5 Dekabr 2025

Cümə, 12:12

BAKI QLOBAL CƏNUBUN GÜNDƏLİYİNDƏ

Azərbaycan Antalya Forumunda hücum diplomatiyasının üstünlüyünü nümayiş etdirib

Müəllif:

15.04.2025

Aprelin 11-12-də Türkiyənin əsas kurort şəhəri olan Antalyada dördüncü Antalya Diplomatiya Forumu keçirilib. Forumda bir sıra ölkələrin prezidentləri, diplomatları, siyasətçiləri, ekspert və alimləri ciddi geosiyasi dəyişikliklər dövrünün əsas beynəlxalq problemlərinin müzakirəsi üçün bir araya gəliblər.

Forumu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan açıblar. Onların açılış nitqləri «Parçalanmış dünyada diplomatiyanın bərpası» mövzusunda olub. Çıxışlar zamanı istər regional, istərsə də qlobal problemlərin həllinə diplomatiyanın təsirindən bəhs edilib.

Forum iştirakçılarının sayı tədbirin miqyasını aydın şəkildə ortaya qoyur – 20 dövlət və hökumət başçısı, 70 nazir və beynəlxalq təşkilatların təxminən 60 yüksək rütbəli təmsilçisi daxil olmaqla, 4 mindən artıq insan.

 

Ankara əsas rolda

Forumun proqramı da son dərəcə dolğun olub. İki gün ərzində ən müxtəlif mövzulara aid 50-dən artıq sessiya keçirilib. Onlar iqlim dəyişikliyi, terrorçuluqla mübarizə, humanitar yardım, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal mövzulardan tutmuş, regional məsələlərədək ən müxtəlif sahələri əhatə edib. Forumda əsasən müasir beynəlxalq münasibətlər sistemində Türkiyənin lider rolunu və nüfuzunu qəbul edən ölkələr və siyasi dairələr iştirak edib. Onlar bu forumun keçirilməsini Qlobal Cənub ölkələrinin artan rolunun göstəricisi sayır, dünya miqyaslı böhranların həlli üçün öz təkliflərini irəli sürürlər.

Prezident Ərdoğanın çıxışında əsas tezis Türkiyənin Ukrayna, Suriya problemləri, həmçinin Birləşmiş Ştatların tarif tətbiqi üzündən başlamış ticarət müharibəsi ilə əlaqəli geosiyasi fikir ayrılıqlarının aşılmasına kömək göstərə biləcəyilə əlaqəli olub.

Hələ forum ərəfəsində Rusiya ilə ABŞ arasında diplomatik münasibətlərin normallaşması istiqamətində növbəti məsləhətləşmə də məhz Türkiyədə – İstanbulda keçirilmişdi. Bundan başqa, Türkiyənin Suriyada mövcudluğunu gücləndirməsi uzun illər davam etmiş vətəndaş müharibəsi nəticəsində dağılmış bu ölkədə sabitliyə ümid yaradıb. Hətta ABŞ Prezidenti Donald Tramp belə, türkiyəli həmkarı ilə söhbətində Ankaranın Suriyada, demək olar ki, mümkünsüzü etdiyini söyləyib. Ukraynaya gəlincə, savaş aparan Moskva ilə Kiyev arasında ilk razılaşma 2022-ci ildə məhz İstanbul danışıqları nəticəsində əldə edilmişdi. Bu, dünyaya onların razılığa gəlməsinin mümkünlüyünü göstərən ilk hadisə idi. Bu gün Avropa təhlükəsizlik sisteminin formalaşmaqda olduğu bir vaxtda Türkiyə yenidən Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçilik edə biləcəyini deyir və bu, Vaşinqtonun bənzər səyləri ilə paralel baş verir.

 

Dost-düşmən əməldə tanınır

Forumun iştirakçıları arasında türkiyəli həmkarını yalnız dost yox, həm də qardaş adlandıran Azərbaycan Prezidenti İlham Əliyev də olub. Son zamanlar bəzi media orqanlarında və ekspert dairələrində bu iki lider arasında regional məsələlər, məsələn, Azərbaycan-Ermənistan və Azərbaycan-İsrail münasibətləri ilə bağlı ciddi fikir ayrılıqlarının yarandığına dair şayiələr dolaşmaqda idi. Lakin Ərdoğanla Əliyevin isti, səmimi görüşü, apardıqları danışıqlar, forumda səsləndirilən mesajlar bu fikirlərin əsassız olduğunu ortaya qoyub.

Türkiyə Prezidenti Ermənistanla sülh quruculuğu prosesində Azərbaycanın rolundan və yerindən məmnunluğunu bildirib, Bakını «Cənubi Qafqazda sülhün memarı» adlandırıb. Azərbaycanın Şimali Kipr ilə bağlı İlham Əliyevin ADA Universitetində keçirilmiş forumda səsləndirdiyi prinsipial mövqeyi isə Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ersin Tatar tərəfindən minnətdarlıqla qarşılanıb.

Bundan başqa, Azərbaycan tərəfi Türkiyə-İsrail dialoqunun qurulmasında da müstəsna rol oynayır. Bunu istər Türkiyə, istərsə də İsrail etiraf edir.

Azərbaycan Prezidentinin forum çərçivəsində müxtəlif ölkə liderləri və beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlər də diqqət çəkir. Aprelin 12-də İ.Əliyev Antalyada Avropa Şurasının baş katibi Alen Berse ilə bir araya gəlib. Berse Azərbaycan və Ermənistana münasibətdə bərabər məsafədə dayanmağa cəhd göstərməsi ilə fərqlənir. COP29 çərçivəsində Bakıda olan Berse burada qlobal iqlim gündəliyi ilə əlaqəli vacib qərarların qəbuluna aparıb çıxarmış dialoqlarda iştirak edib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulos isə tam fərqli mövqe nümayiş etdirir. O, «Alpha News»a müsahibəsində bildirib ki, Azərbaycan tərəfi və liderinin Avropa Şurası haqda bəyanatları Assambleyada Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərdən məhrum edilməsinin ədalətli qərar olduğunu təsdiqləyir. Təbii ki, Bakı Avropa Şurası ilə qərarlarını təşkilatın rəhbəri ilə razılaşdırmayan AŞPA arasında fərq qoyur. Odur ki, Alen Berse ilə İlham Əliyevin Bakı ilə Avropa Şurasının icraçı strukturları arasında münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparmaları tamamilə qanunauyğundur. Xatırladaq ki, Assambleyada Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına dair qərəzli qərarı dəstəkləmiş 76 AŞPA üzvü kimi, Rusopulos da Azərbaycan Xarici İşlər Nazirliyinin «qara siyahı»sına salınıb.

 

Qlobal Cənubla dialoqu inkişaf etdirərək

Prezident İlham Əliyev Antalyada Sudanın Suveren Keçid Şurasının sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan ilə də görüşüb. Bu ölkədə 2023-cü ildən vətəndaş münaqişəsi yaşanır. Hazırda vəziyyət dəyişməkdədir. 2025-ci il martın 26-da hökumət qüvvələri paytaxt Xartumu tam nəzarətə götürüb və qiyamçıların əlində olan rayonlara hücumlar davam edir. Türkiyə Sudan hökumətinə dəstək verir. Vətəndaş müharibəsinin başa çatması ilə Xartumla əlaqələrin genişləndirilməsi Afrikada Azərbaycan-Türkiyə əməkdaşlığının güclənməsinə, təbii resurslarla zəngin bu regionda Bakının maraqlarının irəliləməsinə təkan verəcək. Bu bölgəyə xarici qüvvələrin marağı orada dəfələrlə qanlı münaqişələrə yol açıb.

İlham Əliyevin daha bir vacib görüşü Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə olub. Bu yaxınlarda Suriyada yeni hökumət formalaşdırılıb və onun əsas vəzifələrindən biri ölkənin bərpasıdır. İlham Əliyev Suriya lideri ilə söhbətində Azərbaycanın bu ölkədə sabitliyin möhkəmlənməsi üçün vacib olan bərpa prosesində iştiraka hazır olduğunu vurğulayıb. Azərbaycan tərəfinin yardım edə biləcəyi istiqamətlər arasında enerji, infrastruktur və təhlükəsizlik kimi sahələrin adları çəkilib.

Azərbaycan Prezidenti Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə də görüşüb. Hazırkı qarışıq dünyada iki ölkə arasında birliyin, həmrəyliyin vacibliyini vurğulayan dövlət başçısı Cənubi Qafqazın problemlərinin məhz region ölkələri tərəfindən həllinin vacibliyini bildirib. Baş nazir isə öz növbəsində, İlham Əliyevə ADA Universitetində keçirilmiş forumda səsləndirdiyi fikirlərə görə təşəkkür edib. Kobaxidze deyib ki, ikitərəfli münasibətlərə dair həmin fikirlər Gürcüstanda böyük maraqla qarşılanıb. Məlum olduğu kimi, İlham Əliyev çıxışında Qərbin Gürcüstan hökumətinə təzyiq siyasətini sərt tənqid edib, onu bu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Eyni zamanda o, Gürcüstan hökumətinə dəstəyini dilə gətirərək, Azərbaycanın hər zaman regiondakı bu vacib strateji tərəfdaşının yanında olacağını söyləyib.

 

Hücum diplomatiyası iş başında

Forum çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın, xarici işlər naziri Ceyhun Bayramovun, müdafiə naziri Zakir Həsənovun da ayrıca görüş proqramları olub. Forumda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə COP29-un prezidenti Muxtar Babayev də fəal iştirakları ilə yadda qalıblar.

Azərbaycan diplomatiyasının Antalya Diplomatiya Forumundakı fəallığı ölkənin regional məsələlərdə artan rolu və Qlobal Cənuba aid məsələlərə daha çox cəlb olunması ilə izah edilir.

Tədbirdə ABŞ və Avropadan nümayəndələr olmayıb. Bu mənada, sammiti Qlobal Cənubun beynəlxalq siyasətin aktual məsələlərinə refleksi də saymaq olar. Qərbin forumu susqun boykotu fonunda Qlobal Cənub aktual problemlərlə bağlı suala özü cavab tapmağa çalışır. Qəzza üzrə təmas qrupunun «Cənubi Qafqazda çağırışlar və regional əməkdaşlıq imkanları» mövzusunda təşkil olunmuş diskussiyalar çərçivəsində keçirilən, xarici işlər nazirlərinin, o cümlədən Azərbaycan, Ermənistan və Gürcüstanın XİN başçılarının iştirak etdikləri toplantı regional problemlərin əsasən bölgə ölkələrinin öz səyləri ilə həlli istəyini bir daha ortaya qoyub. Türkiyə ilə İsrail arasında Azərbaycanın vasitəçiliyi ilə humanitar yardım tədbirləri və deeskalasiya istiqamətində mümkün addımlara dair aparılan müzakirə isə bu formatın potensialını göstərir.

Prezident İlham Əliyev hələ bir neçə il əvvəl bildirmişdi ki, Azərbaycan hücum diplomatiyasına keçməlidir. Yəni regionda və dünyada baş verən proseslərin təsirinin səni müdafiə olunmağa məcbur edəcəyi anı gözləmək olmaz. Hücum diplomatiyasında reallığı sən özün yaradırsan, digərləri onunla barışmağa vadar olur. Əlbəttə, bu siyasət ciddi səylər tələb edir. Amma nəticə verən, dövlətin strateji maraqlarını təmin edən məhz belə siyasətdir. Antalya Forumunda Azərbaycan bu siyasətin üstünlüklərini həm dostlarına, həm də bədxahlara nümayiş etdirib.



MƏSLƏHƏT GÖR:

112