, “Bin Nasher” və “Al Bateel” ofşor konsessiya layihəsində 3% iştirak payını alması ilə təsdiqlənir. 2024-cü il mayın 30-da həyata keçirilən sövdələşmənin məbləği 285 milyon dollardır. SOCAR-ın bu layihənin həyata keçirilməsindən gəlirləri 191 milyon manat, xalis mənfəəti isə 16 milyon manat təşkil edib.
Beləliklə, bütün bu layihələrin yalnız başlanğıc olduğunu düşünməyə əsas var. SOCAR inamla Yaxın Şərqə doğru irəliləyir, öz üfüqlərini genişləndirir və beynəlxalq arenada mövqelərini möhkəmləndirir.
Azərbaycan-İsrail münasibətləri kontekstində baxsaq, enerji tərəfdaşlığının genişləndirilməsi Azərbaycan və İsrail arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq.
MƏSLƏHƏT GÖR:


144

