EKZOTİKAYA UÇUŞ
Kuala-Lumpurun məbədləri, göydələnləri, kontrastları və unikal təəssüratları
Müəllif: Elçin HÜSEYNOV
Kuala-Lumpur - ənənələr və müasir texnologiyaların birləşməsi ritmi ilə yaşayan Malayziyanın paytaxtı və ən böyük meqapolisidir. Şəhərin tikinti üfüqləri genişlənməkdə davam edir, lakin onun unikal mədəniyyəti, təbii gözəllikləri və qastronomik zövqləri dəyişməz qalır. Əgər siz ekzotikanın dadını çıxarmaq, eyni zamanda böyük meqapolislərin rahatlığı ilə əlaqəni itirməmək istəyirsinizsə, Kuala-Lumpur azı bir dəfə ziyarət etməyə dəyər bir yerdir.
Beton və cəngəlliklərin harmoniyasında
Tropik meqapolis Kuala-Lumpur ilin istənilən vaxtında gözəldir, lakin səyahəti planlaşdırarkən nəzərə alınmalı nüanslar var. Burada adi qış və ya yay yoxdur - yalnız 28-32 dərəcə Selsi temperaturu ilə əbədi yay və iki əsas mövsüm: rütubətli və şərti quru mövsüm ilə.
Səyahət üçün ən yaxşı vaxt, adətən, iyun-avqust ayları hesab olunur. Bu aylar qızıl ortadır, yağışların minimum olduğu və axşama doğru qısa leysan yağışların ekskursiyalara mane olmadığı vaxtdır. Həmin dövrdə hava rütubəti də daha rahatdır - digər dövrlərdəki 80% ilə müqayisədə təxminən 65%. Bundan əlavə, iyul ayında turistləri Qida Festivalı, avqustda isə məşhur Petronas qüllələri yaxınlığında paradlar və atəşfəşanlıqla milli bayram cəlb edir.
Noyabrdan fevral ayına qədər burada yağış mövsümüdür - musson güclü yağışlar gətirir, xüsusilə noyabr və dekabr aylarında intensiv olur. Həm də leysan yağışlar 2-3 saat davam edə bilər və bu zaman bir çox küçələr su altında qala bilər. Bu vaxt hotel qiymətləri 30-40% düşür və “Batu Caves” və ya etnik məhəllələrdə, demək olar ki, turist olmur.
Mövsümlərarası (mart-may, sentyabr-oktyabr) hava dəyişkən ola bilər - səhər günəşi qəfil fırtına ilə əvəz oluna bilər. Buna görə də ideal istirahət üçün bələdçilər, adətən, iyun-avqust aylarında səyahətlər, xərcləri azaltmaq üçün noyabr-fevral, unikal təəssüratlar üçün isə çoxlu festivalların keçirildiyi aprel və ya Milad bayramı üçün dekabr ayını təklif edirlər.
Kuala-Lumpurda aşağı mövsüm təkcə əlçatan qiymətlərlə deyil, həm də xüsusilə hotellərin veb-saytları vasitəsilə birbaşa rezervasiya edildikdə otaq kateqoriyalarının pulsuz təkmilləşdirmələrini əldə etmək imkanı ilə xarakterizə olunur. Bu dövrdə hotellər tez-tez əlavə ödəniş olmadan səhər yeməyi, transfer və ya spa prosedurlarını əhatə edən xüsusi paketlər təklif edirlər. Yeganə mənfi cəhətlər yüksək rütubət və bu bölgədə mövsüm arası üçün xarakterik olan nadir, lakin güclü leysan yağışlar ola bilər.
Ümumiyyətlə, Kuala-Lumpur il boyu yaşıllığa qərq olur, lakin o, xüsusilə mart-oktyabr aylarında tropik leysan yağışlar onu zəngin botanika bağına çevirən zaman gözəldir. Petronas əkiz qüllələri çiçəklənən hibiskus xalıları ilə əhatə olunmuş süni göllərin güzgülərində əks olunur, geniş raintri ağacları isə hətta günorta vaxtı sərinliyin hökm sürdüyü kölgəli xiyabanlar yaradır. Hər sakinə 12 kvadratmetr yaşıllıq düşən şəhər meqapolislərin gələcəyinin beton və cəngəlliklərin harmoniyasında olduğunu xatırladır.
Mürəkkəb və sadə nəqliyyat
Nəhayət, uzun müddətlik uçuşlardan sonra mərkəzdən 45 km məsafədə yerləşən Kuala-Lumpur hava limanına (KLIA) çatacaqsınız. Azərbaycan vətəndaşları üçün Malayziyaya giriş üçün viza tələb olunmur, hava limanında miqrasiya kartını doldurmaq kifayətdir. Gömrük nəzarətindən çıxarkən, əgər hotelə transfer sifariş etməmisinizsə, sizi kifayət qədər bahalı taksi xidmətlərinin (60-80 $ və daha yüksək) nümayəndələri qarşılayacaq. Lakin cəmi 40-50 m keçsəniz, hava limanının qarşısında taksi qiymətləri 40 $-a düşəcək. Ancaq ehtiyatlı olun, sizə milli valyutada (rinqqit) səyahətlər təklif edəcəklər və əgər siz əvvəlcədən rəsmi məzənnəni öyrənməmisinizsə, hesablamada aldadıla bilərsiniz. Bu arada, əgər ayrı-ayrı taksi sürücülərini axtarsanız, 25-30 $-a da razılaşmaq olar. Yol müddəti 45-60 dəqiqədir (tıxacların olub-olmamasından asılı olaraq).
Büdcəli turist üçün ən optimal variant mərkəzə avtobusla getməkdir (3-4 $). Yol müddəti yenə də orta hesabla 1 saatdır: meqapolisdə çox tez-tez rast gəlinən tıxaclar olmadıqda. Lakin mərkəzə çatmaq üçün ən rahat və sürətli variant KLIA Ekspres elektrik qatarlarıdır. Bu ekspres-qatarlarla mərkəzi dəmiryol vağzalı “KL Sentral Station”a (şəhərin əsas nəqliyyat qovşağı) təxminən 30 dəqiqəyə çatmaq olar (15 $). Qatar çox rahatdır, geniş oturacaqlar və kondisionerlə təchiz edilib, tıxacsız ayrılmış xətlə hərəkət edir. O, iki terminaldan (KLIA və KLIA2) hər 15-20 dəqiqədən bir yola düşür.
Nəzərə alın ki, təxminən gecə saat 12-dən səhər saat 5-ə qədər ekspress qatarlar, səhər 3-dən 5-ə qədər isə avtobuslar işləmir. Bu vaxt yalnız taksi və sifariş edilmiş transferlərə ümid etmək qalır.
İlk baxışda mərkəzdə ictimai nəqliyyatın işi düşünülməmiş görünə bilər, lakin araşdırsanız, onun kifayət qədər rahat olduğunu görəcəksiniz. Ən rahat və populyar variantlar KLCC (Petronas qüllələri ilə), “Bukit Bintang” (ticarət rayonu), “Chinatown” və digər əsas rayonları birləşdirən bir neçə xətti əhatə edən metro və LRT-dir (yüngül relsli nəqliyyat). Stansiyaların sayından asılı olaraq səyahət qiyməti 25-70 sentdir: sürətli, rahat və ucuz.
Həmçinin şəhərin canlı rayonlarından keçən və onları nəqliyyat qovşaqları ilə birləşdirən monorels (0,50-1,5 $) də var. Bu, xüsusilə mərkəzi ticarət rayonlarına tez çatmaq istəyən səyahətçilər üçün əlverişlidir.
Əkizlər şəhərin vizit kartı kimi
Kuala-Lumpur iqtisadi və mədəni mərkəz olsa da, qədim məhəllələrini, yaşıl parklarını və heyrətamiz müasir binalarını öz görünüşündə qoruyub saxlayıb.
Şəhərin vizit kartı Qızıl üçbucaq adlanan rayonda yerləşən Petronas əkiz qüllələridir (“Petronas Towers”). Bu 452 metrlik binalar (88 mərtəbə) bir zamanlar dünyanın ən hündür binaları olub və oradan Kuala-Lumpurun möhtəşəm mənzərəsi açılır. Turistlərin diqqətini təkcə pəncərədən görünən mənzərə deyil, həm də iki qülləni birləşdirən şüşə körpüdə cəsarətli gəzinti unudulmaz təəssüratlar bəxş edir. Göydələnlərdə teatr, rəsm qalereyası, konsert zalı, kafelər, restoranlar və böyük bahalı ticarət mərkəzi yerləşir. Baxış meydançası 86-cı mərtəbədə yerləşir, 41-ci mərtəbə səviyyəsində isə hər iki qülləni birləşdirən dünyanın ən hündür qapalı körpüsü var.
Petronasdan çox da uzaq olmayan şəhərin digər mühüm görməli yeri 421 metr hündürlüyündə olan Menara televiziya qülləsidir. Onun zirvəsində panoramik görüntüsü olan məşhur baxış meydançası, həmçinin fırlanan restoran yerləşir.
Kuala-Lumpurun ən gözəl yerlərindən biri muzeylər və inzibati binalarla əhatə olunmuş Müstəqillik meydanı hesab olunur ki, bunların hər biri əsl memarlıq abidəsidir. Burada Sultan Abdul Samad sarayı, Milli Tarix Muzeyi, Memorial Kitabxana və Müqəddəs Məryəm anqlikan kilsəsi yerləşir.
Şəhərin tarixi abidələri arasında xüsusi yer 1909-cu ildə tikilmiş şəhərin ən qədim məscidi olan Camek məscidinə məxsusdur. O, “Mavritaniya” üslubunda inşa edilib, oyma tağları və incə qüllələri ilə məşhurdur ki, bunlar da geniş kokos palmaları ilə harmonik şəkildə uyğunlaşır.
Şərq mədəniyyəti həvəskarları Malayziyanın ən böyük Çin məbədi olan, dənizçilərin və balıqçıların himayədarı olan “Səmaların anası”na həsr edilmiş Tian Hou məbədini ziyarət etməlidirlər. Məbəd qızıl simurqlar, əjdahalar və Çin bürcünün 12 işarəsinin simvolları ilə bəzədilib. “Xoşbəxtlik yolu” ilə gedərək və ya fal barabanına vuraraq, ziyarətçilər uğur və rifaha ümid bəsləyə bilərlər.
Qeyri-adi bir şey axtaranlar üçün Batu mağaraları (“Batu Caves”) əsl kəşf olacaq. Bu, mərkəzdən 13 km məsafədə, 272 pilləkən yüksəklikdə yerləşən, içərisində hindu tanrılarına həsr olunmuş məbədlərin gizləndiyi nəhəng mağaralar kompleksidir. Xüsusiyyətlərindən biri də ətəyində duran Muruqan tanrısının nəhəng heykəlidir.
Şəhərin ən mənzərəli yerlərindən biri isə Mərkəzi Göl Parkıdır ki, burada kölgəli xiyabanlarda gəzmək, qayıqla səyahət, canlı musiqi və möhtəşəm mənzərələrdən həzz almaq olar. Parkın ərazisində orxideyalar və hibiskus bağları, həmçinin heyvanları, quşları və kəpənəkləri təbii mühitlərində müşahidə etmək mümkün olan biosfer zonaları yerləşir.
İsti və kifayət qədər rütubətli Kuala-Lumpurda özünüzü əziyyətə salmamaq üçün 24 nəfər üçün nəzərdə tutulmuş və 14 $ məbləğində olan çoxsaylı ikiqat turistik avtobuslardan istifadə edin.
Paytaxtın qəlbi – “Chinatown” və “Little India”
Kuala-Lumpur müxtəlif mədəniyyətlərin qovuşduğu bir şəhərdir və bu, xüsusilə Çin Çaynataununda (“Chinatown”) və “Little India” (Kiçik Hindistan) rayonlarında parlaq şəkildə özünü göstərir. Bu yerlər təkcə tarixi və mədəni mərkəzlər deyil, həm də mühüm turistik görməli yerlərdir. Qeyd edək ki, Malayziyada əhalinin təxminən 23%-ni çinlilər, təxminən 8%-ni isə hindlilər təşkil edir.
Kuala-Lumpurdakı Çaynataun şəhərin çin icmasının qəlbidir, Petalinq-strit (“Petaling Street Market”) rayonunda yerləşir. Burada unikal ab-hava hökm sürür: səs-küylü bazarlar, ənənəvi Çin mağazaları və yerli mətbəxin ayrılmaz hissəsinə çevrilmiş yeməklərin təqdim olunduğu restoranlar. Gecə bazarları ilə məşhur olan bu küçə alış-veriş həvəskarları üçün əsl cənnətdir. Burada hər şeyi tapmaq olar: suvenirlər və paltarlardan tutmuş ekzotik məhsullara qədər. Çaynataunda təkcə Çin məbədi və ya ənənəvi Çin üslubunda tikilmiş qədim evləri deyil, həm də ən qədim hind məbədi olan Şri Mahamariammanı da ziyarət etmək olar.
Çaynataunun əsas xüsusiyyətlərindən biri köhnə ilə yeniliyin unikal qarışığıdır. Bu rayonda həm qədim Çin dükanlarını, həm də müasir ticarət mərkəzlərini görmək, həmçinin yerli restoranlarda və küçə kafelərində ənənəvi Çin mətbəxindən həzz almaq olar.
Kuala-Lumpurdakı “Little India” şəhərin böyük hind icmasının yaşadığı digər mədəni guşədir. Kovil stansiyasının yaxınlığında yerləşən bu rayon parlaq rənglərlə, ədviyyat ətirləri və hind musiqiləri ilə zəngindir. Onun dar küçələrində gəzərkən rəngarəng mağazaları, məbədləri və ənənəvi hind yeməkləri olan restoranları ilə Hindistanın atmosferini hiss etmək olar.
“Little India”da çoxsaylı dükanları ziyarət edə bilərsiniz, burada ədviyyatlar, parçalar və hind bəzəkləri satılır. Bu, hind mətbəxini - kari, samosa və kababları qiymətləndirmək, həmçinin gözəl suvenirləri - sari, bəzək əşyaları və musiqi alətlərini əldə etmək üçün əla yerdir.
Lüks mərkəzlərdən rəngarəng bazarlara qədər
Kuala-Lumpuru çox vaxt alış-veriş həvəskarları üçün cənnət adlandırırlar. Burada təxminən 60 böyük ticarət mərkəzi var ki, orada dizayner kolleksiyalarından yerli sənətkarlıq məhsullarına qədər hər şeyi tapmaq mümkündür. Malayziyanın paytaxtında alış-veriş çoxdan xüsusi istirahət növünə çevrilib, çünki bir çox ticarət mərkəzləri təkcə mağazalar deyil, həm də əyləncə, qastronomi təəssüratları və hətta mədəni tədbirlər təklif edir. Məsələn, büdcəli “Berjaya Times Square” əyləncə parkını özündə birləşdirir.
Asiyada ən böyük (500 min kvadratmetr) mərkəzlərdən biri olan Utama-da damda bağça, dırmanma divarı, 650 mağaza tapa bilərsiniz. Lüks axtaranlar “Pavilion Kuala Lumpur”a getməlidirlər - burada “Chanel”, “Louis Vuitton” və digər dünya brendlərinin butikləri toplanıb. Qiymətlər məkanın statusuna uyğundur: lüks çanta bir neçə min dollara başa gələcək, lakin xidmət və atmosfer mükəmməldir. Bu mərkəzdə bir çoxlarını stilizə edilmiş yapon küçəsi “Tokyo Street” cəlb edir.
Petronas əkiz qüllələrinin yaxınlığında “Suria KLCC” yerləşir. Burada bahalı mağazalardan əlavə, şəhərə möhtəşəm mənzərənin açıldığı rəsm qalereyası, həmçinin “KLCC Aquaria” akvariumu yerləşir. “Sunway Pyramid”in xüsusiyyəti Misir üslubunda tematik dizayndır, burada buz meydançasına baxa və əyləncə parkını ziyarət edə bilərsiniz.
Məşhur “Central Market”də isə ənənəvi Malayziya malları təqdim olunur: batik, əl işindən olan ağac məmulatları və yerli şirniyyatlar. Burada qiyməti danışmaq təkcə mümkün deyil, həm də lazımdır - satıcılar tez-tez qiyməti 20-30% azaldırlar.
Nəzərə alın ki, Kuala-Lumpurda qiymətlər ümumiyyətlə Avropa və ya Sinqapurdan aşağı, lakin qonşu Tailand və ya Vyetnamdan yüksəkdir. Ticarət mərkəzinin fud-kortunda nahar 5-6 dollara, orta səviyyəli restoranda şam yeməyi isə 10-20 dollara başa gələcək. Əgər qənaət etmək istəyirsinizsə,
“Petaling Street” kimi küçə bazarlarına diqqət yetirmək lazımdır, burada bir neçə dollara yerli delikatesləri dadmaq və ucuz suvenirləri almaq olar.
Ekzotik mənfi cəhətlər
Malayziyada, xüsusilə də Kuala-Lumpurda qonaqlara çoxlu maraqlı və dadlı yeməklər təklif olunur, lakin bəziləri onların ağız dadlarına uyğun olmaya
və ya hətta turistlər üçün qorxuducu ola bilər. Birincisi, Malayziya mətbəxi öz acılığı ilə məşhurdur. Yeməklərdə tez-tez çili kimi ədviyyatlar olur. Məsələn, nasi lemak (kokos südü, ançous və yumurta ilə düyü), laksa (əriştə şorbası) və ya satay (qrildə ət) belə dadlara öyrəşməyənlər üçün həddindən artıq acı ola bilər. Burada kari, qalanqal, limonnik və soya sousu aktiv şəkildə istifadə olunur. Həssas mədəsi və ya allergiyası olan insanlarda belə aromatizatorlar problemlər yarada bilər. Həmçinin palma şəkəri və balıq sousu ilə yeməklərə tez-tez rast gəlinir ki, bunların çox spesifik dadı və qoxusu var və avropalılar üçün həmişə xoş olmur.
İkincisi, Malayziyada tez-tez ekzotik məhsullar istifadə olunur, məsələn, timsah əti, bəzi dəniz məhsulları və meyvələr. Belə meyvələrdən biri duriandır - çox güclü qoxusu var ki, bir çox turistlər bunu xoşagəlməz hesab edirlər. Bu qoxu o qədər intensiv ola bilər ki, onu ictimai yerlərdə və nəqliyyatda istifadə etmək qadağan edilib.
Üçüncüsü, ölkədə çox məşhur olan “mamak” və ya “gerai” adlanan küçə bazarları və köşkləri gigiyena problemləri səbəbindən müəyyən təhlükə yarada bilər. Bəzən məhsulların keyfiyyəti və onların hazırlanma şəraiti çox fərqli ola bilər. Bu, bəzən qida zəhərlənməsinə və ya yoluxmaya səbəb ola bilər. Buna baxmayaraq, bir çox turistlər ilkin narahatlığa baxmayaraq, zamanla bu xüsusiyyətlərə öyrəşir və yerli mətbəxdən zövq alırlar.
Daha bir mühüm mənfi cəhət yolların yüklənməsi və nəticədə, pik saatlarda, xüsusilə avtobus və ya taksidə olduğunuz zaman tıxacları hesab etmək olar. Yollarda tıxaclar həm səhər tezdən, həm də hətta gecə ola bilər. Buna görə turist bunu həmişə nəzərə almalıdır. Bundan əlavə, şəhərdə çoxlu müasir ticarət mərkəzləri və ofis binaları olsa da, piyada infrastrukturu arzuolunan səviyyədə deyil və bəzi yerlərdə səkilərlə getmək kifayət qədər çətindir. Bəzən şəhər hava çirklənməsi problemləri ilə də üzləşir, xüsusilə musson mövsümündə.
Bəzi mənfi cəhətlərə baxmayaraq, Kuala-Lumpur sizdə silinməz təəssüratlar yaradacaq şəhərdir. Müasirliyi və ənənələri birləşdirmək istəyi, görməli yerlərin böyük seçimi, dadlı yeməklər və xoş qiymətlər onu unikal macəralar axtaran səyahətçilər üçün ideal məkana çevirir. Müxtəlif bazarlardan tutmuş möhtəşəm göydələnlərə qədər - bu şəhər çoxlu emosiyalar bəxş edəcək və uzun müddət yadda qalacaq.
MƏSLƏHƏT GÖR:








120

