5 Dekabr 2025

Cümə, 12:11

DƏYİŞİKLİKLƏR GÖZLƏNTİSİNDƏ

Aylardır davam edən etiraz aksiyaları Serbiyada bəzi dəyişikliklərə səbəb olur

Müəllif:

01.04.2025

Serbiyada bir neçə aydır ki, hökumət əleyhinə nümayişlər səngimək bilmir. Söhbət istər miqyasına, istərsə də çevrəsinə görə unikal etiraz aksiyasından gedir. Nümayişlərdə iştirak edənlərin əksəriyyəti tələbələr, həmçinin ən müxtəlif sosial qrupların təmsilçiləridir. Bu etiraz dalğasında artıq baş nazir Miloş Vuçeviç istefaya gedib. Lakin çoxları hesab edir ki, bu, etirazçıları sakitləşdirməyəcək və yaxın vaxtlarda onların aktivliyi daha da artacaq. Müşahidəçilər 2017-ci ildən prezident olan və 12 ildir hakim siyasi qüvvənin başında dayanan Aleksandr Vuçiçin hakimiyyətinin real təhlükə qarşısında olduğu qənaətindədirlər. Serbiya növbədənkənar parlament seçkisinə gedərsə, prezidentin partiyası parlamentdə mütləq çoxluğa nail olmaya bilər.

 

Çardağın əks-sədası

Serbiyada etiraz aksiyaları müxtəlif intensivliklə 2024-cü il noyabrın 1-dən bu yana davam edir. Həmin gün Novi-Sad şəhərinin dəmir yolu vağzalında dəmir-beton çardağın uçması nəticəsində 15 nəfər həyatını itirib. Hadisə zamanı xəsarət almış şəxslərdən birinin martın 21-də Belqraddakı hərbi hospitalda dünyasını dəyişməsi ilə faciə qurbanlarının sayı 16-ya çatıb. Etirazçılar baş verənlərə görə hökuməti günahlandırır. Onlar hadisənin əsas səbəbinin korrupsiya, qohumbazlıq, səhlənkarlıq və inşaatda təhlükəsizlik qaydalarına əməl edilməməsi olduğunu bildirirlər. Etiraz aksiyalarının başlamasından az sonra Serbiyanın tikinti naziri Qoran Vesiç istefa verib, vağzalın yenidən qurulmasına məsul olmuş 12 şəxs saxlanılıb. Amma bu, etiraz dalğasını azaltmayıb. Nümayişçilər bu dəfə siyasi tələblər səsləndirməyə başlayıb – prezidentin təmsil etdiyi hakim Serbiya Proqressiv Partiyası siyasi olimpdən endirilməlidir. Etirazçılar korrupsiya ilə yanaşı, ölkənin iqtisadi vəziyyətindən də narazıdırlar – inflyasiya, aşağı həyat səviyyəsi, yoxsulluq, həmçinin cinayətkarlıq səviyyəsinin yüksək olması. Aksiyalarda xarici siyasi tələblər də irəli sürülür və onlar son dərəcə ziddiyyətli xarakter daşıyır.

Martın 15-də Belqradda küçələrə müxtəlif hesablamalara görə 100-300 min arası insan çıxıb. Mitinqin gedişində baş vermiş insident isə müxalifətin hökumətin ünvanına yeni ittihamlar səsləndirməsinə əsas verib. Söhbət nümayişçilərə qarşı güclü akustik silah olan «səs topları»ndan istifadədən gedir. Şahidlər bildirirlər ki, aksiya iştirakçıları Novi-Sad faciəsinin qurbanlarının xatirəsinə 15 dəqiqəlik sükut elan edən zaman meydana yığılmış insanların başı üzərində vahiməli səs yayılıb. Sonradan bir çox aksiya iştirakçısı güclü «səs zərbəsi» eşitdiyini bildirib. Onların sözlərinə görə, o, təyyarə mühərrikinin səsini, yaxud tunel ilə hərəkət edən qatar səsini, gah da güclü partlayış, atəş səsini xatırladırmış. İnsanlar bundan çox qorxduqlarını bildirirlər. Sosial şəbəkələrdə yayılmış kadrlarda insanların təlaş içərisində ətrafa səpələndikləri görünür. Hadisənin səhəri gün Serbiyanın tibb məntəqələrinə onlarla insan müraciət edərək, qulaq ağrılarından, başgicəllənmədən şikayət edib.

Serbiya rəhbərliyi «hər hansı qeyri-qanuni vasitə»dən istifadə olunduğunu birmənalı şəkildə inkar edir, məsələnin araşdırılmasına Rusiyanın Federal Təhlükəsizlik Xidməti və ABŞ-nin Federal Tədqiqatlar Bürosunu belə, cəlb etməyə hazır olduğunu deyir. Daxili işlər naziri İvitsa Daçiç bildirib ki, «səs topu»ndan istifadə haqda yayılan xəbərlər məqsədlidir və düşmənçilik xarakteri daşıyır.

 

Əcnəbi təxribatçıların sayəsində

Prezident Vuçiç insidentin diqqətlə araşdırılacağını deyərək, «Serbiyada Maydanın təkrarlanmayacağını» xüsusi vurğulayıb. Dövlət başçısının fikrincə, onun ölkəsində baş verən nümayişlər əcnəbi təxribatçıların fəaliyyətinin nəticəsidir. Hətta «dezinformasiya yaymaqla məşğul olan» CRTA («Araşdırma, şəffaflıq və hesabatlılıq» qeyri-hökumət təşkilatı), «Earshot» (hüquq müdafiə təşkilatı) kimi ictimai təşkilatların adları da çəkilib. Bu qurumlar öz saytlarında əsasən etirazlardan yazır. Məsələn, fevralın 19-da dərc olunmuş xəbərlərdən birində bildirilir ki, CRTA tərəfindən aparılmış sosioloji sorğu Serbiyada tələbələrin etirazlarının siyasi və sosial dəyişikliklərin əsas səbəbi olduğunu göstərib. Serbiya vətəndaşlarının 80%-i tələbələrin əksər tələbini dəstəkləyir, əhalinin üçdə biri isə nümayişlərdə iştirak etdiklərini deyir. Vuçiç buna cavab olaraq bildirib ki, «CRTA əsasən Britaniya, Amerika, İsveçrə, İsveç və digər mənbələrdən maliyyələşən QHT-dir».

Serbiya baş nazirinin müavini Aleksandr Vulin isə hakimiyyətin Belqrad mitinqlərinin arxasında duran Qərbin xüsusi xidmət orqanlarının ölkədə «rəngli inqilab» etməsinə imkan verməyəcəyini söyləyib. «Biz buna imkan verməyəcəyik. Serbiyada «rəngli inqilab» cəhdini Prezident Trampın sülh təşəbbüslərini pozmağa çalışan ABŞ-nin «dərin dövlət»i və Avropanın bir neçə kəşfiyyat xidməti təşkil edib. Onların məqsədi Serbiyanı dağıtmaqdır. Onlar istəyirlər ki, burada Qərbin bütün tələblərini yerinə yetirəcək siyasətçiləri hakimiyyətə gətirsinlər… Etirazçıların əksəriyyəti Serbiyanı sevən vətənpərvərlərdir. Onları idarə edənlər isə Qərbin nəzarətindədirlər. Mən yaxın günlərdə aksiyalarda radikallığın artacağını gözləyirəm. Lakin ölkənin güc strukturları onu qoruyacaq gücdədir. Düşünürəm ki, yeni hökumətin formalaşmasından sonra vəziyyət tam nəzarətə götürüləcək», - deyə Vulin qeyd edib.

 

İstefalar və seçkilər

Serbiya Xalq Məclisi (birpalatalı parlament) yanvarın 28-də baş nazir və Novi-Sadın sabiq meri Miloş Vuçeviçin istefasını qəbul edib. Bu, prezidentin hökumətin tərkibinin yenilənəcəyi anonsu fonunda baş verib. Nəticədə, ölkədə hökumət texniki xarakter alıb, nazirlər isə həmin vəzifələrin müvəqqəti icraedicisinə çevrilib. Aprelin 18-dək yeni hökumət formalaşmazsa, iyunun əvvəlinə növbədənkənar parlament seçkisi elan olunacaq.

Hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir. Əhali arasında etiraz potensialı yüksəkdir. Müasir Serbiya tarixində bu potensial heç zaman belə həddə çatmayıb. Etirazçıların əsas hissəsinin tələbələr olması bir yandan, müxalifət üçün üstünlükdür. Onlar fəaldırlar, çevikdirlər, təhlükəsizdirlər. Eyni zamanda onları yönləndirəcək aşkar lider yoxdur (amma qəribədir ki, aksiyalar çox yaxşı təşkil və koordinasiya olunur və güman ki, yaxşı maliyyələşir). Bu etiraz forması uzunmüddətli oyundur. Gənclər və tələbələr heç yerə tələsmirlər. Digər yandan tələblər tam aydın deyil, yaxud ziddiyyətlidir. Prezident Vuçiç və komandasını ölkənin milli maraqlarından uzaqlaşmaqda, Kosovoda, Serbiya Respublikasında yaşananlara kifayət qədər diqqət ayırmamaqda, Moskva ilə əməkdaşlığı zəiflətməkdə günahlandırılır. Bununla yanaşı, etirazçılar Belqraddan Qərblə daha sıx əməkdaşlıq olunmasını, daha çox Avropalaşmasını tələb edir. Üstəlik, hər kəs özünü əsl vətənpərvər sayır, lakin heç kim düşünmür ki, belə xaotik tələblər beynəlxalq geosiyasi arenada vəziyyətin gərgin olduğu bir vaxtda ölkədə daxili siyasi sabitliyə təhdid yaradır.

Maraqlıdır ki, eyni sözləri Aİ-yə üzv olmağa çalışan, lakin Kosovoda etnik serblərə dəstəyi dayandırmayan, sanki Rusiyanı dəstəkləyən, lakin ona qarşı çıxan, Ukraynanı dəstəkləyən, amma Serbiyada çoxlarının NATO-nu düşmən saydığını bilən Prezident Vuçiç haqda da söyləmək olar.

Hələlik Brüsselin Serbiyada yaşananlara münasibəti də eyni dərəcədə qeyri-müəyyəndir. Avropada əksər partiyanın yumşaq desək, Vuçiçi sevmədiyi məlumdur. Amma etiraz aksiyalarını birmənalı dəstəkləyən də yoxdur.

Bəzi müşahidəçilər isə bildirirlər ki, Vuçiçin dediklərinə baxmayaraq, etiraz aksiyalarının özü də bəzən heç də qatı qərbpərəst təsir bağışlamır. Xüsusilə kütlənin əlində «Kosovo Serbiyadır!» kimi şüarlar göründükdə. Belə fikir də var ki, Qərb partiyaları və QHT-ləri aksiyalara nəzarəti ələ almağa çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Odur ki, etiraz aksiyası hələ ki, hakimiyyət dəyişikliyi kimi radikal hədəfi olan «rəngli inqilab»a o qədər də bənzəmir. Bu, güman ki, ölkənin sosial-iqtisadi durumundan ümumi narazılığın, ümumilikdə sistemin ədalətsizliyinə etirazın ifadəsidir.

Odur ki, indi daha çox işlənən fikir bundan ibarətdir ki, sonda Vuçiç hakimiyyətdə qalmağı bacarsa da, onu bölüşməli olacaq. Hazırda onun hakimiyyəti Serbiya Proqressiv Partiyası, Serbiya Sosialist Partiyası və «And içənlər» partiyasının koalisiyasından ibarətdir. 2023-cü ildə keçirilmiş parlament seçkisində onların hər biri yaxşı nəticə göstərib. Amma artıq dəyişikliklərin olacağı görünür. Yəqin ki, yeni hökumətin tərkibində müxalifət də yer alacaq. Bunun üçün davam etməkdə olan nümayişlərdən ortaya yeni siyasi qüvvə çıxmalı və iddiasını ortaya qoymalıdır. Onun necə, hansı siyasi qüvvə olacağı isə hələ ki, bəlli deyil.

Baş verənlər fonunda ən narahatedici məqam Serbiyanın növbəti dəfə geosiyasi hadisələrin ortasına düşməsidir. Söhbət ABŞ-də Donald Trampın hakimiyyətə qayıdışı və «qlobal düzən»ə «əl gəzdirmək» cəhdi ilə yaranmış qarışıqlıqdan gedir. Belqradda, yəqin ki, hamı bu gün Aİ-nin, həmçinin NATO-nun gələcəyinin həll olunduğunu anlayır. Demək, Balkanlarda köhnə ərazi mübahisələri, milli ziddiyyətlər yenidən canlana bilər. Bu isə çox təhlükəlidir. Birinci Dünya müharibəsinə aparan ümumavropa əhəmiyyətli hadisələr məhz Balkanlardan başlamışdı…



MƏSLƏHƏT GÖR:

115