5 Dekabr 2025

Cümə, 11:32

BÖYÜK SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Çinə dövlət səfəri edib

Müəllif:

01.05.2025

Məşhur şəxslərə məxsus bədii ədəbiyyatda və əsərlərdə gələcəyə dair hansısa proqnozların «aşkarlanması» cəhdlərinə ta qədimdən rast gəlinib. Şərqdə fala Hafizin şeirlər kitabı ilə baxıblar. Bu əsrdə isə Tom Klensinin romanlarında, hətta Simpsonlar haqqında multiserialda hansısa öncəgörmələr axtarılması və tapılması «ənənə»si var.

Amerikanın «Atəş altında» filmini bu qəbildən olan sənət əsərlərinə aid etmirlər. Amma məhz bu filmdə qəhrəmanlardan biri çox maraqlı ifadə işlədir: «Dünya artıq Qərb və Şərqdən yox, Şimal və Cənubdan ibarətdir».

Film ekranlara 1983-cü ildə çıxıb. Orada uzaq 1979-cu il hadisələrindən – Nikarauqada Somosa diktaturasının çöküşündən danışılır. Amma dünyanın artıq şimal və cənubdan ibarət olduğu haqda fikir, həqiqətən, öncəgörmə təsiri bağışlayır.

İllər sonra Azərbaycan Prezidenti İlham Əliyev «Sinxua» agentliyinə Çinə səfəri ərəfəsində verdiyi müsahibəsində deyib: «…Qlobal Cənubun bir hissəsi kimi, biz həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Bizim sədrliyimiz dövründə Qlobal Cənub ölkələrini birləşdirən bu vacib platformanın rolunun və statusunun artırılması istiqamətində bir sıra ardıcıl səylər göstərilib. Qlobal Cənub ilə Qlobal Şimal arasında daha möhkəm körpülərin qurulması bizim COP29-da sədrliyimiz çərçivəsində ideyalardan biri olub. Bu gün Qlobal Cənubun tərkibinə daxil olan Asiya, Afrika və Latın Amerikası ölkələri birlikdə BMT-yə üzv dövlətlərin təqribən üçdə ikisini təşkil edir. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-in təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir».

 

Protokoldan kənar

Azərbaycan Prezidenti aprelin 22-də Çinə dövlət səfərinə yollanıb. Məlumdur ki, səfərlər müxtəlif siyasi və protokol çəkisinə malik olur. Xüsysi, işgüzar, rəsmi… Onların ən təntənəlisi dövlət səfəridir. Diplomatların sözlərinə görə, bu zaman protokolda xırda məsələlər olmur. Demək, Azərbaycan Prezidenti Çinə məhz dövlət səfəri edibsə, bu, istər Bakı, istərsə də Pekinin ikitərəfli münasibətlərin inkişafına nə qədər böyük diqqət ayırdığının göstəricisidir.

Səfər çərçivəsində əldə olunmuş razılaşmaların siyahısı da kifayət qədər zəngindir. Bakı ilə Pekin arasında Azərbaycanda bir neçə, o cümlədən üzən günəş elektrik stansiyasının inşasına dair razılaşma imzalanıb. Xatırladaq ki, Azərbaycan 2024-cü ilin payızında nüfuzlu iqlim sammiti olan COP29-a ev sahibliyi edib və həmin tədbir çərçivəsində bir sıra vacib təşəbbüslərlə çıxış edib. İlham Əliyev ölkənin, o cümlədən Xəzər dənizinin böyük günəş və külək enerjisi potensialına malik olduğunu dəfələrlə dilə gətirib. Dövlət başçısının səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq sazişi də imzalanıb.

Tərəflər viza rejimini də yüngülləşdirir ki, bu da turizmin kəskin artımına yol açacaq. Mütəxəssislər bildirirlər ki, bu gün dünya turizmi əsasən islahatlar nəticəsində uzaq səyahətlərə çıxa bilən Çin vətəndaşlarının hesabına artır. İki ölkə iqtisadiyyatda birgə layihələrin icrası imkanlarını da müzakirə edir. Və əlbəttə ki, Çinin «Bir kəmər, bir yol» təşəbbüsü və Azərbaycanın İpək Yolunun bərpası layihəsi.

Hərbi-sənaye kompleksində əməkdaşlıq məsələsi də var. Azərbaycan silah istehsalını inkişaf etdirir, Çinin də bu sahədə bölüşə biləcəyi məsələ az deyil. Bakı artıq Çin-Pakistan istehsalı olan qırıcılara maraq göstərir. Vaxtilə məhz Azərbaycanın maliyyə dəstəyi sayəsində Belarus və Çinin hərbi-sənaye kompleksləri ilə əməkdaşlıq «Polonez» raket komplekslərinin istehsalına və müasirləşdirilməsinə imkan vermiş, sonradan Bakı həmin kompleksləri öz arsenalına daxil etmişdi. Bir sözlə, bu sahədə də əməkdaşlığın məhsuldar ola biləcəyinə şübhə yoxdur.

Qeyd olunmalıdır ki, Azərbaycan Tayvan separatçılığını pisləyərək, «vahid Çin» konsepsiyasını birmənalı şəkildə dəstəkləyir. Bundan başqa, səfər çərçivəsində İlham Əliyev ilə Si Cinpin «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat»ı da imzalayıblar. Xatırladaq ki, ötən il Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilmiş sammitinə qatılmışdı. Ekspertlər məhz həmin vaxt ilk dəfə olaraq, Bakının geosiyasi seçimini Çinin xeyrinə etdiyini söyləməyə başlamışdılar. Bu, çoxları üçün əsl şok idi.

 

«İkinci fövqəldövlət»

Çin ərazisinə, əhalisinə və resurslarına görə dünyanın ən nəhəng dövlətlərindən biridir. Onun çox böyük iqtisadi, texnoloji və investisiya potensialı var. Yaxın zamanlarda dünyanın ikinci, bəlkə də birinci fövqəldövlətinin Çin ola biləcəyinə dair fikirlərə hələ dünyanın «Çin möcüzəsi» haqda yeni danışmağa başladığı vaxt səsləndirilirdi. Əvvəllər Qlobal Şimalın iqtisadçıları və ekspertləri «Çin möcüzəsi» haqda bir qədər ehtiyatla danışırdılar. Bəli, yığım sexləri, ucuz işçi qüvvəsi, zəif yuan – Qərb istehsalçıları üçün müəyyən istehsalat zəncirini Çinə köçürmək son dərəcə sərfəli işdir. Onlar iddia edirdilər ki, bu ölkə texnologiyalar sahəsində hələ uzun müddət sadəcə, kağız üzərində «əjdaha» olacaq.

Lakin bu gün bu yekəxana istehzadan geri çəkilmək lazım gəlir. Çünki Çin «yığım sexi» olmaqdan çıxır, əvvəlki iqtisadi konsepsiya və modelini dəyişir, iqtisadi inkişaf göstərir. Bu inkişaf ikirəqəmli göstəricilərlə ifadə olunmasa da, orada böhran əlamətləri də görünmür. Bundan başqa, Pekin ABŞ Prezidenti Donald Trampın elan etdiyi «tarif müharibəsi»ndən də ciddi itkilər vermədən çıxa bilir.

Belə bir vəziyyətdə ÇXR-in iqtisadi uğurlarını nə vaxtsa siyasi nüfuza çevirəcəyi gözlənilən idi. Ekspertlər əvvəlcə Tayvan ətrafında «siyasi hərarət»in necə yüksəlməyə başladığını, Cənubi Çin dənizindəki Spratli arxipelağında baş verənləri müşahidə ediblər. Pekinin bu regionlardakı fəallığı ABŞ-də əməlli-başlı narahatlıq yaradıb və onlar «Cənubi Çin dənizində azad gəmiçiliyi qoruyub saxlamaq» əzmini bəyan etməyə başlayıblar. Yəni Vaşinqton Çinin bu adalarda hərbi bazalar, uçuş zolaqları inşa etməsinə imkan vermək niyyətinin olmadığını göstərməyə çalışıb.

Həmin vaxt Çinin dəniz sərhədləri boyunca lokal münaqişələrin başlaya biləcəyinə dair proqnozlar özünü doğrultmayıb. Çin «uzunmüddətli oyun»ları yaxşı bacarır. Hər halda, Tayvan ətrafında mütəmadi hərbi təlimlər keçirilirsə, digər regionlarda sakitlikdir. İndi isə Pekin postsovet ölkələrində də nüfuzunu fəal şəkildə artırmağa başlayıb.

 

Üçüncü güc mərkəzi

SSRİ-nin dağılmasından sonra beynəlxalq ekspertlər yeni yaranmış müstəqil dövlətlər üçün iki mümkün xarici siyasi kurs görürdülər. Ya bütün sahələrdə Moskvaya meyillənmək, ənənəvi əlaqələri qoruyub saxlamaq, ya da Qərbə istiqamət götürmək. Qərb özü isə Baltikyanı dövlətlər istisna olmaqla, bu yeni ölkələrə qucaq açmağa tələsmirdi.

İlham Əliyevin Çinə səfəri bu sxemi pozub. İndi postsovet məkanında «üçüncü nüfuz mərkəzi» yaranır – Çin.

Pekin əvvəllər nüfuzunu əsasən həmsərhəd olduğu Qazaxıstan və Tacikistana yaymağa çalışırdı. Bakı ilə siyasi münasibətlərin inkişafı bu məsələdə coğrafiyanı dəyişir. Azərbaycan ÇXR ilə ümumi sərhədə malik deyil. O, Xəzər dənizindən qərbdə yerləşir və son dövrlərədək burada Çinin xüsusi nüfuzu hiss olunmayıb. Ekspertlər əmin idilər ki, Çin bu istiqamətdə maksimum «yığım sexləri»nin məhsullarının satışına ümid edə bilər, siyasətdə isə o, Rusiya ilə birlikdə, üstəlik, ikinci rolda çıxış etməli olacaq.

Amma indi Pekin müstəqil və kifayət qədər uğurlu siyasi rol oynamağa başlayıb.

Köhnə xarici oyunçuların öz təsir alətləri var idi. Avropa İttifaqı postsovet ölkələrinə «Şərq Tərəfdaşlığı» proqramını təklif edir, Rusiya MDB, KTMT, Aİİ kimi inteqrasiya layihələrinə üstünlük verirdi… Sonradan onların sırasına İttifaq Dövləti də əlavə olunub. Doğrudur, hələlik bu layihənin cəmi iki iştirakçısı var – Rusiya və Belarus. Lakin Moskva digər postsovet ölkələrinin də bu ittifaqa qoşulmasında maraqlı olduğunu gizlətmir. Doğrudur, hələlik bu konsepsiyanı qeyri-rəsmi, məsələn, Aleksandr Dugin kimi ideoloqların dilindən bəyan edirlər. Amma ideya artıq ortadadır.

ABŞ postsovet məkanında inteqrasiya layihələri ilə çıxış etməyib. Amma onun milyardlıq büdcəyə malik USAID kimi aləti və sponsor-qrant proqramları var idi.

Çin isə heç zaman bənzər layihə və təşəbbüslərlə çıxış etməyib və etmir. ŞƏT və ya BRHÇC kimi qurumlar inteqrasiya layihəsi deyil. Onlar sadəcə, dövlətlərarası əməkdaşlıq platformasıdır. Çinin «Bir kəmər, bir yol» təşəbbüsü də inteqrasiya yox, iqtisadi və logistik əməkdaşlıq layihəsidir.

İndi isə məlum olur ki, bu, Çinin nüfuzunu yaymasında nəinki mənfi hal deyil, əksinə, ciddi üstünlükdür. Pekin digər oyunçulardan fərqli olaraq, birincisi, tərəfdaşlarının xarici siyasətini yönləndirməyə çalışmır, «ya biz, ya NATO/Aİ/ABŞ/Türkiyə» üslubunda çıxış etmir. İkincisi, onun tərəfdaş ölkələrdə Çin dilinin ikinci dövlət dilinə çevrilməsi kimi bir tələbi yoxdur. Nəhayət, üçüncüsü, Pekin «Çin dünyası» konsepsiyası irəli sürmür. Qərbin aparıcı hökumətlərindən fərqli olaraq, Çin hökuməti «insan haqları» kimi bəhanələrlə yersiz qərəz göstərmir «rəngli inqilab» və ya buna bənzər nəsə həyata keçirməyə çalışmır.

Məlum olur ki, belə «təsir alətləri»ndən istifadə etməmək üstünlükdür. Yəni texnologiyalar və investisiyalar yalnız Qərbdən deyil, Şərqdən də gələ bilər. Ən əsası isə bu zaman yersiz siyasi iradlara, suverenliyin bölüşdürülməsi tələblərinə rast gəlinmir.

Bütün bunların fonunda Mao Tszedunun məşhur «Şərq küləyi Qərb küləyinə üstün gəlir» ifadəsi yada düşür.



MƏSLƏHƏT GÖR:

121