ERMƏNİSTAN ODLA OYNAYIR
İrəvan sülh müqaviləsinin imzalanmasına hazırlaşmaqdansa, sərhəddə gərginlik yaradır
Müəllif: NURANİ
Azərbaycanla Ermənistan arasında bir neçə aydır nisbi sakitliyin hökm sürdüyü şərti sərhəddən yenidən həyəcanlı xəbərlər gəlməkdədir. Ermənistan Silahlı Qüvvələri bir neçə gündür ki, atəşkəs rejimini pozur, bəzən belə hallar sutkada bir neçə dəfə baş verir – Azərbaycanın mövqeləri müxtəlif növ silahlardan atəşə tutulur. Hələlik bu, «narahatlıq yaradan atəş»dən başqa bir şey deyil. İnsidentlər nəticəsində yaralanan və ya həlak olan yoxdur. Amma bu, baş verənlərə «oldu, keçdi» prinsipi ilə yanaşılması üçün əsas deyil. Xüsusilə son siyasi hərəkətlər fonunda.
Müqavilə razılaşdırılıb, amma…
Məhz bu insidentlər ərəfəsində Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri sensasion məlumat yayıblar: Bakı ilə İrəvan gələcək sülh müqaviləsinin mətnini razılaşdırıb. Tərəflər son dövrlərədək razılaşdırılmamış qalan iki maddə üzərində də ortaq məxrəcə gəlməyi bacarıb. İndi qalır yalnız müqavilənin imzalanacağı vaxtı və məkanı müəyyənləşdirmək.
Lakin az sonra məlum olub ki, sənədin artıq «gələn həftə» imzalanacağını gözləməyə dəyməz. Birincisi, Bakı Ermənistan Konstitusiyasında dəyişiklik olunmasını tələb edir – oradan Qarabağa iddialar çıxarılmalıdır. İkincisi, Bakı tələb edir ki, İrəvan Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğvi təşəbbüsünü dəstəkləsin.
Bir daha bildirilir ki, Ermənistan Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsinə iddianın qaldığı halda sülh müqaviləsi imzalanmayacaq. Bunun səbəbi isə tamamilə aydındır. Ölkənin əsas qanununda revanşa «əl yeri» qalacaqsa, sülh müqaviləsinin heç bir mənası olmayacaq.
Belə bir vəziyyətdə Ermənistan sanki konstitusiya islahatlarına start verib. Baş nazir Nikol Paşinyan rəsmən bu təşəbbüslə çıxış edib, istər «Vətəndaş müqaviləsi» partiyasından olan silahdaşları, istərsə də digər siyasi qüvvələrlə bununla bağlı müzakirələrə başlayıb. Amma konstitusiya dəyişikliyi üçün vaxt lazımdır. Bundan başqa, bu, referendumun keçirilməsini də tələb edir. Demək, Ermənistanda yeni konstitusiya ən yaxşı halda 2027-ci ildə peyda ola bilər və İrəvan bunu birmənalı şəkildə belə də deyir. Təbii ki, o vaxtadək istər regionda, istərsə də Ermənistanın özündə çox şey dəyişə bilər. Bu yerdə Molla Nəsrəddinin məşhur «ya xan ölər, ya eşşək» məsəli yada düşür.
Bu gün Ermənistanda Paşinyanın siyasi mövqeyi onun arzuladığı qədər möhkəm deyil. Doğrudur, onun səlahiyyət müddətinin bitməsinə hələ çox var. Amma ekspertlər Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın vəzifəsini vaxtından əvvəl tərk etməyə necə məcbur qaldığını yada salırlar. Üstəlik, o, bu vəziyyətlə məhz Azərbaycanla sülhə çağırışları üzündən qarşılaşmışdı. Bununla yanaşı, konstitusiya dəyişiklikləri nəticəsində oradan Qarabağa iddiaların çıxarılacağına da zəmanət yoxdur. Nəhayət, məsələ referendumdan «keçməyə» də bilər və bu halda rəsmi İrəvan «xalqın iradəsi»nin arxasında gizlənmək imkanı qazanacaq.
İrəvanın ATƏT-in Minsk qrupunun buraxılması məsələsinə yanaşması da aydın deyil. Sözdə İrəvan sanki bu fikirlə razıdır. Əmələ gəlincə, o, ATƏT-in forumlarında susmağa üstünlük verir. Bu davranış Ermənistan diplomatiyası üçün heç də yad deyil. Prinsipial məsələlərdə rəsmi İrəvanın bir çox halda iki və daha çox mövqeyi olur: biri özünün, ikincisi yaxın müttəfiqlərinin, üçüncüsü daha kimlərinsə…
Diplomatik oyun, yoxsa «revanş üçün meydan»?
İrəvanın bu diplomatik manevrləri hər dəfə ortaya eyni sualları çıxarır: Ermənistanın ATƏT-in Minsk qrupunun taleyi ilə bağlı bu ikili mövqeyi onun revanş planlarının olması ilə bağlı deyil ki? Bakı hesab edirsə ki, Qarabağ münaqişəsi artıq bitib, bu səhifə artıq çevrilməlidir və bundan sonra birgə gələcək qurmaq haqda düşünülməlidir, Yerevan bu məsələni «işlək» vəziyyətdə saxlamaq üçün əlindən gələni edir. Erməni diasporunun fəallığı da düşündürücüdür. Onlar mütəmadi olaraq Qarabağ mövzusunda müxtəlif «forum»lar, «konfranslar» keçirməyə çalışır, bu toplantılarda «ermənilərin təhlükəsiz qayıdışı» və s. kimi məsələlər müzakirəyə çıxarılır. Bütün bunların münaqişəni gündəmdə saxlamaq cəhdi olduğu aydındır. Ermənilər dünya birliyini guya problemin hələ də həll edilmədiyinə inandırmaq istəyir. ATƏT-in Minsk qrupunun qorunub saxlanması, həmçinin konstitusiya islahatlarının ləngidilməsi də bu məntiqə tam uyğun gəlir.
Bakı lap əvvəldən mübahisələri məsələlərin vasitəçilərsiz həllində israr edib və edir. İrəvan isə hələ də mümkün vasitəçilərin, daha dəqiqi, moderatorların köməyi ilə razılığa gəlinməsini, bununla da Azərbaycana ona sərf edən variantı qəbul etdirməyə ümid edir. Bunun nə qədər mümkün və real olması məsələsi görünür, Ermənistanı düşündürmür. O, həvəslə ikili oyun oynayır. İrəvan gah Avropa İttifaqı və ABŞ-nin qucağına atılır, Fransa ilə «qucaqlaşır», gah yenidən Rusiya ilə körpülər qurur…
Amma Ermənistanın revanş planını göstərən əsas və ən təhlükəli məqam isə onun hərbi hazırlığıdır.
«Sülh» yazılır, «müharibə» oxunur
Ekspertlərin hesablamalarına görə, 2025-ci ildə Ermənistanın hərbi xərcləri 1,7 milyard dollar olacaq. Bu, onun büdcəsinin təxminən 30, ÜDM-nin isə 6%-i deməkdir. Əlbəttə, İrəvanın Azərbaycanın 5 milyard dollarlıq hərbi büdcəsinə çatmasına çox var. Lakin hərbi xərcləri büdcədəki payına görə Cənubi Qafqazın lideri məhz Ermənistandır.
Prinsipcə, onun bu davranışına izah tapmaq mümkündür. Birincisi, Qarabağda üzləşdiyi darmadağından sonra Ermənistan hərbi sahədə yaranmış «yırtıq»ları yamamalı, itirdiyi silah və texnikanı bərpa etməyə çalışır. 44 günlük müharibə zamanı Azərbaycan Ermənistanın 5 milyard dollarlıq silah və hərbi texnikasını məhv edib və ya hərbi qənimət kimi ələ keçirib. Bundan başqa, Ermənistan artıq öz sərhədlərində yeni hərbi mövqelər qurmalıdır. Amma onun müttəfiqlərindən aldığı və ya almaq üçün yalvardığı silahlar əsasən hücum silahlarıdır. Fransanın «Caesar» haubitsalarını buna klassik nümunə göstərmək olar. Şərti sərhəddə isə məhz hücum xarakterli dayaq məntəqələri yaradılır. Bakını narahat edən daha bir məqam Ermənistanda İrəvanın vaxtilə işğal etdiyi Qarabağda qurduğu və artıq devrilmiş işğalçı rejimin strukturlarının qalmasıdır.
Politoloqlar bildirirlər ki, Ermənistan ikili oyun oynamağa – sülhdən danışaraq, müharibə hazırlıqları görməyə vərdişkardır. Üçüncü ölkə hökumətləri və xarici siyasət idarələrinin bir-birinin ardınca razılaşmanın əldə olunmasını alqışladığı bir vaxtda sərhəddə yenidən atəş səsləri eşidilməyə başlayırsa, bu, təşviş yaratmaya bilməz: nə baş verir?
Güllələnən siyasi nikbinlik
Sərhəddə atəş, əlbəttə ki, təsadüf də ola bilər. Xüsusilə əsəblər tarıma çəkilmiş vəziyyətdədirsə. Şübhəli hərəkət, hansısa kölgə – vəssalam. Amma burada söhbət tək-tük atəş səsindən deyil, Azərbaycan mövqelərinin məqsədli şəkildə atəşə tutulmasından gedir. «Təsadüfi insident» bir neçə gün davam edirsə, hətta sutkada bir neçə dəfə təkrarlanırsa, bu, nəzəri baxımdan təsadüf ola bilməz.
Onu da düşünmək olar ki, bu, məsələn, «Yerkrapa» kimi terror qruplaşmalarının sərhəddə təxribat yaratmaq cəhdidir. Məsələn, ötən ilin fevralındakı kimi. Lakin birincisi, «silahlı şəxslər»ə nəzarət, onların sakitliyini təmin etmək İrəvanın birbaşa vəzifəsidir. İkincisi, insidentlərin sayı «qeyri-leqal hərbi strukturların əməlləri» kimi təqdim oluna bilməyəcək qədər çoxalıb.
Bəs Yerevanın məqsədi nədir? Press-relizlərdə bu suala cavab tapılmasa da, ehtimal etmək mümkündür.
Gələcək sülh müqaviləsinin mətninin razılaşdırıldığına dair həvəsli diplomatik bəyanatlara baxmayaraq, Nikol Paşinyan onun imzalanmasına o qədər də istəmir. Qarabağ müharibəsini uduzmaq ağır siyasi iflas olsa da, «Artsax»dan kağız üzərində imtinanı «kababçı baş nazir»ə bağışlamaya bilərlər. Xüsusilə də onun «Qarabağ Ermənistandır və nöqtə!» kimi bəyanatlarını, Araik Arutunyanın «inauqurasiya» mərasiminin Şuşada keçirilməsi qərarını, Cıdır düzündəki rəqsini alqışlayan qüvvələr. Sərhəddə təxribatlara əl atılması isə sülh müqaviləsinin imzalanması planını pozmağın ən «etibarlı» yoludur.
İrəvanda gərginlik yaradan daha bir məsələ sərhədlərin delimitasiyası və demarkasiyası prosesidir. Müharibədən dərhal sonra bu proses Rusiyanın moderatorluğu ilə getdikdə Ermənistan xeyli kənd evini, strateji avtomobil yolunun bir hissəsini, vacib yüksəklikləri və s. itirməli, Qazax rayonunda isə 4 kəndi Azərbaycana qaytarmalı olmuşdu. Hazırkı şərti sərhədin hər iki tərəfində yaxşı bilirlər ki, SSRİ dövründə Azərbaycan torpaqlarının ələ keçirilməsi hansı miqyasda baş verib. Sərhədlərin ciddi əhəmiyyət kəsb etmədiyi həmin dövrdə işğal nəticəsində burada nələrin baş verdiyi də yaxşı məlumdur. Bu gün sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlandığı vaxtda Ermənistan qanunsuz ələ keçirdiyi ərazilərlə vidalaşmalı olur. İrəvanın zaman-zaman ortaya atdığı, guya Azərbaycanın «Ermənistanın suveren ərazisinə girdiyi»nə dair miflər də dağılır. Sülh müqaviləsinin tezliklə imzalana biləcəyinə dair söhbətlərin müşayiəti altında İrəvan ən etibarlı, sınaqdan çıxmış üsuluna əl atmaqdan başqa yol tapmır. Söhbət sərhəddə silahlı insidentlər törətməkdən gedir.
Amma deyəsən, Ermənistanda 2021-2022-ci illərin sərhəd təxribatlarının nə ilə nəticələndiyini unudublar.
MƏSLƏHƏT GÖR:




122

