ALTERNATİV KEÇİD
İstehsalçılar ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri azaltmağa kömək edən məhsullara milyardlarla dollar sərmayə qoymağa davam edirlər
Müəllif:
Bu gün dünya sanki ənənəvi qida məhsulları, yanacaq, hətta vərdişlərə belə alternativ tapmaq şövqündədir. İnsanlar artıq süni ət və süd istehsal etməyi, külək və günəş şüalarını enerjiyə çevirməyi, ipək və pambığı imitasiya etməyi və s. öyrəniblər.
Və əgər ənənəvi məhsulların “köhnəlmiş” variantlarını “yeni və daha inkişaf etmiş” olanlarla əvəz edilməsinin səbəbi bəzən təbii resursların kəskin tükənməsi ilə əlaqəlidirsə, əksər hallarda belə bir zərurət onların istehsalı və istifadəsinin qlobal iqlimə vurduğu mənfi təsirləri minimuma endirməkdən yaranır.
Bu sıraya zərərli vərdişlərdən olan siqaret çəkmək də daxildir. Onun takcə bir insanın sağlamlığına deyil, bütün bəşəriyyətin gələcəyinə ciddi təhlükə yaratmasına dair edilən xəbərdarlıqlara baxmayaraq, siqaret çəkənlərin sayı ildən-ilə artır. Buna görə də alimlər bu sahədə daha az zərərli əvəzedici məhsulların hazırlanması üzərində işləməyə başlayıblar.
Ənənəvi siqaret çəkmənin tüstüsüz alternativlərlə əvəz olunmasına dair innovativ yanaşmalara həsr olunmuş media-tur çərçivəsində azərbaycanlı jurnalistlər İtaliyanın füsünkar Bolonya bölgəsində yerləşən ABŞ-ın Philip Morris International (PMI) şirkətinə məxsus tüstüsüz elektrikli tütün qızdırıcı sistemləri üçün çubuqlar istehsal edən fabrikə səfər ediblər.
Ambisiyalı məqsəd
Bu il Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasının qüvvəyə minməsinin 20 ili tamam olur. Dünya əhalisinin təxminən 90%-nin yaşadığı 180-dən çox dövlət bu irimiqyaslı sənədin tərəfdaşlarıdır. Konvensiya tütünçəkmə ilə mübarizə üçün milyonlarla insanın həyatını xilas etməyə kömək edən hüquqi baza və hərtərəfli tədbirlər paketini təşkil edir. Sənəd ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunları, tütün məmulatlarına daha yüksək vergilərin tətbiqini və siqaret qutularının üzərində sağlamlıqla bağlı vizual xəbərdarlıqların mütləq şəkildə əks olunmasını əhatə edir.
2015-ci ildə bu tələb daha müfəssəl formada təkrarlandı və tütün istehlakının ən zəhərli formasını - siqareti (hazırda bir çox pərakəndə satış məntəqələrində 18 yaşdan yuxarı şəxslərə satılan məhsullar) tədricən əvəz edəcək yeni üsul və vasitələrin icad edilməsi məqsəd kimi formalaşdı.
Statistikaya görə, dünyada insanların hər səkkiz nəfərdən biri siqaret çəkir və bu zərərli vərdişin əsiri olan insanların ümumi sayı artıq 1,1 milyarda çatıb!
Azərbaycanda isə siqaret çəkənlərin sayı son 5 ildə 30-32% səviyyəsində qalır, bu da kifayət qədər ciddi göstəricidir. ÜST-nin parametrlərinə görə, siqaretdən azad ölkələrdə bu rəqəm 5%-dən çox olmamalıdır. Həm də nəzərə alınmalıdır ki, son 7 ildə ölkəmizdə ictimai yerlərdə siqaret çəkilməsini ciddi şəkildə məhdudlaşdıran qanunvericilik aktları qəbul edilib, yüksək aksiz vergiləri və digər çəkindirici tədbirlər tətbiq olunmuşdur.
Həmçinin, təxminən 10 il əvvəl siqareti tərgidə bilməyən insanlar üçün daha az zərərli alternativlərin hazırlanması istiqamətində işlərə başlanılıb.
Bu sahədə PMI şirkəti bir çox alimləri cəlb edərək iki tədqiqat və tətbiqetmə mərkəzi yaradıb. İndiyədək tütün məhsullarının zərərinin azaldılması ilə əlaqədar 530-dan çox elmi məqalə dərc edilib.
Bu tədqiqatlara əsasən, qadağalarla yanaşı, tüstüsüz məhsullara keçid mənfi statistikanı azaltmaqda effektiv ola bilər. Tədqiqatların nəticəsinə görə əsas zərər tütünün yanması zamanı yaranan tüstüdən gəlir. Bu səbəbdən, alimlər siqaret çəkmə prosesini imitasiya edən, lakin yanma və tüstü olmadan fəaliyyət göstərən məhsulların yaradılması üzərində işləməyə başlayıblar.
Bu illər ərzində PMI-nin alternativ məhsullar sahəsində innovasiyaların istehsalı, inkişafı və kommersiyalaşdırılmasına investisiyalarının ümumi həcmi 14 milyard dolları keçib.
Şirkətin kommunikasiya rəhbəri Aleksey Kaliniçenkonun sözlərinə görə, bu sərmayələr tamamilə özünü doğruldub, çünki bu gün şirkətin ümumi mənfəətinin 40%-dən çoxu tüstüsüz məhsulların payına düşür. Yaxın 5 ildə bu göstəricinin 60%-ə çatdırılması planlaşdırılır.
“Bu çox iddialı hədəfdir, çünki bütün bunlar yalnız investisiyaların davamını deyil, eyni zamanda hökumət orqanları və ictimaiyyətlə əməkdaşlığı tələb edir. Bizim cəmiyyətə əsas mesajımız belədir: “Siqaret çəkməyən – başlamasın, çəkən – tərgitsin, tərgidə bilməyən – daha az zərərli alternativə keçin”, – deyə A. Kaliniçenko bildirib.
Belə ki, bir çoxları tüstüsüz məhsulları siqareti tam tərgidənə qədər keçid dövrü hesab edirlər.
Yeni Yanaşma
İnadkar siqaret çəkənlərin bu vərdişdən tamamilə imtina etməsi və ya heç olmasa onun zərərini azaltması istiqamətində düzgün seçim etmələri üçün (söhbət qismən, lakin əhəmiyyətli azalmadan gedir, çünki istehsalçıların özləri dəfələrlə xəbərdarlıq edirlər ki, alternativ məhsullardan istifadənin 100% mənfi təsirindən qaçınmaq mümkün deyil) təkcə təbliğat işi deyil, həm dövlət orqanlarından, həm də istehsalçılardan müəyyən tədbirlərin görülməsi tələb olunur.
Məsələ burasındadır ki, dünyanın əksər ölkələrində siqaretin tüstüsüz alternativləri artıq satışa buraxılsa da, bəzi hökumətlər hələ də onları qadağan olunmuş mallar siyahısında saxlayır.
İstehsalçıların qeyd etdiyi kimi, bu sahədə bir çox qanunlar siqaretin zərərini azaldan məhsulların istehsalına başlamazdan xeyli əvvəl hazırlanmışdır. Yeni elmi tədqiqatların və qəbul olunmuş nailiyyətlərin meydana çıxması ilə həm də mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac görünür. "Siz kriptovalyutalar və ya süni intellektlə analoqlar gətirə bilərsiniz - bir çox ölkələr hələ də bu sahələri necə tənzimləməyi bilmirlər, ona görə də hələlik yalnız qadağa qoymağa üstünlük verirlər. Amma biz əminik ki, zaman keçdikcə, daha doğrusu, cəmiyyət üçün aşkar müsbət nəticələr fonunda dövlət qurumlarının innovasiyalara yanaşması dəyişəcək", - A. Kaliniçenko belə hesab edir.
Digər tərəfdən, əlbəttə ki, qiymət faktoru mövcuddur - bütün alternativ məhsulların qiyməti ənənəvi məhsullarla müqayisə oluna bilməz. Və burada, istehsalçıların hesab etdiyi kimi, dövlət qurumlarını, konkret olaraq, vergi siyasətinə differensial yanaşmanı cəlb etmək lazımdır ki, geniş istehlakçılar üçün məqbul qiymətlər müəyyən olunsun. “Biz müxtəlif ölkələrdən olan, müxtəlif vərdişləri, müxtəlif gəlir səviyyələri, müxtəlif maraqları olan insanlara onlar üçün məqbul olan məhsulu almaq imkanı yaratmaq istəyirik”, - deyə A. Kaliniçenko qeyd edib.
Bu baxımdan, istehsalçılar həm daha ucuz qiymətli məhsullar və bahalı, lakin keyfiyyətli flaqman məhsulları da daxil olmaqla məhsul çeşidini genişləndirməyə çalışırlar.
Eyni zamanda, istehsalçıları məlum olmayan məhsulların ölkəyə qeyri-qanuni idxalına qarşı sərt tədbirlərin görülməsinin, habelə insan sağlamlığına zərərli olan məhsulların yetkinlik yaşına çatmayanlara satışının qarşısının maksimum dərəcədə alınmasının məqsədəuyğun olmasında israrlıdırlar.
Bu gün tüstüsüz tütün məmulatlarının tətbiqinin siqaret çəkənlərin ümumi sayının azalmasına və ya ətraf mühitə necə təsir etdiyi barədə dəqiq statistika yoxdur, çünki onların satışda olduğu ölkələrin böyük əksəriyyətində, o cümlədən Azərbaycanda müvafiq hesabat aparılmır. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, əhalisinin ənənəvi siqaretdən kütləvi şəkildə imtina olunan ölkələrin sakinlərinin sağlamlığının yaxşılaşmasında müsbət nəticələr əldə olunub. Məsələn, İsveçdə siqaret çəkənlərin sayı 2004-cü ildə 16,5% idisə, 2024-cü ildə bu göstərici 5,4%-ə qədər azalıb. Tüstüsüz alternativlərin bazara daxil olmasına ilk icazə verən İtaliya və Yaponiyada kifayət qədər müsbət nəticələr əldə edilib.
Yaponiyada 2014-cü ildən bəri tüstüsüz alternativlərin bazara daxil olması ilə siqaret satışı demək olar ki, yarıya qədər azalıb.
Deməli, yeni tədqiqatlara sərmayə qoymaq və zərəri daha da azaldacaq alternativlər hazırlamaq istiqamətində işləri davam etdirmək lazımdır.
MƏSLƏHƏT GÖR:



105

