18 İyun 2025

Çərşənbə, 15:37

ŞƏRQ QƏRBİ QARŞILAYAR

Budapeşt sammiti: nəqliyyat, diplomatiya və türk dövlətlərinin ümumi gələcəyi

Müəllif:

01.06.2025

Artan geosiyasi gərginlik şəraitində türk dövlətləri arasında dialoqun intensivləşməsi onların mövcud gündəliyin bütün əsas aspektləri üzrə mövqelərinin getdikcə yaxınlaşmasına kömək edir. Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə keçirilən qeyri-formal sammiti bunu bir daha təsdiqləyib. Üstəlik, onların sözlərindəki birlik mütləq şəkildə özünü əməldə də tapır. Sammitə ev sahibliyi edən Macarıstanın «türk dünyası» ölkələri üçün Avropa İttifaqına və əksinə qapı rolunu oynamaq arzusu isə bütün tədbir boyu xüsusi diqqət çəkən məsələlərdən olub.

Macarıstanın xarici işlər naziri Pyotr Siyarto bildirib ki, onun ölkəsi «iqtisadi neytrallıq» siyasətinə sadiq qalaraq, istər Qərbdən, istərsə də Şərqdən olan tərəfdaşları ilə əməkdaşlığı qarşılıqlı fayda çərçivəsində inkişaf etdirməyə çalışır. TDT-nin Budapeştdə təşkil olunmuş qeyri-formal sammiti məhz bundan irəli gələrək, «Şərqlə Qərbin görüş yeri» şüarı altında keçirilib.

 

Nəqliyyat siyasətin davamı kimi

Toplantıda çıxış edənlərin praktik olaraq hamısı beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemində türk dövlətlərini birləşdirən nəqliyyat kommunikasiyalarının artan rolundan danışıb. Bu baxımdan, Şərqlə Qərb arasında təhlükəsiz və fasiləsiz əlaqəni təmin edən «Orta dəhliz» strateji marşrut kimi, ön plana çıxır. Türk dövlətlərinin gələcək inteqrasiyası məhz onun ətrafında gedəcək.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan investisiyaları sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti ildə 5 milyon tonadək artırılıb. Eyni zamanda Xəzər dənizinin limanları arasında nəqliyyat əməliyyatlarının sadələşdirilməsi məqsədilə vahid rəqəmsal platformanın yaradılması üzərində iş gedir. Bundan başqa, Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir, doqquzuncu belə hava limanının açılması nəzərdə tutulur, həmçinin 1,5 milyon ton ötürücülük qabiliyyətinə malik yük terminalı tikilir. Bu ölkənin regionun vacib nəqliyyat habı kimi əhəmiyyətini daha da artıracaq.

TDT-nin Baş katibi Kubanıçbek Ömuraliyev isə «eTIR» sisteminin tətbiqi ilə bağlı fəaliyyət planının və sadələşdirilmiş gömrük dəhlizləri haqqında sazişlərin texniki müddəalarının qəbul olunduğunu bildirib. Baş katib hesab edir ki, bu, nəqliyyat proseslərinin rəqəmsallaşdırılmasına kömək edəcək.

Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Astananın Qırğızıstan və Özbəkistanla sərhəddə prosedurların rəqəmsallaşdırılması istiqamətində çalışdığını, tranzitin sadələşdiriləcəyini, logistik infrastrukturun müasirləşdiriləcəyini söyləyib. O, Çinlə sərhəddə üçüncü dəmir yolu buraxılış məntəqəsinin açılacağını da deyib.

 

Yaxın Şərqdən Əfqanıstanadək

Toplantıda beynəlxalq problemlərdən də danışılıb. Bu mənada, Yaxın Şərqdəki münaqişələrə, Ukrayna müharibəsinə və Əfqanıstanla bağlı vəziyyətə xüsusi toxunulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  İsrailin region, xüsusilə Fələstin, Suriya və Livanla bağlı planlarının qarşısının alınmasının vacibliyinə dair sərt fikirlər səsləndirib, bu planların «ekspansionizm» olduğunu bildirib. Bu haqda daha yumşaq danışan Özbəkistan lideri Şavkat Mirziyoyev hesab edir ki, Fələstin-İsrail münaqişəsi ədalətli həllini yalnız «iki xalq üçün iki dövlət» prinsipinin reallaşdırılması ilə tapa bilər.

Hər halda, sammitin yekun sənədində Qəzzadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Orada bölgədə yaşanmaqda olan humanitar fəlakətdən dərin narahatlıq ifadə olunub, tam atəşkəsə nail olunmasına dəstək verilib, girovların azad edilməsinin, Qəzzaya humanitar yardımların çatdırılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, sənəddə Fələstin-İsrail münaqişəsinin BMT-nin qətnamələrinə uyğun olaraq, iki dövlətin yaradılması ilə həllinin vacibliyi də qeyd edilib.

Mərkəzi Asiya ölkələrinin liderləri öz çıxışlarında Əfqanıstan mövzusunda da xüsusi diqqət çəkiblər. Bu ölkədə vəziyyət son dərəcə gərgin olaraq qalır. Əfqanıstan hökumətinin dünya birliyi tərəfindən legitim hakimiyyət kimi tanınmaması, bu ölkə ilə iqtisadi əlaqələrin qurulmasına ciddi məhdudiyyətlərin davam etməsi orada humanitar problemlərin daha da dərinləşməsinə yol açır.

Ümumiyyətlə, TDT liderləri iqtisadi əməkdaşlıq və siyasi dialoqun gücləndirilməsi mövzularına daha çox diqqət ayırıblar. Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentləri isə sənaye kooperasiyasının inkişafı haqda danışıblar. Azərbaycan Prezidenti isə bildirib ki, TDT-nin İnvestisiya Fondu üzv dövlətlər arasında investisiya fəallığını stimullaşdırmaq üçün bütün lazımi mexanizmlərə malikdir.

Budapeştdə Əfqanıstanla bağlı qəbul olunmuş birgə bəyanat göstərir ki, türk dövlətləri bu istiqamətdə kollektiv səylər göstərmək, öz fəaliyyətlərini koordinasiya etmək niyyətindədirlər. Məsələn, Əfqanıstana humanitar yardımın göstərilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi düşünülür. Bu, TDT ölkələrinin əməkdaşlıq potensialının üzə çıxarılması, tranzit imkanlarının artırılması üçün önəmli hesab olunur.

Məlum olduğu kimi, Kabildə «Taliban»ın hakimiyyətə gəlməsinədək TDT üzvü olan Türkiyə ilə Azərbaycan, eyni zamanda təşkilatda müşahidəçi statusunda təmsil olunan Türkmənistan Əfqanıstanın dünya ilə birləşdirilməsində önəmli rola malik «Lazurit dəhlizi» layihəsi üzərində işləyirdilər. Yeni şəraitdə bu layihənin dirçəldilməsi Əfqanıstan ətrafında və onun özündə geosiyasi landşafta ciddi təsir göstərə bilər. Başqa layihələrin icrası da mümkündür. Məsələn, TDT ölkələri ilə onlara dost olan Pakistanı və Mərkəzi Asiya ölkələrini birləşdirəcək, Hind okeanına çıxışı təmin edəcək bir layihə. İqtisadi layihələr də öz yerində. Əfqanıstan əhəmiyyətli mineral ehtiyatlara, o cümlədən nadir torpaq metallarına malikdir. Odur ki, onunla dağ mədəni sahəsində əməkdaşlıq Əfqanıstanın regional iqtisadi münasibətlər sisteminə inteqrasiyasına yol açardı. Digər yandan bu, müəyyən mənada Əfqanıstanın sosial-iqtisadi problemlərinin həllinə də kömək edər.

 

Əməkdaşlığın institusionallaşdırılması

Toplantıda müzakirə olunmuş məsələlər arasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bir təklifi xüsusi diqqət tələb edir. O, təşkilatın Bakıda keçiriləcək növbəti sammitində Türk dövlətlərinin strateji tərəfdaşlığı, əbədi dostluğu və qardaşlığı haqqında Müqavilənin imzalanması təşəbbüsü ilə çıxış edib. Dövlət başçısı hesab edir ki, bu sənəd TDT-nin institusionallaşması prosesinə önəmli töhfə verə, üzv dövlətlər arasında əməkdaşlığı, demək olar ki, müttəfiqlik səviyyəsinə qaldıra bilər.

Yeri gəlmişkən, TDT-nin Macarıstanda keçirilən qeyri-formal sammiti çərçivəsində Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna qəbuluna da qərar verilib. Qeyd edək ki, bu fond 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb.

Qurumun Baş katibi Ömuraliyevin çıxışı da diqqətəlayiqdir. O, TDT-nin müdafiə və təhlükəsizlik sahəsində yeni təşəbbüsünün anonsunu verib. Belə ki, 2025-ci ilin iyulunda IDEF 2025 sərgisi çərçivəsində təşkilat üzvü olan ölkələrin müdafiə qurumları rəhbərlərinin ilk görüşünün keçirilməsi planlaşdırılır. Bunun ardınca isə müdafiə nazirləri arasında ilk görüşə hazırlıq başlayacaq.

Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, geosiyasi qeyri-müəyyənlik və artan çağırışlar şəraitində TDT qarşısına müdafiə, hərbi-texniki əməkdaşlıq sahəsində fəaliyyətin sistemləşdirilməsi və koordinasiyası məqsədini qoyub. Türkiyənin NATO, Qazaxıstan və Qırğızıstanın isə KTMT üzvü olması bu əməkdaşlığa mane olmur. Tərəflər bildirirlər ki, onların əməkdaşlığı üçüncü ölkələrin maraqlarına qarşı yönəlməyib, TDT-nin hərbi-siyasi bloka çevrilməsi məqsədi daşımır və güc tətbiqi ilə hər hansı geosiyasi hədəfə nail olunması planlaşdırılmır. Əksinə, məqsəd radikalizmə, ekstremizmə, islamofobiyaya, ksenofobiya və terrorçuluğa effektiv müqavimət, həmçinin sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsidir.

Bundan başqa, TDT ölkələrinin vətəndaşları üçün səfərlərin sadələşdirilməsi – tək şəxsiyyət vəsiqəsi ilə səfər etmək imkanının yaradılması məsələsi də ciddi müzakirə olunub. «Bu layihə Azərbaycanla Türkiyə arasında reallaşdırılıb. Yaxın gələcəkdə onun başqa ölkələrə də yayılması planlaşdırılır», - deyə TDT-nin Baş katibi qeyd edib.

Bu, türk dövlətləri arasında yalnız turist axınının artmasına deyil, həm də xüsusilə orta biznes səviyyəsində əlaqələrin möhkəmlənməsinə ciddi təsir göstərəcək. Bu isə o cümlədən hazır məhsul istehsalı sahəsində birgə müəssisələrin yaradılmasına təkan verəcək.

 

Ekologiya və humanitar məsələlər

Son illər türk dövlətlərinin gündəliyində ekologiya mövzusu da önəmli yer tutur. TDT-nin praktik olaraq bütün üzvləri, hətta müşahidəçi üzv olan Macarıstan tez-tez quraqlıqların yaşandığı iqlim qurşağında yerləşirlər. Məlumdur ki, Viktor Orbanın təşəbbüsü ilə Budapeştdə TDT çərçivəsində Quraqlığın Qarşısının Alınması İnstitutu fəaliyyətə başlayıb. Region ölkələrinin onun araşdırmalarının nəticələrindən istifadəsi Macarıstan çöllərindən tutmuş, Qazaxıstanın alçaq dağlıq ərazilərinədək uzanan quraq iqlim tipinə malik geniş sahələrdə quraqlıq və səhralaşmanın qarşısının alınması üçün praktik həllərin hazırlanacağı elmi platformanın yaradılmasına imkan verəcək.

İlham Əliyev çıxışında bildirib ki, Azərbaycanın uğurla keçirdiyi COP29-da «İqlim birliyi üzrə Bakı paktı» qəbul edilib. Bu sənəd iqlim dəyişikliyi məsələsində qlobal əməkdaşlıq üçün əhəmiyyətli addımdır. Dövlət başçısı Bakının ətraf mühitin mühafizəsi sahəsində digər türk dövlətləri ilə tərəfdaşlığın gücləndirilməsinə hazır olduğunu deyib, regiondakı ekoloji çağırışlarla mübarizədə birgə səylərin vacibliyini vurğulayıb.

Sammitdə imzalanmış Budapeşt Bəyannaməsində bildirilir ki, «yaşıl enerji» texnologiyasının inkişafının vacibliyi, iqlimə qarşı dayanıqlı infrastrukturun yaradılmasının, enerji effektivliyinin təminini önəmi də qeyd olunur. Bu, TDT ölkələrinin dayanıqlı enerji mənbələrinə keçid istəyinin, atmosferə zəhərli qazların buraxılmasının azaldılması əzminin göstəricisidir.

Mədəni-humanitar sahədə əməkdaşlığa gəlincə, güman olunur ki, UNESCO-nun 43-cü Baş konfransında 15 dekabr Ümumdünya Türk dili günü elan ediləcək. Bu, böyük rəmzi və praktik əhəmiyyət daşıyacaq.

TDT dövlət başçılarının qeyri-formal sammitində qəbul olunmuş Budapeşt Bəyannaməsi perspektivdə əməkdaşlığın əsas prioritetlərini müəyyənləşdirib, təşkilatın institusional əsaslarını möhkəmləndirib. Qurumun növbəti rəsmi sammiti bu ilin payızında Bakıda keçiriləcək və onun ardından Azərbaycan qurumun növbəti sədri olacaq.



MƏSLƏHƏT GÖR:

20