İMKANLAR BÖLGƏSİ
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə praktiki təşəbbüslərə üstünlük verilir
Müəllif: Nurlanə QULİYEVA
Əlverişli coğrafi mövqeyi, sabit daxili siyasi vəziyyəti, qonşuluq prinsiplərinə ciddi əməl etməsi və bütün dost ölkələrə qarşı loyallığı sayəsində Azərbaycan bu gün müxtəlif regional birliklərin və təşkilatların üzvüdür. O, həm Avropa, həm də Asiya dövlətləri, o cümlədən türk dünyası və s. ilə uğurla əməkdaşlıq edir.
Hər belə tərəfdaşlıq və müttəfiqlik təkcə beynəlxalq siyasi arenada qarşılıqlı dəstəyi deyil, həm də kifayət qədər sərfəli iqtisadi bonuslar vəd edir.
2024-2026-cı illərdə Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edir. Bu, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə Asiya və Avrasiya dövlətləri arasında münasibətlərin və əməkdaşlığın gücləndirilməsi vəzifəsini qarşıya qoyan beynəlxalq forumdur. AQEM-in Biznes Şurasının 8-ci plenar iclasında və 10-cu biznes forumunda iştirak etmək üçün təşkilatın üzv ölkələri nümayəndələrini Bakıya göndəriblər.
İmkanlar bölgəsi
Asiya zəngin insan kapitalına, innovasiya potensialına və güclü iqtisadi bazaya malik böyük imkanlar regionudur. AQEM-in Baş katibi Kayrat Sarıbayın haqlı olaraq qeyd etdiyi kimi, dövlət qulluqçuları və diplomatlar çərçivələri formalaşdırır və dəstəyi təmin etdiyi dövrdə məhz sahibkarlar, investorlar və innovatorlar bu nəhəng qitənin iqtisadi artımının və gələcək rifahının əsl hərəkətverici qüvvələridir.
Asiya formatında əməkdaşlığın nə qədər faydalı ola biləcəyini statistika göstərir. Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin sözlərinə görə, cari ilin birinci rübündə Azərbaycandan AQEM-in üzv ölkələrinə ixracın dəyəri 1,2 milyard dollar, ümumi əmtəə dövriyyəsi isə 4,6 milyard dollar təşkil edib: “Bu rəqəmlər iqtisadiyyatlarımız arasında əlaqələrin genişləndiyini göstərir. Azərbaycan AQEM-in missiyasına xüsusi əhəmiyyət verir. Biz regional əməkdaşlıq və iqtisadi transformasiya üçün bu həlledici məqamda həmin platformaya rəhbərlik etməyimizdən qürur duyuruq”.
K.Sarıbay isə hesab edir ki, bu gün biznes şurasının əsas diqqət mərkəzində təşkilatın üzv ölkələrinin kiçik və orta biznes (KOB) nümayəndələrinin beynəlxalq əlaqələrinin inkişafıdır: “Biznes Şurası hökumət və biznes assosiasiyalarının nümayəndələrini birləşdirir. Buna görə də Asiyanın 90%-ni, Sakit okeandan Aralıq dənizinə, Arktik okeandan Hind okeanına qədər 28 üzv dövləti əhatə edən belə bir platformaya sahib olmaq son dərəcə vacibdir”.
Bu ölkələrin, demək olar ki, hamısı inkişaf etməkdə olan iqtisadiyyatlara aiddir və məlum olduğu kimi, məhz KOB onlarda mühüm rol oynayır. Buna görə də biznesin qitə əməkdaşlığının bütün imkanlarına çıxışının olması vacibdir.
Baş katib üzv dövlətləri AQEM fondu üzrə yeni layihələr təklif etməyə və ona töhfə verməyə çağırıb. “2022-ci ildə yaradılmış AQEM Fondu çərçivəsində bu yaxınlarda Mərkəzi Əfqanıstanda ilk layihəyə - Qazaxıstanın təklifi və İraqın maliyyə iştirakı ilə davamlı buğda istehsalı layihəsinə start verilib. Fond şəffaflıq, könüllülük və konsensus prinsipləri əsasında fəaliyyət göstərir”, - K.Sarıbay vurğulayıb.
Beləliklə, bu gün təşkilatın üzv ölkələri inkişaf üçün altı prioritet istiqaməti müəyyən ediblər. Bunlar KOB-un inkişafı üçün rəqəmsallaşmanın təşviqi, qadın sahibkarlığının inkişafı, “yaşıl keçid”in dəstəklənməsi, “ağıllı şəhərlər”də KOB-un rolu və dövlət stimulları, transsərhəd ticarət və elektron ticarət, həmçinin KOB-un qlobal əlavə dəyər zəncirlərində iştirakıdır.
Müəyyən edilmiş məqsədlər artıq təşkilatın üzv ölkələrinin sahibkarları tərəfindən dəstəklənir.
Belə ki, Bakıdakı forumda iştirak edən Fələstin Milli İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nahid Salameh ölkənin “yaşıl iqtisadiyyat”a keçidinin təfərrüatlarını təqdim edib. Məlum olub ki, Fələstində biznesin 95%-i KOB-un payına düşür və bu da əhalinin 80%-dən çoxunun məşğulluğunu təmin edərək iqtisadiyyatda əsas rol oynayır. Buna görə də ölkə hakimiyyəti bu keçiddə maraqlıdır və onu davamlı inkişafa və özünü təmin etməyə doğru strateji yol kimi nəzərdən keçirir.
KOB-un “yaşıl keçid” mövzusu Türkiyə Ticarət Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı və Dəstəklənməsi İdarəsinin nümayəndəsi Emre Gürleykin çıxışında da yer alıb. Onun sözlərinə görə, ölkəsində “yaşıl keçid” sahəsində aparılan islahatlar və qəbul edilmiş dövlət proqramları iqlim dəyişikliyi ilə mübarizədə tərəqqini təmin edir: “Bu kontekstdə məhz KOB-un dəstəklənməsi əsas prioritetlərdən biri kimi ön plana çıxır. Türkiyənin 2021-ci ildə qəbul etdiyi “Yaşıl yenidənqurma plan”ı, sənaye sektorunda texnoloji inkişafın təşviqindən əlavə, ekomarkalama və tullantıların idarə edilməsi kimi sahələrdə də məlumatlılığın artırılmasını nəzərdə tutur”.
Rusiyanın Kiçik və Orta Biznes Korporasiyasının Beynəlxalq Əməkdaşlıq Layihələri Qrupunun rəhbəri Pavel Kondraşov KOB-lar üçün rəqəmsal platforma yaratmaqla biznesə dəstək məsələsinə diqqət çəkib. Belə ki, 2022-ci ildə Rusiya İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə KOB subyektləri üçün xüsusi rəqəmsal platforma yaradılıb. Bu platforma sahibkarlara dövlət və regional xidmətlərə, dəstək tədbirlərinə, təlim proqramlarına və analitik resurslara vahid giriş təmin edir, həmçinin sahibkarların rəqəmsal profillərini formalaşdırır və onların ehtiyaclarına uyğun xidmətlərin avtomatik seçimini təmin edir. “Artıq 1 milyona yaxın kiçik və orta müəssisə bu sistemdən yararlanır. Yeni rəqəmsal infrastruktur KOB-ların sənədləşmə işlərini sadələşdirir, məmnunluq səviyyəsini ölçür və hökumətə birbaşa geri bildiriş verir”, - P.Kondraşov vurğulayıb.
Qırğızıstan əməkdaşlığın genişləndirilməsi üçün öz ölkəsinin diplomatik platformasından istifadə etməyi təklif edib. Bu ölkənin Azərbaycandakı səfiri Maksat Mamıtkanov qeyd edib ki, bu təşəbbüsün məqsədi qabaqcıl təcrübənin KOB nümayəndələrinə səmərəli ötürülməsinə kömək etməkdir.
Azərbaycanın təşəbbüsləri
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov bildirib ki, ölkəmizin sədrliyi dövründə praktiki təşəbbüslərə üstünlük verilib. Xüsusilə, biznesə başlama, maliyyələşdirmə əldə etmə və yeni bazarlara çıxış üzrə tövsiyələri əhatə edən “KOB bələdçisi” layihəsinə.
Onun fikrincə, yerli məlumatları, hüquqi yenilikləri və uğurlu təcrübələri bölüşərək, bu bələdçi biznes mühitində uğurlu fəaliyyət göstərmək üçün KOB-lar üçün əsas resursa çevrilə bilər: “Rəqəmsal transformasiya sədrliyimizin əsas prioritetlərindən biridir. Biz inanırıq ki, KOB-ların rəqəmsal alətlər və platformaları tətbiq etməsi onların əməliyyat səmərəliliyini artırmaqla yanaşı, yeni bazarlara çıxışı da genişləndirəcək. Bu istiqamətdə biz KOB-lar üçün rəqəmsal marketinq, e-ticarət və məlumatların idarə olunması üzrə təlimlər təşkil edirik”.
O.Məmmədov vurğulayıb ki, rəhbərlik etdiyi qurum öz işində sahibkarlara praktiki yardım göstərilməsinə üstünlük verir. Belə ki, sahibkarlıq subyektlərinin ümumi sayının 99%-nin KOB-lara aid olduğu ölkədə “vahid pəncərə” prinsipi ilə qeydiyyat, lisenziyalaşdırma, maliyyə məsləhəti və ixrac dəstəyi xidmətləri göstərən KOB evləri uğurla fəaliyyət göstərir. Elektron ticarət, rəqəmsal marketinq və məlumatların idarə edilməsi üzrə təlim proqramlarına, həmçinin beynəlxalq tərəfdaşlığın inkişafına xüsusi diqqət yetirilir.
“Yaşıl keçid” kimi populyar mövzuya gəlincə, COP29 çərçivəsində məhz Azərbaycan biznesin “yaşıl keçidi”nə dəstək üçün Bakı İqlim Koalisiyasının yaradılmasına təşəbbüs göstərib. Bu koalisiya müəssisələrə davamlı təcrübələr tətbiq etməyə, ətraf mühitə təsirini azaltmağa və “yaşıl texnologiyalar”ı öz fəaliyyətlərinə inteqrasiya etməyə kömək etməlidir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə əmindir ki, davamlı inkişaf prinsiplərinə əsaslanan iqtisadi modellər – “yaşıl texnologiya”lar, rəqəmsallaşma və inklüzivlik – gələcəyin sahibkarlıq sistemini müəyyən edəcək: “Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, bu proseslərin fəal iştirakçısı olmağa davam edəcəyik. Hesab edirik ki, bu forumun nəticəsində yeni təşəbbüslər, layihələr və əməkdaşlıq formatları yaranacaq”.
Bakı Biznes Forumunun mühüm nəticələrindən biri Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Qazaxıstan Biznes, Cəmiyyət və Dövlət Əlaqələri Assosiasiyası arasında Əməkdaşlıq Memorandumunun imzalanması olub. Əsas istiqamətlər arasında qadınların iqtisadi imkanlarının genişləndirilməsinə yönəlmiş strateji tərəfdaşlığın qurulmasını, yaradıcı sənaye sahələrinin inkişafını, rəqəmsal iqtisadiyyat, qadın sahibkarlar üçün platformalar və xidmətlər sahəsində əməkdaşlığı nəzərdə tutan qadın biznesinə dəstək vurğulanıb. Bundan başqa, biznes, idarəetmə və innovasiyalar sahəsində qadınların səriştələrinin artırılması üzrə birgə təhsil proqramlarının, seminarların, təlimlərin və digər təşəbbüslərin hazırlanması və həyata keçirilməsi planlaşdırılır.
K.Sarıbayın qeyd etdiyi kimi, qadınların hüquq və imkanlarının genişləndirilməsi təkcə ədalət məsələsi deyil, həm də davamlı inkişaf üçün strateji zərurətdir. O.Məmmədov, həmçinin CICA tərəfdaşlarını təcrübələrini daha fəal bölüşməyə və biznesdə qadınları dəstəkləməyə çağırıb: “Azərbaycanda qadın sahibkarlar üçün təlim proqramları başlatmışıq, onlara mentorluq, biznes planlaşdırma üçün resurslar və şəbəkələşmə imkanları təqdim edirik. CICA üzrə tərəfdaşlarımızı biznesdə qadınların dəstəklənməsi üçün öz təcrübələrini və strategiyalarını bölüşməyə dəvət edirik, çünki bu sahədə bir-birimizdən öyrənə və əməkdaşlıq edə bilərik”.
Beləliklə, Azərbaycanın regional iqtisadi birliklərdə fəal iştirakı sayəsində yerli sahibkarlığın qabaqcıl beynəlxalq təcrübələrini tətbiq etmək və yeni bazar üfüqlərini mənimsəmək imkanları genişlənir.
MƏSLƏHƏT GÖR:



99

