İQTİSADİYYATIN KÖLGƏSİ
Bakıda cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına qarşı mübarizədə problemlər və yeni yanaşmalar müzakirə edilib
Müəllif: İlahə MƏMMƏDLİ
Terrorizmin maliyyələşdirilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması qlobal risklərin gücləndiyi şəraitdə Azərbaycan milli və beynəlxalq nəzarət tədbirlərini fəal şəkildə inkişaf etdirir.
Bakıda bu çağırışlarla mübarizəyə həsr olunmuş beynəlxalq konfransda ölkənin dövlət orqanlarının nümayəndələri ölkədə iqtisadi və ictimai təhlükəsizliyin təmin edilməsinə yönəlmiş problemləri və islahatların əsas istiqamətlərini müəyyən etdilər.
Gizli təhlükə
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı 7,7 % təşkil edir və bunun da 1,8%-i kölgə iqtisadiyyatının payına düşür. “İlk baxışda bu rəqəm kiçik görünə bilər, lakin bu, 3,2 milyard manatlıq məhsul və xidmətin statistikadan kənarda qalması, 2,2 milyard manatlıq əlavə dəyərin isə uçotdan gizlədilməsi deməkdir”, - Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov qeyd edib.
Ölkənin ÜDM-in təxminən 35%-ni təmin edən neft-qaz sektoru yüksək şəffaflıq və uçot dərəcəsi ilə fərqlənsə də, məhz o, müşahidə olunmayan iqtisadi proseslərin formalaşmasının əsas mənbəyinə çevrilir. Belə ki, sahibkarlar çox vaxt istehsal etdikləri mal və xidmətlərin bir hissəsini və ya hamısını qəsdən gizlədirlər. Gizli mallar bazarda satılır, sahibkar gəlir əldə edir, lakin bu fəaliyyət dövlət orqanları tərəfindən qeydə alınmır. Bu, makroiqtisadi göstəriciləri təhrif edir və ÜDM dinamikasının adekvat qiymətləndirilməsini çətinləşdirir və nəhayət, iqtisadi planlaşdırmanın səmərəliliyini məhdudlaşdırır.
Müşahidə olunmayan iqtisadiyyat təkcə statistik problem deyil, həm də cinayət gəlirlərinin leqallaşdırılması üçün mühit yaradaraq daha ciddi təhdidlərin mənbəyidir və R.Səlimovun vurğuladığı kimi, bu, terrorizmin maliyyələşdirilməsi üçün platforma kimi xidmət edə bilər.
Bu fikir ilə Maliyyə Monitorinq Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə də razılaşır. O hesab edir ki, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə hüquq-mühafizə orqanlarının işinin çərçivəsindən çox uzağa gedir. Bu, hüquqi dayanıqlılıq, iqtisadi təhlükəsizlik və dövlətin beynəlxalq nüfuzu aspektlərini əhatə edən strateji vəzifədir. Axı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi sadəcə gizli maliyyə axınları deyil. Söhbət korrupsiya risklərini, kölgə iqtisadiyyatının miqyasını və hətta regional münaqişələr şəraitində təhlükəsizliyi əhatə edən kompleks təhdiddən gedir.
Z.Fətizadənin sözlərinə görə, Azərbaycanın cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (ƏL/TM) sahəsində atdığı addımlar artıq əhəmiyyətli nəticələr verib, dövlət qurumları arasında koordinasiya güclənib. Maliyyə Monitorinqi Xidməti isə öz növbəsində riskə əsaslanan yanaşma tətbiq edir və beynəlxalq əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi aktivləşdirilib.
Boşluqlar və problemlər
Göstərilən səylərə baxmayaraq, Azərbaycanda çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sistemində, xüsusilə də risklərin institusional başa düşülməsi və daxili nəzarət mexanizmləri baxımından hələ də zəif cəhətlər qalır. Bu problem həm nəzarət strukturlarına, həm də maliyyə bazarının iştirakçılarına təsir göstərir.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Fuad İsayevin qeyd etdiyi kimi, hüquqi şəxslərin məlumatlılıq səviyyəsi hələ də kifayət qədər deyil. Bu şəraitdə Mərkəzi Bank təlim təşəbbüslərini intensivləşdirib, daxili nəzarətə tələbləri gücləndirib və lisenziyalaşdırma mərhələsində kapital mənbələrinin qanuniliyinin yoxlanılmasına xüsusi diqqət yetirir.
“Bu məqsədlə lisenziyalaşdırma zamanı müraciət edənlərin nizamnamə kapitalının mənbəyi, benefisiar mülkiyyətçiləri və rəhbər şəxsləri barədə ətraflı araşdırmalar aparılır. Bu proses yalnız lisenziya verilməsi ilə yekunlaşmır, davamlı monitorinq mexanizmləri vasitəsilə nəzarət davam etdirilir”, - F.İsayev bildirib.
Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması sahəsində ən mürəkkəb sxemlərdən biri, zahirən qanuni sahibkarlıq fəaliyyətini təqlid edən, lakin faktiki əmtəə dövriyyəsi ilə müşayiət olunmayan maliyyə əməliyyatları olan “əmtəəsiz əməliyyatlar”dır. Bu sxemlər çox vaxt vergilərdən yayınma, vəsaitlərin nağdlaşdırılması və çirkli pulların leqallaşdırılması üçün istifadə olunur.
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın bildirib ki, belə hallar getdikcə daha çox qeydə alınır. Onun sözlərinə görə, bəzən maliyyə axınları sadəcə hər hansı real iqtisadi fəaliyyət olmadan biznes fəaliyyəti kimi maskalanır.
“Bu əməliyyatlar pul vəsaitlərinin nağdlaşdırılması, mənimsəmə, vergidən yayınma və çirkli pulların yuyulması hallarını əhatə edir. Belə hallarda toplanan məlumat və sənədlər aidiyyəti üzrə cinayət təqibi orqanlarına ötürülür”, - o bildirib.
S.Musayeva, həmçinin əlavə edib ki, vergi orqanları yalnız nəzarət funksiyaları ilə məhdudlaşmır - onlar iqtisadi cinayətlər üzrə istintaq orqanı kimi də çıxış edirlər: “Biz biznesin qeydiyyatından başlayaraq, vergi yoxlamaları və aşkar olunmuş cinayət əlamətləri üzrə istintaq funksiyalarını həyata keçiririk. Son dövrlərdə vergi orqanları daxilində maliyyə monitorinqi və maliyyə araşdırmaları üzrə ayrıca ixtisaslaşmış strukturlar yaradılıb. Artıq iki ildən çoxdur ki, mərkəzləşdirilmiş maliyyə monitorinq strukturu fəaliyyət göstərir. Eyni zamanda istintaq orqanı daxilində ayrıca maliyyə araşdırması şöbəsi formalaşdırılıb”.
Bundan başqa, S.Musayeva vurğulayıb ki, vergi xidməti “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın həyata keçirilməsində fəal iştirak edir: nəzərdə tutulmuş tapşırıqların 85%-i artıq yerinə yetirilib, daha 5%-i isə qismən. Qanunvericiliyin, inzibati prosedurların və əldə edilmiş nəticələrin mütəmadi təhlili aparılır.
MONEYVAL ekspert komitəsi tərəfindən Azərbaycanın cari qiymətləndirilməsi zamanı bir sıra göstəricilərin yaxşılaşması gözlənilir. Xatırladaq ki, MONEYVAL Avropa Şurasının ekspert orqanıdır və üzv dövlətlərin milli sistemlərinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə standartlarına uyğunluğunu qiymətləndirir. Azərbaycan 2002-ci ildən MONEYVAL-ın iştirakçısıdır və beş qiymətləndirmə raundundan keçib.
Nəzarətin rəqəmsallaşdırılması
İqtisadi sistemin əsas elementi olan kiçik və orta biznes (KOB), eyni zamanda cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə kontekstində həssas həlqə olaraq qalır. Məlumatlılıq səviyyəsinin aşağı olması, daxili komplayns üçün məhdud resurslar və proseslərin kifayət qədər rəqəmsallaşdırılmaması sahibkarları çirkli pullardan istifadə olunan sxemlərin potensial iştirakçılarına çevirir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iddia edir ki, KOB digərlərindən daha çox qeyri-şəffaf maliyyə sxemlərinə cəlb oluna bilər, özü də çox vaxt bilmədən. O, nəzarətedici orqanlar tərəfindən funksional yanaşmanın, həmçinin FATF (Maliyyə Tədbirləri üzrə İşçi qrupu) və Avropa Şurasının tövsiyələri də daxil olmaqla beynəlxalq standartlara riayət edilməsinin vacibliyini vurğulayıb.
“Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması prosesi klassik modelə görə üç mərhələdən keçir: yerləşdirmə, layihələşdirmə və inteqrasiya. Nəticədə, leqallaşdırılmış vəsaitlər formal olaraq qanuni mexanizmlər - investisiyalar, daşınmaz əmlak əməliyyatları, xidmətlər və istehsal vasitəsilə iqtisadiyyata daxil olur”, - O. Məmmədov izah edib. “Bu isə şəffaf sahibkarlar üçün qeyri-bərabər rəqabət mühiti yaradır”, - o vurğulayıb.
Agentlik rəhbərinin sözlərinə görə, KOBİA kiçik biznes subyektləri arasında maarifləndirmə işlərini gücləndirməyi planlaşdırır ki, onların maliyyə riskləri barədə məlumatlılığını artırsın və onların kölgə sxemlərinin bir hissəsinə çevrilməsinə imkan verməsin.
Bundan əlavə, maliyyə nəzarətinin beynəlxalq standartlarının gücləndirilməsi və nəzarət proseslərinin rəqəmsallaşdırılması fonunda audit və mühasibat strukturlarının məsuliyyəti məsələləri ön plana çıxır. Məhz onlar şübhəli əməliyyatların aşkarlanmasında əsas rol oynayırlar. Lakin Azərbaycanda bu funksiya hələ tam şəkildə həyata keçirilmir.
Auditorlar Palatasının sədri Vahid Novruzov hesab edir ki, auditorlar şübhəli maliyyə əməliyyatlarının aşkarlanmasına yetərincə diqqət yetirmir və nöqsanları vaxtında aşkar etmirlər. Onun sözlərinə görə, məsuliyyətin zəif səviyyəsi, etik normaların pozulması və beynəlxalq standartlara kifayət qədər riayət edilməməsi təkcə hüquqi nəticələrə deyil, həm də bütövlükdə peşənin nüfuzuna xələl gətirir: “ISA 240 (dələduzluq hallarının nəzərdən keçirilməsi üzrə auditorun məsuliyyəti) və ISA 250 (qanunlara və normativ tələblərə uyğunluğun nəzərdən keçirilməsi) standartlarının tətbiqi formal deyil, gündəlik təcrübənin məcburi hissəsi olmalıdır. Bundan əlavə, audit nəzarətinin səmərəliliyini artırmaq üçün süni intellekt daxil olmaqla rəqəmsal həlləri daha fəal tətbiq etmək lazımdır”. V.Novruzov, həmçinin maliyyə əməliyyatlarının əsaslı şübhə doğurduğu, lakin audit rəylərində qeyd edilmədiyi hallarda qanunvericilik məsuliyyətinin sərtləşdirilməsinə çağırıb.
Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Tural Vəlibəyov isə qeyd edib ki, son illər onlayn mərc platformaları vasitəsilə qanunsuz əməliyyatlar intensivləşib, kriptovalyutalardan istifadə də artıb.
“Hazırda araşdırdığımız cinayət işlərində rəqəmsal texnologiyalardan geniş istifadə olunur. Bu texnologiyalar istintaq prosesində risk profillərinin müəyyənləşdirilməsinə və yeni növ cinayətlərin daha dəqiq portretinin çəkilməsinə imkan verir”, - o bildirib.
Onun fikrincə, yeni növ cinayətlərlə səmərəli mübarizə üçün təkcə texnoloji təchizat deyil, həm də institusional qarşılıqlı əlaqə lazımdır.
Bu istiqamətdə araşdırılan cinayət işlərinin nisbətən az sayda olmasına baxmayaraq, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə bağlı cinayətlər iqtisadi cinayətkarlığın ən mürəkkəb və təhlükəli formalarından biridir. Onların xarakterik xüsusiyyətləri yüksək maskalanma dərəcəsi, geniş əhatə dairəsi və sxemlərin çoxsəviyyəli strukturudur.
T.Vəlibəyov qeyd edib ki, 2023-cü ildə Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Cinayət Məcəlləsinin 193-1-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) üzrə 8, 2024-cü ildə isə 5 cinayət işi başlanıb: “Ümumilikdə, 2023–2024-cü illərdə bu kateqoriyadan 24 cinayət işi üzrə istintaq aparılıb”.
Təqdim olunan məlumatlar aşkar edilmiş hüquq pozuntularının sayının artdığını və hüquq-mühafizə orqanlarının PL/TM sahəsində potensialının artırıldığını göstərir. Lakin mütəxəssislər deyirlər ki, bu cür cinayətlərin müəyyənləşdirilməsinin mürəkkəbliyi, rəqəmsal və transsərhəd gizlətmə mexanizmlərinin tətbiqi səbəbindən problemlərin real miqyası rəsmi rəqəmləri xeyli üstələyə bilər.
Bir sözlə, maliyyə cinayətləri ilə mübarizə sadəcə formal öhdəliklərin yerinə yetirilməsi deyil, davamlı iqtisadi artımın, investisiya cəlbediciliyinin və sosial sabitliyin təminatıdır. Müasir çağırışlar bu sahədə sistemli və əlaqələndirilmiş yanaşma tələb edir və burada rəqəmsal həllər, beynəlxalq tərəfdaşlıq və institusional məsuliyyət əsas elementlərə çevrilir.
MƏSLƏHƏT GÖR:

94

