5 Dekabr 2025

Cümə, 10:48

İSRAİLİN PLANI İLƏ…

Netanyahunun Qəzza ilə bağlı yeni planı regionda humanitar vəziyyətə necə təsir göstərəcək?

Müəllif:

15.05.2025

İsrail hökumətinin Qəzzada HƏMAS-ın mövcudluğuna tamamilə son qoyulmasına dair planının reallaşdırılmasına başlanılması regionda gərginliyi yenidən artırıb. Üstəlik, İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, indi söhbət «ərazinin tam ələ keçirilməsindən və orada dayanıqlı nəzarətin qurulmasından» gedir. Görünən odur ki, plan müharibənin bürüdüyü Fələstin anklavında İsrailin hərbi əməliyyatları əhəmiyyətli dərəcədə artırmasını nəzərdə tutur. Artıq planın elan olunması özü beynəlxalq birlik tərəfindən sərt tənqidlə qarşılanıb. Bundan başqa, planın anons olunması on minlərlə ehtiyatda olan hərbçinin sektora geniş hücuma hazır olmaq çağırışı ilə də müşayiət edilib.

 

İsrailin planı: «lehinə» və «əleyhinə»

Xəbər husilərin hərbi əməliyyatlara başladıqları vaxtdan bu yana ilk dəfə olaraq mayın 4-də Təl-Əvivin Ben-Qurion aeroportuna raket zərbələri endirməsindən bir neçə saat sonraya təsadüf edib. Bu zərbələr nəticəsində hava limanından uçuşlar bir neçə saatlığına dayandırılıb, dörd nəfər yüngül xəsarət alıb. İsrail rəsmiləri dərhal husilərə cavabın çox ləngiməyəcəyini bəyan ediblər.

İsrailin Qəzzaya nəzarəti genişləndirmək niyyəti HƏMAS-ın darmadağın olunması və hələ də sektorda saxlanılan girovların azad edilməsi niyyəti ilə bağlıdır. Bununla yanaşı, ekspertlər bildirirlər ki, bu, yüz minlərlə fələstinlinin Qəzza sektorunun cənub hissəsinə sıxışdırılması ilə nəticələnərək, anklavdakı humanitar böhranı daha da ağırlaşdıracaq.

Maraqlıdır ki, İsrailin ali rəhbərliyi qeyd olunan planın reallaşdırılması ilə bağlı açıq bəyanatlardan çəkinir. Qəzzaya nəzarətin tam ələ alınması planının sosial şəbəkələrdə yayılmasının ardından Netanyahu israilli hərbçilərin bütün sektoru bir anda ələ keçirmək niyyətində olmadıqlarını, lakin əməliyyatın «intensiv» xarakter daşıyacağını bildirib.

Avropa İttifaqı İsrailin Qəzza sektorunda əməliyyatları genişləndirmək perspektivindən narahatlığını ilk ifadə edən beynəlxalq subyektdir. Qurumun rəsmisi Ənvər əl-Anuni isə eskalasiyanın «yeni qurbanlara, Fələstin əhalisi üçün yeni iztirablara yol açacağını» bildirib. O, İsrail qüvvələrini «maksimum ehtiyatlı davranmağa» çağırıb.

ABŞ Prezidenti Donald Trampın baş verənlərə reaksiyası isə birmənalı olmayıb və ciddi beynəlxalq rezonans yaradıb. Məlum olduğu kimi, 2025-ci ilin fevralında o, İsrailin Qəzzanı tam işğal etməsinə dəstək vermiş, hərbi əməliyyatların başa çatdırılmasından sonra ABŞ-nin əraziyə nəzarəti ələ alması təklifi ilə çıxış etmişdi. Tramp deyib ki, İsrail Qəzzanı Birləşmiş Ştatlara verəcək, fələstinli əhali isə qonşu ölkələrə köçürüləcək. Amerika lideri Qəzzanın «Yaxın Şərqin Rivierası»na çevrilməsi təklifini də irəli sürüb, bu məqsədlərə nail olunması üçün ABŞ qoşunlarından istifadəni belə, istisna etməyib.

Bu fikirlər beynəlxalq birlik tərəfindən sərt tənqidlə qarşılanıb. BMT-nin baş katibi Antoniu Quterreş sözügedən planı «etnik təmizləmə» niyyəti kimi qiymətləndirib. Misir və İordaniya da daxil olmaqla, ərəb ölkələri isə fələstinli qaçqınları qəbul etmək niyyətində olmadıqlarını bildiriblər. Tramp bu tənqidləri də cavabsız qoymayıb. O, planı «zorla qəbul etdirmək» niyyətində olmadığını, bunun sadəcə «tövsiyə» xarakteri daşıdığını söyləyib.

 

Humanitar böhran dərinləşir

ABŞ Prezidenti İsrailin əməllərini dəstəkləsə də, Qəzzadakı humanitar vəziyyətdən narahatlığını da bildirir. O, 2025-ci ilin aprelində Netanyahunu blokadanı yumşaltmağa, ərzaq və tibb ləvazimatlarının sektora keçirilməsinə imkan yaratmağa çağırıb. «Biz Qəzzaya qarşı rəhmli davranmalıyıq», - deyə o, qeyd edib.

İsraillə HƏMAS arasında əldə olunmuş atəşkəs razılaşmasının martın ortalarında yəhudi ordusunun hücumları bərpa etməsi üzündən pozulmasının ardından İsrail Müdafiə Ordusu strateji əhəmiyyətə malik əraziləri ələ keçirib. Nəticədə, bu gün o, Qəzza sektorunun təxminən yarısına tam nəzarət edir.

Bununla yanaşı, İsrail Qəzzaya bütün humanitar yardımları hələ barışıq pozulanadək dayandırmışdı. Buraya ərzaq, yanacaq və su da daxildir. Təxminən 19 aydır davam edən müharibədə bölgədə ən ciddi humanitar böhranın məhz bundan sonra yarandığı deyilir. Yardımların dayandırılması aclığa, ərzaq çatışmazlığına səbəb olub. Anklavda işləyən humanitar agentliklər bununla, bölgədə kütləvi ğalanların başladığını bildirir. Hesab olunur ki, İsrail HƏMAS-ın müqavimət gücünü tam qırmağa, həmçinin onu təxminən 20 ildir nəzarətdə saxladığı anklavda humanitar yardım paylamaq imkanından məhrum etməyə çalışır. Məsələ ondadır ki, HƏMAS Qəzza üzərində hakimiyyətini məhz bu imkanlar hesabına gücləndirir. İsrailli məmurlar HƏMAS-ı humanitar yüklərdən öz məqsədləri üçün istifadə etməkdə də günahlandırır.

İsrail hökumətinin planının ən həssas hissəsi Qəzza sakinlərinin həyatı ilə bağlıdır. Yəhudi dövlətinin rəsmiləri deyirlər ki, planın icrası «könüllü mühacirət»ə yol açacaq. Netanyahu detallara varmadığı videomüraciətdə bildirib ki, «Qəzza əhalisi elə onların öz təhlükəsizliyi üçün köçürüləcək».

Mediada planın addım-addım icra olunacağına dair xəbərlər yer alır. Buradan belə qənaətə gəlmək olar ki, Təl-Əviv vəziyyəti daha da ağırlaşdırmamaq üçün tələsməyəcək, anklavdan əhalini konkret hazır ssenarilər üzrə çıxaracaq.

 

HƏMAS məğlubedilməzdir?

İsrail HƏMAS-a təzyiqi ona görə artırırdı ki, o, atəşkəs danışıqlarında böyük uyuşqanlıq göstərsin. Lakin bu, baş verməyib. Beynəlxalq vasitəçilər tərəflər arasında yeni razılaşmaya böyük çətinliklə nail olmuşdular. İsrail, ABŞ və Aİ tərəfindən çoxları terror təşkilatı kimi tanınan HƏMAS bildirirdi ki, istənilən uzunmüddətli atəşkəs üçün Təl-Əviv Qəzzadan qoşunlarını tam çıxarmalıdır.

Bundan əvvəlki razılaşmalar tərəfləri müharibəyə birdəfəlik son qoyacaq razılaşmaya gətirməli idi. Lakin İsrail öz növbəsində, hər dəfə bildirir ki, o, HƏMAS-ı tam məhv etmədən dayanmayacaq.

İndi Təl-Əvivin hərbi əməliyyatları genişləndirmək qərarı hələ də əsirlikdə qalan israillilərin ailələri tərəfindən də mənfi qarşılanıb. Girov Ailələri Forumunun liderləri deyirlər ki, bu, hər bir girovun həyatı üçün riskdir. Onlar hökuməti qarşı tərəflə girovların azadlığının prioritet sayılacağı razılaşmaya getməyə çağırırlar. İsrailli məmurlar onlardan 24-nün hələ sağ olduğunu bildirirlər. Qəzza zolağı sakinlərinə humanitar yardımların göstərilməsi məsələsinə gəlincə, Təl-Əvivi ilkin tələbat mallarının bölüşdürülməsini HƏMAS-ı yaxına buraxmadan necə həyata keçirəcəyini açıqlamır. Bildirilir ki, İsrail BMT-yə bu işdə özəl mühafizə şirkətlərindən istifadə edəcəyi haqda məlumat verib. BMT özü isə prosesdə iştirak etməyəcək, çünki bu, qurumun əsas prinsiplərinə ziddir.

İsrailin Müdafiə Nazirliyinin məlumatına əsasən,  Qəzzaya bütün yardımlar cənubda yerləşən Kərəm Şalom nəzarət-buraxılış məntəqəsi vasitəsilə ötürüləcək. Yardımın təxmini həcmi gündə 60 yük maşını olacaq. Daha əvvəl BMT və humanitar yardım tədarükü ilə məşğul olan təşkilatlar əhalinin gündə 100 yük maşını yardıma ehtiyac duyduğunu bildirilirdi.

COGAT tərəfindən hazırlanmış memorandumda bildirilirdi ki, yardım özəl mühafizə şirkətlərinin idarə edəcəkləri lojistika mərkəzlərindən paylanacaq. Fələstinlilərin eyniləşdirilməsi üçün bu mərkəzlərdə üz tanıma sistemlərindən istifadə olunacaq, insanların yardım əldə edə biləcəklərinə məlumatlandırılması isə SMS vasitəsilə həyata keçiriləcək.

 

Yardım təzyiq vasitəsi kimi

Humanitar təşkilatların əməkdaşları düşünürlər ki, yardımları fələstinlilərə yerlərdə çatdırmaqdansa, mərkəzləşdirilmiş qaydada paylanılması böyük sayda insanı məcburi olaraq uzaq məsafələr qət etmək zərurəti ilə üz-üzə qoyacaq. Narahatlıq yaradan məqamlardan biri də məhz budur. Hərbi əməliyyatlar artıq Qəzza əhalisinin 90%-dən çoxunu yaşayış yerini dəyişməyə məcbur edib və sektorun böyük hissəsini yaşayış üçün əlverişli olmayan «ay landşaftı»na çevirib.

BMT-də hesab edirlər ki, əhalinin əsas hissəsi, o cümlədən daha zəif təbəqəsi, ümumiyyətlə, yardımsız qalacaq. HƏMAS isə öz növbəsində bildirir ki, İsrailin yardımların paylanmasına nəzarət planı qəbuledilməzdir. Hərəkat üzvləri bu planı «yardımı siyasi şantaj əlamətinə çevirmək və ya onu İsrailin şərtlərinə tabel olmağa məcbur etmək cəhdi» sayır: «Bu, beynəlxalq hüququn pozulması, aclıq siyasətinin davam etdirilməsidir».

İddialara görə ABŞ İsrailin planını birmənalı şəkildə dəstəkləyir. Doğrudur, hələlik özəl şirkətlərin pulunu kimin verəcəyi, yaxud yardımın özünə görə maliyyəni kimin ayıracağı aydın deyil. Bununla yanaşı, İsrail rəsmiləri Qəzzada humanitar böhranın olmadığını iddia edirlər. Onlar deyirlər ki, bölgədə kifayət qədər ərzaq var, sadəcə HƏMAS həmin ərzaqları mülki əhaliyə paylamır.

Əksər beynəlxalq humanitar təşkilatları narahat edən yardımların bölüşdürülməsi üçün mərkəzlərin yaradılmasının fələstinliləri daimi hərəkətdə saxlayacağı, onları «faktiki internasiya şərtləri» altında yaşamağa məcbur edəcəyidir.

Bununla yanaşı, Qəzza sektorunun potensial olaraq qeyri-müəyyən müddətə təkrar işğalı nəinki Fələstin dövlətinin yaranacağına ümidləri daha çox məhv edəcək, həm də İsraillə ona düşmən münasibəti bəsləyən əhali arasında ünsiyyəti daha sıx vəziyyətə gətirəcək.

Fələstin Milli Administrasiyası ABŞ Prezidentinin Qəzzada quruculuq planına və anklavın ilhaqı ilə bağlı istənilən digər plana əbəs yerə etiraz etmir. Belə bir vəziyyətdə bir çox ölkə Fələstinin mövqeyini dəstəkləsə də, ona ürəyi yansa da, susmağa üstünlük verir. Çünki onların regionda gedən proseslərə müdaxilə etmək üçün ya imkanı, ya da istəyi yoxdur.



MƏSLƏHƏT GÖR:

90