5 Dekabr 2025

Cümə, 10:42

SƏRHƏDSİZ MÜNAQİŞƏ

İsraillə husilər qlobal oyunun bir hissəsinə çevrilirlər

Müəllif:

15.05.2025

İsrailin Yəmənin şimal və qərb hissəsinə nəzarət edən «Ənsər Allah» (husilər) silahlı qruplaşması ilə münaqişəsi Qəzza sektorundakı durum, İran ətrafında yaşananlar, həmçinin dəniz ticarət yollarına nəzarətlə bağlı rəqabətlə bilavasitə əlaqəlidir. Bu «Yaxın Şərq oyunu»nun fəal iştirakçılarından biri isə ABŞ-dir. İndi bölgədə uzun müddət üçün geosiyasi konfiqurasiya, yəqin ki, burada hadisələrin necə inkişaf edəcəyindən asılıdır.

 

Cavab tədbirləri

İsrail bu il martın 15-dən husilərin mövqelərinə zərbələri dayandırmışdı. Səbəb ABŞ-nin Qırmızı dənizdə dislokasiya olunmuş aviasiya qrupunun bu qruplaşmaya qarşı hərbi əməliyyatlara başlaması idi. Lakin mayın əvvəlində Təl-Əviv İsrail ərazisinin husilər tərəfindən baillistik raket atəşinə tutulmasına cavab olaraq, əks həmləni bərpa edib. Husilərin raketlərindən biri Təl-Əvivin Ben-Qurion beynəlxalq aeroportunun yaxınlığına düşüb. Ərazidə nəhəng çala yaranıb. İsrail mediası altı nəfərin yaralandığını, aeroportun müvəqqəti olaraq fəaliyyətini dayandırdığını, ümumilikdə isə ciddi zərərin olmadığını xəbər verir. Bir də, əlbəttə ki, bu gün dünyanın ən yaxşılarından sayılan İsrailin hava hücumundan müdafiə (HHM) sisteminin imicinə dəşmiş zərbə.

Husilərin təmsilçisi Yahya Saria bildirib ki, artıq İsrail aeroportu «uçuşlar üçün təhlükəsiz deyil». O, İsrailin hava məkanını tam blokadaya salmaq niyyətlərini də dilə gətirib. Cavabında, yəhudi dövlətinin müdafiə naziri İsrael Kats deyib ki, «İsrailə zərər verənlər yeddi qat artığını alacaqlar». Artıq mayın 15-də İsrail Hərbi Hava Qüvvələri Yəmənin «Hüdeydə» limanına və Bacel şəhəri yaxınlığındakı sement zavoduna hücum edib. SAXAL-da olan məlumata görə, husilər hər iki obyektdən «İran silahlarının paylanılması, hərbi məqsədli avadanlıqlardan istifadə və digər terror məqsədləri», həmçinin tunellərin, hərbi infrastrukturun tikintisi üçün istifadə edirlərmiş.

Bir gün sonra – mayın 6-da İsrail aviasiyası Yəmən paytaxtı Sananın əsas beynəlxalq aeroportunu praktik olaraq, tam məhv edib. Ölkənin bir neçə mərkəzi elektrik stansiyası da partladılıb. Lakin mayın 9-da husilərin raketləri İsrailin onlarla şəhərində həyəcan siqnallarının yenidən işə düşməsinə səbəb olub – Yerusəlimdən tutmuş, Təl-Əvivə, Netanyayadək. Ben-Qurion aeroportunun fəaliyyəti növbəti dəfə müvəqqəti də olsa, dayandırılıb.

İranın dəstəyi ilə fəaliyyət göstərdiyi deyilən «Ənsər Allah» qruplaşmasının təmsilçiləri bildirirlər ki, İsrailə zərbələr Qəzza sektorundakı fələstinlilərlə həmrəylik nümayişi olaraq endirilir. Məlum olduğu kimi, İsrail ordusu orada hərbi əməliyyatları davam etdirir. SAXAL bu əməliyyatlara HƏMAS-ın 2023-cü il oktyabrın 7-də ölkənin cənub rayonlarına hücumuna cavab olaraq başlayıb. Eyni səbəbdən husilər 2023-cü ilin dekabrında Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə də hücum etmişdi. Söhbət Asiya ilə Avropa arasındakı əsas arteriyadan gedir. O zaman husilərin əsas hədəfi yalnız İsrail, ABŞ və Böyük Britaniya ilə əlaqəli gəmilər idi. Lakin Pentaqonun məruzəsindən məlum olur ki, ötən dövr ərzində 65 ölkənin, 29 enerji və gəmiçilik şirkətinin maraqlarına bu və ya digər dərəcədə zərbə dəyib.

 

Ən yoxsul ölkələrdən birində

Məlumata görə, husilər Somalinin «Əş-Şabab» qruplaşması ilə əlaqələrini genişləndirməyə çalışır. Bunun Qırmızı dəniz və Ədən körfəzində vəziyyəti daha da ağırlaşdıracağı ehtimal olunur. İsrail kəşfiyyatı isə bildirir ki, «Ənsər Allah» analoji məqsədlərlə Misir və Mərakeş istiqamətində də səyləri artırır.

Husilər 2014-cü ilin sentyabrında hakimiyyəti ələ keçirdikdən sonra Şimali və Qərbi Yəmənin əhəmiyyətli bir hissəsinə nəzarəti davam etdirirlər. Bu işdə onlara çətin dağlıq rayonlarda qurulmuş möhkəm və dərin infrastruktur, geniş tunellər şəbəkəsi də ciddi yardım edir. Bu, həmçinin onların partizan taktikasından istifadəsi yaraqlılara havadan ciddi zərbələrin endirilməsini çətinləşdirir. Məhz bu səbəbdən qruplaşma bir neçə il Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qoşunlarına asanlıqla müqavimət göstərməyi bacarıb.

BMT ekspertlərinin qiymətləndirməsinə görə 2022-ci ildə sayı 220 min olan husi yaraqlıları 2024-cü ildə 350 min nəfərədək artıblar. Maraqlıdır ki, onların əlində istər ballistik raketlər, istər qanadlı raketlər, istərsə də pilotsuz uçuş aparatları və katerlər var. Hissələrə bölünmüş Yəmən isə dünyanın ən yoxsul ölkələrindən biri olaraq qalır.

Müxtəlif hesablamalara görə, Yəməndə vətəndaş müharibəsi 150 mindən artıq insanın həyatına son qoyub, 4,8 milyon insan ev-eşiyini tərk etmək məcburiyyətində qalıb, 19,5 milyon insanın isə bu və ya digər formada yardıma ehtiyacı var. Bu, ümumi ölkə əhalisinin yarısı deməkdir.

 

ABŞ-nin niyyəti nədir?

Martda husilərlə mübarizəyə ABŞ da qoşulub. Prezident Donald Tramp onları «tam məhv» ilə, «cəhənnəm yaşatmaq»la hədələyib. Amerikanın bu məqsədlə həyata keçirdiyi ən miqyaslı hücumlardan biri Qırmızı dəniz sahilində yerləşən «Ras-İsa» neft terminalına aviazərbənin endirilməsi olub. Bu əməliyyat nəticəsində ən azı 74 nəfər həlak olub. Lakin husilər bundan sonra da geri çəkilmək niyyətində olmadıqlarını göstəriblər - Amerika gəmilərinə və İsrailə hücumlar davam etdirilib. Yəni qruplaşmaya kifayət qədər ciddi zərbə endirilsə də, onun məhvi haqda danışmaq hələ ki, çox tezdir.

Nəhayət, Tramp mayın 6-da gözlənilmədən bəyan edib ki, ABŞ Yəmən qruplaşmasının mövqelərinə zərbələri dayandırır. Səbəb kimi, guya onların daha gəmiçiliyə mane olmayacaqlarını bildirmələri göstərilib. «Onlar sadəcə, savaşmaq istəmirlər və biz bunu qiymətləndiririk. Biz bombardmanları dayandırırıq. Onlar təslim oldular. Daha vacibi isə biz onların sözünə inanırıq. Deyirlər ki, daha gəmiləri partlatmayacaqlar. Bizim hədəfimiz də məhz bu idi», - deyə D.Tramp qeyd edib.

Sonradan Oman husilərlə ABŞ arasında atəşkəs razılaşmasının əldə olunmasına vasitəçilik etdiyini rəsmən açıqlayıb. Bu razılaşmanın İranın iştirakı olmadan baş tutub-tutmadığı bilinmir. Yalnız o vurğulanıb ki, o, «qruplaşmanın İsrailin Qəzzada müharibəyə başladığı 2023-cü ilin oktyabrından bu yana yürütdüyü siyasətdə ciddi dəyişiklik edib». Bununla yanaşı, husilər İsrailə zərbələrin davam etdiriləcəyini bildirirlər.

Trampın qərarının səbəbləri aydın deyil və Ağ Evin mümkün məntiqi ilə bağlı bir neçə versiya var. Birincisi, Amerikanın husilərə qarşı əməliyyatı çox məhdud effekt verib, halbuki ona milyonlarla dollar xərclənib. Amerikanın «NBC News» telekanalı Ağ Evdəki mənbəyə istinadən xəbər verir ki, ABŞ administrasiyası bu işə 1 milyard dollardan artıq vəsait xərcləyib.

İkincisi, ABŞ-nin husilərə zərbələrinə İran ətrafındakı böhran kontekstində də baxmaq vacibdir. Tramp lap əvvəldən deyirdi ki, husilərin əks-hücumlarına İranın hücumu kimi yanaşılacaq və Tehran buna görə məsuliyyət daşıyacaq. İsrailin Livanda «Hizbullah»a qarşı apardığı hərbi əməliyyatlardan, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İranın proksi qüvvələri xeyli zəifləyib. Odur ki, indiki mərhələdə husilər «müqavimət xətti»nin döyüş qabiliyyəti ən yüksək qruplaşması sayılır.

ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio İranı Frankenşteynlə, husiləri isə onun bədheybəti ilə müqayisə edir. Odur ki, husilərin bombalanmasına həm də İrana dolayı təzyiq kimi baxılırdı. Halbuki Tehran bu qruplaşmaya nəzarət etmədiyini bildirir. Belə bir vəziyyətdə hələ davam edən ABŞ-İran danışıqlarının necə olacağını təxmin etmək çətindir. Üstəlik, deyəsən, Ağ Evin özündə belə, bu danışıqların nə ilə nəticələnməli olduğuna dair dəqiq təsəvvür yoxdur. Görünən odur ki, Vaşinqton dialoqun nəticəsinə hansı vasitələrlə təsir göstərə biləcəyini də dəqiq müəyyənləşdirməyib. ABŞ-də bir şeyi dəqiq bilirlər ki, İranla qarşıdurmanın qızışması ciddi enerji böhranı riski yaradır.

Mayın 8-də məlum olub ki, Tehran Omanda ABŞ ilə nüvə mövzusunda danışıqların təxirə salınmış dördüncü raundunun keçirilməsinə razıdır. Bəzi müşahidəçilər hesab edirlər ki, bu danışıqlar Obama dövründə əldə edilmiş razılaşmaya bənzər nəticə ilə yekunlaşa bilər. Belə bir şəraitdə ABŞ-ın husilərlə razılığa getməsi faktiki olaraq, həm də bu qruplaşmanın siyasi güc kimi qəbul olunmasıdır. Hər halda, «Ənsər Allah»ın hücumları öz-özlüyündə əvvəllər o qədər də tanınmayan bu təşkilatı regional oyunçuya çevirib. O da istisna deyil ki, ABŞ bu yolla iranpərəst «müqavimət xətti»nə növbəti zərbəni endirməyi düşünür. Necə deyərlər, «parçala, hökm sür».

Üçüncüsü, burada ərəb dövlətlərinin mövqeyi heç də az rol oynamır. ABŞ aprelin əvvəlində sanki husilərə qarşı yerüstü əməliyyatlara hazırlaşırdı və bunu Fars körfəzi ölkələrinin dəstəyi ilə etməli idi. Amma onlar, deyəsən, «Qətiyyət tufanı» və «Ümidlərin dirçəlməsi» əməliyyatlarını bərpa etmək istəmədilər. Bu da öz-özlüyündə xüsusilə Trampın Səudiyyə Ərəbistanına səfəri fonunda ciddi amildir. Yaxın Şərqdə böyük müharibə heç kimə lazım deyil. Hətta regionun husiləri düşmən bilən ən böyük neft istehsalçısına belə.

Dördüncüsü, husilərlə razılaşma Qəzzadakı vəziyyətlə bağlı ola bilər. Tramp Yaxın Şərq səfəri ərəfəsində «bütün zamanlarda olduğundan daha vacib, çox, lap çox əhəmiyyətli bəyanat» verəcəyi, üstəlik, bunun «çox müsbət» bəyanat olacağı vədi ilə hər kəsi maraqlandırmışdı. Sonradan məlum oldu ki, Amerika lideri Qəzza sektoru ilə bağlı İsrailin 18 aydır davam edən müharibəsinə son qoyacaq ümumi, hərtərəfli planı elan etmək haqda düşünür. O zaman bəzi media qurumları bildirirdi ki, plan Təl-Əviv ilə qismən əməkdaşlıq şəraitində hazırlanır, amma o, İsrail hökumətinin bütün tələblərinə cavab vermir.

Nəhayət, Qırmızı dənizdə baş verənlərin Çinin də maraqlarına toxunduğunu unutmaq olmaz. Belə ki, aprelin sonunda Tramp ABŞ-nin hərbi və kommersiya gəmilərinin Süveyş kanalından ödənişsiz keçidinə icazə verilməsi tələbini irəli sürüb. Söhbət beynəlxalq ticarətin təxminən 12%-nin gerçəkləşdirildiyi kanaldan gedir. Husilərin fəal əməliyyatlara başladığı 2023-cü ildən bu yana bu istiqamətdə gəmilərin hərəkəti 85% azalıb. Bu səbəbdən də, belə bir versiya irəli sürülür ki, amerikalılarn məqsədi husiləri cəzalandırmaq, Qırmızı dənizdən Aralıq dənizinə keçidi sabitləşdirmək yox, strateji əhəmiyyətli bu ərazini hərbiləşdirmək və onu nəzarəti ələ almaqdır. Guya ABŞ «Ənsər Allah»a hücumu bəhanə kimi ortaya ataraq, regiona daha ciddi hərbi qüvvə toplamağa çalışıb. Məsələ ondadır ki, Çinin dənizlə ticarət daşımalarında hökmranlığı ələ alma perspektivi Vaşinqtonu narahat edir. Üstəlik, Çinlə Misir aprelin 17-dən mayın 4-dək «Sivilizasiya qartalları-2025» adlı miqyaslı birgə hərbi-hava təlimləri keçiriblər.

 

Təl-Əvivin reaksiyası

ABŞ-nin bütün bu plan və iddialarına İsrailin necə reaksiya göstərəcəyi sual altında qalır. Bəzi media orqanları yazır ki, Təl-Əvivdə Vaşinqtonun husilərə qarşı əməliyyatı dayandırmasından şoka düşüblər. Xüsusilə Trampın barışığı yaraqlıların gəmilərə hücumları dayandırması ilə əlaqələndirməsi İsrail hökumətini heyrətləndirib. Yəni burada İsraildən söhbət belə, getmir. Bununla yanaşı, Ağ Ev rəhbəri bu bəyanatı husilərin Ben-Qurion aeroportuna raket zərbəsi endirməsindən bir neçə gün sonra səsləndirib.

İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, onun ölkəsi «özü özünü qoruyacaq». Bu bəyanatın ardından dərhal belə bir xəbər yayılıb ki, Təl-Əviv Yəmənə zərbələri artırmağı, potensial olaraq, İran ərazisindəki bəzs obyektləri hədəf seçməyi planlaşdırır. Bununla yanaşı, İsrail Yəmənə uzaqmənzilli zərbələr edirmək bacarığını göstərsə də, onun imkanları ABŞ-nin bacarıqları ilə müqayisəyə gəlmir.

Daha sonra artıq qeyd edildiyi kimi, Vaşinqtonun Qəzza planı ortaya çıxıb. Birləşmiş Ştatların müdafiə naziri Pit Xeqset Trampı Yaxın Şərq səfərində müşayiət etmək üçün İsrailə planlaşdırılmış səfərini təxirə salıb. Mayın 8-də isə Tramp İsrailin strateji məsələlər naziri Ron Dermer ilə «bağlı qapılar arxasında» görüş keçirib. Deyilənə görə, tərəflər İranla danışıqların vəziyyəti, Qəzza sektorundakı vəziyyət, «Ənsər Allah» ilə barışıq kimi məsələləri müzakirə ediblər. Onların hansı nəticələrə gəldikləri açıqlanmır. Bundan başqa, Təl-Əvivdə Trampın Yaxın Şərq səfərinə İsraili nədən daxil etmədiyinə dair haqlı sualı da yaranıb. Hər kəsə məlumdur ki, Tramp öz kampaniyasını İsraillə yaxşı münasibətlər vədi üzərində qurmuşdu. İndi o, Yaxın Şərqdəki əsas müttəfiqinin maraqlarını sadəcə, nəzərə almaya bilməz.

Bu qarışıq Yaxın Şərq düyününün ipləri hansı istiqamətə açılacaq və sonda bütün bunlardan qalib çıxan kim olacaq? Bu sualın cavabı, yəqin ki, yaxın zamanlarda tapılacaq.



MƏSLƏHƏT GÖR:

104