5 Dekabr 2025

Cümə, 11:29

SURİYA MEYDANINDA

Türkiyə ilə İsrail silahlı münaqişədən yayına biləcəklərmi?

Müəllif:

15.04.2025

Suriyada illərdir davam edən və hələ də silahlı münaqişə səviyyəsindən tam çıxa bilməyən böhran yeni «məzmun» qazana bilər. İndi bu ölkənin ərazisində Türkiyə ilə İsrailin maraqları toqquşub. Üstəlik, bu maraq toqquşması o səviyyəyə çatıb ki, mümkün böyük müharibə riskindən belə, danışmağa başlayıblar.

 

Eskalasiya artır

Vaxtilə kifayət qədər yaxın tərəfdaşlar olmuş Türkiyə ilə İsrail arasında münasibətlər bitmək bilməyən Fələstin-İsrail münaqişəsi fonunda xeyli pisləşib. Təl-Əviv ilə ənənəvi olaraq yəhudi dövlətinin fələstinlilərə münasibətini pisləyən Ankara arasında dialoqun qurulması perspektivi HƏMAS hərəkatının İsrailə 2023-cü ilin oktyabrında etdiyi, Qəzza zolağında bu günədək davam edən müharibənin əsasını qoymuş hücumla yox olub. Lakin bu dəfə İsraillə Türkiyə arasında yeni nifaq ocağı da var – Suriya.

İsrail islamçı qüvvələrin hakimiyyətə gəldiyi Suriyada Türkiyənin mövcudluğunu artırmasını özünün mövcudluğuna ciddi təhdid sayır. «İranın şiə xətti»nə ciddi zərbələrin endirilməsi, o cümlədən Suriyada Bəşər Əsəd rejiminin devrilməsi, Livanın «Hizbullah» qruplaşmasının xeyli zəiflədilməsi Tehranın Yaxın Şərqdəki proseslərə müdaxilə imkanlarını əməlli-başlı məhdudlaşdırıb. İsrail indi də burada Türkiyənin himayəsi altında «sünni xətti»nin yaranmasından narahatdır. NATO-da silahlı qüvvələrinə görə ABŞ-dən sonra ikinci dövlət olan, Suriyanın yeni hökumətinə himayədarlıq edən, HƏMAS-ı dəstəkləyən Türkiyənin bilavasitə yəhudi dövlətinin sərhədlərinə yaxınlaşması bu narahatlığı daha da artırıb.

Türkiyə isə öz növbəsində, postəsəd Suriyasının hərbi-siyasi potensialının güclənməsinə dəstək vermək əzmindədir. Bu, Ankaranın ümumilikdə Yaxın Şərqdə geosiyasi mövqeyini gücləndirməsi deməkdir. Türklər buna nail olmağın yollarından biri kimi, Suriyanın müxtəlif hissələrində hərbi bazalar yaratmağı görürlər. Məsələn, Palmira yaxınlığında Tiyas (T4) aviabazasının bərpası istiqamətində işlərə başlanıldığı bildirilir. Məlumata görə, baza Türkiyənin «Hisar» HHM sistemləri ilə təchiz olunacaq və Suriyanın hava məkanını qorumaqla məşğul olacaq.

Türkiyənin Suriyadakı hərbi bazalara nəzarəti ələ götürməsinin yəhudi dövlətinin bu ölkənin səmasında sərbəst hərəkətinə mane olacağından ehtiyatlanan İsrail Hərbi Hava Qüvvələri Tiyas aviabazası da daxil olmaqla, Suriyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib. Qərb mətbuatının məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu «Türkiyənin T4 bazasında öz aktivlərini yerləşdirməsinədək, oraya zərbələr endirmək pəncərəsindən istifadənin vacibliyini» bildirib.

İsrailin bu addımı göstərir ki, o, Suriyada Türkiyə hərbi bazalarının peyda olmasını mümkün saymır. Yəhudi dövlətinin müdafiə naziri İsrael Kats Suriyanın yeni hökumətinə xəbərdarlıq da edib. O bildirib ki, yeni hökumət «İsrailə düşmən qüvvələrin Suriya ərazisində peyda olmasına imkan verərsə, bu ona baha başa gələcək».

Ankara isə İsraili Suriyada təxribatlara əl atmaqda günahlandırır. «Düşünürəm ki, İsrail öz təhlükəsizliyinə problem görürsə, öz parametrlərini ortaya qonşu dövlətin ərazi bütövlüyünə, suverenliyinə hörmət etməklə qoymalıdır», - deyə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. O, yəhudi dövlətinin Suriyaya hücumunu «Dəməşqin özünü İŞİD və digər təhdidlərdən qorumaq imkanlarına zərbə» adlandırıb: «İsrailin bu əməli nəinki Suriyanın təhlükəsizliyinə təhdid yaradır, həm də regionda qeyri-sabitliyi yol açır. Mən bunun İsrailin və regionun gələcəyi üçün yaxşı hal olduğunu düşünmürəm».

Ankara göstərir ki, o, İsrailin istər Türkiyənin dəstəklədiyi yeni Suriya hökumətinə, istərsə də onun öz maraqlarına qarşı atdığı addımlarla barışmaq niyyətində deyil. Tərəflərin mövqeyi bir-birindən kəskin fərqləndiyindən, Türkiyə-İsrail münasibətlərindəki bu böhran görünməmiş şəkil alır və hətta, birbaşa hərbi toqquşmalar riski belə, yaradır. Vəziyyətdən çıxış yolu kimi, İsrailin Suriyanı nüfuz dairələrinə bölmək ideyası gündəmə atılır. Həmin ideyaya görə Ankara Suriyanın kürd terror qruplaşmaları ilə mübarizə apardığı şimalına nəzarət edir, ölkənin cənubunda isə orada yaşayan druzlara arxalanan İsrail möhkəmlənir. Lakin problem ondadır ki, Türkiyənin Suriyadakı siyasi quruluşa baxışı ölkənin ərazi bütövlüyünün dəstəklənməsinə əsaslanırsa, İsrail bu ərəb ölkəsinin parçalanmasının əleyhinə deyil. Həm də ona görə ki, Türkiyənin müttəfiqi olan güclü vahid Suriya İsrailin təhlükəsizliyinə təhdidə çevrilə bilər – Təl-Əvivdə belə düşünürlər.

Bununla yanaşı, Suriyada nüfuz zonalarının qurulmasına sabitliyə nail olunmasına, eyni zamanda Türkiyə ilə İsrail arasında tammiqyaslı münaqişənin önlənməsinə hesablanmış müvəqqəti tədbir kimi də yanaşılır. Hər halda, «Middle East Eye» nəşri yazır ki, Türkiyə ilə İsrail «anlaşılmazlıqlardan qaçmaq üçün» Suriyada sərhəd xətlərinin çəkilməsinə dair danışıqlar aparırlar.

 

Tramp «bütün problemlərin həlli»ni vəd edir

Türkiyə ilə İsrail arasında dialoq imkanı, həqiqətən, mövcuddur. Ən azı ona görə ki, tərəflərin heç biri hərbi toqquşmada maraqlı deyil. Bunu istər Ankara, istərsə də Təl-Əviv açıq şəkildə ifadə edir. Fidan bildirir ki, Türkiyə İsraillə münaqişə axtarmır, Netanyahu isə deyir ki, onlar «Suriyadakı vəziyyətin Türkiyə ilə münaqişəyə səbəb olmasını arzulamırlar».

Tərəflər arasında az qala hərbi toqquşma səviyyəsinə çatmış böhranın dərinləşməsində onların yaxın müttəfiqləri və tərəfdaşları da maraqlı deyil. Söhbət, ilk növbədə, ABŞ-dən gedir. Vaşinqton öz mövqeyini İsrailin baş nazirinin Birləşmiş Ştatlara səfəri zamanı kifayət qədər aydın şəkildə ortaya qoyub. Amerika Prezidenti Donald Tramp Netanyahu ilə görüşündə bildirib ki, o, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətləri hesabına Ankara ilə Təl-Əviv arasında dialoqun qurulmasına yardım edə bilər. Türkiyə Prezidentinin «çox güclü və ağıllı şəxs» olduğunu deyən Ağ Ev sahibi bildirib ki, Ərdoğan «2000 il ərzində heç kimin edə bilmədiyinə nail olub – Suriyanı nəzarətə götürüb».

İsrailin baş nazirinin «Suriyada Türkiyə ilə problemlər» qeydinə cavab olaraq, Tramp onların həllinin mümkün olduğuna əminliyini bildirib. «Mən düşünürəm ki, sizinlə Türkiyə arasındakı istənilən problemi çözə bilərəm. Amma biz hamımız, həmçinin siz də bu məsələdə ağıllı olmalıyıq», - deyə D.Tramp qeyd edib.

Beləliklə, Tramp Netanyahuya izah edib ki, Birləşmiş Ştatlar israillə sıx münasibətlərinə baxmayaraq, Türkiyə ilə onun qarşıdurmasında heç kimin tərəfini tutmur. Çünki Vaşinqton iki müttəfiqi arasında qarşıdurmanın yaşanmasında maraqlı deyil. Bu, həm də Birləşmiş Ştatların Yaxın Şərqdə diqqəti İran probleminə yönəltməsi ilə bağlıdır. Guman ki, o, Türkiyə-İsrail qarşıdurmasının aradan qaldırılmasında Vaşinqton, Təl-Əviv və Ankaranın ortaq marağı olan amildən – Tehranın Suriya arenasına qayıdışına imkan verməmək istəyindən də yararlanmağa çalışır.

Netanyahu Tramp ilə görüşünün yekununda bildirib ki, o, Vaşinqtonun İsrailin Suriya üzündən Türkiyə ilə münaqişə yaşamaması üçün vasitəçilik edə biləcəyini düşünür.

Amma Türkiyə ilə İsrail arasında mümkün vasitəçi kimi daha bir dövlət çıxış edir. Üstəlik, görünən odur ki, bu vasitəçiliyi yalnız qarşı-qarşıya duran tərəflər deyil, onların ABŞ kimi qüdrətli müttəfiqi də qəbul edir. Söhbət Azərbaycandan gedir.

 

Azərbaycanın vasitəçi töhfəsi

ABŞ Prezidenti Donald Tramp Azərbaycanın dövlət başçısı İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib. Məktubda Amerika lideri ölkəsinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəti dəstəyini ifadə etməklə, ikitərəfli əməkdaşlığı gücləndirməyə hazır olduqlarını deməklə kifayətlənməyib. O, Azərbaycana ABŞ-nin tərəfdaşı olan İsraillə dostluğuna görə təşəkkürünü də bildirib. Bu, şübhəsiz ki, Bakının vacib beynəlxalq rolunun etirafıdır. Tramp administrasiyasının Türkiyə ilə İsrailin Suriyada toqquşmasına imkan verməmək cəhdləri fonunda bu etiraf xüsusi əhəmiyyət daşıyır.

Trampın İlham Əliyevə ünvanladığı məktubda yer alan fikirlər göstərir ki, ABŞ Azərbaycanın vasitəçilik missiyasında maraqlıdır. Bu isə heç də təsadüf deyil. Azərbaycan bunadək Türkiyə ilə İsrail arasında dialoqun qurulmasına nail olmaq imkanlarını dəfələrlə nümayiş etdirib.

Prezident İlham Əliyev ADA Universitetində «Yeni dünya nizamına doğru» mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında Türkiyə-İsrail münasibətlərinin pisləşməsinə toxunaraq deyib ki, Bakı ona dost olan bu iki ölkə arasındakı böhrana son qoyulmasında maraqlıdır. «Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub», - deyə dövlət başçısı bildirib: «İsrail də Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur». İlham Əliyev onu da xatırladıb ki, «Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub».

Azərbaycan Prezidentinin bu bəyanatı Bakının hələ bir müddət əvvəl Ankara-Təl-Əviv dialoqunun qurulmasında vacib vasitəçi rolu oynadığını təsdiqləyib. Azərbaycan eyni rolu indi də oynamağa hazır olduğunu bildirir. Türkiyə və İsrail nümayəndə heyətlərinin Bakıda birbaşa danışıqlar aparması bunun praktik təsdiqi olub. Türkiyə mediasının məlumatına görə, Ankara və Təl-Əviv təmsilçiləri Bakıda keçirdikləri görüşdə Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması mexanizmini müzakirə ediblər.

İsrail tərəfi Netanyahu hökumətinin sözügedən görüşün təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür etdiyini bildirib.

Beləliklə, son günlərin hadisələri birincisi, Azərbaycanın vasitəçilik səylərinin Türkiyə və İsrail, həmçinin iki müttəfiqi arasında münasibətlərin normallaşmasında maraqlı olan ABŞ tərəfindən müsbət qarşılandığını göstərib. İkincisi, Bakıda aparılmış danışıqlar Ankara ilə Təl-Əvivin ikitərəfli münasibətlərin daha da gərginləşməsini istəmədiklərini, silahlı qarşıdurma təhlükəsini aradan qaldırmaq arzusunu nümayiş etdirib. Nəhayət, üçüncüsü, Azərbaycanın vasitəçi roluna onun Tramp administrasiyasının Türkiyə-İsrail böhranını çözmək səylərinə dəstək kimi də baxıla bilər. Bu, Amerika rəhbərliyi tərəfindən də müvafiq qiymətini alır – bütün əlamətlər göstərir ki, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın Avrasiyada, o cümlədən Yaxın Şərqdə gedən geosiyasi proseslərə təsir edəcək dərəcədə artmış nüfuzuna verilən qiymətdir.



MƏSLƏHƏT GÖR:

111