“KOOPERASİYA” ƏMƏLİYYATI
Bakı Enerji Həftəsi ənənəvi olaraq yeni sazişlər və təşəbbüslərlə zəngin olub
Müəllif: Nigar ABBASOVA
Dəyişməz ənənəyə sadiq qalan Azərbaycan, regionun ən böyük enerji forumlarının əsas təşkilatçılarından biri olaraq tanınmaqdadır. İllik beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil&Gas”) sərgi və konfransı bunun ən parlaq nümunəsidir. Otuz il ərzində bu tədbir aparıcı şirkətlərin, ekspertlərin və siyasətçilərin diqqətini cəlb edərək, təcrübə mübadiləsi və enerjinin gələcəyinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Tədbir bu il üç əhəmiyyətli hadisəni birləşdirən Bakı Enerji Həftəsi – “Baku Energy Week” (BEW) çərçivəsində keçirilir: 30-cu yubiley beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 13-cü Xəzər beynəlxalq “Energetika və “yaşıl enerji” sərgisi və 30-cu yubiley Bakı Enerji Forumu.
Bir çoxları neft-qaz sənayesi və enerji sahəsindəki son tendensiyalar, yeni layihələr, beynəlxalq tərəfdaşlıq və texnoloji nailiyyətlər haqqında məlumat almaq üçün bu tədbiri səbirsizliklə gözləyirlər.
Həmişə olduğu kimi, əsas intriqa yeni ekspozisiyalarda deyil, hansı müqavilələrin imzalanacağı barədə idi. Və bu ənənələr tam şəkildə qorunub saxlanılıb.
Əməkdaşlıqda yeni səhifə
Əgər Azərbaycanla ən çox neft müqaviləsi imzalamış xarici şirkətlər arasında özünəməxsus çempionat keçirilsəydi, qızıl medalı, şübhəsiz ki, Böyük Britaniya şirkəti BP qazanardı.
Şirkət 30 ildən çoxdur ki, ölkə üçün strateji əhəmiyyətli neft və qaz hasilatı və onların dünya bazarlarına ixracı layihələrinin həyata keçirilməsində ən fəal şəkildə iştirak edir və “Caspian Oil&Gas”ın daimi iştirakçısıdır.
Ənənələrə sadiq qalaraq, məhz BEW çərçivəsində şirkət tərəfdaşları ilə birlikdə Azərbaycanda mövqelərini daha da möhkəmləndirmək üçün yeni addımlar atıb. “Bu addımlar hasilatın artması və SOCAR ilə qarşılıqlı əlaqələrin dərinləşməsi üçün yeni üfüqlər açır”, - BP-dən bildiriblər.
Əsas qərarlar arasında “Şahdəniz” qaz yatağının növbəti fazasının işlənməsi üzrə investisiya planının – “Shah Deniz Compression” layihəsinin təsdiqlənməsi var. Bundan əlavə, istehsal zəncirinin “yaşıllaşdırılması”na yönəlmiş iki təşəbbüs üzrə sazişlər imzalanıb: regionun ən böyük enerji obyektlərindən biri olan Səngəçal terminalının elektrikləşdirilməsi, həmçinin “Şəfəq” günəş elektrik stansiyasının (GES) tikintisi.
Bundan əlavə, BP kəşfiyyat və işlənmə üçün iki yeni lisenziya blokuna çıxış əldə edib və üçüncü sahədə geoloji-kəşfiyyat işlərinin aktivləşdirilməsi üçün tərəfdaşın cəlb edilməsinə hazırlığa başlayıb.
“Biz BP-nin üç onillikdən çox müddətdə Azərbaycanla qurduğu uzunmüddətli və uğurlu tərəfdaşlıqla çox qürur duyuruq. Bu həftə imzalanmış sazişlər aydın şəkildə göstərir ki, biz gələcək inkişaf və artım üçün bir çox yeni imkanlar görürük. “Upstream” biznesimizi genişləndirmə strategiyamızı həyata keçirərək, Azərbaycan kimi əsas regionlarda mövqelərimizi möhkəmləndirəcək və hökumət və tərəfdaşlarımızla möhkəm münasibətlərə əsaslanacağıq”, - BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel bildirib.
Yeni köhnə tərəfdaş
Sadalananların hamısından Bakı Enerji Həftəsinin əsas intriqası yenə də Türkiyə şirkəti TPAO-nun Xəzərin Azərbaycan sektorundakı perspektivli “Şəfəq-Asiman” blokunun işlənməsi üzrə PSA tipli müqaviləyə qoşulması olub. Şirkət iyunun 3-də SOCAR və BP ilə bir neçə müqavilə imzalayıb.
Gözlənilən odur ki, bu sövdələşmə 2025-ci ilin üçüncü rübündə bağlanacaq və bu, layihənin inkişafı üçün ən uyğun variantın müəyyən edilməsi məqsədilə blokun daha ətraflı qiymətləndirilməsini sürətləndirməyə kömək edəcək. Sövdələşmə başa çatdıqdan sonra TPAO müqavilədə ümumilikdə 30% paya sahib olacaq (BP-dən 15% və SOCAR-dan 15% pay əldə etməklə). Hazırda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hasilatın pay bölgüsü sazişində 50% paya malikdirlər, BP isə kəşfiyyat dövründə layihənin operatoru olaraq qalacaq.
“TPAO-nun “Şəfəq-Asiman” layihəsinə daxil olması təkcə Türkiyənin enerji təhlükəsizliyini gücləndirməyəcək, həm də regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək vacib addımdır”, - Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar hesab edir. Onun sözlərinə görə, bu layihədə tərəfdaşlıq Türkiyə və Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə çıxaracaq.
Bu sövdələşməni özlüyündə layihənin həyata keçirilməsində irəliləyiş hesab etmək olar, 2021-ci ildən başlayaraq bütün işlər SAX01 ilk kəşfiyyat quyusunun qazılması məlumatlarının təhlilinə əsaslanıb.
“Şəfəq-Asiman” strukturu 1961-ci ildə kəşf edilib. Burada üçölçülü seysmik tədqiqatlar aparılıb. Ehtiyatlar 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat həcmində qiymətləndirilib.
2020-ci il yanvarın 11-dən dənizin 623 metr dərinliyində yerləşən “Şəfəq-Asiman”da SAX01 kəşfiyyat quyusunun qazılmasına başlanılıb və artıq 2021-ci ilin martında BP və SOCAR elan ediblər ki, bu quyuda 7,2 min metr dərinlikdə aparılan kompleks tədqiqatlar ilk qaz-kondensat yataqlarını aşkar edib. Beləliklə, “Fasilə” məhsuldar lay dəstinə qədər kəşfiyyat qazması başa çatıb. Bu zaman şirkətlər yatağın ehtiyatlarını daha tam müəyyən etmək üçün SAX01-dən yan şaxələndirmə ilə əlavə qiymətləndirmə quyusunun qazılmasını istisna etməyiblər.
İndi BP perspektivli strukturda yeni qazma əməliyyatları keçirməyi planlaşdırır və əhəmiyyətli qaz ehtiyatlarının kəşf edilməsinə ümid edir.
“Əldə edilmiş məlumatları təhlil edərək, biz məhsuldar layın əvvəlcə təxmin edildiyindən daha böyük ola biləcəyi qənaətinə gəldik. Buna görə də bunu təsdiqləmək üçün ikinci quyunun qazılması lazımdır. Əgər gözləntilərimiz doğrularsa, işlənmə proqramı hazırlanacaq və qaz hasilatına başlayacağıq", - deyə Q.Birrel bildirib.
Qazma işlərinin artıq SOCAR və TPAO ilə birlikdə həyata keçirilməsi planlaşdırılır. Britaniya şirkəti Xəzərdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” bloklarının işlənməsi layihələri üzrə bu şirkətlərlə 30 ildən çoxdur ki, uğurla əməkdaşlıq edir.
“Əgər layın, həqiqətən də, təxmin edildiyindən daha böyük olduğu təsdiqlənərsə, bu, yatağın işlənməsinə başlamaq üçün yol açacaq”, - Q.Birrel vurğulayıb.
TPAO simasında layihəyə yeni oyunçunun cəlb edilməsi belə bir fikri deməyə əsas verir ki, struktur sadəcə daha bir təsdiqə ehtiyacın duyulduğu zəngin karbohidrogen potensialına malikdir.
“Şahdəniz”in yeni mərhələsi
Digər əhəmiyyətli hadisə “Şahdəniz” səhmdarlarının “Shah Deniz Compression” (SDC) kompressor platformasının tikintisi layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi olub. 2,9 milyard dollar dəyərində olan SDC yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Layihə aşağı təzyiqli qaz ehtiyatlarına çıxışı və onların maksimum çıxarılma ilə hasilatını təmin etməyə yönəlib.
Gözlənilir ki, nəticədə, bu, yataqdan əlavə təxminən 50 milyard kubmetr qaz və 25 milyon barel əlavə kondensat hasil etməyə və ixrac etməyə imkan verəcək. Yeni platformanın tikintisinin 2025-ci ildə başlanılması və 2029-cu ildə istismara verilməsi planlaşdırılır.
Layihə əsasən personalsız işləyən elektrikləşdirilmiş SDC qurğusunun tikintisini, elektrik və fiber-optik kabellərin, həmçinin “Alpha” və “Bravo” platformalarından yatağın daxili sualtı qaz kəmərlərinin çəkilişini əhatə edir. SDC hər biri 11 MVt gücündə dörd kompressorla təchiz ediləcək.
SDC “Şahdəniz”in bəzi laylarından aşağı təzyiqli qazın tutulması, sıxılması və “Səngəçal” terminalına çatdırılması üçün nəzərdə tutulub. Aşağı təzyiqli qaz “Alpha” və “Bravo” platformalarından daxil olacaq. Platformadan qazma işləri aparılmayacaq.
Yeni platformanın dayaq bloku və üst tikililərinin, həmçinin sualtı infrastruktur komponentlərinin tikintisinin Azərbaycanda həyata keçirilməsi planlaşdırılır. “Alpha” platformasından ilk aşağı təzyiqli qazın hasilatı qrafikə uyğun olaraq 2029-cu ilin iyun-iyul aylarında, Bravo platformasından isə 2030-cu ilin aprel-may aylarında planlaşdırılır.
Şirkət əmindir ki, “Şahdəniz”in işlənməsinin növbəti mərhələsi əlavə resurslara çıxışı təmin edəcək, layihənin istismar müddətini uzadacaq və Avropaya sabit qaz tədarükünü davam etdirməyə imkan verəcək.
Kəşfiyyat xarakterli “döyüş”
Bakı Enerji Həftəsi zamanı daha bir mühüm sövdələşmə BP şirkətinin SOCAR-dan Xəzərin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının və “Əşrafi-Dan ulduzu-Aypara” (ADUA) perspektivli strukturlarının işlənməsi layihələrində 35% iştirak payını əldə etməsi olub. SOCAR hər iki layihədə qalan 65% payını saxlayır, lakin operator kimi BP çıxış edəcək.
ADUA blokunda şirkət seysmik tədqiqatların və kəşfiyyat-qazma işlərinin aparılmasını planlaşdırır. Eyni zamanda “Qarabağ” yatağında BP artıq 2029-cu ildə ilk nefti əldə etməyi hədəfləyir.
“Qarabağ” bir neçə il əvvəl kəşf edilmiş neft yatağıdır. Biz 2029-cu ildə ilk nefti əldə etməyi planlaşdırırıq. Bu, belə miqyaslı yataq üçün kifayət qədər sıxılmış işlənmə müddətidir”, - Q.Birrel qeyd edib.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi üçün, böyük ehtimalla, Azərbaycanda yeni platforma tikiləcək və bu, AÇG blokunun mövcud infrastrukturuna inteqrasiya ediləcək.
“Konsepsiya xidmət göstərilməyən (daimi personal olmadan) platformanın tikintisini nəzərdə tutur. O, yüngül, kompakt olacaq, məsafədən idarə olunan texnoloji avadanlıqla təchiz ediləcək. Neft və qaz mövcud infrastruktura daxil olacaq”, - Q.Birrel izah edib.
Birinci mərhələdə diqqət neft hasilatına yönəldilsə də, BP artıq perspektivdə “Qarabağ”ın qaz ehtiyatlarının mənimsənilməsi imkanını istisna etmir.
“Hazırkı mərhələdə diqqətimiz layihənin neft hissəsinə yönəlib. Lakin “Qarabağ”da həmçinin qaz ehtiyatları da kəşf edilib və gələcəkdə biz mütləq onların işlənməsi variantlarını nəzərdən keçirəcəyik”, - şirkətin məlumatında qeyd olunub.
Azərbaycan onşorları kölgədən çıxır
Bakı Enerji Həftəsinin ən gözlənilməz nəticələrindən biri, bəlkə də, Azərbaycanın quru yataqlarının karbohidrogen potensialının qiymətləndirilməsinə yol açan sənədlərin imzalanması olub. Söhbət “MOL Group”, “ExxonMobil” və “Gran Tierra Energy” şirkətlərinin iştirakı ilə üç layihədən gedir.
Belə ki, Macarıstanın “MOL Group” şirkəti və SOCAR “Şamaxı-Qobustan” onşor sahəsində kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında Sazişin əsas şərtlərini imzalayıblar. Razılaşmaya əsasən, MOL 65% iştirak payı əldə edəcək və layihənin operatoru olacaq, SOCAR isə 35% payını saxlayacaq. Tam PSA-nın bağlanması sonrakı danışıqlardan və tənzimləyici orqanların təsdiqindən asılı olacaq.
Bu saziş tərəflər arasında 2024-cü ilin sentyabrında imzalanmış Anlaşma Memorandumunun davamı olub. MOL-un məlumatında qeyd edildiyi kimi, sənəd Azərbaycan və Macarıstan arasında güclənən enerji tərəfdaşlığını əks etdirir.
“Bu sazişin imzalanması Azərbaycanda daha çox əməkdaşlıq və kəşfiyyata olan sadiqliyimizi təsdiqləyir. MOL-un Azərbaycanda fəaliyyətinin beş illiyi ərəfəsində biz ümumi baxış və səmərəli işə əsaslanan əməkdaşlığımızı genişləndiririk”, - şirkətin sədri və baş icraçı direktoru Jolt Hernadi qeyd edib.
O, həmçinin vurğulayıb ki, yeni layihə Mərkəzi Avropanın enerji təhlükəsizliyinə töhfə verə bilər: “Əminəm ki, “Şamaxı-Qobustan” kəşfiyyat layihəsi təkcə beynəlxalq istehsal portfelimizə çox yaxşı əlavə olmayacaq, həm də Mərkəzi Avropaya enerji təchizatını təmin etmək üçün vacib həll olacaq. Bizim hasil edilən nefti satmaq və ya “MOL Group”un əsas regionuna göndərmək üçün çevik qərar vermək imkanımız olacaq ki, bu da enerji təchizatının təhlükəsizliyinə töhfə verəcək”, - deyə J.Hernadi bildirib.
Onşor “ekspansiya”sının ikinci iştirakçısı ABŞ-nin “ExxonMobil” şirkəti olub. Şirkət SOCAR ilə Gəncə-Yevlax-Ağcabədi rayonunda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının birgə öyrənilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalayıb.
“Bu tərəfdaşlığın başlanılmasına şadıq. SOCAR ilə memorandum Azərbaycanın ehtiyatlarının daha da mənimsənilməsi, enerji innovasiyalarının təşviqi və etibarlı enerji təchizatının gücləndirilməsi istiqamətində mühüm ilk addımdır. Azərbaycanda ölkənin qeyri-ənənəvi onşor neft-qaz ehtiyatlarının mənimsənilməsi üçün təcrübəmizi və qabaqcıl texnologiyalarımızı tətbiq etməyi planlaşdırırıq”, - şirkətdən bildiriblər.
Hazırkı mərhələdə memorandum çərçivəsində kəşfiyyat quyularının qazılması planlaşdırılmır. “Azərbaycanın karbohidrogen ehtiyatlarının mənimsənilməsi sahəsində zəngin tarixi və qeyri-ənənəvi ehtiyatlar sahəsində ümidverici potensialı var”, - “ExxonMobil”in kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil bildirib. “Biz bu tərəfdaşlıqda qabaqcıl texnologiyalarımızı və sınaqdan keçmiş təcrübəmizi tətbiq etmək imkanını səbirsizliklə gözləyirik”, - o vurğulayıb.
Kanadanın “Gran Tierra Energy Inc.” şirkəti də SOCAR ilə Anlaşma Memorandumu imzalayıb. Bu sənədlə Quba-Xəzər regionunda karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsinin texniki və iqtisadi qiymətləndirilməsi üçün birgə tədqiqatların aparılması nəzərdə tutulur.
Eyni zamanda “Gran Tierra Energy Inc.” layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin logistika və infrastruktur potensiallarını təhlil edəcək.
Tam PSA-nın imzalanması geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra mümkün olacaq.
Beləliklə, imzalanmış müqavilələr göstərir ki, neft-qaz sektorunun aparıcı dünya oyunçuları təkcə Azərbaycanı diqqət mərkəzində saxlamayıb, həm də ölkəni layihələrini genişləndirmək və şaxələndirmək üçün əsas mərkəz kimi nəzərdən keçirirlər. Bu, həm ofşor, həm də onşor ehtiyatların inkişafında yeni üfüqlər açırlar.
Bir sözlə, böyük beynəlxalq şirkətlərin onşor layihələrinə artan marağı Azərbaycanın enerji əməkdaşlığında yeni səhifə açır. Yaxın vaxtlara qədər investorların bütün diqqəti əsasən dəniz layihələrinə yönəlmişdi, indi isə MOL-dan “ExxonMobil”ə qədər böyük şirkətlər ölkəmizin quru ərazisində daha az öyrənilmiş sahələri də nəzərdən keçirməyə hazırdır. Bu, təkcə investisiyaların coğrafiyasını genişləndirmir, həm də hasilatın şaxələndirilməsində və Azərbaycanın Avropa və ABŞ ilə enerji əlaqələrinin gücləndirilməsində mühüm rol oynaya bilər.
MƏSLƏHƏT GÖR:



103

