CƏNUB-ŞƏRQ KURSU
Azərbaycanla Vyetnam əməkdaşlığı genişləndirir
Müəllif: İlqar VƏLİZADƏ
Son zamanlar Azərbaycan xarici siyasi fəaliyyətinin xoğrafiyasını xeyli genişləndirib. Bakının sıx münasibətlər qurduğu ölkələr arasında Yaxın Şərq, Cənubi və Cənub-Şərqi Asiya dövlətləri xüsusi seçilir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri bunun bariz nümunəsidir. Bu, Vyetnamdan Azərbaycana ilk belə səviyyəli səfərdir. Bunadək Bakıya 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şarq, uzaq 1959-cu ildə isə dövlətin qurucusu Xo Şi Min səfər etmişdilər.
Azərbaycan liderlərinə gəlincə, Hanoya 1983-cü ildə KP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini səviyyəsində Heydər Əliyev səfər edib. Azərbaycan Respublikası Prezidentinin Vyetnama ilk dövlət səfəri isə 2014-cü ildə baş tutub.
Dinamik dialoq
Son illər Azərbaycan-Vyetnam münasibətləri dinamik inkişaf edib. Bu dialoq istər Azərbaycanın 2020-ci illərin əvvəllərində sədrlik etdiyi, Vyetnamın isə hər zaman fəal rol oynadığı Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də ikitərəfli səviyyədə reallaşdırılıb.
2019-cu ildə Azərbaycana Vyetnamın vitse-prezidenti Danq Txi Nqok Txin də səfər etmişdi. O, Azərbaycan-Vyetnam münasibətlərinin tarixində əsas səfərlərdən birinə çevrilərək, iki ölkə arasında siyasi əməkdaşlığın güclənməsində, etimadın möhkəmlənməsində əhəmiyyətli rol oynayıb. Bu isə öz əksini 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsində də tapıb. Həmin vaxt Hanoy ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin təzyiqlərinə baxmayaraq, ehtiyatlı və balanslı münasibəti ilə yadda qalıb. O, Qoşulmama Hərəkatının üzvü kimi, münaqişənin sülh yolu ilə həllllinə yönəlmiş səyləri dəstəkləyib, beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinin, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının tərəfdarı kimi çıxış edib. Bir sözlə, Hanoy bu münaqişədə faktiki olaraq, Azərbaycanın mövqeyini dəstəkləyib. Bu ölkənin nümayəndə heyəti BMT TŞ-də Azərbaycanın əleyhinə qəbul olunmuş, hərbi əməliyyatların dərhal dayandırılması tələbinin yer aldığı qətnamələri dəstəkləməyib. Bu əlbəttə ki, Bakı tərəfindən hörmətlə qarşılanıb.
To Lamın Bakı səfərinə gəlincə, bu səfərin maraqlı xüsusiyyətlərindən biri iki ölkə arasında strateji tərəfdaşlığa dair razılaşmanın imzalanmasıdır. 2025-ci ilin aprelində Çinlə anoloji razılaşmanın imzalanmasından sonra Azərbaycan Uzaq Şərq və Cənub-Şərqi Asiyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib ki, bu da Asiya qitəsində Bakının artan nüfuzunun göstəricisidir. Bu, xüsusilə Azərbaycanın panasiya təşkilatı olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə hazırkı sədrliyi fonunda vacibdir.
Bərzər strategiyalar
Son illər Vyetnam regional və beynəlxalq arenalarda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirərək, fəal xarici siyasət, iqtisadi artım və diplomatik çeviklik nümayiş etdirir. Hanoy dərin köklərin, zirək budaqların rəmzi olan «bambuk diplomatiyası» konsepsiyasına sadiqlik göstərir. Bu yanaşma ölkənin müstəqilliyini qorumasına, dəyişən xarici şəraitə uyğunlaşmasına imkan verir. Vyetnam müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərini inkişaf etdirir, ABŞ və Çin kimi nəhəng fövqəldövlətlərlə münasibətlərində balan yaratmağa çalışır.
Eyni sözləri Azərbaycan haqda da demək olar. Xarici siyasi kursdakı bu bənzərlik iki ölkə arasında yaxınlaşmaya təkan venə amillərdən biridir. Lakin siyasi dialoqun yüksək səviyyədə olmasına baxmayaraq, iki ölkə arasında ticarət-iqtisadi münasibətlər mövcud potensiala cavab vermir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də dilə gətirib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin dinamikası Azərbaycan neftinin Vyetnama satışından asılıdır. Neft satışı çoxdursa, ticarət dövriyyəsi artır, əksinə, azdırsa, bu göstərici də zəifləyir. «Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq», - deyə İlham Əliyev bildirib.
Həqiqətən də son illər Vyetnamla Azərbaycan arasında ticarət dövriyyəsi həcmi qlobal konyukturada enerji daşıyıcılarının qiymətinin dəyişməsini əks etdirərək, davamlı şəkildə qeyri-sabitlik göstərir. Məsələn, 2022-ci ildə dünyada neftin qiyməti Rusiya-Ukrayna müharibəsinin mənfi nəticələrinin gözləntisi fonunda kəskin bahalaşarkən Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi həcmi 702,5 milyon dollara yüksələrək, ikitərəfli münasibətlərin tarixində rekord həddə çatmışdı. 2024-cü ildə isə bu rəqəm cəmi 223,93 milyon dollar olub. Bunun əsas səbəbi Azərbaycandan Vyetnama neft və neft məhsulları ixracının azalması, həmçinin dünyada bu məhsulların ucuzlaşmasıdır.
Hazırda hər iki ölkə müxtəlif sahələrdə əməkdaşlığın şaxələndirilməsinə, genişləndirilməsinə çalışır. Bu, təhsil, elm, texnologiya, mədəniyyət və turizm kimi sektorlara da aiddir. Məsələn, Sovet İttifaqı dövründə Azərbaycan tələbələrin təhsil almasında, mütəxəssislərin hazırlanmasında Vyetnama kömək edib. İndi tərəflər bu istiqamətdə yeni razılaşmaya dair danışıqları başa çatdırıblarlar.
Vacib razılaşmalar
Tərəflər danışıqların gedişində müdafiə və təhlükəsizlik sahəsində əlaqələri gücləndirmək, informasiya, transmilli cinayətkarlıq, kibercinayətkarlıq kimi sahələrdə təcrübə mübadiləsi aparmaq haqda razılığa gəliblər.
Qeyd olunmalıdır ki, Vyetnam öz müdafiə sənayesini fəal şəkildə inkişaf etdirməkdədir. O, Silahlı qüvvələrinin texnoloji müstəqilliyinə nail olmağa, onu müasirləşdirməyə çalışır. Son illər ölkə silah, hərbi texnika istehsalında əhəmiyyətli nailiyyətlərə imza atır. Onun müdafiə sənayesi kompleksinin aparıcı müəssisəsi olan Z111 zavodu (Than Hoa şəhəri) atıcı silahların istehsalı və müasirləşdirilməsi üzrə ixtisaslaşıb. Vyetnamda yaxın və orta mənzilli radarlar, AJAS-1000 radioelektron mübarizə sistemləri və yüksək texnologiyalı digər avadanlıqlar da istehsal olunur. Onların istehsal təcrübəsi və texnologiyaları müdafiə sənayesində müxtəlif istiqamətlər üzrə öz layihələri olan Azərbaycanda da işə yaraya bilər.
Yaxın vaxtlarda hökumətlərarası komissiyanın birgə iclasının keçirilməsi nəzərdə tutulur. O, yaxın illər üçün iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzrə «yol xəritəsi» hazırlamalıdır.
Vyetnam lideri ölkəsinin Kommunist Partiyası ilə Azərbaycanın Yeni Azərbaycan Partiyası arasında əlaqələrin möhkəmləndirilməsini də təklif edib. O, bunun siyasi dialoqun güclənməsinə təkan verəcəyini düşünür. To Lam İlham Əliyevi yaxın vaxtlarda Vyetnama səfərə də dəvət edib. Azərbaycan Prezidenti dəvəti qəbul edib.
İmzalanmış razılaşmalara gəlincə, onlar ikitərəfli əməkdaşlığın siyasi-hüquqi bazasını əhəmiyyətli dərəcədə artırır, ən müxtəlif sahələri əhatə edir. Ümumilikdə səfər çərçivəsində 11 saziş və memorandum imzalanıb.
İkitərəfli razılaşmaların həcmli paketinin reallaşdırılması üçün yaxşı logistikaya ehtiyac var. Ölkələr bir-birindən coğrafi baxımdan çox uzaqda yerləşirlər. Azərbaycanın Dünya okeanına çıxışının olmaması vəziyyəti daha da çətinləşdirir. Odur ki, əməkdaşlıq üçün ən optimal variant Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir. Onlardan biri Çin sahillərinə, hətta Çin-Vyetnam sərhədinə, digəri isə Fars körfəzinə çıxışı təmin edir. Hazırda hər iki marşrutun imkanları öyrənilir.
Dəyişən dünyada yeni yanaşmalar
Vyetnamla münasibətlərin möhkəmlənməsi Azərbaycanın xarici siyasət strategiyasına tam uyğundur. Bu strategiya planetin müxtəlif regionlarında, xüsusilə Cənub-Şərqi Asiyada möhkəmlənməyi nəzərdə tutur. 2024-cü ilin sonlarında Bakı «İslam səkkizliyi»nin tamhüquqlu üzvünə çevrilib ki, onun iki üzvü – Malayziya və İndoneziya həm də Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) üzvüdürlər. ASEAN-ın daha bir üzvü olan Vyetnamla strateji tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycana nəinki xarici siyasətini şaxələndirmək imkanı verir, həm də daha dinamik inkişaf etmiş ölkələrlə, Asiyanın müxtəlif regionları ilə sıx iqtisadi əlaqələr qurmaq şansı yaradır. Əksər müşahidəçinin fikrincə, perspektivdə dünyanın iqtisadi inkişafının drayveri rolunu məhz bu region oynaya bilər.
Hanoy üçün Cənubi Qafqazın ən böyük ölkəsi olan, əlverişli geosiyasi mövqeyə sahib Azərbaycanla qarşılıqlı əlaqələrin inkişafı öz maraqlarını yaya bilməsi üçün şərtdir. Vyetnam nəhəng fövqəldövlətlər arasında balansı qoruyan, iqtisadi inkişafını təmin edən, xüsusilə dəniz mübahisələri fonunda suverenliyini qoruyub saxlayan orta miqyaslı fövqəldövlətə çevrilmək istəyir. O, sadəcə dəyişən dünya düzəninə uyğunlaşmaq yox, həm də onun formalaşmasında bilavasitə iştirak etmək niyyətindədir. Bu mənada, Bakı ilə Hanoyun hədəfləri tam üst-üstə düşür.
MƏSLƏHƏT GÖR:




106

