BURA SİNQAPURDUR
Bu cənub-şərq ölkəsi turistləri nə ilə təəccübləndirir?
Müəllif: Elçin HÜSEYNOV, Bakı-Sinqapur-Bakı
Yəqin ki, çoxları diqqət yetiriblər ki, son vaxtlar dünyanın bir çox hava limanlarında gömrük nəzarətindən əl yükündə su və maye keçirmək daha asanlaşıb. Avropa ölkələrində bir çox hava limanları mayenin təhlükəsizliyini yoxlayan yeni xüsusi avadanlıqla təchiz edilib. Buna görə də nəzarətdə bəzən hətta 1-1,5 litrlik butulkaların keçirilməsinə icazə verilir. Lakin Sinqapur hava limanında bunu qətiyyən edə bilməyəcəksiniz. Gömrük nəzarəti işçiləri hətta kiçikhəcmli maye qablarını gördükdə onları müsadirə edirlər. Hətta 100 q su və ya istifadə olunmuş kiçik günəş kremini belə keçirmək olmaz. Əlbəttə, siz etiraz edə və ya sadəcə bunu əl yükündə keçirməyə icazə verməyi xahiş edə bilərsiniz, lakin gömrük işçisi söhbəti qısa edəcək və monoton səslə əzbərlənmiş ifadəni deyəcək: “Bura Sinqapurdur. Qaydalara əməl etmək lazımdır”.
Sərt və qəribə cərimələrlə
Şübhəsiz ki, sosial şəbəkələr sayəsində Sinqapurun sərt qanunları və ağır cərimələri haqqında dəfələrlə eşitmisiniz. Bu, həqiqətən də, belədir. Bu, ölkədə qanun-qaydanın fəlsəfəsi və cəmiyyətin inkişafı ilə bağlı bir neçə mühüm amillə izah olunur. Birincisi, Sinqapur çox yüksək təhlükəsizlik və nizam-intizam səviyyəsinə malik dövlətdir və bu da onu dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevirir. Sərt cərimələr və qanunlar intizamı qorumağa və cinayətkarlığı minimuma endirməyə kömək edir. Sinqapurda küçədə zibil atmaq və ya ictimai yerlərdə hörmətsiz davranış kimi kiçik hüquq pozuntuları belə ciddi şəkildə cəzalandırılır. Bu, yüksək ictimai nizam-intizamı qorumaq, o cümlədən bütün vətəndaşlar və turistlər üçün rahat şərait yaratmaq üçün vacibdir.
İkincisi, Sinqapurda cinayətlərə və hüquq pozuntularına qarşı “sıfır dözümlülük” prinsipi tətbiq olunur. Bu, o deməkdir ki, qanun insanın törətdiyi hüquq pozuntusunun nə dərəcədə ciddi və ya kiçik olması arasında fərq qoymur. Hətta kiçik pozuntular belə cəzalandırıla bilər. Bu, ictimai yerlərdə qanunsuz siqaret çəkmək, dələduzluq və ya ictimai əmlaka ziyan vurmaq kimi sadə məsələlərə də aiddir.
Və üçüncüsü, Sinqapurda əsas aspektlərdən biri təmizlik və ətraf mühitin qorunmasıdır. Zibil, çirklənmə və ekosistem ilə bağlı pozuntular haqqında sərt qanunlar şəhərin nümunəvi vəziyyətdə saxlanılmasına yardım göstərir. Bundan əlavə, Sinqapurda intizam mədəniyyəti və ictimai normalara hörmət qorunur. Bu, yol qaydalarından tutmuş ictimai yerlərdəki qaydalara qədər həyatın bütün sahələrinə aiddir. Yüksək cərimələr vətəndaş məsuliyyəti hissinin formalaşmasında mühüm rol oynayır.
Bəli, Sinqapurda turistlərin sadəcə başa düşə bilməyəcəyi təəccüb doğuran (hətta şokedici) və sərt cərimələr var. Məsələn, ictimai yerlərdə saqqız atdığınız üçün 1000 Sinqapur dolları (SGD), yəni 748 ABŞ dolları məbləğində cərimə edilə və ya bir il həbs oluna bilərsiniz. Mənzilinizdə çılpaq gəzsəniz, cərimə 2000 SGD ola bilər və ya üç aya qədər həbs cəzasına məhkum edilə bilərsiniz. Sinqapurda ticarət mərkəzləri kimi bəzi ictimai yerlərdə çimərlik geyimində olmaq qadağandır. Bu, 1000 SGD-yə qədər cərimə ilə nəticələnə bilər.
Əgər icazəsiz başqasının “Wi-Fi”na qoşulmağa qərar versəniz, cərimə 1000 SGD-yə qədər çata bilər. Küçədə quşları və ya heyvanları yemləyənləri 1000 SGD-yə qədər cərimə gözləyir. Metroda yemək və içmək, həmçinin ictimai yerlərdə durian (pis qoxulu, lakin bahalı meyvə) kəsməyə görə 500 SGD-yə qədər cərimə ala bilərsiniz. Əgər təsadüfən zibil atsanız və ya küçəyə tüpürsəniz, 1000 SGD ödəməli olacaqsınız, təkrar pozuntu üçün isə sizi qaydaları pozanın kim olduğunu hamının bilməsi üçün parlaq köynəkdə küçələri təmizləməyə məcbur edəcəklər. Əgər mahnı oxumağınız ətrafdakıları narahat edirsə, qonşuları və ya təsadüfi yoldan keçənləri narahat etdiyiniz üçün 1000 SGD cərimə ala bilərsiniz. Gecə vaxtı (22:30 və 07:00 arasında) səs-küy də cərimə və ya hətta həbslə nəticələnə bilər.
Bundan başqa, Sinqapurda yol hərəkəti qaydalarına ciddi nəzarət olunur. Yolu qadağan olunmuş yerdən keçən piyadalar 100 SGD cərimələnə bilərlər. “Hands-free” cihazı (səsucaldan cihaz) olmadan mobil telefondan istifadə edərək avtomobil sürmək də 1000 SGD-yə qədər cərimə ilə nəticələnə bilər. Avtobus dayanacaqları, binalar və parklar daxil olmaqla bir çox ictimai yerlərdə siqaret çəkmək qadağandır. Pozuntu üçün cərimələr kifayət qədər yüksək ola bilər: ilk pozuntu üçün 1000 SGD-yə qədər.
Bu cərimələr ciddi qüvvəyə malikdir və qanunun pozulması təkcə narahatlıq deyil, həm də pozucular üçün ciddi maliyyə yükü ola bilər. Yadda saxlamaq vacibdir ki, Sinqapur sərt hüquq-mühafizə sistemi ilə məşhurdur. Buna görə də turistlər yerli qanunlara və adətlərə xüsusilə diqqətli yanaşmalıdırlar.
Viza ilə və ya vizasız
Bir çox ölkələrin vətəndaşları kimi Azərbaycan vətəndaşları da Sinqapura daxil olmaq üçün viza almalıdırlar. Onu (sənədlər qaydasında olduqda) 7-10 gün ərzində onlayn formatda almaq mümkündür. Lakin Sinqapura vizasız 4 günlük daxil olmaq imkanı da var. Bu üsuldan Azərbaycan daxil olmaqla bir çox ölkələrdən olan turistlər istifadə edirlər.
Bunun üçün sadəcə 96 saat müddətinə tranzit viza almaq lazımdır. Bu, Sinqapurdan tranzit keçdiyiniz halda mümkündür. Turist, sadəcə, bir ölkədən daxil olub, digər dövlətlərə uçmalıdır: məsələn, Malayziya-Sinqapur-İndoneziya hava marşrutu ilə. Lakin səyahətçi səfərdən əvvəl “Singapore Arrival Card” elektron miqrasiya kartını rəsmiləşdirməlidir. Elektron ünvana təsdiq gəlir və bu da hava limanına daxil olarkən avtomatik istifadə olunur. İmmiqrasiya nəzarətində artıq pasporta möhür vurmurlar. Avtomatlaşdırılmış sistemlər pasportunuzu oxuyur və dərhal alınmış immiqrasiya kartı ilə tutuşdurur. Aparat, həmçinin sizin fotonuzu çəkir və Sinqapura “Xoş gəlmisiniz!” deyir. Bütün proses cəmi 1-1,5 dəqiqə çəkir.
Dünyanın ən yaxşı hava limanında
Sinqapur ekvatorial iqlimi sayəsində ilin istənilən vaxtında turistləri cəlb edir. Burada hər zaman isti və rütubətlidir, hava temperaturu (25-31°C) ilboyu sabit qalır.
Sinqapura səfər etmək üçün ən yaxşı vaxt isə fevral-aprel və iyul-sentyabr aylarıdır. Bu vaxt yağıntı daha az olur və hava daha xoşdur. Lakin nəzərə almaq lazımdır ki, qısamüddətli yağışlar ilin istənilən vaxtında yağa bilər. İsti və rütubətə dözümü olmayanlara isə bu ölkəyə dekabr və ya yanvar aylarında gəlmək tövsiyə olunur. Belə ki, bu aylarda temperatur bir qədər aşağıdır. Alış-veriş həvəskarları üçün ən yaxşı vaxt Böyük Sinqapur alış-verişinin keçirildiyi iyul ayıdır.
Sinqapur dünyanın ən müasir və rahat hava limanlarından birinə - Changiyə malikdir. Bu, sadəcə, nəqliyyat qovşağı deyil, həm də miniatür şəhər adlandırıla bilən heyrətamiz imkanlar və əyləncələr kompleksidir. Bu hava limanı müxtəlif beynəlxalq reytinqlərə görə dəfələrlə dünyanın ən yaxşı hava limanı kimi tanınıb və hər il minlərlə turisti təkcə təyinat məntəqəsi kimi deyil, həm də görməli yer kimi cəlb edir.
Hava limanı hər il milyonlarla sərnişini qəbul edən dörd terminaldan ibarətdir. Hər bir terminal sadəcə adi mağazalar və kafeləri olan bina deyil. Bu, səyahətçilər üçün əsl kosmosdur, burada hər kəsə heyrətamiz və qeyri-adi bir şey tapmaq imkanı verilir.
Çanginin ən məşhur xüsusiyyətlərindən biri kompleksin müxtəlif hissələrində yerləşən çoxlu yaşıl guşələr və bağlardır. Burada sərnişinlər hətta uçuşu gözləyərkən təbiətin gözəlliyindən zövq ala bilərlər. Terminallardan birində 1000-dən çox növ orxideyanın olduğu əsl botanika bağını xatırladan möhtəşəm orxideya bağı var. Terminal №3-də isə canlı təbiətin əhatəsində ecazkar məxluqları – kəpənəkləri müşahidə edə biləcəyiniz unikal kəpənək bağı var.
Lakin əsas diqqəti həmişə ən yeni texnologiyalar və dizayn həllərinin nümunəsi olan terminal №4 cəlb edir. Və bütün bunların mərkəzində 2019-cu ildə açılan inanılmaz əyləncə kompleksi “İnci” var. Bu, şüşə günbəz formasında olan nəhəng tikili Sinqapur və hava limanının rəmzinə çevrilib. Burada dünyada qapalı məkanda ən hündür şəlalə 24 saat boyu fəaliyyət göstərir - onun hündürlüyü 40 metrdir. O, axşam vaxtı rəngarəng işıqlarla işıqlandırıldığı zaman daha da cəlbedici olan fantastik mənzərə yaradır. “İnci”nin damında hava limanının müxtəlif hissələrini birləşdirən və hündürlükdə atmosferdən birbaşa zövq almağa imkan verən gözəl mənzərəli piyada cığırı var.
Çangi, eyni zamanda böyük ticarət mərkəzidir - burada dəbdəbəli brendlərdən yerli ləzzətlərə qədər 280-dən çox mağaza və restoran var. Burada, həmçinin 24 saat işləyən pulsuz kinoteatr fəaliyyət göstərir. Uşaqlarla səyahət edənlər üçün hava limanında əyləncə cihazları olan oyun otaqları var. Hətta bir neçə spa-salon və masaj otaqları da var.
Bir məsələni diqqətdən qaçırmayın - Çangi çox böyükdür və əgər tranzit uçuşunuz varsa və terminallar fərqlidirsə, bilet alarkən vaxtı da nəzərə alın. Sizə terminallar arasında pulsuz transfer təqdim olunacaq.
“Şirlər şəhəri”ndə
Sinqapur sanskrit dilindən hərfi tərcümədə “şir şəhəri” deməkdir: “sinha” sözü “şir”, “pura” isə “şəhər” mənasını verir. Əfsanəyə görə, ilk malay kralı Sanq Nila Utama (XIV əsr) Tumasik adası boyunca gəzərkən qeyri-adi bir heyvan görür. Saray əyanları bu varlığın nə olduğunu müəyyən edə bilmirlər və yalnız səyahət edən müdrik adam onun şir olduğunu deyir.
Sinqapurun əfsanəvi simvolu “merlayon” - aslan başlı və balıq bədənli bir varlıqdır. Əfsanələr deyir ki, qədim zamanlarda merlayon adanı təbii fəlakətlərdən qoruyurmuş. Şəhər-dövlət süni yaradılmış adalar daxil olmaqla, 63 adadan ibarətdir. Sinqapurun qonşuları bəndlər və körpülər vasitəsilə həm dəniz, həm də quru əlaqəsi olan Malayziya və İndoneziyadır. Əhali sıxlığına görə Sinqapur dünyada ikinci yeri tutur və bu mənada yalnız Monakoya uduzur. Burada 1 kvadrat kilometrdə 8169 nəfər yaşayır.
Yerli sakinlərin təxminən 77 faizini çinlilər, 14 fazini malaylar, Hindistandan gələnlər (tamillar, pəncablılar, benqallar, malayalilər) isə təxminən 8 faizini təşkil edir. Ölkədə buddizm, islam, xristianlıq, daosizm, konfutsiçilik və hətta animizm - təbiətin canlı olmasına inam dinc şəkildə bir arada mövcuddur.
İrqlərin, millətlərin, dillərin və dinlərin müxtəlifliyi Sinqapura unikal xarakter verir. Burada müasir biznes mərkəzlərinin göydələnləri ilə Çayna-taun, Litl-İndiya və Ərəb küçəsinin rahat məhəllələri yanaşı yerləşir. Sinqapurun təhsil sistemi dünyanın ən yaxşılarından biri kimi tanınır və əhali arasında savadlılıq səviyyəsi 99,9 faiz təşkil edir. Ölkənin tibbi xidməti də ən yaxşılardan biri hesab olunur. Lakin pulsuz tibbi yardım yalnız Sinqapur vətəndaşlarına və yaşayış icazəsi olan şəxslərə təqdim olunur. Buna görə də turistlərə beynəlxalq tibbi sığorta əldə etmək tövsiyə edilir.
Sinqapurun əsas görməli yerləri arasında unikal hovuzu və binanın damında 200 metr hündürlükdə yerləşən “Sands Sky Park” tropik parkı olan “Marina Bay Sands” hotel-kazinosunu qeyd etmək olar. Bir çox turist özlərini şəhər və göydələnlərin möhtəşəm mənzərəsi olan bu hovuzda üzərkən əbədiləşdirmək istəyir. Lakin təəssüf ki, hovuza yalnız hotel qonaqları daxil ola bilər, çünki kənar şəxslər üçün giriş məhduddur. Buna görə də bəzi turistlər bu memarlıq möcüzəsini görmək, orada üzmək və xatirə üçün foto çəkdirmək üçün bu hoteldə otaq kirayələyirlər. “Marina Bay Sands”da qiymətlər mövsümdən, otaq tipindən və rahatlıq səviyyəsindən asılıdır. Orta hesabla standart otağın qiyməti gecəsinə 400-500 SGD (təxminən 300-375 ABŞ dolları) təşkil edir. Lüks otaqlar və süitlər əhəmiyyətli dərəcədə daha baha ola bilər - 1500 SGD-dən (təxminən 1100 ABŞ dolları) başlayaraq. Buna imkanı olmayanlar isə yuxarıda körpü ilə birləşdirilmiş üç qüllədən ibarət binanın baxış meydançasını ziyarət edir.
Hər səyahətçinin foto çəkdirdiyi, Sinqapurun ən əlamətdar yerlərindən biri “Körfəzdəki Bağlar”dır (Gardens by the Bay). Bu yer Sinqapurun gələcək şəhəri kimi simvoluna çevrilib. Bağlar şəhərin mərkəzində, “Marina Bay Sands” hotelinin yanında yerləşir. Digər populyar turistik istiqamətlərdən fərqli olaraq, “Körfəzdəki Bağlar”ı həm gündüz, həm də gecə pulsuz ziyarət etmək olar.
“Körfəzdəki Bağlar” metronun yanında yerləşir (“Bayfront” stansiyası). Beləliklə, hətta Çangi hava limanında transfer zamanı cəmi bir neçə saatınız olsa belə, bu yeri ziyarət etməyə vaxt tapa bilərsiniz.
Burada nəhəng pullu istixanalar “Gül günbəzi” (“Flower Dome”) və “Bulud meşəsi” (Cloud Forest), 18 futuristik “ağac” (“SuperTree Groves”), ən böyük ağacları birləşdirən 22 metr hündürlükdə yerləşən asma körpü (“Skyway”), kaktus pavilyonu, cırcırama gölü, kol və ağaclardan heykəllərlə xiyaban, 30 min nəfərlik tədbirlər və konsertlər üçün səhnə, restoranlar, kafelər və sair var.
Sinqapur çoxmədəniyyətli cəmiyyəti ilə məşhurdur və bu, onun məhəllələrində əks olunur. “Çayna-taun” ənənəvi Çin yeməklərini dadmaq və Çin icmasının tarixi ilə tanış olmaq üçün bir yerdir. Hind məhəlləsi - Hindistan atmosferini hiss etmək, hind mətbəxini dadmaq və parlaq rənglərin və ətirlərin zövqünü çıxarmaq üçün bir yerdir.
Sinqapur Zooparkı dünyanın ən yaxşılarından biridir, heyvanlar üçün təbii şəraiti və saxlanma üsullarının innovativ metodları ilə tanınır. Burada “Gecə safarisi”ni ziyarət etmək lazımdır. Burada nadir heyvanları qaranlıq vaxtlarda təbii yaşayış mühitində görmək olar.
Əgər alış-verişi sevirsinizsə, Orçard-Roud mütləq ziyarət etməli olan bir yerdir. Bu, şəhərin əsas ticarət küçəsidir, burada ən nüfuzlu butiklər, ticarət mərkəzləri və restoranlar yerləşir. Burada dünya moda evlərindən yerli dizaynerlərə qədər brendləri tapa bilərsiniz.
Sinqapur Asiya yeməklərini sevənlər üçün əsl cənnətdir. Burada Çin, hind, malay və digər mətbəxlərin yeməklərini dadmaq olar və hər kəs öz zövqünə uyğun bir şey tapa bilər. Lakin nəzərə alın ki, Azərbaycandan, eləcə də MDB və ya Avropadan olan turistlər, çox güman ki, burada alışdıqları yeməkləri tapa bilməyəcəklər.
Ən yaşıl ölkə
Sinqapur, həqiqətən də, dünyanın ən yaşıl ölkələrindən biri hesab edilir və bu, sadəcə reklam deyil, insan və təbiətin harmonik birgə yaşayışına yönəlmiş düşünülmüş ekoloji siyasətin nəticəsidir. Dayanıqlı inkişafa gedən yol asan olmayıb, lakin bu gün yaşıl ərazilər onun ərazisinin təxminən 50 faizini əhatə edir.
Sinqapur şəhər həyatının ayrılmaz hissəsinə çevrilmiş geniş şəhər parkları, bağları və yaşıl zonaları şəbəkəsi ilə məşhurdur. Şəhərin böyük hissəsi yaşıl zonalar üçün ayrılıb və onlara hər addımda rast gəlmək olar.
Orxideya bağı və digər botanika bağları, məsələn, UNESCO-nun Dünya İrsi Siyahısında olan Sinqapur Botanika Bağı, təkcə estetik dəyəri deyil, həm də biomüxtəlifliyin qorunmasının vacibliyini nümayiş etdirir.
Sinqapurun əsas xüsusiyyətlərindən biri binaların damlarında bitkilərdən və yaşıllıqlardan istifadə edilməsidir. Burada “yaşıl dam”lar konsepsiyası fəal şəkildə inkişaf etdirilir. Binaların damları və eyvanlarında bitkilər əkilir. Bu təcrübə təkcə havanın keyfiyyətini yaxşılaşdırmağa deyil, həm də şəhərlərdə temperaturu azaltmağa kömək edir ki, bu da tropik iqlim şəraitində xüsusilə vacibdir.
Sinqapur, həmçinin dayanıqlı tikinti konsepsiyasına riayət edir və ekoloji cəhətdən təmiz və enerji səmərəli texnologiyaları tətbiq edir. Bu kontekstdə ekoloji cəhətdən təmiz və enerji səmərəli texnologiyalara əsaslanan layihələri tanıyan “BCA Green Mark” kimi binalar üçün “yaşıl sertifikatlar”dan istifadə mühüm yer tutur. “Yaşıl bina”lar təkcə enerji istehlakını minimuma endirmir, həm də təbii materiallardan istifadə edir və şəhər mühitində ətraf mühitin qorunması üçün şərait yaradır.
Sinqapurda su ehtiyatlarının idarə edilməsi sistemi, o cümlədən suyun təmizlənməsi və təkrar istifadəsi uğurla həyata keçirilib. Park və bağların suvarılması üçün resurs kimi istifadə olunan yağış suyunun təmizlənməsi texnologiyaları tətbiq edilir. Bu da məhdud təbii su mənbələri şəraitində su ehtiyatlarının qorunmasına və yaşıllıqların saxlanılmasına yardım göstərir.
Böyük park və bağlardan əlavə, Sinqapurda küçələrin və ictimai məkanların yaşıllaşdırılmasına böyük diqqət yetirilir. Burada şəhərin müxtəlif hissələrini birləşdirən, park və yaşıl zonalardan keçən “yaşıl dəhliz”lər - marşrutlar yaradılır. Bu, təkcə şəhərin ekosistemini yaxşılaşdırmağa kömək etmir, həm də sağlam və rahat şəhər mühitinin yaradılmasına töhfə verir. Buna misal olaraq, böyük parkları və yaşayış rayonlarını birləşdirən “yaşıl xiyaban”lar şəbəkəsi olan “Qrin-koridor”u göstərmək olar.
Bir sözlə, Sinqapur mədəniyyət, texnologiya və təbiətin unikal qarışığını görmək istəyənlər üçün ideal yerdir. Onun heyrətamiz görməli yerləri, inanılmaz mətbəxi və təhlükəsizliyi bu şəhəri dünyanın ən yaxşı turizm istiqamətlərindən birinə çevirir. İstər göydələnlərdən açılan möhtəşəm mənzərələrə baxmaqla, istər tarixi məhəllələrə səyahətlə, istərsə də yerli mətbəxin ekzotik atmosferinə qərq olmaqla Sinqapur sizə ömür boyu yaddaşınızda qalacaq unudulmaz anlar bəxş edəcək.
MƏSLƏHƏT GÖR:













122

