«XOŞBƏXTLİK MƏKTUBU»
ABŞ-nin yeni Yaxın Şərq siyasəti İrana nə vəd edir?
Müəllif: İlqar VƏLİZADƏ
Donald Tramp ABŞ Prezidenti vəzifəsinə qayıdar-qayıtmaz, İranla münasibətlərdə qarşıdurma xəttini bərpa edib. Xatırladaq ki, o, dövlət başçısı kimi ilk səlahiyyət müddətində də eyni davranışla yadda qalmışdı. O zaman da Tehranı nüvə proqramından imtinaya məcbur etmək istəyini ifadə edən sərt bəyanatlar İran rəhbərliyinə siyasi-diplomatik təzyiqlərin gücləndirilməsi ilə müşayiət olunurdu.
Bu günlərdə isə ABŞ Prezidenti İranı görünməmiş bombardmanla hədələyib. O, Tehranın nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürəcəyi razılaşmanı imzalamayacağı təqdirdə, bu ssenarinin işə düşə biləcəyini deyib. Skeptiklər bu hədənin İranı qorxudacağını düşünmür. Amma yenə də, bu mövqenin tərəfləri ziddiyyətlərin aradan qaldırılması üçün diplomatik səyləri artırmağa vadar edəcəyinə müəyyən ümidlər var. İran artıq ABŞ-nin məktubuna cavab verdiyini bildirib. Lakin cavabın nədən ibarət olduğunu açıqlamayan İslam Respublikası sanki bu işi Vaşinqtonun boynuna qoyub.
Vaxt getdi
Amerika Prezidenti martın əvvəlində İranın ali dini lideri Əli Xameneiyə məktub yazıb. Mediada yer alan məlumatlara görə, məktubda Tramp qarşı tərəfə nüvə proqramına dair yeni razılaşmanın əldə olunması üçün iki ay vaxt verdiyini bildirib. Tehran məktubun öyrəniləcəyini və ona geniş cavabın yazılacağını bəyan edib.
Doğrudur, iki aylıq müddətin nə vaxt başlayacağı və ya başladığı məlum deyil. Hər halda, Əli Xamenei məktubu aldığını martın 12-də, Vaşinqtonun bu haqda məlumat yaymasından xeyli sonra etiraf edib.
Bununla yanaşı, Tehran lap əvvəldən xəbərdarlıq edirdi ki, faktiki olaraq ultimativ üslubda yazılmış məktuba müsbət cavabın veriləcəyini gözləməyə dəyməz. Elə Ağ Evin özündə də deyəsən, bu dialoqun uğurlu alınacağına inam çox deyil. Vaşinqton İrana təzyiqi davam etdirməyə köklənib. Donald Trampın bu gün Yaxın Şərqdəki ən aktiv iranpərəst qüvvə olan husilərə – «Ənsərullah» qruplaşmasına qarşı müharibə elan etməsinin əsasında da bu dayana bilər. Qərarın formal səbəbi qruplaşma üzvlərinin Qırmızı dənizdə gəmiçiliyə mane olmasıdır.
«İranın maliyyələşdirdiyi husi başkəsənlər Amerika təyyarələrinə raket atır, qoşunlarımızı və müttəfiqlərimizi hədəf seçir», - deyə D.Tramp sosial şəbəkə hesabında yazıb: «Onların quldurluğu, zorakılığı və terroru milyardlara başa gəlir və insanların həyatına təhlükə yaradır».
Cavabında qruplaşma Qırmızı dənizdə gəmiçiliyə problem yaratmağa davam edəcəyini bəyan edib. Husilər bildirir ki, bu, İsrailin Qəzzanın blokadasına son qoymasınadək davam edəcək.
İranın dəstəklədiyi, İsraili düşmən sayan bu qiyamçı qrup Yəmən paytaxtı Sanaya və ölkənin şimal-qərbinə nəzarət etsə də, beynəlxalq birlik tərəfindən hökumət kimi qəbul olunmur.
Husilər İrana təzyiq amili kimi
İsrailin HƏMAS ilə müharibəyə başlamasından sonra regiondakı bütün əsas iranpərəst qüvvələr sonuncuya dəstək ifadə edərək, yəhudi dövləti ilə silahlı savaşa qalxıb. Buna İsraillə miqyaslı proksi müharibədə İranın dəstəklənməsi kimi yanaşılır. Lakin Qəzzada HƏMAS-ın, Livanın cənubunda və Suriyada «Hizbullah»ın məğlub edilməsi Tehranı əməlli-başlı məyus edib. İndi İranın hədəflərinə çatmasına dəstək verən yeganə hərbi qüvvə Yəmən husiləridir. Onlar İsrailin Qəzzada, Livanın cənubunda və İordan çayının qərb sahilindəki əməliyyatların cavabı olaraq, dəfələrlə yəhudi dövlətinin ərazisinə raket və dron hücumları ediblər. İsrailin Qəzzaya yardım tədarükünü dayandırmasından sonra isə husilər Qırmızı dənizdə və strateji əhəmiyyətə malik Bab-əl-Məndəb boğazında İsrail və Qərb gəmilərinə yenidən hücumlara başlayıblar. İndi ABŞ-nin onların mövqelərinə zərbələr endirməsi, yəqin ki, husilərin cavab addımlarına səbəb olacaq – onlar böyük ehtimalla, Amerikanın ticarət və hərbi gəmilərini hədəf seçəcəklər. Bu, problemi çətin ki, həll etsin.
Ukraynada müharibənin dayandırılması səylərini və İsrailin Qəzza zolağında HƏMAS-ın məhv etməsinə dəstəyi davam etdirən Tramp, deyəsən, Yəməndə yeni hərbi kampaniyaya başlayır. Amma burada onun son hədəfi o qədər də aydın deyil. Məsələn, Vaşinqtonun husiləri bir hərbi qrup kimi tam məhv etməyi, yoxsa sadəcə, döyüş qabiliyyətini itirəcək qədər zəiflətməyi düşündüyü bilinmir.
ABŞ-nin Qırmızı dəniz regionundakı Hərbi-Dəniz Qüvvələri martın ortalarından başlayaraq, husilərin mövqelərinə onlarla dəqiq zərbə endirib. Əsas hədəf radarlar, mobil raket qurğuları, dronların saxlandığı yerlər, təlim düşərgələri və mənzil-qərargahlardır. Medianın məlumatına görə, bu zərbələr nəticəsində husilərin bir neçə lider isə daxil olmaqla, xeyli insan ölüb.
«Bu barədə açıq danışmasaq da, bilin ki, əməliyyat planı var», - deyə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komandanlığının əməliyyatlar üzrə direktoru, general Aleksus Qrinkeviç Müdafiə Nazirliyinin Pentaqonda təşkil etdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əməliyyatlar «prezidentin müəyyənləşdirdiyi hədəflərə çatanadək» davam edəcək. O, söhbətin konkret hansı hədəflərdən getdiyini söyləməyib.
Administrasiya nümayəndələri bildirirlər ki, əməliyyatın məqsədi husilərin dəniz gəmiçiliyinə mane olmaq imkanlarının zəiflədilməsidir. Husilər 2023-cü ilin sonlarından başlayaraq, bunu əsas hədəflərindən birinə çeviriblər. Bayden administrasiyası husilərin müqavimətini qırmağa dəfələrlə cəhd etsə də, nəticəsi olmayıb. Vaşinqton onlarla İran arasındakı təchizat kanallarını qapatmağı da bacarmayıb.
İndi Trampın komandası qruplaşmanı zəiflətməyi, bununla da, İrana gücdən istifadə imkanlarının məhdudlaşdığı mesajı verməyi düşünür. Amerikada hesab edirlər ki, mesaj ünvanına çatacaq və demək, Tehranla nüvə proqramı ilə bağlı razılığa gəlinməsi şansı artacaq.
Yeni regional müharibə
Bu istiqamətdə atılan digər addımlarla yanaşı, İsrailin Qəzza sektorunda genişmiqyaslı hərbi əməliyyatları bərpa etməsinə «yaşıl işıq» da yandırıla bilər.
2015-ci ildə Yəmən paytaxtının husilərin nəzarətinə keçməsindən sonra Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərinin, Bəhreynin və ABŞ da daxil olmaqla, digər müttəfiqlərinin dəstəyi ilə bu qruplaşmaya qarşı müharibəyə başlamışdı. O zaman bir neçə il davam edən savaş heç bir ciddi nəticə vermədi. Hədəfinə çata bilməyən Səudiyyə Ərəbistanı aktiv hərbi əməliyyatları dayandırmalı oldu. Nəticədə, qruplaşmanın istər Yəməndə, istərsə də ümumilikdə regionda mövqeləri yenidən gücləndi. Stokholm razılaşması (2018) kimi tanınan diplomatik təşəbbüsün yaraqlılara ölkənin ən iri limanlarından olan Hudeydəyə nəzarət imkanı yaratması da qruplaşmanın mövqeyini gücləndirən amillərdən olub. Husilər bu limanı silah və pul dövriyyəsi mərkəzinə çeviriblər. Hərbi əməliyyatların miqyasına baxmayaraq, uzun illər ərzində Yəməndə münaqişə əsasən Ərəbistan yarımadasının cənubu ilə məhdudlaşıb. 2023-cü ilin payızında HƏMAS-ın İsrailə hücumu və yəhudi dövlətinin buna miqyaslı cavabından sonra isə husilər dünyanın ən vacib su yolu ilə hərəkət edən kommersiya gəmilərini hədəf seçməyə başlayıblar. Onlar bu əməllərini Qəzza fələstinliləri ilə həmrəylik aksiyası adlandırırlar.
Maraqlıdır ki, Tramp husilərlə savaşı «azad gəmiçiliyin bərpası» uğrunda müharibə kimi təqdim edir. Bununla yanaşı, məlumdur ki, Amerika lideri daha əvvəl Vaşinqtonun dəniz yollarının təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürməsinə qarşı çıxırdı. Tramp Yaxın Şərq neftindən asılı olan Asiya ölkələrinə və digər dövlətlərə açıq şəkildə bildirirdi ki, onlar bu yükü öz üzərlərinə götürməlidirlər.
İndi bu hədəf daha çox Amerika administrasiyasının əsas hədəfini pərdələyən vasitəyə bənzəyir. Görünən odur ki, əsas məqsəd İranın bu proksi-gücünün potensialını sarsıtmaq və Tehranı regional siyasətdəki iddialarına yenidən baxmağa vadar etməkdir. Bununla yanaşı, ABŞ-nin gücləndirilmiş hərbi kampaniyasının husi təhdidini sındıra bilib-bilməyəcəyi böyük sualdır. Bunun ciddi nəticələr verməyən növbəti bahalı savaşa çevriləcəyi istisna deyil. Əsas problem ondadır ki, transmilli silahlı qruplaşma olan husiləri dəstəkləyən yalnız İran deyil. Yəmən əhalisinin əhəmiyyətli bir hissəsin, Yaxın Şərqin müxtəlif nüfuzlu siyasi qüvvələri də onların arxasındadır. Asimmetrik savaş aparan husilər yerli şəraitə də yaxşı uyğunlaşıblar. Onlar kiçik qruplar şəklində fəaliyyət göstərir, yazşı təchiz olunmuş sığınacaqlara, yeraltı əlaqə sistemlərinə, silah anbarlarına, raket istehsal edən kiçik zavodlara və s. malikdirlər. Yəni onların öhdəsindən gəlmək o qədər də asan məsələ deyil.
Kompromis mümkündürmü?
Görünür, bunu Vaşinqtonda da anlayırlar. Hər halda, ABŞ-dən Tehranla husi məsələsində razılığa gələ biləcəkləri eyhamları eşidilməkdədir. Ola bilsin ki, ameriklılar buna İranın nüvə proqramı ilə bağlı məsələdə kompromisə getməsinin qarşılığı olaraq təklif edir.
Bundan başqa, mövzu Amerika-Rusiya danışıqları formatında da müzakirə olunur. Moskvanın Tehranla yaxşı münasibətləri var və Ağ Evdə ümid edirlər ki, Rusiya tərəfi Ukrayna müstəvisində müəyyən güzəştlər müqabilində onların İranla dil tapmasına kömək edə bilər.
Məlumdur ki, ABŞ-nin dövlət katibi Marko Rubio husilərə qarşı hərbi əməliyyatlar məsələsini Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə də müzakirə edib. Rubio bildirib ki, «husilərin Qırmızı dənizdə Amerikanın hərbi və kommersiya gəmilərinə davam edən hücumlarına son qoyulacaq».
Lavrov isə öz növbəsində, «güc tətbiqinin dərhal dayandırılmasının», «qan tökülməsini dayandırmaq üçün həll yolunun axtarışı məqsədilə bütün tərəflərin siyasi dialoqa qatılmasının» vacibliyini vurğulayıb.
Tehrana gəlincə, o, husilərlə əlaqələrini davamlı olaraq inkar etməklə, mesajları cavablandırmaqdan yayınır. «Biz təzyiqlər, təhdidlər, sanksiyalar altında birbaşa danışıqlara getməyəcəyik. Trampın məktubuna yaxın günlərdə cavab verəcək, onu lazımi kanallarla çatdıracağıq», - deyə İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin dövlət kanalındakı çıxışında bildirib. Trampın məktubunun məzmununu şərh edən Əraqçi deyib ki, o, daha çox hədələrdən ibarətdir: «Amma orada guya hansısa imkanların olduğu da bildirilir. Biz hər iki aspekti nəzərdən keçirəcək və cavabımızı verəcəyik».
İranın XİN başçısı daha sonra bildirib ki, şərait dəyişdiyindən, 2015-ci ilin nüvə razılaşmasını «həyata qaytarmaq» mümkün deyil. Bununla yanaşı, o, həmin sənədin gələcək danışıqlar üçün əsas ola biləcəyini istisna etməyib. Nazir bununla izah etməyə çalışıb ki, Tehranla Vaşinqtonun razılığa gəlməsi mümkündür. Amma bunun üçün Vaşinqton «öz siyasətini dəyişməlidir».
Vaşinqtonun buna hazır olduğunu göstərən siqnal və əlamətlər isə demək olar ki, yoxdur. Əksinə, Ağ Ev ritorikanı yumşaltmağı düşünmür. Məsələ o yerə çatıb ki, dövlət katibi Rubio Tramp administrasiyasının İranda hakimiyyət dəyişikliyi kursunu götürə biləcəyini açıq şəkildə dilə gətirib. Rubionun sözlərinə görə Tehran nüvə proqramı ilə bağlı danışıqlardan imtina edərsə, bu ssenari istisna deyil. «Diplomatiyanın iflasa uğrayacağı təqdirdə İran dosyesi tamamilə Pentaqona veriləcək», - deyə o, bildirib.
Vaşinqtonda ümid edirlər ki, sanksiyaların sərtləşdirilməsi və paralel olaraq hərbi təzyiqlər İranda daxili siyasi narazılığı artıracaq, bu isə hakimiyyət dəyişikliyi üçün trigger olacaq. İranda son zamanlar arası kəsilməyən nümayişlər göstərir ki, hökumətin bunların qarşısını almaq imkanları məhduddur. Bütün bunlar isə sonda sistemin zəifləməsinə və rejim dəyişikliyinə yol aça bilər. Bu ssenarinin qarşısını almaq istəyi Tehranı mövqeyinə yenidən baxmağa, Vaşinqtonla mümkün danışıqlara daha praqmatik yanaşmağa vadar edə bilər.
İranın Xarici İşlər Nazirliyi bu günlərdə bəyan edib ki, ABŞ Tehranın cavab məktubunu alıb və onunla tanış olub. Bu cavabın Vaşinqtonu qane edəcəyinə ümid çox deyil. Ümid tərəflərin pis sülhün yaxşı müharibədən, yaxşı olduğunu anlayacağına qalır. Ələlxüsus da söhbət nüvə mübahisəsindən gedirsə.
MƏSLƏHƏT GÖR:



165

