5 Dekabr 2025

Cümə, 11:32

YENİ QURBANLAR

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edib

Müəllif:

01.04.2025

Qəzza sektorunu yenidən amansız müharibə bürüyüb. İsrailin yerüstü və hava əməliyyatlarını bərpa etməsi ilə onunla Fələstinin radikal HƏMAS hərəkatı arasında iki ay idi davam edən atəşkəsə son qoyulub.

 

Barışıq pozuldu

 Yanvarın 19-da qüvvəyə minmiş atəşkəs razılaşmasının ilk mərhələsinin 42 gün davam etməsi nəzərdə tutulmuşdu və o, martın 1-də başa çatıb. Güman olunurdu ki, o vaxtadək tərəflər barışığın ikinci mərhələsi ilə bağlı razılığa gələ biləcək. Lakin bu, baş verməyib və müharibə tam gücü ilə yenidən başlayıb.

İlk mərhələ israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tuturdu. Bundan başqa, İsrail qoşunlarını Qəzzanın əhalinin sıx olduğu rayonlarından çıxarmalı, sektor əhalisi üçün humanitar yardımların önünü açmalı idi. İlk mərhələnin gedişində HƏMAS İsrailə 25 girov və 8 yəhudinin cəsədini təhvil verib. Əvəzində, İsrail həbsxanalarında saxlanılan 1800-dək fələstinli sərbəst buraxılıb.

Təl-Əviv barışığın ikinci mərhələsinə keçilməsi üçün şərt olaraq, Qəzza sektorunun tam silahsızlaşdırılması, qalan israilli girovların da geri qaytarılması tələbini irəli sürüb. Hesab olunur ki, HƏMAS-ın 7 oktyabr 2023-cü ildə təşkil etdiyi terror hücumu zamanı girov götürülmüş 251 nəfərin 58-i hələ də Qəzzada saxlanılır.İsrail Müdafiə Ordusunun (SAXAL) məlumatına görə, onlardan yalnız 24-ü sağdır. HƏMAS isə öz növbəsində, yəhudi dövlətindən qoşunlarını Qəzzadan tam çıxarmasını və blokadaya son qoymasını tələb edirdi. Belə bir vəziyyətdə tərəflərin ortaq məxrəcə gəlməsi mümkün olmayıb.

Aralıq qərarı kimi, ABŞ-nin Yaxın Şərqdəki xüsusi elçisi Stiven Uitkoff atəşkəsin ilk mərhələsinin aprelin ortalarınadək uzadılması təklifi ilə çıxış edərək bildirmişdi ki, bu, tərəflərə danışıqları davam etdirmək, həmçinin müsəlmanların müqəddəs Ramazan ayını, yəhudilərin isə Pesah bayramını sakit şəraitdə keçirməsinə imkan verəcək. Amma Vaşinqtonun təşəbbüsü də uğursuz olub. Razılaşmaya nail olunmayacağı təqdirdə hərbi əməliyyatların bərpa ediləcəyi hədəsi ilə çıxış edən Təl-Əviv qarşı tərəfdən hələ də sağ olan və olmayan bütün girovların dərhal təhvil verilməsini istəyir, HƏMAS indiki mərhələdə yalnız bir girovun (ABŞ və İsrail vətəndaşlığı olan) və 4 cəsədin qaytarıla biləcəyini deyirdi. Nəticədə, İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS-ın inadkarlığının onlara girovları güc yolu ilə qaytarmaqdan başqa yol qoymadığını bəyan edib. Beləliklə, tam əvvəldən əsas məqsədinin HƏMAS-ın tam məhvi olduğu (elə bu üzdən, İsrail ordusunun Qəzzadan tam çıxarılması perspektivi barışığın ilk mərhələsində də ciddi görünmürdü) deyilən hərbi əməliyyatların bərpası qaçılmaz olub.

 

Netzarim, blokada, «mühacirətin idarə olunması»

İsrail mütəmadi HƏMAS-ın obyektlərinə və infrastrukturuna, bu təşkilatın liderləri və komandirlərinin mümkün sığınacaqlarına zərbələrin endirildiyinə dair məlumatlar yayır. Lakin SAXAL əməliyyatlarının əsas hədəflərindən biri Qəzza sektorunun şimal və cənub hissələri arasında Netzarim dəhlizinin bərpasıdır. İsrail hərbçiləri anklavı iki hissəyə bölən bu dəhlizi fevralda, barışıq razılaşmasının birinci mərhələsi çərçivəsində tərk edib. Hazırda SAXAL ora nəzarəti bərpa etməklə məşğuldur. Bu, ona nəinki sektorun iki hissəsi arasında bufer zona yaratmaq, həm də Qəzzanın mərkəzi hissəsinə nəzarət imkanı yaradacaq. Hazırda SAXAL, eyni zamanda Qəzzanın şimalına və cənubuna zərbələr endirir.

Dünyanın nüfuzlu media orqanları İsrailin Qəzza sektorunda miqyaslı yerüstü əməliyyatlara hazırlaşdığını yazır. Amerikanın «The Wall Street Journal» nəşri İsrail hökumətindəki mənbəyə istinadən xəbər verir ki, söhbət «HƏMAS-ın təcrid duruma salınması, onun resurslardan məhrum edilməsi üçün Qəzza ərazisinin ən əhəmiyyətli hissələrinin ələ keçirilməsi planı»ndan gedir. Böyük Britaniyanın «The Financial Times» qəzeti isə həm Qəzzanın uzunmüddətli işğalının, həm də 2 milyondan artıq fələstinlinin Aralıq dənizi boyu «humanitar zona»ya köçürülməsinin İsrailin planına daxil olduğunu bildirir.

İsrailin müdafiə naziri İsrael Katsın Qəzza sakinlərinə müraciəti əslində, bu informasiyanı təsdiqləyib: «İsrail Müdafiə Ordusu tezliklə Qəzzanın digər rayonlarında da tam gücü ilə fəaliyyətə başlayacaq. Sizdən öz təhlükəsizliyiniz üçün hərbi əməliyyatların keçirildiyi zonaları tərk etməyiniz tələb olunur. Plan artıq hazırlanıb və təsdiqlənib».

İsrail hökumətinin xüsusi «fələstinlilərin Qəzza zolağından könüllü mühacirətinin idarə olunması idarəsi» yaratdığı da məlum olub. Bu, Təl-Əvivin, həqiqətən də, fələstinli əhalinin təhlükəsizliyini düşündüyü anlamına gəlirmi? Nəzərə almaq lazımdır ki, SAXAL-ın sektorda apardığı ilyarımlıq əməliyyatlar nəticəsində dinc əhali arasında ölənlərin sayı-hesabı yoxdur. Bəzi məlumatlara görə, onların sayı 50 mini, yaralıların sayı isə 113 mini ötür. Barışığın pozulmasından keçən cəmi bir neçə gündə İsrailin aviazərbələri nəticəsində təxminən 700 fələstinli dünyasını dəyişib. Onların əksəriyyəti qadınlar, uşaqlar və qocalardır. Məlumata görə, kütləvi bombardmana məruz qalan minlərlə dinc sakinin xilas şansı yoxdur. Bununla yanaşı, saysız-hesabsız fələstinli ailə xarabalıqlar arasında susuz, yeməksiz və dərmansız qalıb.

Aydındır ki, İsrailin Qəzza sektorunda hərbi əməliyyatları bərpa etməsi strateji xarakter daşıyır. Hədəf həm HƏMAS-ın məhvidir, həm də Təl-Əvivin bütünlükdə Qəzza sektoruna nəzarəti təmin etməsi (yəhudi dövləti Fələstin tərəfinin sektora hər hansı formada nəzarət etməsini istəmir). Güman ki, İsrailin bu hədəflərə nail ola biləcəyi qənaətinə gəlməsi həm də Ağ Evə qayıtmış Donald Trampın mövqeyi ilə bağlıdır. Hər halda, İsrail Müdafiə Nazirliyi rəsmən bəyan edib ki, ölkə rəhbərliyi ABŞ Prezidentinin fələstinlilərin Qəzzadan köçürülməsi planı üzərində işləyir. SAXAL-ın hərbi əməliyyatları bərpa etməsi qərarının ABŞ administrasiyası ilə tam koordinasiyalı şəkildə verildiyi də bildirilir. Bu faktı az sonra Ağ Evin mətbuat katibi Karolin Livitt də təsdiqləyib. O, Prezident Trampın İsrailin Qəzzada yerüstü və hava əməliyyatlarını bərpa etməsini tam dəstəklədiyini söyləyib.

 

Trampın ideyası və Netanyahunun taleyi

Hələ fevralın əvvəlində, yəni Qəzzada atəşkəs razılaşmasının qüvvədə olduğu vaxt Donald Tramp Birləşmiş Ştatların dağıdılmış Qəzza zolağını nəzarətə götürməyə və «Yaxın Şərqin Rivyerası»na çevirməyə hazır olduğunu demişdi. Tramp bildirmişdi ki, bunun üçün «fələstinlilərin yeni yaşayış məskənlərinə köçməsi daha yaxşı olardı». O, istiqamət kimi, «Misir və İordaniya kimi qonşu ölkələrdə salınacaq yeni yaşayış məntəqələri»ni göstərmişdi. «Fələstinlilərin Qəzzanı tərk etməkdən başqa seçimləri yoxdur», - deyə ABŞ Prezidenti bildirmişdi.

Tramp bu bəyanatı İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtona səfəri zamanı onunla birgə keçirdiyi mətbuat konfransında səsləndirib. Netanyahu isə Trampı tərifləyərək onun ideyasının «diqqətəlayiq olduğunu» söyləyib: «Düşünürəm ki, bu, tarixi dəyişə biləcək ideyadır».

İsrailin atəşkəsə qısa zamanda son qoyduğunu, hətta «fələstinlilərin Qəzza zolağından könüllü mühacirətinin idarə olunması idarəsi» yaratdığını nəzərə alsaq, bu addımların Trampın «diqqətəlayiq ideyası»nın ilk «meyvə»ləri olduğunu düşünmək mümkündür. Görünür, İsrail hökuməti Ağ Ev sahibinin bu ideyasını Qəzzanın fələstinlilərsiz əraziyə çevrilməsilə bağlı çoxdankı məqsədinin həyata keçirilməsinə yandırılmış «yaşıl işıq» kimi qiymətləndirib.

Misirlə İordaniyaya gəlincə, onlar, əlbəttə ki, Trampın təklifindən məmnun deyillər. Əslində, Amerika ilə İsrailin birgə layihəsi olan bu «ideya»nı ümumiyyətlə, bütün ərəb dünyası da yumşaq desək, məmnunluqla qarşılamayıb. Onlar hesab edirlər ki, Yaxın Şərqdə sülhə aparan yol Fələstin dövlətinin yaradılmasından keçir, Qəzza isə məhz bu dövlətin ayrılmaz hissəsi olmalıdır.

Əslində, uzun illər ABŞ özü də ənənəvi olaraq, Fələstin dövlətinin yaradılması ideyasının dəstəkçisi kimi çıxış edib. Yaxın Şərqdəki ən yaxın strateji müttəfiqi olan İsraili hər zaman dəstəkləyən Vaşinqton, eyni zamanda yəhudi dövlətinin rədd etdiyi «iki xalq üçün iki dövlət» ideyasına həmişə dəstək verib. Bu formul Fələstin dövlətinin yaradılmasını və İsraillə birlikdə mövcud olmasını nəzərdə tutur. Trampın qatı israilpərəst mövqeyini nəzərə alsaq, Birləşmiş Ştatların «iki dövlət» formuluna dəstəyi davam etdirəcəyinə onsuz da ciddi şübhələr yaranmışdı. Bununla belə, maraq doğuran suallar arasında Trampın “köçürmə” mövqeyi ilə İsrailin hazırkı baş nazirinə şəxsi münasibəti arasında mümkün əlaqə var.

Analitiklər, o cümlədən israilli ekspertlər İsraildə Netanyahunun populyarlığının çox aşağı düşdüyünü bildirirlər. Bəzi fikirlərə görə Netanyahu fələstinlilərlə müharibənin başa çatmasında maraqlı belə, deyil, çünki sülhün bərqərar olunacağı təqdirdə onun başçılıq etdiyi kabinet dağılacaq, baş nazirin özü ilə bağlı isə korrupsiya ittihamları ilə bağlı məhkəmə qərarları çıxarılacaq. Odur ki, Trampın Fələstin-İsrail problemi ilə bağlı son bəyanatları və addımları Netanyahunun xilasına da hesablana bilər. Hər halda, Ağ Ev sahibinin İsrailin baş nazirinin həbsinə order vermiş Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq etməsi bununla əlaqələndirilir. Xatırladaq ki, Netanyahu bəşəriyyət əleyhinə cinayətlərə görə məsuliyyət daşımaqda təqsirləndirilir.

Bununla yanaşı, hazırkı Fələstin-İsrail eskalasiyasının aktorlarının motivlərinə nəzər saldıqda Netanyahunun girovları niyə məhz HƏMAS üzərində tam qələbə ilə nəticələnəcək əməliyyatlar nəticəsində geri qaytarmağa çalışdığı aydın olur. Girovların ailələri hökumətdən hələ də terrorçuların əlində olan qohumlarının təhlükəsizliyinə rəsmi zəmanət tələb edir. Eyni zamanda onlar hökumətin Qəzzada müharibənin davam etdiyi şəraitdə girovların evlərinə necə qaytarılacağına izah istəyir. Bu sualların əsaslı olduğunu HƏMAS-ın son bəyanatı da təsdiqləyir. Hərəkat bəyan edib ki, İsrailə başçılıq edən liderlərin atəşkəsə son qoymaq qərarı girovların həyatını təhlükə altına atıb. Bu, çoxdan daimi xarakter almış, dinc insanların həyatına qəsddə sərhəd tanımayan bu münaqişənin indiki mərhələsinin ən ağrılı tərəflərindən yalnız biridir.



MƏSLƏHƏT GÖR:

138