5 Dekabr 2025

Cümə, 12:12

DANIŞIQLAR ÜÇBUCAĞI

Avropanın gələcəyini kim müəyyənləşdirir? ABŞ, Rusiya və Ukraynanın sülh danışıqlarındakı rolu

Müəllif:

01.04.2025

ABŞ ilə Rusiya, həmçinin Vaşinqtonla Kiyev arasında bir neçə həftə əvvəl başlanmış danışıqların intensiv mərhələsi prezidentlər Donald Tramp ilə Vladimir Putinin uzun-uzadı telefon danışığı və Ağ Ev sahibinin Ukraynanın dövlət başçısı V. Zelenski ilə görüşü ilə müşayiət olunub. Bütün bu təmaslar tərəflərin ümumi hədəflərə doğru irəliləməli olduğu formulu müəyyənləşdirməli idi. Söhbət, əlbəttə ki, Ukraynada sülhə nail olunması hədəfindən gedir. Daha dəqiq desək, bu, Avropanın təhlükəsizliyinin konturlarının müəyyənləşdirilməsi məsələsidir. Avropa bu razılaşmalarda iştiraka ona görə ciddi şəkildə can atır. Amma onun bütün bu istəkləri rədd edilir.

 

Rədd edilən Avropa

Bu mənada, Brüsselin mövqeyi maraqlıdır. ABŞ və Rusiya liderlərinin son telefon danışığından sonra Avropa diplomatiyasının başçısı Kaya Kallas bildirib ki, Moskva Ukraynada sülh istəmir. O, bu fikri Aİ ölkələrinin əksəriyyətinin bölüşdüyünü də söyləyib. Avropa paytaxtlarından Moskvanın ünvanına gələn sərt fikirlər əksinə, Rusiya ilə dialoq qurmağa çalışan Birləşmiş Ştatların mövqeyi ilə ziddiyyət təşkil edir. Vaşinqtonda hesab edirlər ki, bu, onların danışıqlarda mövqelərini gücləndirmək, Kremlin davranışlarına təsir etmək imkanı verəcək.

Rusiyanın Vaşinqtonla razılığa gəlinməsini daha asan sayaraq danışıqları məhz onunla aparması, Avropanın təhlükəsizliyi məsələsini Avropa olmadan müzakirə etməyə çalışması da təəccüblü deyil. Buradan belə qənaətə gəlmək olar ki, Brüssel özü öz mövqeyini pisləşdirir və nəticədə, Moskva dialoqun qurulması baxımından onu daha arzuolunmaz tərəfdaş sayır.

Belə çıxır ki, bu məsələdə təşəbbüsü Vaşinqtona güzəştə gedir. ABŞ isə Avropanın təhlükəsizliyinə özünəməxsus yanaşır və faktiki olaraq, Aİ-nin maraqlarına məhəl qoymayaraq, Moskva ilə təkbaşına razılığa gəlmək istəyir. İndi avropalıların danışıqlar masası arxasında peyda olmasında yalnız onun rəqibləri deyil, müttəfiqləri də maraqlı deyil. Onlar haqlı olaraq düşünürlər ki, indiki şəraitdə Brüsselin danışıqlar masası arxasına əyləşməsi ilə dialoq ümumiyyətlə baş tutmaya bilər.

Danışıqlar prosesinə birbaşa təsir göstərə bilməyən avropalılar isə razılaşdırılma prosesində yer alan, zaman-zaman Brüsselin də maraqlarını ifadə edən Kiyevlə təmasa üstünlük verir.

 

Avropanın təhlükəsizliyinin qiyməti

Avropa İttifaqı ilə ABŞ arasında gərginliyin həddindən artıq ciddi olması onların iqtisadi əməkdaşlığına da təsirini göstərir – formal müttəfiqlər arasında dialoq tez-tez sərt mübahisə xarakteri də alır. Aİ təhlükəsizlik sahəsində aydın funksiyalara malik formata çevrilmək, Avropadakı hərbi-siyasi proseslərə təsir göstərmək istəyini açıq şəkildə ifadə edir. Aİ dövlət başçılarının martın 21-də Brüsseldə keçirilmiş sammitinin əsas mövzusu əbəs yerə Avropanın təhlükəsizliyinin maliyyələşdirilməsi deyildi. İştirakçılar arasında fikir ayrılıqlarının dərinliyi üzündən, gündəliklə bağlı konsensusa böyük çətinliklə nail olunmuşdu. Nəticədə, sammitin yekununda qəbul olunan planın adı belə, dəyişdirilib: «ReArm Europe» (Avropanı yenidən silahlandırmaq) əvəzinə «Readiness 2030» (Hazırlıq 2030).

İspaniya və İtaliyanın da daxil olduğu bir sıra ölkələrin tənqidindən sonra Aİ «təkrar silahlanma» ifadəsindən imtina etmək qərarına gəlib. Lakin Aİ-nin müdafiə xərclərini qarşılamaq üçün yeni ümumi borclanma ideyasını iştirakçıların əksəriyyəti dəstəkləyib. Ona yalnız İsveçlə Niderland qarşı çıxıb. İdeyaya Almaniya da ehtiyalı da olsa, dəstək verib. Lakin bu ideyanın gerçəkləşdirilməsi ciddi maliyyə çətinlikləri üzündən heç də asan görünmür.

Məsələ ondadır ki, 2028-ci ildə Aİ-nin əvvəlki kollektiv borclanmasına görə 800 milyard avronun ödənilməsinə başlanılacaq. Söhbət COVID-19-dan sonra bərpaya ayrılmış maliyyədən gedir. Əvvəlcə bu xərclərin yeni vergilər hesabına qarşılanması düşünülürdü. Lakin mövcud maliyyə çətinlikləri üzündən Aİ-nin əksər ölkəsi bu istiqamətdə praktik addımlar ata bilməyib. İndi məsələnin başqa həlli yolu tapılmazsa, borc ödənişləri Aİ büdcəsinin 10-20%-ni təşkil edə bilər ki, bu halda da müdafiə xərcləri də daxil, istənilən yeni maliyyə təşəbbüslərinin reallaşdırılması çətin olacaq.

Aİ sammitində digər məsələlərlə yanaşı, ABŞ-nin Ukrayna ilə bağlı apardığı danışıqlara «təsir etmək yolları» da müzakirə edilib. Mediada yer alan xəbərlərə görə, bu diskussiya cəmi 2 saat çəkib. Müzakirələr zamanı Ukrayna Prezidenti Zelenski sammit iştirakçılarına monitor vasitəsilə qoşulub. Lakin tərəflər heç bir qərar qəbul edə bilməyib. Macarıstan Aİ-nin dövlət və hökumət başçıları sammitinin Ukraynaya dəstəklə bağlı yekun sənədini növbəti dəfə bloklayıb. Onu yalnız 26 ölkə dəstəkləyib.

Amma Ukraynaya ayrı-ayrı dövlətlər səviyyəsində müxtəlif yardımların göndərilməsi davam edir. Məqsəd onun müqavimət qabiliyyətini gücləndirmək, danışıqlardakı mövqeyini möhkəmləndirməkdir. Amma görünən odur ki, bu da təmənnasız olmur.

 

Müharibəyə ümid

Martın əvvəlində Almaniya kəşfiyyatının (BND) başçısı Bruno Kal bildirib ki, Rusiya Kollektiv Təhlükəsizlik üzrə Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin işləkliyini yoxlamağa çalışır. O, hesab edir ki, Ukraynada hərbi əməliyyatların dayandırılacağı təqdirdə gələcəkdə bu risk daha güclü olacaq.

Kal deyib ki, savaş 2029-2030-cu illərdən tez başa çatarsa, Rusiya tezliklə Avropa üçün təhdidə çevriləcək. Ukraynanın özündə bu fikirlər birmənalı qarşılanmayıb. Ukraynalı siyasətçilər Kalı tənqid edərək bildiriblər ki, onun kimilər mövcud itkilərə baxmayaraq, münaqişəni öz mənfəətləri üçün uzatmağa çalışırlar.

Bütün bunların fonunda Brüsselin və ayrı-ayrı Avropa ölkələrinin Ukraynaya hərbi və maliyyə yardımı göstərmələri Vaşinqton və Moskvaya mesaj kimi də qiymətləndirilə bilər. Yəni Aİ münaqişəyə real təsir göstərən qüvvədir və onunla hesablaşmamaq olmaz. Bütün bunların isə bir məqsədi var – danışıqlar masası arxasında özünə yer etmək və orada mövqeyi daha güclü olan tərəf kimi görünmək. Çünki tək Ukraynanın deyil, Avropanın özünün də gələcəyi orada həll olunur.

Avropadakı indi və hətta gələcək nəsil burada sülhün əsas parametrlərinin Aİ-nin iştirakı olmadan müəyyənləşdirilməsilə çətin barışsın. Bununla yanaşı, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Moskvanın təcavüzkar planları ilə bağlı narahatlıqları azaltmaq üçün bildirib ki, Rusiya Prezidenti Vladimir Putin «bütün Avropanı» ələ keçirməyi düşünmür. «Mən onun (Putinin) bütün Avropanı ələ keçirmək istədiyini görmürəm. Bu, İkinci Dünya müharibəsi dövründəkindən çox fərqli vəziyyətdir», - deyə o, qeyd edib. Uitkoff o vaxt NATO formatının olmadığını xatırladıb.

 

Danışıqlar prosesi ilə bağlı miflər və reallıqlar

Tramp ilə Putin arasında fevralın 12-si və martın 18-də baş tutmuş iki telefon danışığından sonra belə təəssürat yaranır ki, tərəflər ümumi davranış xətti müəyyənləşdirib və ondan sapmamağa çalışır. Bundan başqa, ABŞ və Rusiya liderləri arasında Trampın sözləri ilə desək, «rasional dialoq» da yaranıb.

Atəşkəs razılaşmasına dair müzakirələr özündə bir neçə parametri əks etdirir. Enerji infrastrukturuna zərbələrdən tutmuş, Qara dənizdə hərbi əməliyyatlaradək. Paralel olaraq, danışıqlar Ukrayna tərəfi ilə də aparılır. Martın 19-da Ukrayna və ABŞ prezidentləri arasında da telefon danışığı olub. Zelenski deyib ki, «Ukrayna ilə ABŞ müharibəyə real olaraq son qoyulması və dayanıqlı sülhə nail olunması üçün birgə işləməyə davam etməlidirlər. Biz hesab edirik ki, Amerika ilə, Tramp ilə birlikdə ABŞ-nin rəhbərliyi altında bu il möhkəm sülhə nail oluna bilər».

Əldə edilmiş razılaşmaya əsasən ABŞ-nin nümayəndə heyəti martın 23-də Səudiyyə Ərəbistanında Ukrayna rəsmiləri ilə, 24-də isə Rusiya təmsilçiləri ilə görüşüb. Hər iki görüşdə tərəflər bir-birini əvvəlki razılaşmaları pozmaqda günahlandırıb ki, bu da, təbii ki, iştirakçıların müzakirələrinin nəticəsinə verdikləri qiymətə öz təsirini göstərib.

Volodimir Zelenski Moskvanın razılaşmalara əməl edəcəyinə şübhə ilə yanaşdığını növbəti dəfə dilə gətirib. Söhbət hansı razılaşmalardan gedir? Ər-Riyadda aparılmış müzakirələrdə Ukraynanın nümayəndə heyətinə rəhbərlik etmiş Rustem Umerovun sözlərinə görə, ABŞ ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmini və enerji infrastrukturuna zərbələrin tam qadağan edilməsi razılaşdırılıb. Kremldə isə bildirirlər ki, bu maddələr qüvvəyə yalnız Vaşinqtonun Rusiya banklarına, gübrə tədarükçülərinə və kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi bəzi sanksiyaları ləğv etməsindən sonra qüvvəyə minəcək.

Danışıqlarının nəticələrini şərh edən Donald Tramp nikbinliklə bildirib ki, bu dəfə tərəflər ciddi irəliləyişə nail olub. Zelenski isə Rusiyanın müzakirələrə «sonradan aşağı düşə bilmələri üçün çox yüksək tələblərlə başlayır». «ABŞ nə bizim tərəfimizdədir, nə də Rusiyanın. Oradadır», - deyə Zelenski qeyd edib.

Ekspertlər hesab edirlər ki, əldə olunmuş razılaşmalar Kiyevə elə də çox fayda vermir. Məsələ ondadır ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Hava Hücumundan Müdafiə sisteminin boşluqlarını tapmağın yollarını öyrənib və indi onun enerji infrastrukturuna daha ciddi zərbələr endirir. Rusiya tərəfi isə diqqəti daha çox Donbasda hücum əməliyyatlarına yönəldib. Bu istiqamətdə tərəflər arasında hər hansı razılaşma yoxdur.

Bununla yanaşı, Amerika nümayəndələri danışıqlarda Ukrayna tərəfindən ərazi güzəştlərinə gedilməsi məsələsinin detallı müzakirə olunduğunu da deyirlər.

Bəli, danışıqların və aktual geosiyasətin reallıqları budur. Onları bəyənməmək olar, amma onlarla hesablaşmamaq çətindir.



MƏSLƏHƏT GÖR:

140