GEOSİYASƏTİN KÖLGƏSİNDƏ
Rumıniya yeni Avropapərəst prezident seçib
Müəllif: Natiq NAZİMOĞLU
Mayın 26-da Rumıniyada ölkənin yeni seçilmiş prezidentinin inauqurasiya mərasimi keçirilib. Söhbət seçkinin ikinci turundan sonra qələbə qazanmış, Rumıniya dövlətində «fundamental dəyişikliklər» vədi verən Nikuşor Dandan gedir. Onun anonsunu verdiyi dəyişikliklər əsasən ölkənin daxili həyatı ilə bağlıdır. Çünki seçkinin nəticələrinin də göstərdiyi kimi, Rumıniya Avro-Atlantik məkana inteqrasiyaya yönəlmiş xarici siyasi strategiyasına sadiqdir.
Dan Simionu məğlub etdi
Rumıniyada bu seçki kampaniyası sonu təxmin edilməyən kəskin süjetli trilleri xatırladırdı. İlk səsvermə hələ 2024-cü il noyabrın 24-də keçirilmiş, həmin seçkidə müstəqil namizəd Kelin Corcesku uğur qazanmışdı. Seçicilərin təxminən 23%-nin dəstəyini alan Corcesku ultrasağçı siyasətçi kimi tanınır. O, ölkəsinin qərbpərəst siyasətdən imtina etməli olduğunu düşünür. Corcesku seçkidə Avropapərəst, liberal «Rumıniyanın xilası ittifaqı» partiyasının namizədi Yelena Laskoniyə qalib gəlmişdi. O zaman Corceskunun ikinci turu da qələbə ilə başa vurması ehtimalı kifayət qədər yüksək idi. Lakin işə Konstitusiya Məhkəməsi qarışıb və seçkinin ilk turunun nəticələri ləğv edilib. Bu qərarın qəbulu üçün əsas kimi, ilk növbədə, Corceskunun Rusiyanın informasiya resursları tərəfindən dəstəklənməsi göstərilib. Yəni ölkədəki seçki prosesinə xarici müdaxilə varmış.
Yeni prezident seçkisi artıq 2025-ci il mayın 4-də, onun ikinci turu isə həmin ayın 18-də keçirilib. Bu dəfə əsas mübarizə qərbpərəst siyasətçi, Buxarest meri Nikuşor Dan ilə ultrasağçı «Rumınların birliyi uğrunda alyans»ın namizədi Corce Simion arasında gedib. Yeri gəlmişkən, sonuncu noyabrın 24-də keçirilmiş seçkinin nəticələrinin ləğvini «çevriliş» kimi qiymətləndirir.
İlk turda Simion 40,96, Dan isə cəmi 20,99% səs toplayıb. Lakin ikinci turda qərbpərəst qüvvələrin Danı dəstəkləməsi onun 54% səs qazanaraq, seçicilərin 46%-nin dəstəklədiyi millətçi, avroskeptik rəqibini məğlub etməsinə imkan verib.
Maraqlı fakt: Danın qələbəsinə həlledici töhfəni Rumıniyada yaşayan etnik macarların, həmçinin həm də Rumıniya vətəndaşlıqları olan Moldova vətəndaşlarının verdiyini söyləmək olar. Bu iki qrupa aid 700 minədək seçici məhz Avropapərəst namizədi dəstəkləyib. İkinci turda Danın rəqibi üzərində ümumi üstünlüyü 830 min səs olub. Müşahidəçilər bu səbəbdən düşünürlər ki, macarların və moldovalıların dəstəyi olmasaydı, Dan, yəqin ki, qalib gələ bilməyəcəkdi.
Amma maraqlıdır ki, Rumıniyada sayları təxminən bir milyon olan, yaxud, ölkə əhalisinin təxminən 5,5%-ni təşkil edən macarların əksəriyyəti Macarıstanın baş naziri Viktor Orbanın tərəfdarı sayılırlar. Orban isə Rumıniyada seçkinin ikinci turu ərəfəsində Simiona dəstəyini ifadə etmişdi. Halbuki sonuncu bəzən macar azlığın əleyhinə olan fikirləri ilə də gündəmə gəlib. Amma bu, Macarıstanın baş nazirini narahat etməyib. Çünki o, Simionu daha çox geosiyasi baxışlarına görə dəstəkləyirdi. Brüsselin və Avropanın liberal bürokratiyasının əleyhdarı kimi çıxış edən Orban haqlı olaraq düşünürdü ki, onun kimi düşünən Simion rumıniyalı millətçi olsa da, Budapeşt üçün daha sərfəli namizəddir.
Amma görünən odur ki, Rumıniya macarlarının özləri Simiona onların ünvanına səsləndirdiyi fikirləri bağışlamayıblar. Onların qərbpərəst Danı dəstəkləmələri məhz bununla əlaqələndirilir. Rumıniya vətəndaşı olan moldovalıların da Danı dəstəkləməsi Simionu sevməmələri ilə izah olunur. Moldovanın təxminən 2,5 milyon sakininin təxminən 650 mini həm də Rumıniya vətəndaşıdır (onların əksəriyyəti hazırda Qərbi Avropa ölkələrində yaşayır). Bu şəxslərin çoxu Simionun onların milli kimliyini tanımaqdan imtina etməsindən, Moldovanın rumın millətçilərin düşündüyü «Böyük Rumıniya»ya daxil edilməli olduğunu deməsindən narazıdırlar. Yeri gəlmişkən, Simionun Moldovaya girişi 2014-cü ildən qadağandır. Bununla yanaşı, Rumıniya vətəndaşı olan moldovalıların seçimində əsas rolu Simionun anti-Avropa mövqeyi oynayıb. Bu seçiciləri Dana meyilləndirən əsas amil də müvafiq olaraq, bu namizədin qərbpərəstliyi olub. Bu, Rumıniyada prezident seçkisinin geosiyasətin kölgəsində keçdiyini təsdiqləyən amillərdən yalnız biridir.
Bəs bu dəfə kim müdaxilə edib?
Geosiyasət Rumıniyada keçirilmiş seçkinin daha bir süjetində yer alıb. İkinci turdan sonra Simion Konstitusiya Məhkəməsinə müraciət edərək, səsvermənin nəticələrinin ləğvini istəyib. O, tələbini əsaslandırarkən məhkəmənin 24 noyabr seçkisi ilə bağlı qərarında istinad etdiyi səbəbi yada salıb. Söhbət seçkiyə xarici müdaxilədən gedir. O bildirib ki, Corceskunun qələbəsi «Rusiyanın dəstəyi» səbəbilə ləğv edilibsə, bu dəfə onun rəqibi Avropanın saysız-hesabsız liderləri tərəfindən dəstəklənib. Söhbət, ilk növbədə, Fransadan gedir. Məsələn, Emmanuel Makron «Rumıniyanın doğru olan Avropa yolu üçün son dərəcə vacib» adlandırdığı seçki ərəfəsində rumıniyalıları Dana səs verməyə çağırıb. Polşa və Moldova liderləri də bu qəbildən olan çağırışlar ediblər. Polşanın baş naziri Donald Tuskun Daha dəstəyi də açıq olub. Moldovanın həm də Rumıniya vətəndaşı olan prezidenti Maya Sandu da rumınları Danı dəstəkləməyə çağırıb, üstəlik, Simionu «Kremlin idarə etdiyi personaj» adlandırıb.
Bu ittihamlara gözlənilmədən, «Telegram» sosial şəbəkəsinin yaradıcısı Pavel Durov da qoşulub. Durov iddia edir ki, Fransada bu ölkənin kəşfiyyatı tərəfindən saxlanılan zaman ondan Rumıniya mühafizəkarlarının «Telegram»dakı kanallarını «boğması» istənilib. Bundan başqa, Durov bir məqama xüsusi diqqət çəkir: fransalı avrodeputat Valeri Ayenin qərbpərəst Dana dəstəyini ifadə etməsilə Fransa kəşfiyyatının başçısı Nikola Larnerin Rumıniyaya səfəri eyni vaxta təsadüf edib. Bu, seçkidən cəmi bir neçə gün əvvəl baş verib. Fransa kəşfiyyatı ittihamları rədd edir, deyilənlərin əsassız olduğunu bildirir. Lakin Durov Rumıniyada keçirilmiş prezident seçkisinə xarici müdaxilələrlə bağlı ifadə verməyə hazır olduğunu deyir.
Fransanın Rumıniyada keçirilmiş prezident seçkisinə müdaxilə etdiyi versiyasının əsaslandırılmasına Rusiya da dəstək vermək qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, «Makron Durovu bu cür barbar üsulu ilə heç də messencerlə bağlı məsələlərin həlli üçün həbs etdirməmişdi. Məqsəd Rumıniyada keçiriləcək seçkini idarə etmək idi. Çünki onlar anlayırdılar ki, lideral diktaturanın namizədi leqal yolla heç cür qalib gələ bilməyəcək».
İstənilən halda, Rumıniya Konstitusiya Məhkəməsi Simionun iddiasını rədd edib. Beləliklə, ixtisasca riyaziyyatçı olan, keçmişdə vətəndaş cəmiyyəti fəalı kimi tanınmış, sonradan Buxarest meri postuna yiyələnmiş 55 yaşlı Dan Rumıniya Prezidenti elan edilib. Yeni dövlət başçısının vədlərindən belə məlum olur ki, o, parlamentdə təmsil olunan «dörd demokratik partiyanın hər biri ilə» koalision hökumətin qurulmasına dair danışıqlara başlayacaq. Söhbət Sosial-Demokrat Partiyası, Milli Liberal Partiya, həmçinin «Rumınların xilası ittifaqı» və «Rumıniya macarlarının demokratik ittifaqı»ndan gedir. Rumıniya mediası yazır ki, ölkənin yeni baş naziri PNLP nümayəndəsi İliye Bolojan ola bilər. Bolojan 2025-ci il fevralın 12-dən mayın 26-dək Rumıniya prezidentinin səlahiyyətlərini icra edib.
Danın seçki kampaniyası zamanı vəd etdiyi, inauqurasiya mərasimindəki çıxışında da üzərində xüsusi dayandığı «vacib fundamental dəyişikliklər»ə gəlincə, yeni prezident hesab edir ki, onlar, ilk növbədə, dövlət sektorunda israfçılıq məsələsinə şamil edilməlidir. Bunun üçün, məsələn, büdcədəki ciddi kəsrin (2024-cü ildə ÜDM-in 9,3%-nə bərabər) Avropa İttifaqının ayırdığı vəsaitlərdən istifadənin effektivliyinin artırılması yolu ilə aradan qaldırılması nəzərdə tutulur.
Lakin Nikoşur Danın qələbəsi və prezident səlahiyyətlərinin icrasına başlamasının əsas anlamı Rumıniyanın Avro-Atlantik məkana inteqrasiyaya yönəlmiş xarici siyasətinin davam etdiriləcəyi ilə bağlıdır. Yeni prezident Aİ və NATO-da Rumıniyanın mövqeyini gücləndirmək niyyətindədir. Bununla yanaşı, Buxarest dünyada, xüsusilə də Avro-Atlantik məkanda Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi ilə yaşanmaqda olan dəyişikliklər fonunda Aİ-nin özünü təmin etmə imkanlarının gücləndirilməsi yollarını axtaran Avropa ölkələri ilə daha da yaxınlaşmağı düşünür. Yeri gəlmişkən, seçkidə məğlub olmuş Corce Simion özünü Amerika prezidentinin tərəfdarı adlandırır ki, bu da bir bir daha məqamı təsdiqləyir: Danın Rumıniyada hakimiyyətə gəlməsi ilə bu ölkə, ilk növbədə, Aİ-nin hakim dairələrinin əleyhinə yönələn ultrasağçı, millətçi siyasət yolundan imtina edib.
Rumıniyanın qərbpərəst kursu davam etdirəcəyinin təsdiqlənməsi davam edən Rusiya-Ukrayna müharibəsi fonunda xüsusi əhəmiyyət daşıyır. Aydındır ki, Buxarest Aİ-nin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi siyasətini dəstəkləyəcək, Ukraynaya hərbi və iqtisadi yardım göstərilməsini düşünən ölkələrin sırasında dayanacaq. Bu mənada, Ukrayna Prezidenti Vladimir Zelenskinin Dana «seçkidə qazandığı tarixi qələbə» münasibətilə ünvanladığı məktubda yer almış fikirlər də maraqlıdır: «Biz birlikdə ölkələrimizi və Avropanı daha da gücləndirə bilərik».
Beləliklə, Rumıniyada keçirilmiş prezident seçkisi Avropanın bugünkü reallığının ifadəsi olmaqla yanaşı, onun yaşamaqda olduğu bir sıra problemləri də ortaya qoyub. Avropa elitaları arasındakı siyasi və ideoloji ixtilaflardan tutmuş, İkinci Dünya müharibəsindən sonra qitənin üzləşdiyi ən uzunmüddətli və qanlı müharibəyə bu və ya başqa formada təsir göstərən amillərədək.
MƏSLƏHƏT GÖR:


97

