ETİBAR ƏSASLI KREDİTLƏR
Hesablama Palatası dövlət qurumlarına büdcə ayırmaları üçün normativ mexanizmin formalaşdırılması zərurətini aşkar edib
Müəllif: İlahə MƏMMƏDLİ
Bir çox ölkələrdə büdcə kreditləşməsi prioritet sahələrin dəstəklənməsi və çətin maliyyə vəziyyətinə düşmüş dövlət və ya kvazidövlət strukturlarının sabitləşdirilməsi aləti kimi tətbiq edilir. Lakin beynəlxalq təcrübədə belə kreditlər - xüsusilə də əgər onlar təşkilatlara xarici öhdəliklərin yerinə yetirilməsi üçün verilirsə - ciddi şəkildə tənzimlənir: borc alanların seçilməsi üçün dəqiq meyarlar, vəsaitlərin istifadə müddətləri və məqsədləri və s. müəyyən olunur.
Hesablama Palatasının təhlilindən göründüyü kimi, Azərbaycanda xarici borc öhdəlikləri olan təşkilatlara büdcə kreditlərinin verilməsi mexanizmi tam tənzimləmə çərçivəsindən kənarda qalır. Aydın prosedurların olmaması və əvvəllər verilmiş kreditlərin qaytarılmasına zəif nəzarət fonunda bu, vəsaitlərin qeyri-səmərəli istifadəsi risklərini yaradır, fiskal siyasətin şəffaflığını azaldır və büdcə investisiyalarının qaytarılmasının sistemli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırır.
Sistem boşluqları və risklər
Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə dair rəyinə əsasən, bir təşkilata 6 il müddətinə illik 2% faizlə 4,1 milyon avro məbləğində büdcə krediti verilib. Kreditin məqsədi xarici banklardan cəlb edilmiş xarici borclar üzrə 2023-cü il öhdəliklərinin ödənilməsidir.
Lakin bu, oxşar təcrübədə ilk belə hal deyil: əvvəlki illərdə eyni təşkilat artıq 7, 10 və 12 il müddətinə 0-1% faizlə 36,8 milyon dollar və 8,3 milyon avro məbləğində kreditlər alıb. Bununla belə, qeyd olunduğu kimi, bu kreditlər üzrə dövlət büdcəsinə heç bir qaytarılma həyata keçirilməyib.
2024-cü ildə əvvəlki illərdə verilmiş büdcə kreditləri üzrə qalan əsas borc üç təşkilatı əhatə edən 16 işdən yalnız 4-də azalıb. Ümumi azalma 4,2 milyon manat, 226,7 milyon dollar və 67,3 milyon avro təşkil edib.
ilin 1 yanvar tarixinə verilmiş büdcə kreditləri üzrə borclar xarici banklardan cəlb edilmiş xarici borclar üzrə illik ödənişlərin ödənilməsi üçün verilmiş 61,8 milyon dollar və 15,3 milyon avro, bir sıra maliyyə qurumları qarşısında borcların ödənilməsi və restrukturizasiyası üçün yönəldilmiş 90 milyon manat, dövlət zəmanətli istiqrazlar üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ayrılmış 148,8 milyon manat, borc alan təşkilat əvəzinə beynəlxalq təşkilat tərəfindən ödənilmiş kompensasiya ilə əlaqədar büdcəyə qaytarılmalı olan 4,8 milyon dollar məbləğini əhatə edib.
Büdcə hesabatlarında kreditlərin məbləğləri və onlar üzrə daxilolmalar barədə məlumatlar olmasına baxmayaraq, onların verilməsi mexanizmi tənzimlənməmiş qalır. Hesablama Palatasının fikrincə, aydın normativ bazanın olmaması dövlət vəsaitlərinin idarə edilməsinin şəffaflığının və səmərəliliyinin azalmasına gətirib çıxarır.
Beynəlxalq təcrübə məqsədlər, qaytarılma müddəti, alınmış vəsaitlərin depozitə qoyulmasının mümkünlüyü, həmçinin faiz dərəcəsinin tənzimlənməsi daxil olmaqla aydın prosedurların mövcudluğunu nümayiş etdirir. Azərbaycanda belə çərçivələr yoxdur və bu da büdcə borclarının seçici və ya qeyri-səmərəli istifadəsi riskini artırır.
“Ölü pullar”
Dövlət büdcəsinin icrasının təhlili zamanı başqa bir mühüm problem - dövlət qurumlarının bank hesablarında əhəmiyyətli büdcə vəsaitlərinin faktiki istifadə edilmədən saxlanılması aşkar edilib. Hesablama Palatasının məlumatına görə, yalnız seçilmiş strukturlar üzrə belə qalıqların həcmi 500 milyon manatı keçib və bunun da 150 milyon manatdan çoxu 2024-cü ildə kapital qoyuluşları və azad edilmiş ərazilərdə bərpa işləri xətti ilə nəzərə alınmış xərclərə aiddir.
Belə bir təcrübə, bir tərəfdən büdcənin kassa icrasının real mənzərəsini təhrif edir, digər tərəfdən isə ayrılmış resursların faktiki istifadəsini təxirə salır, iqtisadi fəallığı ləngidır. Hesablama Palatasının rəyində qeyd edilib ki, bəzi təşkilatların hesablarındakı qalıqlar sistemli şəkildə ildən-ilə keçir və xərcləmə dinamikası lazımi səviyyədə olmur. Paradoks yaranır: dövlət bu məbləğləri icra edilmiş xərclər kimi uçota alır, halbuki əslində onlar xərclənməyib və bank sistemində qalıb.
Bu, kassa əməliyyatlarına nəzarətin gücləndirilməsini və büdcə ili ərzində istifadə edilməmiş vəsaitlərin qaytarılması və ya yenidən bölüşdürülməsi öhdəliyinin tətbiqini tələb edir. Bununla daha səmərəli planlaşdırmanı təmin etmək və icraçıları layihələrin vaxtında həyata keçirilməsinə həvəsləndirmək olar.
Eyni zamanda, borc dayanıqlılığı sahəsində müsbət dinamika diqqətəlayiqdir. 2024-cü ildə dövlət borcunun ÜDM-ə nisbəti 21,7% təşkil edib və bu da orta müddətli dövr üçün müəyyən edilmiş 30% həddindən xeyli aşağıdır. Üstəlik, bu göstərici əvvəlki ilin göstəricisindən 0,1 faiz bəndi aşağıdır. Bu, ÜDM-in 3,2 milyard manat artması və xarici borcun 2,3 milyard manatdan çox azalması sayəsində mümkün olub.
Bununla belə, müsbət makromaliyyə göstəriciləri fonunda Hesablama Palatasının rəyi büdcə kreditləşməsinin və büdcənin kassa icrasının institusional əsaslarının yenidən nəzərdən keçirilməsini tələb edən bir sıra sistemli disbalansları göstərir.
Belə ki, xarici borcun ümumi azalmasına baxmayaraq, ümumi dövlət borcu 529,8 milyon manat artıb və bu da daxili maliyyə bazarında dövlət qiymətli kağızlarının yerləşdirilməsi hesabına formalaşan daxili borcun artması ilə əlaqədardır. Belə bir yanaşma bir tərəfdən, daxili kapital bazarının inkişafını dəstəkləyir, digər tərəfdən isə gələcəkdə, xüsusilə də gəlirlərin artımı borcun xidmət edilməsi templərinə uyğun gəlmədiyi təqdirdə, büdcəyə yükü artıra bilər.
Qeyd etmək vacibdir ki, nominal ÜDM-in artımı qeyri-neft-qaz sektoru hesabına təmin edilib. Bu da xammal konyunkturundan asılı olmayaraq, iqtisadi bazanın möhkəmlənməsindən xəbər verir. Amma dövlət borcunun ÜDM-ə nisbətinin faktiki göstəricisi 2024-cü il üçün büdcəyə yenidən baxılarkən hesablanmış proqnozdan 1,5 faiz bəndi aşağı olub. Bu, həm faktiki ÜDM həcminin proqnozlaşdırılandan yüksək, həm də borcun gözləniləndən aşağı səviyyədə olması ilə izah olunur. Beləliklə, büdcə formalaşdırılarkən nəzərdə tutulduğundan daha əlverişli fiskal mövqe qeydə alınıb.
Bu məqamda qeyd edək ki, Hesablama Palatasının rəyində təsvir edilən vəziyyət büdcə kreditləşməsinin və büdcənin kassa icrasının institusional bazasının sistemli şəkildə yenidən nəzərdən keçirilməsini tələb edir. Bu zaman islahatların əsas istiqamətlərinə məqsədlər, dərəcələr, müddətlər, məhdudiyyətlər və qaytarılma öhdəlikləri daxil olmaqla büdcə kreditlərinin verilməsi üzrə tənzimləyici mexanizmin yaradılması, daxilolmalar qrafiki daxil olmaqla bütün verilmiş büdcə kreditləri üzrə vahid reyestrin və standartlaşdırılmış hesabatın tətbiqi, istifadə edilməmiş qalıqların icra edilmiş xərclər kimi uçota alınması imkanını istisna edərək büdcənin kassa icrasının uçotu qaydasının yenidən nəzərdən keçirilməsi daxil edilə bilər. Bundan əlavə, xüsusilə ərazilərin bərpası və infrastruktur layihələri kimi həssas sahələrdə kapital qoyuluşlarının səmərəliliyinə nəzarətin gücləndirilməsi, daxili borclanmalarla bağlı fiskal riskin qiymətləndirilməsi və ortamüddətli perspektivdə borc öhdəliklərinin hedcinq mexanizmlərinin hazırlanması məqsədəuyğun olardı.
Nəticə etibarilə, Hesablama Palatasının rəyi fiskal idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, büdcə kreditləşməsinin şəffaflığının artırılması və dövlət vəsaitlərindən istifadə zamanı intizamın gücləndirilməsi üçün mühüm siqnal rolunu oynayır.
MƏSLƏHƏT GÖR:

100

