5 Dekabr 2025

Cümə, 11:28

MÜZAKİRƏLƏRİN MƏRKƏZİNDƏ

Avropa ölkələri Azərbaycan qazının idxalına böyük marağı təsdiqləsə də, Aİ aydın zəmanətlər verməyə tələsmir

Müəllif:

15.04.2025

Məlum olduğu kimi, enerji təhlükəsizliyi və davamlı qaz təchizatı məsələləri mövsümdən asılı olmayaraq aktuallığını qoruyur.

Bu həssas mövzu ətrafında növbəti müzakirələr Bakıda ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları çərçivəsində aparılıb. İki əsas tədbir 23 ölkənin, 6 beynəlxalq təşkilatın və 44 şirkətin nümayəndələrini bir araya gətirib.

Azərbaycan yenidən təbii qaz ixracının genişləndirilməsi və bərpa olunan enerji mənbələri sektorunun paralel inkişafı kursunu müəyyən edib. İclaslar zamanı “yaşıl enerji” istiqamətinin təşviqinə yönəlmiş yeni sazişlər imzalanıb.

Avropa İttifaqı (Aİ) isə öz növbəsində Rusiya qazından imtina siyasətinə sadiq qaldığını təsdiqləyərək təchizatın, o cümlədən Azərbaycandan idxal hesabına şaxələndirilməsinə vurğu edib.

 

Hər şeyin başında maliyyə dayanır

Bakıda bir daha təsdiqlənib ki, 2027-ci ilə qədər Azərbaycan qazının tədarük həcminin artırılması məqsədləri qüvvədə qalır. Bu baxımdan, Cənub Qaz Dəhlizinin (SGC) əsas elementlərinin - Trans-Adriatik Qaz Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin 20 milyard və TANAP-ın 31 milyard kubmetrə qədər ikiqat artırılması aktuallığını saxlayır. Lakin Azərbaycanda bu məsələnin həllini Avropanın ehtiyacları və qaz alqı-satqısı üzrə uzunmüddətli müqavilələrin (15 il və daha çox) bağlanılması mexanizmindən uzaqlaşan qitə ölkələrinin mövqeyi ilə əlaqələndirirlər.

Prezident İlham Əliyev çıxışına SGC-nin 2020-ci ilin dekabr ayının son günündə istifadəyə verildiyi andan indiyədək fəaliyyəti ilə bağlı nəticələrlə başlayıb. 2022-ci ilin iyulunda Bakı və Brüssel arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun imzalanmasından sonra Azərbaycan qazının Avropaya tədarükü təxminən 60% artıb: 2021-ci ildəki 8 milyarddan 2024-cü ildə təxminən 13 milyard kubmetrə qədər. Beləliklə, Avropa artıq Azərbaycan qaz ixracının yarısından çoxunu alır və bu da ümumilikdə təxminən 25 milyard kubmetr təşkil edir. Üstəlik, bu göstərici daha da artacaq.

“Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq”, - Azərbaycan lideri bildirib.

Bu məqamda qeyd edək ki, hazırda Azərbaycan təbii qazı 12 ölkəyə ixrac edir. Onlardan səkkizi Avropa İttifaqının üzv dövlətləridir.

“Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”, - İlham Əliyev əlavə edib.

Dövlət başçısı, həmçinin hazırda tam gücü ilə işləyən SGC-nin genişləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu, əhəmiyyətli maliyyələşmə tələb edəcək. O, bununla əlaqədar bir daha beynəlxalq maliyyə təsisatlarını, daha əvvəl qalıq yanacaqla bağlı layihələri dəstəkləməkdən imtina edənləri öz siyasətlərinə yenidən baxmağa çağırıb: “Xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır”.

Prezident izah edib ki, Azərbaycan korporativ maliyyələşmə və borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikdir, bu da karbohidrogenlərin hasilatı və nəqli sahəsində irimiqyaslı layihələri uğurla həyata keçirməyə imkan verib. “Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda, bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir. Və bu müsbət siqnal deyil... Ümid edirik ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq”, - Azərbaycan dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidentinin toxunduğu daha bir mühüm məqam uzunmüddətli müqavilələrin bağlanması məsələsi olub. Bu, bizim üçün niyə vacibdir? İlham Əliyevin izah etdiyi kimi, bu gün Azərbaycanın Cənub Qaz Dəhlizinin tikintisinə yatırdığı investisiyalar hələ geri qayıtmayıb: Azərbaycan “sıfır balans”a çatmayıb. Bu baxımdan, Avropa bazarında Azərbaycan qazına uzunmüddətli tələbatın olmasına əminlik xüsusi əhəmiyyət kəsb edir. “Biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Əgər bizdə belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq”, - o qeyd edib.

Aİ-nin enerji və mənzil təsərrüfatı məsələləri üzrə komissarı Dan Yorgensen Brüssel və Bakı arasında enerji tərəfdaşlığını yüksək qiymətləndirməsinə baxmayaraq, SGC-nin hazırkı ildə 10 milyard kubmetr olan gücünün iki dəfə artırılması planları ilə bağlı sualları birbaşa cavablandırmayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq Rusiyanın Ukrayna ilə münaqişəsi nəticəsində yaranan qlobal geosiyasi dəyişikliklər şəraitində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm amil olub. “Azərbaycanla tərəfdaşlıq və SGC üzrə əməkdaşlıq qaz təchizatının şaxələndirilməsi və Rusiya qazından asılılığımızın azaldılması istiqamətində səylərimizdə mühüm rol oynayıb. Yaxın illərdə biz gözləyirik ki, Azərbaycandan boru kəməri qazı sıfır emissiyaya keçid çərçivəsində Avropa İttifaqının enerji sistemində mühüm rol oynayacaq”, - o vurğulayıb.

Aİ nümayəndəsi, həmçinin qaz nəqli infrastrukturunun ötürücülük qabiliyyətinin genişləndirilməsinə yönəlmiş səyləri alqışlayıb. Onun fikrincə, bu mexanizm təkcə SGC-nin davamlı işinin təmin edilməsi üçün deyil, həm də neft-qaz sektorunda metan emissiyaları ilə mübarizə, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrinin inkişafı və elektrik şəbəkələrinin modernləşdirilməsi kimi məsələlərin həlli üçün də vacibdir.

 

SGC üzrə planlar

Balkan regionu və Cənub-Şərqi Avropa ölkələrinin enerji nazirlərinin bəyanatları onların SGC-nin genişləndirilməsinə və Azərbaycan qazının alınmasına böyük maraq göstərdiklərini nümayiş etdirib.

Belə ki, Bolqarıstanın energetika naziri Jeço Stankov qeyd edib ki, ölkəsi qaz infrastrukturunun inkişafı üzrə ardıcıl siyasət həyata keçirir. Bu siyasət milli və Avropa prioritetlərinin məqsədlərinə, yəni qarşılıqlı əlaqəli və vahid ümumi Avropa qaz bazarının yaradılması, etibarlı və şaxələndirilmiş təchizatın təmin edilməsi kimi məqsədlərə nail olmağa yönəlib. “SGC çərçivəsində tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə sadiq olduğumuzu təsdiqləyirik”, - o bildirib.

Rumıniyanın energetika naziri Sebastian-İohann Burduja isə Buxarestin Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan SGC-nin genişləndirilməsinə sadiq olduğunu ifadə edib. “Dəhlizin Cənub-Şərqi Avropa və Balkan regionu istiqamətində genişləndirilməsi bölgənin etibarlı, proqnozlaşdırıla bilən və rəqabətqabiliyyətli enerji təchizatı ilə təmin edilməsi üçün mühüm addımdır”, - rumıniyalı nazir vurğulayıb.

Sloveniyanının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer Cənub Qaz Dəhlizinin Xəzər regionu ilə Avropa bazarları arasında sabit və strateji əlaqəni təmin edən həyati vacib enerji marşrutu adlandırıb.

İtaliyanın ətraf mühitin mühafizəsi və energetika təhlükəsizliyi nazirinin müavini Vanniya Kava bəyan edib ki, TAP İtaliyanın Avropanı Xəzər regionu və Şimali Afrika ilə əlaqələndirən strateji enerji mərkəzi kimi rolunu gücləndirməyə kömək edəcək və bu qaz kəmərinin gücünün artırılması prosesi artıq başlayıb.

Yunanıstan, Serbiya, Xorvatiya, Şimali Makedoniya nümayəndələri də çıxışlarında oxşar fikirləri səsləndiriblər.

 

Moldovanın ciddi marağı

Moldovanın Azərbaycan qazının uzunmüddətli əsasda alınmasına kifayət qədər ciddi maraq göstərməsinə dair bəyanatı xüsusi diqqətəlayiqdir. Əvvəlcə Moldovanın energetika naziri Dorin Junqetu SGC üzrə Məşvərət Şurasının iclasında bildirib ki, Azərbaycandan idxal daxil olmaqla qaz təchizatı mənbələrinin şaxələndirilməsi Moldovanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

“Biz “Şaquli Qaz Dəhlizi”ni (Şərqi Aralıq dənizindəki terminallardan Moldovaya və Ukraynaya qeyri-Rusiya istehsalı olan qaz təchizatı marşrutunun yaradılması layihəsi - R+) enerji gələcəyimizin zəruri elementi kimi görürük. Azərbaycandan idxal daxil olmaqla təchizat mənbələrinin şaxələndirilməsinin davam etdirilməsi ehtiyaclarımızın ödənilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək”, - nazir bildirib.

Bu mövzunun Moldova üçün əhəmiyyətini Bakıya səfəri zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və SOCAR-ın prezidenti ilə görüşən baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolya da vurğulayıb. O, ölkəsinin uzunmüddətli qaz təchizatı ilə bağlı fəal danışıqlar apardığını və enerji təhlükəsizliyinin gücləndirilməsinə və enerji təchizatı mənbələrinin şaxələndirilməsinə böyük əhəmiyyət verdiyini deyib.

“Moldova artıq Aİ-nin qaz nəqli sisteminə qoşulub və bu da bizə SGC vasitəsilə keçən qaza birbaşa çıxış imkanı verir. Bu strategiya çərçivəsində biz Azərbaycan qazının tədarükü ilə bağlı fəal danışıqlar aparırıq”, - V.Bolya “Report” agentliyinə müsahibəsində deyib.

Qeyd edək ki, Moldovanın qaza olan tələbatı ildə təxminən 1 milyard kubmetrdir və Azərbaycan bunun bir hissəsini tam təmin edə bilər.

Bir sözlə, Cənub-Şərqi Avropa ölkələri Bakıda bir daha qaz təchizatı sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə və SGC-nin inkişafına hazır olduqlarını təsdiqləyiblər. Üstəlik, sonuncu təkcə sözlərdə deyil, həm də onlar tərəfindən mühüm enerji təşəbbüslərinin həyata keçirilməsi ilə ifadə olunur: Avropa ölkələrinin ərazisində yeni birləşdirici qaz kəmərlərinin tikintisi və mövcud şəbəkənin modernizasiyası kimi.

Maliyyələşdirmənin təmin edilməsi və satınalma müqavilələrinin bağlanması daxil olmaqla Aİ tərəfindən konkret addımlar bu təşəbbüslərin həyata keçirilməsi üçün əsas olacaq.

Ümid etmək qalır ki, Brüssel SGC-nin genişləndirilməsinə deklarativ dəstəkdən təchizatın uzunmüddətli sabitliyi üçün konkret addımlara keçəcək və Bakıdakı nazirlərin görüşündə qaldırılan məsələlərin həlli üçün real həllər təklif edəcək. Üstəlik, hələ də keçid yanacağı kimi təbii qazın alternativi yoxdur.



MƏSLƏHƏT GÖR:

108