YAŞIL HAVA DƏHLİZİ
Bakıda keçirilən IATA beynəlxalq forumunda aviasiya sənayesinin dekarbonizasiyası müzakirə edilib
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI
Azərbaycanın aviasiya sektoru son illərdə kifayət qədər sürətlə inkişaf edir - təkcə ötən il ölkənin hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından əldə etdiyi gəlirlər 31,2% artaraq təxminən 5 milyard manat təşkil edib.
Əvvəllər dövlət büdcəsindən xeyli subsidiyalar alan “Azərbaycan Hava Yolları” QSC 2022-ci ildən etibarən ilk dəfə olaraq xalis mənfəət əldə etməyə başlayıb.
Aviasiya sektorumuzun nailiyyətləri dünya səviyyəsində də həm mükafatlarla, həm də Bakının nüfuzlu beynəlxalq sənaye forumlarının keçirilmə yeri kimi seçilməsi ilə tanınır.
Bunlardan biri olan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumu (AEF) may ayının ortalarında ölkə paytaxtında keçirilib.
Ekoloji gündəm
AEF müasir aviasiyanın üzləşdiyi enerji çağırışlarını müzakirə etmək və aviadaşıyıcılar, Dayanıqlı Aviasiya Yanacağı (SAF) təchizatçıları və IATA-nın digər strateji tərəfdaşları arasında qlobal əməkdaşlığı gücləndirmək üçün unikal platformadır. Müzakirələrin əsas mövzusu aviasiyanın 2050-ci ilə qədər CO2 sıfır emissiya hədəfinə çatmaq yolunda tərəfdaşlıq əlaqələrinin formalaşdırılması olub.
“Bu cür əhəmiyyətli forumun Bakıda keçirilməsi ölkəmizin qlobal aviasiya sənayesində və enerji keçidi prosesində artan strateji rolunun əksidir, həmçinin Azərbaycanın aviasiya inkişafı gündəliyinin formalaşmasında fəal iştirakını təsdiqləyir. Dayanıqlı Aviasiya Yanacağı 2050-ci ilə qədər CO2 sıfır emissiyasına nail olmaq yolunda əsas amil kimi tanınır. AZAL aviasiya sənayesinin dekarbonizasiyasını dəstəkləməyə sadiq qalacaq və davamlı inkişaf sahəsində öz gündəliyini ardıcıl şəkildə inkişaf etdirəcək”, - AZAL-ın prezidenti Samir Rzayev bildirib.
Onun sözlərinə görə, AZAL dayanıqlı infrastruktur, ağıllı hava limanı, bərpa olunan enerji həlləri, “yaşıl maliyyə” və şəffaf emissiya hesabatlılığı prinsiplərinə əsaslanan hərtərəfli ESG strategiyası və sıfır emissiya hədəfinə çatmaq planı hazırlayır. “Yanaşmamız məlumatlara əsaslanan, sistematik və həm makro, həm də mezo səviyyəli təhlillərlə formalaşır”, - o əlavə edib.
2021-ci ildən etibarən AZAL Dayanıqlılıq Hesabatları dərc edir və o, hazırda tam emissiya qiymətləndirməsini əhatə edəcək 2024-cü il üçün genişləndirilmiş hesabat hazırlayır. S.Rzayevin fikrincə, bu addım AZAL-ın dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, enerji keçidi və ESG hesabatlılığı istiqamətində öhdəliklərini daha da möhkəmləndirəcək.
AZAL, həmçinin dekarbonizasiyanın əsas vasitəsi kimi Dayanıqlı Aviasiya Yanacağından istifadə perspektivlərini araşdırır. “Qlobal SAF bazarları hələ formalaşma mərhələsində olsa da, AZAL "RefuelEU" təşəbbüsünə uyğunlaşır və hazırda region daxilində SAF istehsalı və təchizatı potensialını qiymətləndirir. Məqsədimiz SAF geniş istifadəyə veriləndə, infrastrukturumuz və tənzimləyici mühitin buna tam hazır olmasıdır”, - AZAL-ın prezidenti vurğulayıb.
Bununla yanaşı, AZAL torpaq əməliyyatların elektrikləşdirilməsi, hava limanlarında bərpa olunan enerji mənbələrinə keçid və enerji səmərəliliyini artırmaq üçün rəqəmsal həllərin tətbiqi vasitəsilə karbon emissiyalarının azaldılmasına üstünlük verir. Bundan başqa, biomüxtəlifliyin qorunması və ekosistemlərin mühafizəsinə xüsusi diqqət yetirilir.
Yeni müqavilələr
S.Rzayevin sözlərini dəstəkləyən IATA-nın sıfır emissiyaya keçid üzrə direktoru Hemant Mistri xatırladıb ki, böyük neft və qaz istehsalçılarından biri olan Azərbaycan COP29 konfransına ev sahibliyi edib, bu da onun iqlim fəaliyyətlərinə sadiqliyini nümayiş etdirir və qlobal iqlim gündəliyi üçün ümidverici siqnaldır. “Bu baxımdan ölkə öz iqlim siyasətini və standartlarını beynəlxalq normalara uyğunlaşdırmaq imkanını nəzərdən keçirir. Bu, xüsusilə aviasiya sənayesində SAF-ın tətbiqi istiqamətində mühüm addım ola bilər”, - H.Mistri vurğulayıb.
Qeyd edək ki, AEF çərçivəsində AZAL və IATA arasında “CO2 Connect” proqramına qoşulmaq haqqında müqavilə imzalanıb. IATA-nın “CO2 Connect” kalkulyatoru emissiyaların ölçülməsindəki uyğunsuzluqları aradan qaldıraraq sərnişin başına dəqiq CO2 məlumatlarını təqdim edir. Bu məlumatlar təyyarə növünə xas yanacaq sərfiyyatı kimi real əməliyyat məlumatlarına əsaslanır və birbaşa iştirakçı aviaşirkətlər tərəfindən təqdim olunur, sənayedə razılaşdırılmış metodologiyaya uyğun hesablanır. Platforma daha yüksək məlumat dəqiqliyinə nail olaraq sektorda hesabatlılığı gücləndirir. AZAL hazırda “CO2 Connect”ə məlumat təqdim edən 60-dan çox aviaşirkətə qoşulub.
Bundan başqa, AZAL forumda IATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramı olan IEnvA-ya qoşulduğunu elan edib. Bu, aviaşirkətlər, hava limanları, yükdaşıma terminalları, ekspeditor şirkətləri, texniki xidmət təminatçıları, iaşəçilər və s. kimi aviasiya sənayesi iştirakçılarının fəaliyyətinin müstəqil qiymətləndirilməsi üçün hazırlanmış sertifikatlaşdırma sistemidir. IEnvA sertifikatını əldə etdikdən sonra AZAL müxtəlif əməliyyat sahələrində ətraf mühitə təsirini daha yaxşı qiymətləndirə, idarə edə və optimallaşdıra biləcək. Bu, aviaşirkətə ətraf mühit göstəricilərini yaxşılaşdırmağa və bu sahədə daha sistemli yanaşma formalaşdırmağa imkan verəcək.
İki dəfə artan sərnişin axını
IATA-nın baş iqtisadçısı Maya Martsinyakın sözlərinə görə, Azərbaycanın aviasiya bazarı təkcə orta dünya artım tempini üstələməyib, həm də son 10 ildə Şərqi Avropa ölkələrində müşahidə olunan dinamikanı qabaqlayıb. Üstəlik, növbəti 10 ildə əlavə 40% artım proqnozlaşdırılır, bu isə, ilk növbədə, ölkə vasitəsilə səfər edən sərnişinlərin sayının artması hesabına mümkün olacaq. “Bu, sektorda yüksək fəallığı əks etdirir: daha çox insan Azərbaycan üzərindən səyahət edir, ölkəyə gəlir və yerli aviadaşıyıcıların xidmətlərindən istifadə edir. Bu artımın böyük hissəsi qeyd olunan sahənin maliyyə göstəricilərinə birbaşa müsbət təsir göstərir”, - M.Martsinyak əlavə edib.
Məlumat üçün qeyd edək ki, 2022-ci ildən Azərbaycanın hava məkanında aviasiya hərəkətinin intensivliyi 80%-dən çox, tranzit uçuşların sayı isə iki dəfə artıb.
S.Rzayevin sözlərinə görə, ötən il AZAL 63 istiqamət üzrə uçuşlar həyata keçirib və bu da 2022-ci ildəki 27 istiqamətlə müqayisədə təxminən iki dəfə çoxdur. Müvafiq olaraq sərnişin axını iki dəfə artıb. “AZAL-ın mərkəzi olan Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il 7,5 milyon sərnişinə xidmət göstərib. Hava limanı səkkizinci dəfə Mərkəzi Asiya və MDB-də ən yaxşı hava limanı seçilib, həmçinin üçüncü dəfə ardıcıl olaraq “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” mükafatını qazanıb. Bundan əlavə, liman, həmçinin “Airport Carbon Accreditation” proqramı çərçivəsində 2-ci səviyyə sertifikatlaşdırılmasına nail olub”, - AZAL prezidenti qeyd edib.
Beləliklə, aviasiya sahəsində dünya iqlim gündəliyində fəal iştirak Azərbaycan hava donanması nümayəndələrinə beynəlxalq aviasiya birliyinə inteqrasiyanı gücləndirməyə və ətraf mühitə mənfi təsirin azaldılması üzrə qlobal məqsədlərə nail olmağa imkan verəcək.
MƏSLƏHƏT GÖR:

98

