5 Dekabr 2025

Cümə, 12:04

İTKİLƏR ƏVƏZİNƏ İMKANLAR

Azərbaycan Mərkəzi Bankı qlobal ticarətin yenidən bölüşdürülməsinin ölkə iqtisadiyyatına mənfi təsir edəcəyini gözləmir

Müəllif:

01.05.2025

Onsuz da gərgin olan qlobal geosiyasi vəziyyət bu ilin aprelində ABŞ Prezidenti Donald Trampın dünyanın əksər ölkələrinə elan etdiyi misli görünməmiş ticarət müharibəsi səbəbindən daha da gərginləşib. Doğrudur, elə həmin ayın sonuna doğru ABŞ liderinin özünəinamlı tonu bir qədər yumşalıb. Lakin proses artıq başlamışdı və rəqiblərdən əks tədbirlər özünü çox gözlətmədi.

ABŞ-nin Azərbaycandan idxala tətbiq etdiyi 10%-lik rüsuma gəlincə, mal tədarükünün aşağı həcmi səbəbindən bunun ölkə iqtisadiyyatına əhəmiyyətli təsiri olmayacaq. Buna baxmayaraq, inflyasiya sabitliyinə cavabdeh olan Azərbaycan Mərkəzi Bankı (AMB) vəd edir ki, o, bu, “enişli-yoxuşlu” vəziyyət ilə mübarizə apara biləcək.

 

Qeyri-müəyyən nəticələr

AMB sədri Taleh Kazımovun son mətbuat konfransında qlobal fonun Azərbaycandakı makroiqtisadi vəziyyətə təsiri ilə bağlı şərhlərdə ən çox səslənən söz “qeyri-müəyyənlik” olub. Və həqiqətən də: vəziyyət, qərarlar, razılaşmalar o qədər tez-tez dəyişir ki, bəzən prosesin bilavasitə iştirakçıları belə onlara çata bilmirlər. Dünyada bu genişmiqyaslı oyunda mümkün qaliblərə “stavka” qoyulduğu və onun nəticələrinin necə olacağı barədə fərziyyələr irəli sürüldüyü halda, bizdə istənilən nəticədə pozitiv olmağı təklif edirlər. “Artıq bir sıra Avropa və Asiya ölkələri yüksək tariflərlə üzləşərək yeni bazarlara fokuslanmağa başlayırlar ki, bu da təklifin artmasına və qiymətlərin aşağı düşməsinə səbəb ola bilər”, - T.Kazımov bildirib və əlavə edib ki, Azərbaycan istehsalçıları yeni tələblərə uyğun oxşar məhsullar təklif edərək ixrac həcmlərini artıra bilərlər.

Tarif müharibəsinin Azərbaycanda kəskin qiymət artımına səbəb olub-olmayacağına gəlincə, AMB-nin fikrincə, belə bir təsir gözlənilmir. “Konkret təsir miqyasını müəyyən etmək üçün əlavə tədqiqatlar və vaxt lazımdır”, - T.Kazımov deyib.

Mərkəzi Bank rəhbərliyinin sakitliyini həm də o fakt göstərir ki, o, artıq neçənci dəfədir ki, uçot dərəcəsini 7,25% səviyyəsində saxlayır. Bizdə bu göstərici, həmçinin AMB-nin investorlara müəyyən indikativ ismarışı kimi çıxış etməyə davam edir. Mesaj aydındır - sabitlik, müəyyən gözləmə ilə, lakin daha yaxşısı üçün. Bu arada AMB bu il üçün inflyasiya proqnozunu cüzi də olsa, azalma istiqamətində yeniləyib - 5,3%. Bu, yanvarda proqnozlaşdırılandan 0,2% aşağıdır. Növbəti il üçün proqnoz isə artıq 3,8%-dən 4,3%-ə yüksəlib. Bu, əslində, tərəfdaş ölkələrdə qiymət artımı potensialını nəzərə alsaq, məntiqlidir.

“Ümumilikdə, hazırkı pul-kredit siyasəti inflyasiyanı hədəf göstəricisi daxilində saxlamağa və inflyasiya gözləntilərini sabitləşdirməyə yönəlib. Cari siyasət çərçivəsində illik inflyasiyanın 2025 və 2026-cı illərdə hədəf diapazonu (4±2%) daxilində olacağı ilə bağlı proqnozun əsas ssenarisi dəyişməz qalır”, - AMB-nin məlumatında vurğulanır.

Lakin Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə qiymət artımı 2025-ci ildə ölkə daxilindəki inflyasiyaya 2,57 faiz bəndi, 2026-cı ildə isə 1,74 faiz bəndi əlavə edə bilər.

T.Kazımovun sözlərinə görə, dövlət və ev təsərrüfatları tərəfindən daxili istehlak bu il inflyasiya təzyiqini 1,5 faiz bəndi, gələn il isə 2 faiz bəndi artıra bilər. Bundan əlavə, 2025-ci ildə dövlət büdcəsinin xərcləri inflyasiyanı 0,43 faiz bəndi artıracaq.

IMF-nin məlumatına görə, martda xammal qiymətləri indeksi aylıq müqayisədə 2,7% azalıb, lakin illik müqayisədə 2,6% artıb. Ticarət tərəfdaşlarının ortaçəkili illik inflyasiyası ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% təşkil edib.

Məlum olduğu kimi, Azərbaycanın əsas ixrac məhsulları neft və qaz olaraq qalır. Buna görə də onların qiymət dəyişiklikləri daha çox diqqət çəkir. Apreldə neftin bir barelinin qiyməti ölkənin dövlət büdcəsində göstərilən 70 dollardan aşağı düşüb. Lakin T.Kazımov vəziyyəti gərginləşdirməməyə və büdcəyə orta illik qiymətin daxil edildiyini və vəziyyətin dəyişə biləcəyini nəzərə almağa çağırıb. Hər halda AMB hesab edir ki, 2025-2026-cı illərdə dünya bazarında neftin orta qiyməti bir barel üçün 70 dolları keçəcək - daha dəqiq proqnoz iyulda veriləcək.

Bundan əlavə, baş bankir bildirib ki, bu il təbii qazın orta qiyməti 1000 kubmetr üçün 304 dollar səviyyəsində gözlənilir. Yanvarda AMB 1 barel neftin 77,3 dollar və 1000 kubmetr qazın 349 dollar olacağını proqnozlaşdırırdı.

 

Rəqəmlər və faktlar

Azərbaycan hüdudlarından kənarda hansı dəyişiklik küləyi əssə də, artıq neçə ildir ki, ölkənin Mərkəzi Bankı milli valyutanın dollara nisbətən məzənnəsini demək olar ki, dəyişməz saxlayır. Qlobal maliyyə bazarlarında dolların digər valyutalara nisbətən məzənnəsinin azalması nəzərə alınmaqla bunu etmək mümkün olacaqmı? AMB-nin baş direktoru Vüqar Əhmədovun dediyinə görə, hələlik manatın nominal effektiv məzənnəsinin güclənmə tempinin yavaşlaması və manatın nominal effektiv məzənnəsinin ümumilikdə 2,2 faiz bəndi güclənməsi gözlənilir: “Lakin biz hesab etmirik ki, artım dinamikası daim yavaşlayacaq”. Qeyd edək ki, son bir il ərzində manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 1,8% güclənib.

“Banklar arasında əməliyyatlar üzrə ortaçəkili faiz dərəcəsini əks etdirən differensiallaşdırılmış indeks olan AZIR indeksi artıq bir ildən çoxdur ki, uçot dərəcəsinə (7,25%) yaxın saxlanılır. İlin əvvəlindən likvidlik dəyişkənliyinə baxmayaraq, indeksin bu dərəcə ətrafında saxlanması bizə əməliyyatlarımızı səmərəli şəkildə idarə etməyə imkan verir”, - T.Kazımov əlavə edib.

Eyni zamanda, o, hazırda Azərbaycanda banklararası bazarın kifayət qədər aktiv olmamasından şikayətlənib, çünki banklar öz müştərilərinin tələb və təkliflərini birbaşa qarşılayırlar.

“2023-cü ildə banklararası bazar daha aktiv idi. Hazırda vəziyyət fərqlidir. Digər maliyyə bazarları, xüsusilə birjalar daha aktiv fəaliyyət göstərir. Bu da gözləniləndir. Çünki valyuta bazarında tələbin 30-35 %-ni Dövlət Neft Fondu qarşılayır. Banklar isə əsasən yalnız öz müştərilərinin tələblərini ödəyirlər”, -T.Kazımov bildirib.

Hər halda əsas odur ki, manat sabitdir və hələlik Azərbaycanın milli valyutanı “nəzarətdə saxlamaq” üçün kifayət qədər strateji valyuta ehtiyatları var. 2025-ci il aprelin 1-nə olan vəziyyətə görə, bu ehtiyatların həcmi təxminən 73,8 milyard dollar təşkil edib.

Bununla belə, “Report”un hesablamalarına görə, bunların 85,1%-i Dövlət Neft Fondunun aktivlərinin, 14,9%-i isə AMB-nin ehtiyatlarının payına düşür.

2024-cü il aprelin 1-i ilə müqayisədə ölkənin valyuta ehtiyatları 4 milyard 739,5 milyon dollar artıb: ARDNF-in aktivləri 5 milyard 367,4 milyon dollar artıb, AMB-nin ehtiyatları isə 627,9 milyon dollar azalıb.

Son bir neçə ayda qlobal mühitdə əhəmiyyətli qeyri-müəyyənliyə baxmayaraq, tədiyə balansının cari əməliyyatlar hesabı üzrə proqnoz müsbət olaraq qalır. Beləliklə, AMB bu il 4 milyard dollar, gələn il isə 3,5 milyard dollar profisit proqnozlaşdırır.

Ölkənin cari əməliyyatlar balansı 2025-ci ildə də profisitli olacaq. Xatırladaq ki, 2024-cü ildə bu göstərici 4,7 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 43,3% azdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AMB əsas makroiqtisadi göstərici - ÜDM artımı ilə bağlı gözləntilərinə də müəyyən düzəlişlər edib. Hesab olunur ki, 2025-ci ildə bu göstərici 3,3% səviyyəsində olacaq. Bu ilin yanvarında qurum məlumat vermişdi ki, 2025-ci ildə iqtisadi artım 3,3%, qeyri-neft-qaz sektoru üzrə isə 5,2% təşkil edəcək.

Beləliklə, dünyanın ticarət baxımından yenidən bölgüsündən sonra vəziyyətin necə dəyişəcəyini dəqiq bilmək üçün bir neçə ay gözləmək qalır. Görünür, bu, hətta Tramp təzyiqi zəiflətsə belə, baş verəcək.


MƏSLƏHƏT GÖR:

93