ƏSL QONŞULAR
Məsud Pezeşkianın Bakıya səfəri yaxınlaşma, böhranların aşılması və praqmatik əməkdaşlığa başlanılmasının rəmzinə çevrilə bilər
Müəllif: Samir VƏLİYEV
İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana rəsmi səfər edib. Bu, İran liderinin uzun illər sonra Bakıya ilk rəsmi səfəri idi. Əksər müşahidəçinin fikrincə, bu səfər ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub.
Problemli keçmişin aşılması
Son dəfə İrandan Bakıya bu statusda səfər dövrünün dövlət başçısı Həsən Ruhani etmişdi. Bu, 2018-ci il martın 28-də baş vermişdi. Ruhanini əvəzləyən İbrahim Rəisi Azərbaycanda olmamışdı. Bakı-Tehran münasibətlərinin kritik həddədək pisləşməsi də məhz Rəisinin prezidentliyinin ilk illərinə təsadüf edib.
Azərbaycan-İran münasibətlərindəki böhranın özünəməxsus apofezi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı təşkil edilmiş və insan tələfatı ilə nəticələnmiş terror aktı olub. Lakin sonradan tərəflər bu böhranın həllinə nail ola bilib. Bu, əsasən İran hökumətinin Azərbaycan rəhbərliyinin tələbini yerinə yetirərək, terror aktını törətmiş və ona aidiyyəti olan şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı qərarı sayəsində mümkün olub. Eyni zamanda burada Bakının səfirliyin təhlükəsizliyinin təmini ilə bağlı müstəsna tədbirlərin görülməsi, bənzər halların bir daha təkrarlanmayacağına zəmanət verilməsi ilə bağlı prinsipial mövqeyi də rol oynayıb.
Tərəflər arasında əlaqə məhz bundan sonra bərpa edilib. Üstəlik, ən yüksək səviyyədə. Nəticədə, 2024-cü ilin yazında İran Prezidenti İbrahim Rəisi ilk dəfə Azərbaycana səfər də edib. Mayın 19-da o, iki ölkənin sərhədində azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşüb. Liderlər Araz çayı üzərində birgə hidrotexniki layihə olan «Qız qalası» bəndinin açılış mərasiminə də qatılıblar. Bu görüş ikitərəfli münasibətlərin bərpasının rəmzinə çevrilib və İran-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətində vacib addım olub.
Təəssüf ki, görüşdən geri qayıdarkən Rəisinin helikopteri İranın şimal-qərbindəki Varzeqan rayonu ərazisində qəzaya uğrayıb. Faciə nəticəsində dövlət başçısı ilə yanaşı, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən şəxslər həlak olublar.
Beləliklə, Məsud Pezeşkianın Bakıya səfəri uzun illər sonra İran liderinin Azərbaycana ilk səfəridir. O, ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığına dəlalət edir.
İranın xarici siyasətində etnik amil
Pezeşkian İranın kifayət qədər narahat regionu olan Urmiyada doğulmuş etnik azərbaycanlıdır. Son illər burada Urmiya gölünün kritik vəziyyəti, eyni zamanda azərbaycanlı əhalinin milli hüquqlarının təmin olunmamasına etirazı ilə əlaqədar mütəmadi olaraq qarışıqlıqlar yaşanır. Son dəfə belə hal regionda etnik balansın farsdilli kürd əhali hesabına dəyişdirilməsi cəhdi ilə əlaqəli baş verib.
Məsud Pezeşkian liberal baxışlı siyasətçidir və azərbaycanlı əhali arasında ciddi dəstəyə malikdir. Bu üzdən də, onun Bakıya səfərinin daxili siyasi vəziyyətdən də irəli gəldiyini düşünmək olar. Yəni o, bu addımı atmaqla, İranla Azərbaycanın yalnız siyasi deyil, həm də etnik və mental yaxınlığını göstərmək istəyib. Bu, İran azərbaycanlılarının yerli hakimiyyəti cənubi və şimali azərbaycanlılar arasında süni maneələr yaratmaqda günahlandıran radikal hissəsini sakitləşdirə bilər. Pezeşkian Azərbaycan Televiziyasına eksklüziv müsahibəsində bir fikri əbəs yerə səsləndirməyib: «Biz Azərbaycanı özümüz üçün yad hesab etmirik. Biz özümüzü də orada qərib saymırıq». Azərbaycanın qərb regionları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi layihəsinin reallaşdırılması məsələsindən danışan Pezeşkian onu da bildirib ki, Tehranda İranı azərbaycanlıların ikinci vətəni hesab edirlər. Bundan başqa, qarşılıqlı səfərlərin tezliklə sadələşdiriləcəyini də deyib.
Məlumdur ki, İrandakı iqtisadi problemlər fonunda məhz Azərbaycanla sərhəd ticarəti, azərbaycanlı turistlərin İranın azərbaycanlıların yaşadıqları əyalətlərinə səfərləri önəmli problemlərin həllinə kömək edib. Təbriz, Ərdəbil, Mianə və digər şəhərlərin sakinləri qonşu ölkədən buraya gəlmiş insanlara mal satmaqla, müxtəlif sahələrdə xidmət göstərməklə qazanc əldə edib. Yeni şərtlər şimal qonşusu ilə münasibətlərin möhkəmləndirilməsini və xarici iqtisadi fəaliyyətin şaxələndirilməsini zəruri edir. Bundan başqa, yurddaşlarla əlaqələr İranın azərbaycanlı vətəndaşlarının mədəni-humanitar xarakterli tələbatlarını da qarşılamalarına imkan yaradır, nəticədə, sosial gərginlik də azalır.
Öz evindəki kimi
Səfərin İran ətrafında ciddi geosiyasi gərginlik dönəminə təsadüf etdiyini vurğulamamaq olmaz. Odur ki, böyük siyasət mövzusu iki ölkənin, hətta nümayəndə heyətlərinin diqqət mərkəzində olub.
İkitərəfli münasibətlərin hazırkı xarakterini və onların regional təhlükəsizliyə təsirini qiymətləndirən İlham Əliyev çoxtərəfli əməkdaşlıq üçün «gözəl şəraitin olduğunu» deyib. «Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir», - Azərbaycan Prezidenti bildirib. Yəni Bakı üçün Azərbaycan-İran münasibətləri kənar müdaxilələrə məruz qalmamalıdır.
İran Prezidentinin iki ölkə arasındakı siyasi dialoqa dair şərqsayağı bəyanatı da çox əhəmiyyətlidir. Azərbaycan Prezidentinin siyasətini yüksək qiymətləndirən Pezeşkian bildirib ki, İlham Əliyev böyük qətiyyət və iradə nümayiş etdirir. Eyni zamanda o, İranın siyasi rəhbərliyinin də bu keyfiyyətlərdən məhrum olmadığını söyləyib. Bu, tərəflərin qarşısında nail ola bilməyəcəkləri hədəflərin olmadığını düşünməyə əsas verir: «Allahın köməyi ilə digər layihələri bölgə üçün, İranın və Azərbaycanın gələcəyi üçün, hətta Yaxın Şərq bölgəsi üçün birlikdə yaradacağıq».
Pezeşkian Azərbaycanda özünü evindəki kimi hiss etdiyini də söyləyib. «Çox şadam ki, sizinlə bir yerdəyəm. İqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əl-ələ verib özümüz, övladlarımız və sonrakı nəsillər üçün möhkəm gələcək quraq. Gələcək nəsillər fəxr etsinlər ki, bu cür sağlam əlaqələr qurmuşuq», - deyə İran Prezidenti qeyd edib. Onun sözlərində ümumi dünyagörüşü, ənənələr, mədəniyyət və dinə əsaslanan əlaqələrin iki xalqın «alnına yazıldığına» açıq eyham hiss olunub.
Mədəni qohumluğa əsaslanan praqmatika
2024-cü ilin sonuna olan məlumata görə Azərbaycanla İran arasında ticarət-iqtisadi münasibətlər dayanıqlı inkişaf tempinə malikdir. Müxtəlif sahələrdə əməkdaşlıq getdikcə genişlənir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 647,1 milyon dollar təşkil edib. Bu, 2023-cü illə müqayisədə 159,7 milyon dollar və ya 32,8% çoxdur. İkitərəfli ticarət dövriyyəsində İranın payı 1,36%-dir.
İlham Əliyev həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, onlar danışıqlar zamanı Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması perspektivini də müzakirə ediblər. Azərbaycan layihənin işləməsi üçün öz ərazisinə düşən hissədə bütün lazımi infrastrukturu yaradıb. «Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq», - deyə İlham Əliyev bildirib.
Daha sonra biznes forumda iki ölkə arasında nəqliyyat layihələrinin reallaşdırılması mövzusunu inkişaf etdirən Azərbaycan Prezidenti Araz dəhlizinin vacibliyindən də danışıb. Onun fikrincə, bu layihə yalnız bizim regionumuzda deyil, bütün dünyada diqqət çəkir. Onunla bağlı ehtimallar irəli sürülür, müxtəlif fikirlər səsləndirilir. Amma bunun üçün heç bir əsas yoxdur. O, sadəcə yeni nəqliyyat layihəsidir.
İki ölkə arasında əməkdaşlığa sahibkarların marağı da böyükdür. Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda iştirak edənlərin sayı bunu təsdiqləyir. Forumda 400-dən artıq şəxs iştirak edib ki, onların 120-dən artığı iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iranlı iş adamlarıdır. Bununla yanaşı, tərəflər sözləşiblər ki, gələcəkdə belə tədbirlərdə iştirak daha artıq olsun.
İkitərəfli iqtisadi əlaqələrin vacibliyindən danışan Məsud Pezeşkian bildirib ki, bu, bütünlükdə region ölkələrinin əməkdaşlığına impuls verə bilər. Bu, xüsusilə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyinin prioritetləri baxımından aktualdır. Yeri gəlmişkən, bu ilin payızında Bakıda bu təşkilatın sammiti keçiriləcək.
Səfərə yekun vurarkən qeyd etmək lazımdır ki, o, son dərəcə səmimi, dostluq şəraitində keçib. Prezidentlər bir-birlərini «qardaş» adlandırıb, ən əsası isə onlar üçün doğma olan Azərbaycan dilində danışıblar. Dövlət başçıları bütün istiqamətlər üzrə ikitərəfli əlaqələrin artırılmasına dair razılığa gəliblər. Buna səfər çərçivəsində imzalanmış altı razılaşma, o cümlədən prezidentlərin birgə bəyanatı da təkan verəcək. Əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutan bu sənədlər ikitərəfli dialoqun yeni səviyyəyə yüksəlməsinə kömək edəcək.
Pezeşkianın səfəri uzun çəkməyib. O, Bakını Bəndər-Abbas limanında baş vermiş və insan təlafatına səbəb olmuqş partlayış səbəbilə planlaşdırılandan tez tərk edib. Bununla yanaşı, İran Prezidenti vətəninə yollanmazdan əvvəl şiələr arasında məşhur olan Bibiheybət məscidinə də baş çəkib. Pezeşkianın dini rütbəsi olmasa da, bu məscid onun üçün da böyük əhəmiyyət daşıyır. Hesab edilir ki, məscidin ərazisində Məhəmməd Peyğəmbərin nəslindən olan yeddinci imam Musa əl-Kazımın qızı Hökumə xanım dəfn olunub. Bu, ərazini şiələr üçün müqəddəs məkana çevirir. Çünki Peyğəmbərin nəsli şiəlikdə önəmli kultdur.
Bu, bəzən ziddiyyətlərin olmasına rəğmən, Azərbaycan və İran xalqlarının mənəvi bağlılığını göstərən, ikitərəfli əməkdaşlığın əsasını təşkil edən daha bir amildir.
MƏSLƏHƏT GÖR:




116

