
LAÇINDA «BÖYÜK DİPLOMATİYA»
Azərbaycan, Türkiyə və Pakistan regional siyasətdə ciddi rola sahiblənirlər
Müəllif: Tofiqəxanım QASIMOVA
Son illər Ermənistanın işğalından azad olunmuş ərazilərdə böyük diplomatik hadisələr nadir rast gəlinən hal deyil. Buraya istər 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış, iki ölkə arasında hərbi ittifaq yaratmış tarixi Şuşa Bəyannaməsini, istər Şuşa şəhərində davamlı şəkildə keçirilən nüfuzlu beynəlxalq forumları aid etmək olar.
Bu dəfə vacib diplomatik xəbərlər Laçından gəlib. Bu, Pakistanın Baş naziri Şərif və Türkiyə Prezidenti Ərdoğanın Laçına səfəri ilə baş verib. Ekspertlər əmindirlər ki, Laçında keçirilmiş Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli sammiti əhəmiyyəti və effektiv Cənubi Qafqazın sərhədlərini aşacaq miqyaslı geosiyasi proseslərə start verib.
Diplomatiyadan qabaq nə gəlir?
Güman ki, Laçındakı «böyük diplomatiya»dan danışarkən Böyük Qayıdışın xronikasından başlamaq lazımdır. Diplomatik görüşlər və üçtərəfli sammitdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Laçında yerli elektrik enerjisi şəbəkəsinin idarə olunması üzrə rəqəmsal mərkəzin, ayaqqabı və tikiş fabrikinin açılışını edib, bərpa olunmuş Bəylik kəndinin sakinləri – bu gün vətənlərinə qayıdan keçmiş məcburi köçkünlərlə görüşüb. Görüşdə dövlət başçısı proqram çıxışı edib: may bu sakinlər üçün ikiqat bayram olacaq – həm müstəqillik bayramı, həm də Bəyliyə qayıdış günü. «Amma may ayı laçınlılar üçün faciəvi ay olub. Məhz may ayında Laçın işğala məruz qaldı, Şuşa işğalından 10 gün sonra. Bu, böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm də bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi müharibədə ondan sonrakı uğursuzluqlarımızın təməlini qoydu. Çünki ovaxtkı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki, indi yoxdur. Artıq uzun illərin Laçın-Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı», - deyə İ.Əliyev qeyd edib.
1992-ci ilin mayında Laçın Azərbaycan üçün böyük faciələrin, fəlakətlərin ünvanı idisə, 2020-ci ilin payızında burada Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tarixinin bir çox əsas hadisəsi burada yaşanırdı. Laçın rayonunun bir hisssi Vətən müharibəsi zamanı azad olunmuşdu. Sonradan noyabrın 10-na keçən gecə imzalanmış Üçtərəfli Bəyannaməyə uyğun olaraq, Laçın rayonunun qalan hissəsi 10 kilometrlik dəhliz yaradılmaqla, Azərbaycana döyüşsüz qaydarılıb. Daha sonqra burada alternativ yol çəkilib ki, o da Zabux və Sus kəndlərinin daha tez Azərbaycanın nəzarətinə qaytarılmasına imkan verib.
Nəhayət, Azərbaycanın İlham Əliyevin rəhbərliyi ilə həm hərbi, həm diplomatik, həm də siyasi rıçaqlardan istifadə etdiyi əsl qrossmeyster partiyası da məhz Laçında «oynanıb». 2023-cü il aprelin 23-də Laçın-Gorus yolunda «Laçın» sərhəd buraxılış məntəqəsi qurulub, bununla da, Azərbaycan müstəqilliyini əldə etməsindən sonra ilk dəfə bütün sərhədlərinə nəzarəti təmin edib. Bundan başqa, bu, Laçın dəhlizinin mövcudluğuna da son qoyub.
Xatırladaq ki, həmin vaxtadək Bakı Rusiya sülhməramlılarının nəzarətində olan həmin yoldan təyinatı üzrə istifadə edilmədiyini, ondan silah, mina, hərbçi daşınması üçün istifadə olunduğunu dəfələrlə bəyan etmişdi… Dünya birliyinin bu problemi çözmək niyyətində olmadığı aydın olduqda, Azərbaycan onu özü həll edib. Daha sonra – 2023-cü ilin sentyabrında bölgədə keçirilmiş antiterror əməliyyatlarının sonunda isə hazırda «Azərbaycanın Nürnberq tribunalı»nda mühakimə olunan şəxslər, o cümlədən Ruben Vardanyan məhz həmin sərhəd buraxılış məntəqəsində saxlanılıblar.
İndi strateji diplomatiyanın yeni mərhələsinin məhz burada – Laçında başlaması rəmzi məna da daşıyır.
Köhnə və yeni müttəfiqlər
Türkiyə Prezidentinin Laçına səfəri Azərbaycan auditoriyasına (həm də tək ona yox) tanış olan sxem üzrə baş tutub. O, Laçında beynəlxalq aeroportun açılışı ilə başlayıb. Xatırladaq ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində açılan sayca üçüncü beynəlxalq hava limanıdır. Buradakı bəzi detallar – lent, yeni aeroportun rəmzi açarları, uçuş zolağında dayanan prezident təyyarələri yəqin ki, Füzuli və Zəngilandakı hava limanlarının açılışını xatırladır. Türkiyə Prezidentinin Səməd Vurğunun «Azərbaycan» şeirini səsləndirməsində isə ilk baxışdan siyasi məna görünməsə də, əslində, belə deyil. Şərq Şərqliyində qalır və burada belə jestlər diplomatik sənədlərdən və ya bəyanatlardan heç də az əhəmiyyət daşımır.
Azərbaycan və Türkiyə prezidentləri təkbətək danışıqlar aparıb, daha sonra Laçın-Kəlbəcər avtomobil yolunda aparılan tikinti işləri ilə tanış olublar. Aeroport kimi, bu da ikili təyinata malik infrastrukturdur. Bəli, Azərbaycanla Ermənistan sülh müqaviləsinə dair danışıqlar aparır. Lakin Ermənistanda revanşist əhvalın yüksəldiyini görməmək də mümkün deyil. Belə vəziyyətdə erməni işğalından azad olunmuş rayonlarda nəqliyyat infrastrukturunun – yollardan tunellərədək – inkişafı fərqli anlam daşıyır.
Laçının gələcək gəzinti zonasına isə artıq üç lider baş çəkib: İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif.
Azərbaycan-Pakistan münasibətləri inkişaf mərhələsindədir. Bir yandan, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanımış dövlətlərdən olmaqla yanaşı, ərazilərimizin işğalı səbəbi ilə Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmiş ölkədir. Bakı isə öz növbəsində, Cammu və Kəşmir məsələsində hər zaman İslamabadın mövqeyinə birmənalı dəstək verib. Lakin tərəflər arasında kifayət qədər uzun müddət ərzində fəal siyasi dialoq olmayıb. Lakin indi çox şey dəyişib. Bu mənada, İlham Əliyevin 2024-cü ildə Pakistana səfər etdiyini xatırlatmaq kifayətdir. İndi isə Pakistanın Baş naziri Şərif Laçına gəlmişdi.
İslamabadın Qafqaz səhnəsində əhəmiyyətli oyunçulardan birinə çevirmək istədiyi aşkardır. Bu mənada, Şərifin Azərbaycana səfəri və Bakıya dəstək bəyanatı Ermənistanın ekspertləri arasında ciddi qıcıq yaradıb. Onlar artıq Hindistanın buna mümkün cavabına eyham vururlar. Lakin çoxları əmindirlər ki, İrəvanın Yeni Dehlidən xüsusi dəstək gözləməsi də əbəsdir.
Bəzi məlumatlara görə, Ermənistanla Hindistan arasındakı çox reklam olunan milyard yarımlıq silah müqaviləsi də «havada qalıb». Səbəb sadədir – Hindistanla Pakistan arasında birincinin arzuladığı kimi bitməyən qısa münaqişə. Yeni Dehli düşməni üzərində «qısamüddətli müzəffər müharibə»yə ümid etsə də, onun üçün hər şey «hərbi-siyasi biabırçılıq»la bitib. Belə bir vəziyyətdə Narendra Modi İrəvanın şıltaqlıqları ilə məşğul olacaq əhvalda deyil.
Üçtərəfli sammit – kadr arxasında nələr var?
Sözügedən münaqişə Bakı-Ankara-İslamabad üçbucağının «münasibətlər iqlimi»nə daha ciddi təsir göstərib. Azərbaycan və Türkiyə münaqişənin gedişində Pakistana qəti dəstək veriblər. İslamabad bunu unutmur. «Azərbaycan vaxtilə Ermənistanın hücumuna məruz qalanda Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistan tərəfindən hücuma məruz qaldı və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, bizim türkiyəli olan qardaş və bacılarımız dərhal Pakistanı dəstəklədilər. Əziz qardaşım İlham Əliyev də, azərbaycanlı bacı və qardaşlarımız da eyni qətiyyəti göstərdilər. Onlar Azərbaycanın və Pakistanın həmrəy olduğunu nümayiş etdirdilər. Bu, bizim tariximizin ən gözəl anlarından biri idi ki, üç qardaş ölkə vahid ailə olaraq bir araya gəldilər. Çətin zamanda bir araya gəldilər. Biz bunu heç vaxt unutmayacağıq. İnanın mənə ki, qardaşım, Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin əvəzini mən heç vaxt çıxa bilmərəm», - deyə Pakistanın Baş naziri bayram konsertindən əvvəl etdiyi çıxışında bildirib.
Ola bilsin ki, bəzi ekspertlər Azərbaycan-Türkiyə-Pakistan sammitinin hansısa proqram sənədi imzalanmadan, hər hansı təşkilatı struktur yaradılmadan başa çatdığına diqqət çəksin. Lakin bu sammitin yeni siyasi reallıqların konturlarını cızdığına şübhə yoxdur. Bu yaxınlaradək çoxlarının ən yaxşı halda «böyük fövqəldövlətlərin əlaltısı» rolunda gördükləri ölkələr indi özlərini tam gücləri ilə ortaya qoyurlar. İndi Türkiyə də, Pakistan da, Azərbaycan da siyasətdə müstəqil rollarını hər kəsə nümayiş etdirir. Yeni regional ittifaqlar, ilk növbədə, türkdilli dövlətlərin təşkilatı formalaşır.
İndi Pakistan da öz müstəqil rolunu oynamağa başlayıb. O, artıq xarici siyasətini şaxələndirir, Çinlə körpülər yaradır və ən əsası, regiondakı qonşusuna artıq ona «siz» deyə müraciət etməli olduğunu başa çalır.
Türkiyəyə gəlincə, o, Laçında keçirilmiş üçtərəfli sammit ərəfəsində terrorçuluqla mübarizə kimi vacib məsələdə ciddi nailiyyət əldə edib – PKK özünü buraxdığını açıqlayıb. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi isə Ankaranın Yaxın Şərqdəki mövqeyini əhəmiyyətli dərəcədə artırıb.
Nəhayət, Azərbaycan Qarabağda qələbə qazanıb və postsovet məkanında ərazi bütövlüyünü bərpa etmiş ilk dövlətə çevrilib.
Bütün bunların fonunda üçtərəfli sammit «siyasi yüksəliş»ə nail olmuş üç ölkənin siyasətdə daha ciddi rola önəmli iddiasıdır. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyev Laçında səsləndirilən mesajların ünvanına mütləq çatacağını deməkdə tam haqlı idi.
MƏSLƏHƏT GÖR: