EFFEKTİVLİK İNDİKATORU
AMB banklararası milli valyuta əməliyyatları üzrə ortaçəkili faiz dərəcəsinin hesablanması yanaşmasını yeniləyib
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI
Son bir neçə il ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) fəaliyyətində, demək olar ki, inqilabi dəyişikliklər baş verib. Bunların sayəsində ölkənin maliyyə sektorunda beynəlxalq tənzimləmə və idarəetmə alətləri daha aktiv tətbiq olunmağa başlayıb.
Belə yeniliklərdən biri - 2023-cü il mayın 1-dən Mərkəzi Bankın rəsmi saytında yerli banklar arasında təminatsız bazarda milli valyuta ilə əməliyyatlar üzrə ortaçəkili faiz dərəcəsini əks etdirən AZIR (“Azerbaijan Interbank Rate”) indekslərinin dərc edilməsinə başlanılmasıdır.
İndi, yəni iki il sonra AMB AZIR-in hesablanmasına yanaşmanı bir qədər dəyişdirərək, belə deyək, bu aləti “yeniləyib”.
Həm AMB-yə, həm də banklara lazımdır
İki il əvvəl yeni alət - AZIR indekslərinin işə salınmasını elan edərkən, Azərbaycan Mərkəzi Bankı izah etmişdi ki, onların hesablanmasında “Bloomberg” ticarət platformasında fəaliyyət göstərən ölkənin kommersiya bankları arasında milli valyutada bağlanmış əqdlərdən istifadə olunacaq. Faiz indeksləri ilə yanaşı, AMB-nin internet səhifəsində müvafiq tələblərə cavab verən əqdlərin məbləğləri və sayı da göstərilirib.
Mərkəzi Bank bildirmişdi ki, bu indekslərdən pul siyasətinin məqsədlərinə nail olmaqda effektivliyin ölçülməsi üçün göstəricilərdən biri kimi istifadə etmək niyyətindədir. Bazar iştirakçıları isə öz növbəsində AZIR-dən maliyyə bazarında müxtəlif əqdlər bağlayarkən baza faiz dərəcəsi kimi istifadə edə bilərlər.
Ekspertlərin izah etdiyi kimi, bu cür alətlər bu gün dünyanın bir çox ölkəsində tətbiq olunur və onlar müxtəlif maliyyə müqavilələrinin (kredit, istiqraz, derivativ və s.) bağlanmasında müəyyənedici amil kimi çıxış edir, mərkəzi banklar tərəfindən həyata keçirilən pul-kredit siyasətinin transmissiyasının effektivliyini qiymətləndirməyə və digər məsələlərə imkan verir.
AMB qeyd edib ki, son iki il ərzində AZIR indekslərinin dinamikası aktiv banklararası təminatsız pul bazarının mövcudluğunu və bank sektorunda likvidliyin səmərəli idarə olunduğunu göstərir.
“AZİR indeksi artıq bir ildən çoxdur ki, uçot dərəcəsinə (7,25%) yaxın səviyyədə qalır. İlin əvvəlindən likvidlik tərəddüdlərinə baxmayaraq, indeksin bu dərəcə ətrafında qalması bizə öz əməliyyatlarımızı səmərəli şəkildə nəzarətdə saxlamağa imkan verir”, - AMB sədri Taleh Kazımov bildirib. O əlavə edib ki, bütün bunlar, həmçinin Azərbaycanın milli valyutasının məzənnəsinin sabitliyindən xəbər verir.
Daha əvvəl pul-kredit siyasəti alətlərinin kəmiyyət parametrləri üzrə qərarlar 1 günlük AZİR indeksi əsasında qəbul edilirdi. 2023-cü ilin noyabrından 1 günlük AZİR indeksi faiz dəhlizi çərçivəsində idarə olunur ki, bu da ekspertlərin fikrincə, pul-kredit siyasətinin transmissiyasında faiz kanalının güclənməsindən xəbər verir.
“Aparılan təhlil göstərir ki, AZİR indekslərindəki dəyişikliklər depozit və kreditlər üzrə faiz dərəcələrinə də təsir göstərməyə başlayıb. Bu o deməkdir ki, AZİR-dən kreditlər və istiqrazlar daxil olmaqla maliyyə alətləri üzrə referent faiz dərəcəsi kimi istifadə üçün əsas qoyulub”, - ölkənin Mərkəzi Bankının analitikləri vurğulayıblar.
Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin müavini Elçin Güləliyev bildirib ki, AZİR indeksinin 1 faiz bəndi dəyişməsi fiziki şəxslər üzrə depozit faizlərinə 0,14-0,27 faiz bəndi təsir edir.
“2023-cü ilin noyabrından 1D AZİR indeksi faiz dəhlizi daxilində formalaşır ki, bu da pul siyasətinin ötürücülüyündə faiz kanalının işləməyə başladığını göstərir”, - o qeyd edib. Onun sözlərinə görə, artıq 1D AZİR-in kreditlər üzrə faiz dərəcələrinə təsirinin qiymətləndirilməsi aparılır.
Yeni yanaşma
Lakin belə faydalı alət, əlbəttə ki, vaxtaşırı təkmilləşdirilməyə ehtiyac duyur. Xüsusilə də, artıq qeyd edildiyi kimi, o, nisbətən yenidir və bu müddət ərzində bazar iştirakçılarında və tənzimləyicinin özündə suallar və ya təkmilləşdirmə üçün nüanslar yaranmaması mümkün deyil.
Hər halda, AMB Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) ekspertləri ilə sıx əməkdaşlıq edərək AZİR indeksinin hesablanması üçün yeni, daha təkmil qaydalar hazırlayıb və təsdiq edib. Bu qaydalar bir sıra yenilikləri ehtiva edir.
Beləliklə, indeksdə əsassız kəskin tərəddüdlərin qarşısını almaq üçün yeni metodologiya orta bazar göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənən faiz dərəcələri ilə bağlanmış əqdlərin 10%-nin hesablamadan çıxarılmasını nəzərdə tutur.
Həmçinin, əməliyyatların yeni qaydalarla tələb olunan həcm və sayda olmadığı günlərdə belə AZIR-in dərc edilməsinin fasiləsizliyini təmin etmək üçün gözlənilməz hallar üçün hesablama planları nəzərdə tutulub. “AZİR-in dərc edilməsində fasilələrin aradan qaldırılmasına yönəlmiş dəyişikliklər AZİR-in pul bazarı iştirakçıları tərəfindən referent dərəcə kimi istifadəsinin daha da genişlənməsinə xidmət edir”, - AMB-də qeyd ediblər.
Yeni qaydalar, həmçinin müxtəlif dövrlər üçün mürəkkəb faiz dərəcələrinin hesablanmasını və açıqlanmasını tələb edir. Yeni metodologiyaya əsasən, 30, 90 və 180 günlük dövrlər üçün toplanmış faizlərlə AZİR dərəcələri müvafiq dövr ərzində açıqlanmış gündəlik AZİR-lər əsasında hesablanacaq. Bu indekslər müvafiq olaraq son 30, 90 və 180 gün ərzində hər gün elan edilən faiz dərəcələri əsasında formalaşdığından, onlar göstərilən dövrlər üzrə AZİR-in orta dinamikasını xarakterizə edən statistik göstəricilərdir. Bundan əlavə, gündəlik elan edilən AZIR dərəcəsi əsasında 01.11.2024 baza tarixli kumulyativ faiz artımı indeksinin elan edilməsi planlaşdırılır. Beləliklə, bu indeks bazar iştirakçılarına istənilən qeyri-standart hesabat dövrü üçün toplanmış faizlərlə AZİR dərəcələrini hesablamağa imkan verəcək.
“Əsas yeniliklərdən biri əlavə indikatorların tətbiqidir: 30, 90 və 180 günlük müddətə AZİR tərkib dərəcələri, həmçinin “AZIR Compounded Index” inteqral indeksi. Bu, AZİR-in pul vəsaitləri və törəmə maliyyə alətləri ilə əməliyyatlarda istifadəsini genişləndirəcək”, - EBRD-nin Azərbaycanda nümayəndəliyinin rəhbəri Natali Mouravidze hesab edir. Onun fikrincə, bu təşəbbüs Azərbaycan manatı bazarını gücləndirir, banklararası sektorun inkişafına töhfə verir və ölkənin makroiqtisadi sabitliyini artırır.
Bir sözlə, AZİR-in hesablanması və dərc edilməsi üçün yeni metodologiyanın tətbiqi, şübhəsiz ki, banklararası bazarda ticarətin aktivləşdirilməsinə və ölkənin bütün maliyyə sektorunun təkmilləşdirilməsinə yönəlmiş islahatlar zəncirində daha bir mühüm mərhələdir.
MƏSLƏHƏT GÖR:

95

