25 Noyabr 2024

Bazar ertəsi, 08:42

PULA YATIRIM

Banklara etibarın çoxalması onların depozit bazasının artmasına da təsir edir

Müəllif:

16.07.2013

Statistikaya əsasən, Azərbaycan əhalisinin rifah səviyyəsi yaxşılaşmaqda davam edir - məlumatlara görə, 2013-cü ilin 5 ayı ərzində nominal pul gəlirləri 13 mlrd. manat təşkil edib ki, bu da ötənilki göstəricilərdən 6,8% çoxdur. Bu cür tendensiya, təbii ki, əhalidə yaranan azad pulların effektli istifadə olunması məsələsini aktuallaşdırır. Hələ təzə-təzə inkişaf etməyə başlayan qiymətli kağızlar bazarı və əmlaka olan yüksək qiymətlər fonunda vəsaitlərin yatırılması üçün ən sadə və etibarlı vasitə bank depozitləri görünür.

 

Sərfəli deyil, amma cəlbedicidir

Əhalini cəlb edən vəsaitlərin sərmayələşdirilməsinin bu üsulunun əsas üstünlüyü şərt qoyulmuş müddətlərdə təminat verilmiş gəlirin əldə olunmasıdır. Azərbaycanda istehlakçıların bank sisteminə inamı ilə bağlı vəziyyətin yaxşılaşmasını nəzərə almaqla, istər ölkənin Mərkəzi Bankı qismində bazarın tənzimləyicisi, istərsə də ekspertlər və bazar iştirakçıları sübut edir ki, son vaxtlar əhalinin yerli banklarda əmanətlərinin yüksək artım tempi müşahidə olunur. 

Belə ki, Mərkəzi Bankın məlumatlarına görə, 2013-cü ilin yanvar-may aylarında Azərbaycan banklarının depozit bazası 2,93%, illik hesablamada isə 12,41% artıb. Bununla yanaşı, ötən ilin analoji dövrü ilə müqayisədə fiziki şəxslərin əmanətləri 35,69% artıb. Bu, öz növbəsində, bank sektorunun səhm və kredit portfelinin artım göstəricisini üstələyir. Eyni zamanda qeyd edək ki, əmanətlərin milli valyutada həcmi daha sürətlə artır. Son 10 ildə ümumi portfeldə bu cür əmanətlərin xüsusi çəkisi 7 dəfə artıb və 57%-i keçib. Lakin bu, o demək deyil ki, ölkənin bank sektoru əcnəbilər üçün cəlbediciliyini itirir. Hesabat dövründə Azərbaycan banklarında fiziki şəxslərin-rezident olmayanların əmanət həcmləri 6 dəfə artıb və 600 mln. dolları ötüb. Ümumilikdə isə bütün fiziki şəxslərin əmanətləri 20 dəfə artıb və plankanı 5 mlrd. manat qaldırıb. Bununla da, hazırda ölkədə 2 mln. əmanətçi var.

Hərçənd bank əmanətlərini mövcud maliyyə instrumentləri arasında ən əlverişli hesab etmək olmaz, lakin Azərbaycanda (orta hesabla onlar 10%-dən 12%-ə qədər limitlərdə dəyişirlər) depozitlər üzrə faiz dərəcələri bir çox başqa ölkələr, o cümlədən də Avropa ilə müqayisədə yenə də olduqca yüksəkdir.  Ekspertlərin fikrincə, yüksək dərəcələri yaradan əsas faktorlardan biri bankların məhdud resurslarla əhalinin əmanətlərini cəlb etmək cəhdləridir. Belə banklarda kreditlərin verilməsi üçün zəruri olan vəsaitlərin əsas hissəsi depozitlər hesabına təmin olunur. Nəticədə, elə vəziyyət yaranır ki, müştəriləri itirməmək üçün qalan banklar da dərəcələrin artırılmasına əl atırlar. Lakin yekun nəticədə yüksək depozit dərəcələri kreditlərin dəyərinin artımına gətirib çıxarır. Amma mütəxəssislər inanırlar ki, bank sektorunun gözlənilən konsolidasiyası bu bazarın iştirakçılarının maliyyə imkanlarının genişlənməsinə gətirib çıxaracaq, bununla da, yaxın illərdə istər depozit, istərsə də kreditlər üzrə faiz dərəcələrinin azalmasını gözləmək olar.

 

Mühüm element

Etiraf etmək lazımdır ki, insanların məhz bank depozitləri seçmələrinin səbəblərindən biri fiziki şəxslərin əmanətlərinin sığortalanması sisteminin işidir.  Bu mexanizm (əgər bank özü bunu edə bilmirsə) əmanətçiyə 30 min manata qədər kompensasiya etməyə imkan verir. Bununla yanaşı, vəsaitlər dərəcə üzrə 12%-dən yüksək qoyulmamalıdır.

Azərbaycanın bank sektorunun tarixində ilk müflisləşmə halı bu sistemin effektliliyini göstərdi. Xatırladaq ki, fəaliyyətə 2007-ci ildə başlayan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) yerli "Royal Bank" ASC müflisləşəndə ilk ödənişlərə ancaq 2012-ci ildə başladı. Mərkəzi Bankın mütəxəssisləri, eləcə də beynəlxalq ekspertlərin fikrincə, fond ilk "imtahanını" uğurla verdi və sektorun stabilliyinin təmin olunmasına yönəlmiş siyasətin mühüm elementi kimi özünü göstərdi.

Lakin beynəlxalq reytinq agentliyi "Fitch Ratings" ADIF-də yığılmış vəsaitlərin həcmininin az olduğunu hesab edir. Xüsusilə də bir sıra ekspertlərdə AMB fəaliyyətdə olan bankların ümumi kapitallarının minimum ölçüyə - 50 mln. manata qədər beşqat artırmaq tələbi ilə bağlı 2014-cü ilin 1 yanvar tarixindən qüvvəyə minəcək qərarının bəzi bankların mümkün bağlanmasına gətirib çıxara biləcək ehtimalı  narahatlıq doğurur.  

Qeyd edək ki, "Royal Bank" əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün bank-agentlərə 14,7 mln. manatın ötürülməsindən sonra fondun sığorta ehtiyatları 41,5 mln. manat təşkil edib. Eyni zamanda 4,6% gəlirlər dövlət qiymətli kağızlarında 28 mln. manat yerləşdirilib, yəni fondun 65% ehtiyatı - 5 mln. avro "Deutsche Asset Management International" şirkətinin idarəçiliyinə verilib.

ADIF-in icraçı direktoru Azad Cavadovun fikrincə, müəyyən sayda bankların bağlanması əmanətlərin sığortalanması sistemi üçün təhlükə doğurmayacaq. "2013-cü il, yekun məqsədi sistemin stabilliyini və maliyyə dayanıqlığını qoruyub saxlamaq olan bank sektorunda yeni keyfiyyətli dəyişikliklərin başlanğıc ili oldu", - deyə o, qeyd edib.

Demək lazımdır ki, "Royal Bank" əmanətçilərinə kompensasiyaların ödənilməsi prosesində  fond "Əmanətlərin sığortalanması haqqında" qanundakı dəyişikliklər əsasında qiymətli təcrübə qazandı. Xüsusilə təcrübə göstərdi ki, müraciət edən şəxsə kompensasiyanın ödənilmə müddətini indiki  90 gündən 14 günə kimi azaltmaq olar. Bundan başqa, artıq hazır və razılaşma mərhələsində olan dəyişikliklərin əsas tərəfi fondun sığortaladığı əmanətlər siyahısının genişlənməsidir. 

Bundan sonra fond sahibkarlıq fəaliyyəti ilə bağlı bank hesablarında fiziki şəxslərin açdığı pul vəsaitlərini də, əmanətçinin banka borcunun əsas məbləği  miqdarında olan əmanətləri də, banklar qarşısında öhdəlikləri təmin edən əmanətləri də sığortalayacaq. Fondda hesab edirlər ki, gələcəkdə gündəmə tədricən hüquqi şəxslərin vəsaitlərinin sığortalanması məsələsi də daxil ediləcək.

Bundan başqa, ADIF hər bankın sığorta haqqının miqdarı onun maliyyə dayanıqlığından asılı olduqda dərəcələrin diferensiasiyalı sisteminə keçmək üçün ölkənin Mərkəzi Bankından bankların reytinqini qəbul etməyə başlayıb.

Bir sözlə, bütün bunlar göstərir ki, ölkənin maliyyə bazarlarının nizamlayıcıları yerli bankların depozit məhsullarına nəinki fiziki şəxslərin, həm də sahibkarlıq subyektlərinin marağının artması üçün əlavə stimullaşdırıcı tədbirlər görməyə hazırdırlar. Məhz buna görə əhali təkcə təyin olunan vaxta qədər müəyyən miqdarda depozit qoymaqda deyil, həm də bu cür investisiyanın təhlükəsiz olduğunu görərək, onun həc- mini artırmağa da maraq göstərir. Belə ki, yuxarıda qeyd edilən əhalinin gəlirlərinin 19,6%-i əmanətlərin artırılmasına yönəldilib. Bu isə bazarın inkişafının kifayət qədər parlaq göstəricisidir.


MƏSLƏHƏT GÖR:

760