5 Dekabr 2025

Cümə, 10:04

“EVEREST MƏNİM MÜƏLLİMİMDİR”

Vəfa Musayeva - Yer kürəsinin ən yüksək nöqtəsini fəth edən ilk azərbaycanlı qadın alpinist

Müəllif:

01.06.2025

Azərbaycan idmanı tarixinə yeni parlaq səhifə əlavə edilib. Bu dəfə uğur alpinizmə aiddir. Ən son salnamənin müəllifi planetin ən yüksək nöqtəsi - Everesti (8849 metr) fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayevadır.

 

Çoxlarının arzusu

Sirr deyil ki, dünya alpinistlərinin ən böyük hədəflərindən biri Everest zirvəsidir. Everest dağı bir çox alpinisti cəlb edir. Bunlardan bəziləri yüksək təcrübəli alpinistlərdir. Nepalın cənub-şərqində və şimali Tibetdə iki əsas alpinist marşrutu var. Standart marşrutda ciddi texniki dırmaşma çətinlikləri olmasa da, Everest yüksəklik xəstəlikləri, güclü külək, habelə uçqun kimi təhlükələri təqdim edir. 2017-ci ilin rəsmi məlumatına əsasən Everestdə təxminən 300 adam dünyasını dəyişib. Yəni bu zirvəni fəth etmək əksəriyyət üçün arzu olaraq qalır.

Everest zirvəsinə çatmaq üçün ilk qeydə alınan səyləri İngiltərə alpinistləri edib. Nepal o vaxt əcnəbilərin ölkəyə gəlməsinə icazə vermədiyi üçün ingilislər Tibet tərəfdən şimal silsiləsi yolunda bir neçə dəfə çətin marşrutu keçməyə səy göstərib. 1921-ci ildə ingilislər tərəfindən edilən ilk kəşf ekspedisiyasında onlar 7 000 metr hündürlüyə çatmağı bacarıblar. 1922-ci ildə ekspedisiya insanın ilk dəfə 8 000 metr yuxarı qalxdığını qeyd edərək şimal silsiləsi yolunu 8 320 metrə qədər çatdırıblar.

Sıldırım qayalarla zirvələrə yüksəlmək çox ağır işdir. İdmançı üçün hər yüksəliş şücaət dastanıdır. Çünki addım-addım irəliləyən alpinist bəzən susuz, bəzən isə saatlarla qidasız qalmalı olur. Etitraf etmək lazımdır ki, qadın alpinistlərin Everestə qalxması tamamilə cəsarətli hekayədir.  

Məşhur zirvənin qadınlar tərəfindən fəth olunması tarix boyu xüsusi hadisə hesab edilib. İlk belə addım 1975-ci il mayın 16-da yaponiyalı qadın Junko Tabei tərəfindən atılıb. Və on gündən sonra (27 may) Tibet nümayəndəsi Pxantoq planetin ən hündür dağına qalxıb. Ümumiyyətlə, əfsanəvi qadın alpinistlər müxtəlif illərdə Everesti fəth ediblər. Onların arasında məşhur zirvəyə qalxan dünyada üçüncü qadın Vanda Rutkieviç olub.

Əlbəttə ki, bu cür yüksəlişlər həyat üçün təhlükəli, ən böyük risk kimi əlaqələndirilir. Ona görə bəzi hallarda zirvənin fəthi faciə ilə nəticələnir. Məsələn, 2015-ci ildə Nepalda baş verən fəlakətli zəlzələlər Everest dağının yamaclarından güclü qar uçqunlarının düşməsinə səbəb oldu. Qar uçqunları Cənub baza düşərgəsində azı 19 nəfərin həyatına son qoyub və qurulmuş dırmanma marşrutlarını məhv edib. Bu, Comolunqma dağına dırmaşma tarixində ən ölümcül il olub və bundan əlavə, yaz dırmanma mövsümündə bir nəfər də olsun zirvəyə çatmayıb - 41 ildə ilk dəfə.

2025-ci ilin mayında isə Vəfa Musayeva zirvəyə qalxaraq tarixi nailiyyətə imza atıb. Üstəlik, bu xəbəri ilk çatdıran müxtəlif marşrutlarla Everesti on dəfə fəth edərək öz dünya rekordunu qıran, Nepal təmsilçisi əfsanəvi Lekpa Şerpa olub. Azərbaycan alpinistinin bununla da dayanmaması və 7900-8000 metr hündürlükdə yerləşən düşərgəyə enərək daha bir zirvəni - Lhotseni (8516) fəth etmək qərarına gəlməsi də təqdirəlayiqdir. Bu, Çin və Nepal sərhədində yerləşən və səkkiz min metrdən yuxarı olan dünyanın 4-cü ən yüksək zirvəsidir. Dağ Everestdən üç kilometr cənubda yerləşir və onunla bir massiv təşkil edir.

Vəfa Musayeva yoxuşu təhlükəsiz edib və sonra təhlükəsiz şəkildə baza düşərgəsinə çatıb. Özünün təbirincə desək: “Mən bir mövsümdə həm Everest, həm də Lhotse zirvəsinə qalxmaq istəyirdim. Xoşbəxtlikdən, bacardım”.

 

Zirvəyə köklənmək

Azərbaycanlı qadın alpinist “Region plus”a açıqlamasında zirvəyə yüksəlmək yolunda keçdiyi çətinliklərdən danışıb: “Gərgin və uzun prosesdir. Təxminən bir aydan çox vaxt tələb edir. Təsəvvür edin, hündürlükdə, oksigensiz yerdə yaşayırsan. Qidalanma, yuxu rejimi, hər şey alt-üst olur. Amma zirvəni görmək istəyirsənsə, bunlara dözəcəksən. Bir ay oksigensiz, dayanmadan yol getmək həqiqətən insan üçün əziyyətlidir. Dağ elə bir yerdir ki, hava şəraitinə və bir çox səbəblərə görə zamanı məhduddur. Artıq başqa bir şeyə vaxt ayıra bilmirsən və sırf zirvəyə köklənirsən. Bu səbəbdən səndən hər gün səy göstərmək tələb olunur. Bu, ən çətin olanıdır”.

Everest zirvəsini özünə müəllim seçən Vəfa Musayeva növbəti hədəfi barədə danışmaqda çətinlik çəkir. O, hazırda fəth etdiyi zirvənin qürurunu yaşamaq istəyir: “Düzü, Everestdə olduğumu dərk etmək üçün vaxt lazımdır. İlk dəfə çox yaxından gördükdə qeyri-adi hisslər yaşadım. Zirvəni fəth edəndən sonra Everesti özümə müəllim seçdim. Fərqli sahədə çalışmağıma baxmayaraq, Everest mənə çox məqamları anlatdı. Bu yolda uğurlu olduğum üçün özümü şanslı sayıram. Növbəti hədəflərim fərqli olacaq. Ən hündür zirvəni fəth etdiyimə görə digərlərinə dırmaşmaq üçün müəyyən zaman özümə gəlməliyəm”.



MƏSLƏHƏT GÖR:

156